Məhkəmə qərarları › İş №2(107)-1501/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1501/2020

20.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1501/2020 20.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-223/2020 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” tərəfindən **********05060 nömrəli abonent koduna işlənmiş 720 kub metr təbii qazın dəyəri olan 136 (bir yüz otuz altı) manat 80 (səksən) qəpik debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-223/2020 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia təmin edilərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********05060 nömrəli abonent koduna hesablanmış 720 kub metr təbii qazın dəyəri olan 72 (yetmiş iki) manat debitor borcun silinməsi, iddiaçının dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması və cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə tərəfindən apelyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki işin materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, cavabdeh “Cavabdeh” X1 Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-223/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş olsa da, lakin apelyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq etmir. Belə ki, apelyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumu İsmayıllı Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx xxx 2020-ci il tarixli qətnamədən bir ay əvvəl, yəni xx xxxxx 2020-ci il tarixdə ödənilmişdir. Habelə, dövlət rüsumunun ödənilməsi barədə qəbz əsli olmamaqla kserosurətdir və qəbzdə müvafiq bank orqanının möhürü yoxdur. Bu hallar da öz növbəsində həmin ödəniş qəbzinin etibarlı olmasına şübhə doğurur. Qeyd edilən nöqsanın aradan qaldırılması məqsədi ilə məhkəmə kollegiyası apelyasiya şikayəti vermiş cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə bildiriş göndərərək məhkəmə kollegiyasının iclasınadək ödənilmiş dövlət rüsumu barədə qəbzin etibarlı olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməyi və məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməyi təklif etmişdir. Lakin, məhkəmə kollegiyası iclasının (apelyasiya şikayətinin mümkünlüyünə dair) vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş cavabdeh “Cavabdeh” İstehsalat Birliyi nümayəndəsinin iştirakını məhkəmə kollegiyasının iclasında təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən apelyasiya şikayətinin mümkünlüyü məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işlə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. Həmin Qanunun 8.4-cü və 8.4.1-ci maddələrinə əsasən, apelyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən həmin Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50% məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edildikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 363 və 364-cü maddələrinin tələblərinə riayət olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 360, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyаsı qərara aldı: İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-223/2020 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 363 və 364-cü maddələrinin tələblərinə riayət olunması üçün 2(107)-1501/2020 nömrəli mülki işlə birlikdə İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar