Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1410/2020 07.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və x1 iclas katibliyi ilə İddiaçı cavabdeh "Cavabdeh" İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və sayğacın dəyəri kimi ödənilmiş məbləğin geri qaytarılması tələbi barədə iddia ərizəsi üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(037)-183/2020 nömrəli qərardadından iş üzrə cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “Cavabdeh” İB tərəfindən hesabına işlənmiş 421 (dörd yüz iyirmi bir) manat 20 (iyirmi) qəpik debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 92 (doxsan iki) manat məbləğinin ona qaytarılması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(037)-183 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Göstərilən qətnamədən qanunla müəyyən edilmiş müddətdə apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Cavabdehin nümayəndəsi 14 may 2020-ci il tarixdə qətnamədən apelyasiya şikayəti vermiş, İsmayıllı Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(037)-183/2020 nömrəli (hakim R.Şirinov) qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin məhkəmənin həmin qərardadından şikayət verərək İsmayıllı Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(037)-183/2020 nömrəli qərardadının ləğv edilməsi bаrədə qərardad çıxаrılmаsını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, qətnamənin surəti 16 mart 2020-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinə daxil olmuşdur. Həmin dövrdə ölkə ərazisində tətbiq edilmiş karantin rejiminin qaydalarına uyğun olaraq “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları məhdud şəkildə işdə olmuş, yalnız karantin rejimi 04 may 2020-ci il tarixdə yumşaldıldıqdan sonra bütün sahələrinin iş fəaliyyəti bərpa edilmiş, bundan sonra qətnamədən apelyasiya şikayəti verilmişdir. Hesab edir ki, qətnamədən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş müddət üzürlü hesab ediməlidir. Ona görə də məhkəmənin 18 may 2020-ci il tarixli qərardadının ləğv edilərək apelyasiya şikayətinə baxılması üçün göndərilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(037)-183/2020 nömrəli qərаrdаdı ilə cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(037)-183/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apelyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apelyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Apelyasiya şikayətini nəzərdə keçirdikdə aydın oldu ki, cavabdeh təşkilata göndərilmiş İsmayıllı Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsində məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apelyasiya şikayəti vermək hüququ izah olunmasına baxmayaraq iş materialından görünür ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən qanunvericiliklə müəyyən olunmuş bir aylıq müddət keçdikdən sonra apelyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Həmçinin, cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti apelyasiya şikayətinə əlavə etməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(037)-183/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(037)-183/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1410/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1410/2020
07.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver