Məhkəmə qərarları › İş №2(107)-1444/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1444/2022

20.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1444/2022 20.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma” tələbinə dair (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsimüstəsna aidiyyət, prosessual pozuntu) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, e-2(019)-630/2022 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları:

1. Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 22 iyul 2005-ci il tarixli 339 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Zaqatala şəhəri Azərbaycan prospekti küçəsində yerləşən 1925- ci ildə tikilmiş, 2 (iki) otaq, ümumi sahəsi-35.0 kvm olan mənzildən ibarət olan ev 93, mənzil 5 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Zaqatala rayon DTİ, MHQ və ŞKİ-nin xx.xx.2005-ci il tarixli 09 №li sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır.

2. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1795/2021 saylı qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2 (033)-691/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmış, fərdi yaşayış evindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair ilk iddia ərizəsi rədd edilmiş, ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2021 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-753/2022 nömrəli qərarından görünür ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)- 1795/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. 13 avqust 2022-ci il tarixli, 197 №-li Daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı arayışdan görünür ki, X1 mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında 5 nömrəli mənzilin (ümumi sahəsi - 34 m2) real bazar qiyməti təqribi 19.000 (on doqquz min) - 21.000 (iyirmi bir min) manat arasındadır. Analoji şəraitə malik Zaqatala şəhərində yerləşən mənzilin aylıq kirayə haqqı 70 (yetmiş) - 80 (səksən) manat aralığındadır.

5. İddiaçı hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (sonradan iddia tələbinin artırılması ilə bağlı müraciət edərək) Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 5000 (beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 07 oktyabr 2022-ci il tarixli, e- 2(019)-630/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat kompensasiya ödənilməklə Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh İddiaçı məxsus Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzildən çıxarılması, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh ünvan 2 ünvanında yerləşən mübahisəli evdəki istifadə hüquqlarına xitam verilməsi üçün təklif edilən 5000 manat məbləğdə kompensasiya ağlabatan olmaqla, cavabdehin mənafeyinə uyğundur.

9. Belə ki, iş materiallarından, o cümlədən yuxarıda istinad olunan daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı 18 avqust 2022-ci il tarixli 197 nömrəli arayışdan görünür ki, Zaqatala şəhərində mübahisə predmeti olan yaşayış evinə oxşar evdə bir nəfər üçün kirayə haqqı aylıq 70-80 manatdır, 1 otaqlı evin real bazar qiyməti isə təqribən 19000-20000 manat arasındadır. Belə olan halda iddiaçı tərəfindən təklif olunan 5000 manat kompensasiya elə bir əvəzləşdirmədir ki, cavabdehin davamlı surətdə başqa yerdə (Zaqatala şəhərində və ya Balakən şəhərində) əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasına imkan verir. Bu xüsusda təklif olunan kompensasiya bazar qiymətlərinə uyğun, ünvan 2 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququnun itirilməsi üçün yetərlidir. Hazırki iş üzrə yuxarıda qeyd olunan hallar təklif edilən 5000 manat kompensasiya məbləğinin yetərli olması qənaətinə gəlməyə əsas verir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 71.1-ci maddələri, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 152.9, 153.1, 157.4, 157.5, 164.1, 164.2 və 165.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Qətnamədə işin halları sübut olunmamış, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə ifadə olunan nəticələr işin faktiki hallarına uyğun olmamamışdır. Birinci instansiyası məhkəməsi iş materiallarında olan sübutları araşdırıb qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və onun həmin mənzildən istifadə hüquqları vardır. Hazırda iddiaçı, mübahisəli mənzilin xüsusi mülkiyyətində olmaqla, onunla birgə yaşamalarının qeyri-mümkün olduğunu və bu səbəbdən də onun mübahisəli mənzilə olan istifadə hüququna 5.000 manat kompensasiya ödənilməklə xitam verilməsini və onun mənzildən çıxarılmasını iddia edir. O isə iddiaçı tərəfindən ona təklif edilən kompensasiya məbləğinin yetirli olmadığını, həmin məbləğin ona davamlı surətdə, müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə onlara xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyini göstərib, iddiaya etiraz edir və 7000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinə etiraz etmir.

13. Məhkəmə hazırki iş üzrə kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etmək üçün ən azından qiymətləndirici təyin etməklə işi tam və hərtərəfli həll etmək olardı. Lakin məhkəmə sahibkar-biznesmen verdiyi 13 avqust 2022-ci il tarixli, 197 №-li arayışa istinad edtməklə həmin arayışı sübut kimi qəbul etmişdir ki, bu da hazırki işin həllində mötəbər sübut hesab edilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur.

14. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması ilə qəbuledilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işin təxirə salınmasını, cavabdeh tərəf isə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən (iddiaçının seçməsinə görə aidiyyət) rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 36.13-cü maddəsinin tələbinə görə Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 39.1.Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. və 44.2.2.-ci maddələrin tələbinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 384.0 və 384.0.4-cü maddələrin tələbinə görə apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. 402.2 və 402.2.5-ci maddələrinin tələbinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, e-2(019)-630/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam əcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işin hallarına dair aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, e-2(019)-630/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş müstəsna aidiyyət qaydaları baxımından ərazi aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir.

23. Belə ki, iddia ərizəsinin ifadə tərzindən və mahiyyətindən müəyyən edilir ki, iddia tələbi iki hissədən ibarət olmaqla, Cavabdeh Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 5000 (beş min) manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin həmin mənzildən çıxarılması barədədir.

24. Birinci instansiya məhkəməsi də iddia ərizəsini icraata qəbul edərək, işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə qətnaməsi qəbul etmişdir.

25. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh Balakən rayonunun Katex kəndində qeydiyyatda olsa da, mübahisələndirilən daşınmaz əmlak (mənzil) Zaqatala şəhərində yerləşir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırki iddia tələbinə mahiyyəti üzrə baxmaqla ərazi aidiyyəti (müstəsna aidiyyət) qaydalarını pozmuşdur.

27. Belə ki, Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri).

28. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur

29. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. 30.Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.

31. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).

32. Göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir ki, hazırki iddia tələbi həmin maddənin təsiri dairəsinə düşür.

33. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti qaydaları ilə bağlı tələbləri pozulduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, e-2(019)-630/2022 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir.

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, e-2(019)-630/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma” tələbinə dair iddiası ilə bağlı mülki iş ərazi aidiyyəti (müstəsna aidiyyət baxımından) üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar