Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1493/2021 10.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(075)-630/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 196628 nömrəli 25 yanvar 2021-ci il tarixli akt əsasında hesablanmış 600 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hаkim C.İmanov) 27 may 2021-ci il tarixli, 2(075)- 630/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 25 yanvar 2021-ci il tarixli, R 196628 nömrəli akt əsasında hesablanmış 595,95 manat borc İddiaçı hesabından silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiа tələbi belə əsаslаndırılmışdır ki, Şəki rayonu, Aşağı Layisqi kəndində yaşayır. Həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmişdir. O, həmişə sayğacı üzrə ödəniş aparmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri 24.01.2021-ci il tarixdə evinə gələrək barəsində 196628 nömrəli akt tərtib etmişlər. lakin aktın tarixi 24.01.2021-ci il olaraq göstərilmişdir. Aktda göstərilmişdir ki, o, qonşuya çəkilən xəttin giriş hissəsindən özünə xətt çəkərək kənar xətdən istifadə etmişdir. Halbuki, belə bir şey olmamış və onun xəbəri yoxdur. Həmin əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq barəsində belə bir akt tərtib etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X2 qaydaları”nın tələblərini pozmuşlar. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər də hal şahidi iştirak etməli, həmin aktı onlar tərəfindən imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin təmin edilməsinə dair qətnaməsini əsaslandırmamış, pozuntunun məhz istehlakçı tərəfindən törədilməsinin tam təsdiqini tapmadığını və iddiaçının özünə kənar xətt çəkərək istifadə etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyini əsas gətirərək əsassız qətnamə çıxarmışdır. Abonentin fərdi yaşayış evini enerji ilə təmin edən elektrik xətlərinə və elektrik sayğacına baxış keçirilərkən, evə elektrik sayğacının sxemindən kənar xəttin daxıl olduğu aşkarlanmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar əməkdaşlarımız tərəfindən videoçəkiliş aparılmış və 25.01.2021 -ci il tarixli. R 196628 saylı akt tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(075)-630/2021 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmişdir. Lakin, cavabdeh təşkilatın nümayəndələri 25.01.2021-ci il tarixdə evinə gələrək barəsində 196628 nömrəli akt tərtib etmişlər. Aktda göstərilmişdir ki, o, qonşuya çəkilən xəttin giriş hissəsindən özünə xətt çəkərək kənar xətdən istifadə etmişdir. Halbuki, belə bir şey olmamış və onun xəbəri yoxdur. O, heç bir halda evində sayğacdan kənar elektrik xətti çəkməmiş və belə bir xəttdən istifadə etməmişdir. Onunla qonşuluqda qardaşına məxsus ev vardır və həmin evdə qardaşı tək yaşayır. Qardaşı uzun müddətdir ki, yataq xəstəsidir, ailəsi və uşaqları yoxdur. Bu səbəbdən də qardaşına özü baxır. Həmin qardaşına məxsus evin də ayrıca elektrik sayğacı vardır. Cavabdeh təşkilatın nümayəndələri elə hesab etmişlər ki, həmin lampa sayğacdan kənar onun tərəfindən çəkilib. Halbuki, həmin lampaya gedən elektrik xətti qardaşına məxsus elektrik xəttindən çəkilmişdir. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(075)-630/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş ; Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00298 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş 08 fevral 2021-ci il tarixli icra vərəqinin təsdiq edilmiş surətindən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 365gün üçün 0.07 manatla 3650 kvt.s (dəyəri 255,50 manat) və 0.11 manatla 3095 kvt.s (dəyəri 340,45 manat) toplamda 595,95 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. 25 yanvar 2021-ci il tarixli, R seriaylı 196628 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, yoxlama zamanı abonentin qonşuya çəkilən xəttin giriş hissəsindən özünə xətt çəkərək kənar xətdən istifadə etməsi aşkar olnumuşdur. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında ******* nömrəli protokolun təsdiq edilmiş surətindən görünür ki, **********003466 nömrəli sayğac 30200906 nömrəli sayğacla əvəz olunmuşdur. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Şəki filialı tərəfindən verilmiş 02 mart 2021-ci il tarixli məktubdan görünür ki, olan X1 Agentliyinin Şəki filialının böyük müfəttişi X3 bu aktı tərtib edirəm ondan ötrü ki, Şəki rayonu, Aşağı Layısqı kənd sakini İddiaçı tərəfindən fərdi yaşayış evində sayğacdan kənar xətt olmadığı halda enerji təchizatı müəssisəsinin (bundan sonra-ETM) nümayəndələri tərəfindən akt yazılması barədə Energetika Nazirliyinə daxil olmuş müraciətin araşdırılması üçün X8 sahə ustası X5 və şikayətçi İddiaçı iştirakı ilə ilə fərdi yaşayış evinə xidmət edən elektrik sayğacının quraşdırıldığı əraziyə tərəfimizdən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, şikayətçiyə məxsus fərdi yaşayış evinə xidmət edən **********81389 zavod nömrəli elektrik sayğacı həyətdən kənarda, küçədə yerləşən dayağa bərkidilməklə quraşdırılmış və giriş xətti bütöv olmaqla izolyasiyası pozulmamışdır. Sayğac ETM-in abonent bazasında **********00298 saylı kod ilə şikayətçinin adına qeydiyyatdadır. Sayğacın çıxış xətti şikayətçinin həyətində yerləşən talvarda iki müxtəlif mənbədən qidalanma üçün quraşdırılmış ayırıcının üst girişinə birləşdirilmiş və ayırıcının çıxışından fərdi yaşayış evinə elektrik xətti çəkilmişdir. Həmin ayırıcının alt girişinə birləşdirilmiş elektrik xəttindəki darağa işlədici qoşulmamışdır. Şikayətçinin bildirdiyinə görə həmin ayırıcı enerji təchizatında fasilə zamanı generatorun qoşulması üçün quraşdırılıb. Sözügedən dayaqdan şikayətçinin həyətində yerləşən talvarın tavan hissəsi ilə hal-hazırda yaşayış olmayan, qardaşına məxsus fərdi evə kabel-hava xətti çəkilmiş və evin yan divarında quraşdırılmış **********085684 zavod nömrəli elektrik sayğacına birləşdirilmişdir. Talvarın tavan hissəsindən keçən yerində kabel-hava xəttinin izolyasiyası pozularaq həyətdə yerləşən digər yardımçı tikiliyə (tualetə) sayğacdan kənar işıqlanma xətti çəkilmiş və hal-hazırda gərginlik altındadır. İzolyasiya pozulduğu yerin yaxınlığında calaq vasitəsilə elektrik lampası asılmış, lampanı elektrik şəbəkəsinə qoşmaq üçün talvarın şikayətçiyə aid olan hissəsində iki müxtəlif mənbədən qidalanma üçün quraşdırılmış ayırıcıya qədər izolyasiyalı elektrik naqili çəkilmiş, lakin ayırıcıya qoşulmamışdır. Şikayətçinin bildirdiyinə görə sözügedən yardımçı tikili və talvarın yarısı qardaşına məxsus olmaqla kabel-hava xəttinin izolyasiyasının pozulması həmin hissəsində yerləşir. Vətəndaşa bildirildi ki, məsələ mövcud qaydalara uyğun araşdırıldıqdan sonra ona rəsmi qaydada cavab veriləcəkdir. Təqdim olunmuş diskə baxış keçirilən zaman sayğacdan kənar xəttin məhz İddiaçı tərəfindən çəkildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni İddiaçı münаsibətdə düzgün həll etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). - 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. - 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. - 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur Kollegiyanın araşdırması zamanı müəyyən olundu ki, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********00131 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 08 fevral 2021-ci il tarixə 6745 kvts, enerji istehlak etmiş və onun 595,95 manat borcu olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində 25 yanvar 2021-ci il tarixli, R seriyalı 196628 nömrəli akt əsasında X4 595,95 manat borcun hesablanması müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, cavabdeh orqan baxış zamanı abonentin qonşuya çəkilən xəttin giriş hissəsindən özünə xətt çəkərək kənar xətdən istifadə etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin təbirincə desək qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. İkincisi, cavabdeh təşkilatın əməkdaşları X2 zamanı istehlakçı tərəfindən X2 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Üçüncüsü,kollegiya sonda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(075)-630/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1493/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1493/2021
10.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver