Məhkəmə qərarları › İş №2(107)-1500/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1500/2020

27.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1500/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-238/2020 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxx 2020-ci il tarixli 2(037)- 238/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması” tələbinə dair iddiası təmin edilmiş, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********01010 nömrəli abonent koduna vurulmuş 1368 kub metr təbii qazın dəyəri 136 (bir yüz otuz altı) manat 80 (səksən) qəpik debitor borc məbləğinin silinməsi, İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması və “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu məbləğinin alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonra cavabdeh və ya “Cavabdeh” İstehsalat Birliyi) qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək “Cavabdeh” İB tərəfindən **********01010 nömrəli abonent koduna işlənmiş 1368 kub metr təbii qazın dəyəri 136 (bir yüz otuz altı) manat 80 (səksən) qəpik debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, İsmayıllı şəhərində yaşayır. xx xxxxxxx 2019-cu il tarixdə “Cavabdeh” İB-nin tabeçiliyində olan Ağsu Regional X3 əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacının üzərində zavod qurğuşun plombu aşkar olunmadığından sayğac dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombun olmadığı, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi qeyd edilmişdir. Ona görə də xx xxxxxxx 2019-cu il tarixdə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında xx xxxxxxx 2019-cu il tarixdə qərar qəbul edilərək 1368 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. X3 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. O, istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. Cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 136,8 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia ərizəsinə etirazı təqdim edərək izahatında bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə “Cavabdeh” İB-nin X4 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçının İsmayıllı şəhəri Babək küçəsi dalan 4, ev 4-də yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və AR DNŞ İTRİ tərəfindən tərtib edilmiş 29/1710-03007-1 nömrəli akta əsasən sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombunun aşkar olmadığı, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. Həmin akta əsasən xx xxxxxxx 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 1368 kub.metr itirilmiş qazın dəyəri 136,8 manat məbləği hesablanaraq iddiaçının abonent bazasındakı koduna vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-238/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri “Cavabdeh” İstehsalat Birliyi apellyasiya şikayəti verərək İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-238/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, “Cavabdeh” İstehsalat Birliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı İsmayıllı şəhəri Babək küçəsi dalan 4 ev 4-də qeydiyyatdadır. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə iddiaçının İsmayıllı şəhəri Babək küçəsi ev 4-də yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. “Cavabdeh” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 23/1710-03007-1 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca xx xxxxxxx 2019cu il tarixdə İnformasiya Texnologiyaları və X2 və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombunun olunmadığı, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi aşkar edilmişdir. “Cavabdeh” İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi və 1 ədəd su qızdırıcı vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Cavabdeh” İB-nin Ağsu Regional X3 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1368 kub metr müəyyən edilmiş və iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməli olması göstərilmişdir. Abonentin saldosundan görünür ki, 2019-cu ilin oktyabr ayının sonuna iddiaçının **********01010 nömrəli abonent koduna 136,8 manat borc vurulmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 3.2.1-ci bəndinə əsasən, Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 4.1-ci bəndinə əsasən, Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, SMPDK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3-cü bəndinə əsasən, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4-cü bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.6-cı bəndinə görə, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.10-ci bəndinə görə, sənaye qaz qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və EN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun dəyişdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət dаşıyır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin gerçək hallarından görünür ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombunun olmadığı, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi aşkar olunmuşdur. “Cavabdeh” İBnin Ağsu Regional X3 əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1368 kub metr müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 136,8 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “ iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 1368 kub metr miqdarında, yəni 136,8 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Cavabdeh” İB tərəfindən iddiaçının hesabına işlənmiş 1368 kub metr itirilmiş təbii qazın dəyəri 136,8 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-238/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-238/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar