Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1427/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı “məhkəmə əmrinin çıxarılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(033)-308/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Kreditor İddiaçı (bundan sonra-İddiaçı MMC) məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1831 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1851 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 2(033)-954/2020 nömrəli məhkəmə əmri ilə kreditorun ərizəsi təmin edilmiş və X2ndan kreditor Soliton MMC-nin xeyrinə 1831 manat borc məbləğinin və 20 manat dövlət rüsumunun əvəzinin tutulması əmr edilmişdir. Borclu X1 Rayon Məhkəməsinin 10.09.2020- ci il tarixli 2(033)-954/2020 nömrəli məhkəmə əmrinə etirazla müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli 2(033)-308/2021 nömrəli qərardadı ilə etiraz təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 2(033)-954/2020 nömrəli məhkəmə əmri ləğv edilmiş, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin (T.Həsənov) 30 mart 2021-ci il tarixli, 2(033)- 308/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X3 1831 (bir min səkkiz yüz otuz bir) manat məbləğində əsas borc alınaraq İddiaçı xeyrinə ödənilməsi, cavabdeh X3 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməsi, cavabdeh X3 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X10 birinci instаnsiyа məhkəməsinin qətnаməsindən apellyasiya şikayəti verilmişdir. İşin faktiki halları: İddia onunla əsaslandırılmışdır ki, iş üzrə borclu Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən dəyəri 2212 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1831 manat borcu qalıb. Odur ki, borcludan 1831 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1851 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zərurəti yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyətinə olan borcu 1831 (bir min səkkiz yüz otuz bir) manat yox, daha az məbləğdədir. bildirir ki, 1 831 manat şişirdilmiş borc məbləğidir. O, borcundan yayınmır. Ancaq ki, 1 831 manat həddindən artıq çox hesablanmış və həqiqəti əks etdirmir. Xahiş edir ki, məhkəmə prosesi zamanı ekspertiza təyin edilərək, iddiaçının ondan tələb etdiyi borc hesablansın. Hesab edir ki, qeyd etdiklərinə əsasən Zaqatala Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(033)-308/2021 saylı qətnaməsi ləğv edilərək, Şəki Apellyasiya Məhkəməsində mülki işə obyektiv və daha şəffaf baxılacaqdır. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli. 2(033)-308/2021 saylı qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. . Apellyasiya şikayəti üzrə izahatlar: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflərin heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, istifadəsində olan 055 903 90 23 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(033)- 308/2021 nömrəli qətnaməsinin apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(033)-308/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər; İddiaçı ilə X7 arasında bağlanmış ******* nömrəli 24 iyul 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, X7 İddiaçı MMC-dən kredit yolu ilə 2212 (iki min iki yüz on iki) manat məbləğində məişət avadanlığı əldə etmiş və ilkin ödəniş etdikdən sonra qalıq qalan 1962 (bir min doqquz yüz altmış iki) manat məbləği 18 ay müddətinə aylıq 109 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 1842 nömrəli 15 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X7 ilə 24 iyul 2018-ci il tarixində bağlanmış XRK4562711 saylı müqavilə üzrə ödənilməmiş 1831,00 manat əsas qalıq borcu vardır. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və İddiaçı ilə X7 arasında bağlanmış ******* nömrəli 24 iyul 2018-ci il tarixli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdeh X4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdeh X5 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsin şərtlərini pozmuş və bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki İddiaçı tərəfindən cavabdeh X5 dəyərini hissə-hissə ödəmək şərti ilə məişət avadanlığı verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində ******* saylı 24 iyul 2018-ci il tarixli borc müqaviləsinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilə üzrə ödənlməmiş borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticəni düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı tərəfindən borc məbləğinin şişirdildiyini bildirsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti baxılmış apellyasiya şikayətinə münasibətdə təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bu apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(033)-308/2021 nömrəli dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1427/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1427/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver