Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1458/2020 17.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X13 və üçüncü şəxs X1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-262/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 18 saylı ərazi İdarəsinə, üçüncü şəxslər X4, X3, X5 və X8 qarşı üçüncü şəxs X1 adına xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 24 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışın 2007-ci ildə (faktiki 2011-ci ildə) inşa edilmiş fərdi yaşayış evinə dair hissədə etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Zaqatala rayon X7 xx xxxxxx 1999-cu il tarixli 81 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu Sumaylı kəndində 1007,7 kvm həyətyanı torpaq sahəsində yerləşən X2 məxsus 1990-cı ildə inşa edilmiş evdən sonra inşa edilmiş fərdi yaşayış evinin 2011ci il tarixdə İddiaçı tərəfindən inşa edilməsi faktının müəyyən edilməsi və iş üzrə üçüncü şəxs X6 adına xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən Çıxarışın 2007-ci ildə (faktiki 2011-ci ildə) inşa edilmiş fərdi yaşayış evinə dair hissədə etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizə icraata götürülmüşdür. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-262/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala rayon X7 xx xxxxxx 1999-cu il tarixli 81 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu Sumaylı kəndində 1007,7 kvm həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsində bir 1900-cü ildə, digəri isə 1990-cı ildə inşa edilmiş 2 ədəd fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evlərindən 1900-cü ildə inşa edilmiş olanı istismar müddəti bitdiyindən yararsız halda olmuş və mülkiyyətçilərin razılığı ilə onun tərəfindən sökülərək yerində özü üçün yaşamaq məqsədi ilə 2011-ci ildə öz vəsaiti hesabına yeni fərdi yaşayış evi inşa edilmişdir. Sonradan ona məlum olmuşdur ki, iş üzrə cavabdeh ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi idarəsi üçüncü şəxs Fazil Mirzəyevin qeyd olunan torpaq sahəsi və 1990-cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə müarciət zamanı, onun tərəfindən 2011-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində də, tikintinin inşa edilməsi ilə 2007-ci il kimi göstərilməklə Fazil Mirzəyevin hüquqlarını dövlət qeydiyyatına almışdır. Belə ki, həmin fərdi yaşayış evi üzərində Fazil Mirzəyevin mülkiyyət hüququ xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-də qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Aparılmış əsassız qeydiyyatla bağlı iş üzrə cavabdeh ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi idarəsinə müraciət olunmuş, lakin xx xxx 2019-cu il tarixli məktubu ilə cavabdeh inzibati orqan həmin qeydiyyatın ləğvindən imtina etmişdir. Ona görə də iş üzrə apelyasiya şikayətinin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-262/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-262/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-262/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Həmin Məcəllənin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri və apelyasiya şikayəti əsassızdır. İlk növbədə kollegiya iddia tələbinin Zaqatala rayon X7 xx xxxxxx 1999-cu il tarixli 81 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu Sumaylı kəndində 1007,7 kvm həyətyanı torpaq sahəsində yerləşən X2 məxsus 1990-cı ildə inşa edilmiş evdən sonra inşa edilmiş fərdi yaşayış evinin 2011-ci il tarixdə İddiaçı tərəfindən inşa edilməsi faktının müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, tələb əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 307-ci maddəsinə əsasən məhkəmə aşağıdakı Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının və sair faktlara. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. İddia tələbindən görünür ki, məhkəmə tərəfindən Zaqatala rayon X7 xx xxxxxx 1999-cu il tarixli 81 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu Sumaylı kəndində 1007,7 kvm həyətyanı torpaq sahəsində yerləşən X2 məxsus 1990-cı ildə inşa edilmiş evdən sonra inşa edilmiş fərdi yaşayış evinin 2011-ci il tarixdə İddiaçı tərəfindən inşa edilməsi faktının müəyyən edilməsi iddiaçı üçün heç bir hüquqi nəticə yaratmır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin üçüncü şəxs X6 adına xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışın 2007-ci ildə (faktiki 2011-ci ildə) inşa edilmiş fərdi yaşayış evinə dair çıxarışın etibarsız sayılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və sair. xx xxxx 1989-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X10 rayonu Sumaylı kəndində yerləşən 1900-cu ildə tikilmiş mübahisəli fərdi yaşayış evini oğlu (hazırki iş üzrə üçüncü şəxs) Fazil Mirzəyevə bağışlamışdır. Üçüncü şəxs Fazil Mirzəyev ailə başçısı, iddiaçının atasıdır və müvafiq olaraq həyətdə tikilmiş ev sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası mübahisəli evin kimi tərəfindən tikilməsi məsələsinə diqqəti yönəldərək qeyd edir ki, həmin evin tikintisinə həqiqətən də iddiaçı rəhbərlik etmişdir. Ancaq tikinti üçün bütün pul vəsaitinin iddiaçı tərəfindən ödənildiyi təsdiq olunmur. Belə ki, Fazil Mirzəyev kollegiyanın iclasında izahat verərək göstərmişdir ki, tikilən ev üçün pul vəsaitini özü iddiaçıya göndərmiş, əlavə olaraq iddiaçı da müəyyən miqdarda pul vəsaiti verərək ona kömək etmişdir. Digər tərədən iddiaçı sökülmüş evin yerində yeni fərdi yaşayış evinin inşa edilməsi üçün mülkiyyətçilərin razılığını alması iş materialları ilə təsdiq edilmir. Kollegiya qeyd etməyi lazım bilir ki, nə qədər ki, mübahisələndirilən fərdi yaşayış evi xx xxxx 1989-cu il tarixli bağışlama müqaviləsi ilə (hazırki iş üzrə üçüncü şəxs) Fazil Mirzəyevə bağışlanmışdır və yeni tikilən ev həmin evin yerində inşa edilmişdir, iddiaçı Fazil Mirzəyin razılığının alınmasını təmin etməli idi. Halbuki belə bir razılığın olması iş materialları və tərflərin izahatları ilə müəyyən edilmir. Göründüyü kimi X6 adına xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamə qanuni və əsaslı, iddiaçının apellyasiya şikayəti əsassızdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)- 262/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-262/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1458/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1458/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver