Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1439/2020 13.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və “Şəki Sukanal” TSC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-429/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nə və Cavabdeh1 ASC-nin “Şəki Sukanal” İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yerli strukturu olan Şəki rayon sukanal idarəsinin hesabladığı 194 manat borcun silinməsi, suyun bu əsasla kəsilməsi hərəkətinə son verilərək suyun verilməsinin bərpası və bu bərpanın keyfiyyətli su ilə təmin edilməsi, əvvəllər verilmiş və veriləcək olan suyun keyfiyyətsizliyinə görə müqavilə öhdəliklərinin vicdansızca həyata keçirilməsi nəticəsində həyat və sağlamlığa dəyən maddi və mənəvi ziyanın məhkəmə tərəfindən tanınması və iddiasında göstərdiyi ona qarşı edilmiş hərəkətlər nəticəsində onun X7 Konvensiyasının 6-cı, 8-ci və 1 saylı protokollarının 1-ci maddəsi üzrə hüquqlarının pozuntusunun tanınması, bu pozuntulara görə ondan üzr istənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-429/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, № 2(075)-429/2020 iş üzrə xx.xx.2020 tarixində keçirilmiş baxış iclasında cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 ASÇ "xxxxxxxxxxxxxxxxx" MMC-nin "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 həmin iclasda əsas müzakirə predmeti olan suyun çirkli olması və adambaşına hesablanan su pulunun düzgün hesablanmaması haqqında etiraflar etmişdir. Cavabdeh tərəfin nümayəndəsi qismində çıxış edən X1 çirkliliyinə dair izahatında "Şəkidə su bulanıqlığı 3 ayda olur. Ola bilər ki, suda bulanıqlıq olsun" ifadəsi ilə suyun çirkli olduğunu açıq şəkildə etiraf etmişdir. Həmçinin adambaşına su pulunun hesablanmasına dair izahatında "abonent sayı çox olduğundan hamını nəzarətdə saxlaya bilmirik, bacara bilmirik" ifadəsi ilə bu məsələdə də ciddi problemlər olduğunu açıq şəkildə ifadə etmişdir. Mülki prosessual məcəllənin 106.3-cü bəndinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Baxmayaraq ki, bu məhkəmə prosesində əsas mübahisə predmeti suyun keyfiyyətidir, cavabdeh tərəflər könüllü olaraq suyun keyfiyyətinə dair hər hansı sənəd, sübut təqdim etməmişdir. Məhkəmə də öz növbəsində cavabdeh tərəflərdən suyun keyfiyyət göstəricilərinə dair hər hansı bir sənəd, sertifikat tələb etməmişdir. İddiaçı tərəfin buna dair vəsatəti də təmin olunmamışdır. Cavabdeh1 ASC "xxxxxxxxxxxxxxxxx" MMC-nin "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 № 2(075)-429/2020 iş üzrə xx.xx.2020 tarixində keçirilmiş baxış iclasında öz izahatında qeyd etmişdir: "Həmin evə suyun verilməsi ilə bağlı 2011- ci ildə İddiaçı atası ilə müqavilə bağlanmış və 2012-ci ildə İddiaçı özü ilə müqavilə bağlanmışdır." Bu izahata etiraz edərək, mərhum atasının 2004-cü ildə, yəni həmin tarixdən 7 il əvvəl vəfat etdiyini (ölüm haqqında şəhadətnamənin surəti qoşmada əlavə edilmişdir) bildirmişdir. Həmçinin, Cavabdeh1 ASC "xxxxxxxxxxxxxxxxx" MMC-nin "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyəti ilə abonent İddiaçı arasında abonent müqaviləsini əslində 2012-ci ildə deyil 2011-ci ildə bağladığını göstərən abonent müqaviləsinin əslini məhkəməyə təqdim etməklə cavabdeh tərəfin nümayəndəsinin məhkəməyə yalan izahat verdiyini yerindəcə sübut etmişdir. Şəki Rayon Məhkəməsinin № 2(075)-429/2020 iş üzrə xx.xx.2020 tarixli qətnaməsində məhkəmənin son qərarı əsaslandırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq etdilən "Sudan istifadə Qaydaları"-nın 7.4-cü bəndi arqument kimi göstərilmişdir. Həmin bənddə deyilir: əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 2011-2019-cu illər ərzində Cavabdeh1 ASC "xxxxxxxxxxxxxxxxx" MMC-nin "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyətinə mənzildə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olması ilə bağlı hər hansı müraciət etməsə də, abonent kartında göstərilən su sərfiyyatı illər üzrə kəskin dəyişmişdir. Bu isə öz növbəsində mənzildə yaşayan adam sayının hər il dəyişməsi deməkdir. Cavabdeh tərəfi məhkəmədə təmsil edən X4 mənzildə yaşayan adam sayını necə müəyyənləşdirdiklərini şərh edərkən tamamilə müxtəlif, ziddiyyətli və anlaşılmaz izahatlar vermişdir. Belə ki, o öz izahatında bu məlumatları həm mənzil istismar idarəsindən əldə etdiklərini, həm də nəzarətçilərin yerində baxış keçirərək müəyyən etdiyini bildirmişdir. Göründüyü kimi Cavabdeh1 ASC "xxxxxxxxxxxxxxxxx" MMC-nin "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyəti istənilən halda su borcunun hesablanmasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilən "Sudan istifadə Qaydaları"- nın 7.4-cü bəndinə uyğun olaraq həyata keçirməmişdir. Qətnamədə son qərarın əsaslandırılması üçün qeyd edilmiş həmin bənd əslində iddiaçının xeyrinə olan arqumentdir. Ona görə də qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-429/2020 saylıqətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən “Şəki Sukanal” TSC-nin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kolegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaqla, Cavabdeh1 ASC-nin abonentidir. Həmçinin, İddiaçı tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı suların kanalzasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar onunla Cavabdeh1 ASC arasında xx xxxxxxx 2011-ci il tarixli müqavilə bağlanmışdır. Lakin, İddiaçı istifadə etdiyi suyun pulunu vaxtı-vaxtında ödəməmiş və onun 194 manat borcu yaranmışdır. Bu səbəbdən onun su təchizatı müvəqqəti olaraq dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq etdilən “Sudan istifadə Qaydaları”-nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə ( fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin qaydaların 8.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti ( su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandıra bilər. Həmin qaydaların 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Həmin qaydaların 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKMdən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 ( on ) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 23cü maddəsinin a) bəndinə əsasən su təchizatı müəssisəsimüraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olduqda su təchizatı sisteminə qoşmalıdır. Həmin Qanunun 24-cü maddəsinin b) bəndinə əsasən su təchizatı müəssisələri hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını rəsmi qaydada tələb edə bilər. Həmin Qanunun 26-cı maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda su təchizatını dayandıra bilər: Həmin Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz Həmin Qanunun 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu ( delikt ) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu ( delikt ) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla əsaslandırılmamışdır. Belə ki, Cavabdeh1 ASC-nin Şəki “Sukanal” TSC-də**********270 abonent kodlu, 33986312 saylı müqavilə üzrə istehlakçı kimi qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan İddiaçı mənzilində yaşayan iddiaçı ailə üzvləri ilə birlikdə sudan istifadə etmişdir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatında sudan istifadə etdiyini, lakin istehlak etdiyi suyun pulunu tam ödəmədiyini bildirmişdir. Buna səbəb kimi suyun çirkli olmaqla keyfiyyətsiz olmasını, həmçinin suyun davamlı verilməməsini göstərmişdir. İstehlakçı kimi iddiaçı yaşadığı ünvanda uzun müddət, yəni 2011-ci ildən sudan istifadə etsə də su hesabında yaranmış borcdan tam şəkildə ödəniş etməmişdir. Bundan başqa 2011-ci il tarixdən 2019cu ilədək iddiaçının evində sayğac olmamış və Cavabdeh1 ASC tərəfindən sayğac onun evinə 2019cu ildə quraşdırılmışdır. İddiaçı yaşadığı ünvana sayğac qoyulduqdan sonra istifadə etdiyi suyun dəyəri olan 18,45 manat əvəzinə 9 manat ödəniş etmiş, 2014-2016-cı illər ərzində ümumiyyətlə ödəniş etməmiş, 2017-ci ildə 5 manat, 2018-ci ildə 18 manat, 2019-cu ildə isə 38 manat ödəniş etmişdir. Hazırda istehlakçının su hesabında 194 manat borc vardır. Su borcu iddiaçının sərf etdiyi suya görə yaranmışdır. Həmin borc hər hansı akt nəticəsində yazılmış cərimə məbləği deyildir. Bundan əlavə məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, suyun keyfiyyətsiz olmasını iddia edən tərəf iddiaçı olduğundan bunu sübuta yetirmək vəzifəsi də iddiaçının üzərinə düşür. İddiaçı isə bunu sübut edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə iddiaçı cavabdehin nümayəndəsinin suyun keyfiyyətsiz olduğunu etiraf etdiyini bildirsə də iş materiallarında olan xx xxx 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki cavabdehin nümayəndəsi suyun keyfiyyətsiz olduğunu etiraf etməmiş, sadəcə suda nə vaxtsa (nadir hallarda) bulanıqlıq olmasının mümkün olduğunu bildirmişdir. Belə olduğu halda iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-429/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tаrixli, 2(075)-429/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov VəzirxanMəlikov
Məhkəmə qərarları › İş №2(107)-1439/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1439/2020
13.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver