Məhkəmə qərarları › İş №2(107)-146/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-146/2023

24.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-146/2023 24.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəzsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tаrixli qətnaməsindən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X1 rayonu Xanabad kəndində yerləşən həyatyanı torpaq sahəsini, çay daşından tikilmiş iki otaqlı fərdi yaşayış evini, mal tövləsini və üç tonluq metal su çənini 11 dekabr 2007-ci il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş vəsiyyətnamə əsasında nəvəsi-hazırki iş üzrə cavabdeh Məmmədova(Demirbay) Leyla Umud qızına vəsiyyət etmişdir. X8 07 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, Yevlax rayonu Xanabad kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 43,8 kv.m olan fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X4 ümumi birgə mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Ərəbbəsrə icra nümayəndəliyinin 26 nömrəli reyestr ilə qeydiyyata alınmış 11 dekabr 2007-ci il tarixli X13 adına tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu Xanabad kəndində 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi JN-203F nömrəli torpağın mülkiyyətdə verilməsinə dair şəhadətnaməyə əsasən X8, İddiaçı1, İddiaçı2, İddiaçı3 İddiaçı4 mülkiyyətinə verilmiş, bundan sonra həmin hüquq 07 yanvar 2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Bu mülkiyyətçilərdən X8 07 iyun 2018-ci il tarixində “Hemorragik insult” xəstəliyindən vəfat etmişdir. İddiaçılar, mülkiyyətçi- mərhum nənələri X5 Məmmədovun həyat yoldaşı və övladlarıdırlar. Cəmilə Allahverdiyeva onlarla birlikdə yaşamışdır. Cəmilə Allahverdiyeva vəfat edən zaman 98 yaşı vardır. Cəmilə Allahverdiyeva 85 yaşında, yəni 2005-ci il tarixində insult olmuş uzun müddət hafizəsini, yaddaşını itirmişdir. Hazırki cavabdehlərdən biri Məmmədova X9 inzibati idarəsinə gedərək Cəmilə Allahverdiyevanın iştirakı və istəyi olmadan vəsiyyətnamə tərtib etdirmiş, guya Cəmilə Allahverdiyeva tərəfindən X16 həyatyanı torpaq sahəsi, çay daşından tikilmiş iki otaqlı ev və üç tonluq metal su çəni vəsiyyət edilmişdir. Maraqlı hallardan biri də vəsiyyətnamədə olan şahiddən biri bu vəsiyyətnaməni tərtib edən, imzalayan şəxsin həyat yoldaşıdır. Vəsiyyətnamə aşağıdakı əsaslarla etibarlı deyildir. Vəsiyyətnamə bağlandığı andan etibarsızdır. Çünki bu X3 iştirakı olmadan tərtib edilmiş və imzalanmamışdır. Vəsiyyətnamədə imza yerində Cəmilə Allahverdiyevanın imzası vəsiyyətnaməni tərtib edən eyni şəxs tərəfindən imzalanmışdır. Cəmilə Allahverdiyeva insult xəstəsi ikən bu imzanı ata bilməzdi. Cəmilə Allahverdiyeva 1920-ci ildə anadan olduğundan latın qrafiki ilə yaza bilməzdi. Göründüyü kimi soyad özü belə Cəmilə Allahverdiyeva tərəfindən yazılmayıb. Bu da öz özlüyündə onun, vəsiyyətnamənin tərtibində iştirak etmədiyini ortaya qoyur. Vəsiyyətnamə tərtib edildiyi məqamda öz hərəkətlərini şüurlu idarə edə bilməyən, insulut xəstəliyi olan Cəmilə Allahverdiyeva adından, onun iştirakı olmadan yazılıb. Vəsiyyətnamədə Mülki Məcəllənin 1182-ci maddəsində qeyd edildiyi kimi başqa şəxs tərəfindən deyil məhz mərhum Cəmilə Allahverdiyeva tərəfindən imzalandığı qeyd edilib. Bu barədə vəsiyyətnamədə qeyd aparılıb. Vəsiyyətnamə Mülki Məcəllənin 1225-ci maddəsində qeyd edildiyi kimi, qanuna zidd olaraq, vəsiyyət edənin iştirakı olmadan, imzası saxtalaşdırılaraq çəkilməklə Mülki Məcəllənin 1167, 1168, 1182-ci maddələrinə zidd olaraq tərtib edilmişdir. İddiaçılar məlum vəsiyyətnamə ilə bağlı məlumatı 2021-ci ilin sentyabr ayında bilmişlər. Barələrində çox saylı məhkəmə prosesləri olduğundan hazırda bu iddianı verməli olmuşlar. Vəsiyyətnamə verilən şəxs X17r. O, Türkiyəyə ərə getmiş soyadı dəyişilərək “Demirbay” olmuşdur. O, digər Cavabdeh1 Baxışalı qızının qızıdır. Bütün bunları, qanunsuz vəsiyyətnamənin hazırlanmasını məhz o təşkil etmişdir. Vəsiyyətnaməni nə vəsiyyət edən imzalamış, nə də ki onun səhhəti və xəstəliyi buna yol verə bilməzdi. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 387/2022 nömrəli iş üzrə qəbul etdiyi 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Cəmilə Allahverdiyeva 11 dekabr 2007-ci il tarixdə vəsiyyətnamə əsasında X16 həyatyanı torpaq sahəsinin, çaydaşından tikilmiş iki otaqlı evin və üç tonluq metal su çəninin vəsiyyət edildiyi bildirilir. Vəsiyyətnamə Yevlax rayonu Ərəbbəsərə kənd İcra nümayəndəliyi tərəfindən şahidlərin iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidin iştirakı ilə rəsmiləşdirilmişdir. Ekspert rəyi ilə 14 dekabr 2007-ci il tarixli 27 nömrəli vəsiyyətnamədə “Allahverdiyeva C.A” yazısının qarşısındakı imzanın X8 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmaması müəyyən edilmişdir. Ona görə də, iddiaçıların “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1166, 1167, 1170.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə işin faktiki hallarını tam və hərətərəfli araşdırmamış və nəticədə qeyrioyektiv qərar qəbul etmişdir. İş üçün əhəmiyyətli olan vəsatətlər təmin edilməmiş və şahidlər dindirilməmişdir. Vəsiyyətnamədə olan şahidin biri bu vəsiyyətnaməni tərtib edən, imzalayan şəxsin həyat yoldaşıdır. Vəsiyyətnamə aşağıdakı əsaslara görə etibarlı deyil: X3 iştirakı olmadan tərtib edilmiş və imzalanmışdır. Vəsiyyətnamədə imza yerində Cəmilə Allahverdiyevanın imzası vəsiyyətnaməni tərtib edən eyni şəxs tərəfindən imzalanmışdır. Bu baxımdan iddiaçı xətşünaslıq ekspertizasının keçirilməsini, ekspert qarşısında bu sualların - Allahverdiyeva Cəmilə adına məxsus imzanın vəsiyyətnamədəki əlyazmanı tərtib edən şəxs tərəfindən tərtib edilib-edilməməsi, habelə imzadakı iki ədəd Ə hərfinin eyni üslubu, eyni xətt üzrə düzülüşü, eyni yazı xətti üzrə istiqaməti aydınlaşdırılarkən həm hərflərə münasibətdə, həm yazının düzülüş xəttinə münasibətdə imzanın eyni şəxs tərəfindən imzalanıb-imzalanamaması məsələsinin aydınlaşdırılmasının istəmişdir. Bu barədə Yevlax rayon X20 Allahverdiyevanın imzalı xətt nümunəsinin əsli təqdim olunmuşdur. Məhkəmə müvafiq ekspertizanı keçirmiş, suallar tamamlanmadığına, verilən cavab müəyyən olunmadığına baxmayaraq, qarşı tərəfin ekspertiza mərkəzinə gedərək şikayət edəcəyi hədəsindən sonra tamamlanmamış bir ekspertiza rəyi verilmişdir. Bu səbəbdən iddiaçı tərəf təkrar və əlavə ekspertiza keçirilməsini barədə vəsatətlə məhkəməyə müraciət olunmuşdur. İddiaçı hazırda da həmin mövqeyi müdafiə edir. Cəmilə Allahverdiyeva insult xəstəsi ikən bu imzanı ata bilməzdi. O, həm də latın qrafikası ilə yaza bilmirdi, vəsiyyətnamə tərtib edilərkən o, öz hərəkətlərini şüurlu surətdə idarə edə bilmirdi. Vəsiyyətnamə Mülki Məcəllənin 1167, 1168, 1182-ci maddələrinin tələblərinə zidd tərtib edilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İş üzrə digər iddiaçılat və cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maəddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1179.1 Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1184. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan xx.xx.2007-ci il tarixli vəsiyyətnamədən görünür ki, həmin vəsiyyətnamə ilə Yevlax rayonu, Xanabad kənd sakini X6, özünə məxsus Yevlax rayonu, Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çaydaşından tikilmiş iki otaqlı evini və həmin həyətdəki üç tonluq metal su çənini X16 vəsiyyət etmişdir. X2 vəsiyyətnaməki imzanın həqiqiliyi xx.xx.2007-ci il tarixdə şahidlər X18 və X7 iştirakı ilə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbərsə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ş.H.Hacıyev tərəfindən təsdiq edilmişdir. Vəsiyyətnamə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbərsə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Notariat əməliyyatlarının qeydiyyatı kitabı”nda qeyd alınmışdır. Rayon Məhkəməsində şahid qismində dindirilmiş Bəkirova Pəri qızı ifadəsində göstərmişdir ki, mərhum Cəmilə Allahverdiyeva onun qonşusu olmuşdur. 2007-ci ildə Cəmilə onlara gəlmiş və onu kənd icra nümayəndəliyinə vəsiyyətnamədə şahid olmaq üçün dəvət etmişdir. İcra nümayəndəliyinə gələndə vəsiyyətnamə yazılı idi. Cəmilə, Təranə (vəsiyyətnamədə qeyd olunmuş digər şahid) və o, vəsiyyətnaməni imzalamışlar. Vəsiyyətnaməni imzalamamışdan əvvəl həmin vəsiyyətnamə onlara oxunmuşdur. Hamı da vəsiyyətnamədə nə yazıldığı bilib imzalamışlar. Cəmilə özü demişdir ki, əmlakını nəvəsinə bağışlayır. Həmin vaxt Cəmilə sərbəst özü hərəkət edirmiş. Belə ki, o, kəndin bir başından digər başına xeyir-şər məclislərində gedib iştirak edirdi. Vəsiyyətnamə icra nümayəndəliyində hamıya oxunmuş, Cəmilə vəsiyyətnaməyə özü imza atmışdır. Göründüyü kimi, hazırda etibarlılığı mübahisələndirilən vəsiyyətnamə yazılı formada tərtib edilmiş, vəsiyyət edən Cəmilə Allahverdiyeva tərəfindən şahidlərin və icra nümayəndənin iştirakı ilə imzalamış, imzanın həqiqiliyi şahidlər vəsiyyətaməyə imza etməklə təsdiq etmiş, vəsiyyətnamə Yevlax rayonu Ərəbbəsərə kənd İcra nümayəndəliyində müvafiq qeydiyyat kitabında qeydə alınmışdır. Bunlardan başqa, işdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfin vəsatəti əsasında vəsiyyətnamədəki imzanın Cəmilə Allahverdiyeva tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tədbiqatının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli rəydə bildirilir ki, “...Tədqiq olunan imzanı X2 imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzada həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması səbəbindən müqayiəsedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın X6 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı” İşə apellyasiya qaydasında baxılması zamanı iş üzrə yenidən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi məqsədilə Məhkəmə tərəfindən iddiaçı tərəfə mərhum Cəmilə Allahverdiyevanın imzası olan əlavə sənədlərin təqdim edilməsi təklif olunmuşdur. Lakin iddiaçı tərəf Məhkəməyə bu kimi sənəd təqdim etməmişlər. Bunlardan əlavə iddiaçılar mərhum Cəmilə Allahverdiyevanın latın qrafikalı əlifbanı bilmədiyini, insult keçirdiyi üçün öz hərəkətlərini şüurlu idarə edə bilmədiyini və vəsiyyətnaməni imzalam imkanına malik olmadığını göstərsələr də, məhkəmə araşdırması zamanı onların bu dəlilləri öz təsdiqini tapmamış, iddiaçılar da həmin dəlilləri əsaslandıra bilməmişlər. İddiaçıların digər bir dəlili isə ondan ibarətdir ki, vəsiyyətnaməndə olan şahiddən biri bu vəsiyyətnaməni tərtib edən, imzalayan şəxsin həyat yoldaşıdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1184-cü maddəsində vəsiyyətin şahidləri üçün qohumluq münasibətləri ilə bağlı qoyulmuş tələblər yalnız “vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatar) vəsiyyətin şahidləri ola bilməzlər. Hazırki iş üzrə mübahisə predmeti olan vəsiyyətnamədə imzaları olan şahidlərin mərhum Cəmilə Allahverdiyeva ilə qeyd olunan qohumluq münasibətlərində olması iş materialları ilə təsdiq olunmur, iddiaçılar bu dəlillərini sübut edən sənədləri məhkəmələrə təqdim edə bilməmişlər. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. İddiaçılar iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmişlər. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı2 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 sentyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar