Məhkəmə qərarları › İş №2(107)-1469/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1469/2020

21.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1469/2020 21.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(075)-768/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 30.03.2020-ci il tarixli, ******* nömrəli akt əsasında itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 864 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tаrixli, 2(075)-768/2020 saylı qərardadı ilə (hakim Cahid İmanov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Şəki Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(075)-768/2020 saylı qərardadından şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, borcun silinməsi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi və iddianı müdafiə etdiyi halda nəyə görə iddia ərizəsinin geri qaytarılmasını xahiş etməlidir? Əgər işə Şəki Rayon Məhkəməsində deyil, Şəki Kommersiya Məhkəməsində baxılması barədə aidiyyət haqqında məsələ qalxmışdırsa, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarmalıdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tаrixli, 2(075)-768/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tаrixli, 2(075)-768/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tаrixli, 2(075)-768/2020 saylı qərardadı tam, 25 iyun 2020-ci il tarixli, 2(075)-768/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, iddia ərizəsi 28 aprel 2010-ci il tarixdə icraata götürülmüş və işin məhkəmə hazıırlıq iclası 14 may 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə hazırlıq iclası keçirilərək işin məhkəmə baxışı 05 iyun 2020-ci il tarixə təyin edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə ərizəni baxılmamış saxlayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə istinad etmişdir. Həmin maddədə göstərilmişdir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci innstansiya məhkəməsi göstərmişdir ki, İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Cavabdeh» İB-nin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı,ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Əvvəla, iddiaçı iddia ərizəsində mübahisənin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə (çörək sexinə) quraşdırılmış qaz sayğacına görə olduğunu vurğulayır. İkincisi, iş üzrə cavabdeh olan hüquqi şəxs “Cavabdeh” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək İddiaçı vergi ödəyicisin kimi 11 saylı Ərazi Vergilər departamentində qeydiyyatda olduğunu (VÖEN: **********), ona məxsus qeyri-yaşayış sahəsinin 2014-cü ildə qazla təmin edildiyini, sonuncu dəfə iddiaçı ilə Mingəçevir ASAN Xidmət Mərkəzində 10.09.2018-ci il tarixdə AKX/101 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilənin (həmin müqavilənin təsdiq olunmuş surəti ərizəyə əlavə olunmuşdur) bağlandığını, iddiaçının hüquqi şəxs yaratmadan vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşgul olduğuna görə hazırkı mübahisəyə baxılmasının ümumi məhkəmələrin səlahiyyətinə aid olmadığından iddia ərizəsinin prosessual normaların pozulması ilə icraata götürülməsini nəzərə alaraq işin baxılmamış saxlanılması və ya aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı da məhkəməyə ünvanladığı ərizəsində işin kommersiya məhkəməsində baxılması ilə əlaqədar işin qaytarılmasını xahiş etmişdir. Qanunvericiliyin yeni müddəalarının tətbiqi ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, aidiyyətlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılıqlarının olduğu hallara aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2-274 saylı məktubunda məhkəmələrə tövsiyyə edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan məhkəmələrə izah edilməlidir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun icraata qəbul edilməklə məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aidiyyəti ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərin məqsədi və Ali Məhkəmənin məhkəmələrə ünvanlamış tövsiyəsi baxımından birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini icraata qəbul etməklə aidiyyəti üzrə göndərilməli idi. Bu baş vermədiyindən, sonradan işin məhkəmə baxışı zamanı ərizənin baxılmamış saxlanılması barədə deyil, tərəflərin təşəbbüsü ilə məhkəmə aidiyyəti haqqında məsələ qalxdığına görə, işin aidiyyəti üzrə Şəki kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxartmalı idi. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gələrkən haqlı olmamışdır. Şikayətin dəlilləri əsaslıdır. Ona görə də, şikayət təmin edilməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tаrixli, 2(075)-768/2020 saylı qərardadı tam, Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(075)-768/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 387 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tаrixli, 2(075)-768/2020 saylı qərardadı tam, Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(075)-768/2020 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar