Məhkəmə qərarları › İş №2(107)-152/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-152/2023

11.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-152/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2rşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh X2rşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(063)-891/2022 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Ucar rayon Rəstəcə kəndində abonent kodu **********00000 olan İddiaçı istifadəsində olan G-4 tipli qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olmasının müəyyən edilməsi barədə Azərqaz İB tərəfindən 21 iyul 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt qəbul edilmişdir. 29 iyul 2022-ci il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub/metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, cəmi 8640 kub/metr göstərilmiş və abonentə-iddiaçıya akt üzrə 1036,80 manat hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı məhkəmə iclasında iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında göstərdi ki, o, Ucar rayonu, Rəstəcə kəndində yerləşən özünəməxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır, ailəsinin məişət qayğılarının həll edilməsi üçün təbii qaz xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir. “Azəriqaz” X4 X9 İdarəsinin əməkdaşları 21 iyul 2022-ci il tarixdə barəsində akt tərtib etmişlər. Lakin barəsində tərtib edilmiş aktın harada tərtib olunmasından xəbəri yoxdur. Dəfələrlə müraciət etdikdən sonra aktın surətini almışdır. “Azəriqaz” X4 X9 İdarəsinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş 21 iyul 2022-ci il tarixli, ******* nömrəli akt qanunauyğun tərtib edilməmişdir. Tərtib edilmiş 21 iyul 2022-ci il tarixli, ******* nömrəli aktla tətbiq edilmiş 1036,80 manat borc silinməli və hesablanmış pulun ödənilməsi öhdəliyindən azad edilməlidir. Aktda qeyd olunmuşdur ki, sayğaca kənar müdaxilə olunmuş və təbii qaz itkisi yaranmışdır. Ona məxsus fərdi yaşayış evinə keçən qazı qeyd edən sayğaca heç bir müdaxilə etməmişdir. Bununla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bundan başqa, cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, umumiyyətlə, həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, aktda və tələbnamədə adı səhvən Tacı kimi göstərilmişdir, onun Tacı adlı qardaşı yoxdur, bu yerli icra hakimiyyəti orqanının verdiyi arayışda da təsdiq olunur. Yaşadıqları evə dair qaz sayğacı evdən kənarda, yəni küçədə quraşdırılmışdır. İdarənin əməkdaşları hər ay sayğaca baxış keçirib ödəniş üçün bildiriş təqdim edirlər, lakin sayğacda hər hansı qüsur olmasını bildirməmişlər. O və ailə üzvləri sayğaca müdaxilə etməmişlər və inzibati məsuliyyətə cəlb olunmamışlar.

3. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir, ona görə də iddiaçıya istehlakçı kimi əlavə pul hesablanması qeyd olunan qaydaların tələbinə uyğun deyildir.

5. Məhkəmə, qeyd edilən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qorunmasının qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, həmin akta əsasən əlavə borc pul hesablandığından, bu nəticəyə gəlir ki, iddia əsaslıdır və ona görə də təmin olunmalıdır.

6. Ucar Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(063)-891/2022 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia təmin olunmuş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 iyul 2022-ci il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı hesablanmış 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik məbləğində borcun onun hesabından silinməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2, 4.5, 4.7, 4.8, 5.5, 6.1 və 6.7-ci bəndlərinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

8. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır.

9. İş materiallarında olan “Azəriqaz” X4 X9 İdarəsinin rəisi tərəfindən 29 iyul 2022-ci il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub/metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, cəmi 8640 kub/metr göstərilmişdir.

10. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci ilin iyul ayı üçün abonentə-iddiaçıya akt üzrə 1036,80 manat hesablanmışdır.

11. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatdadır.

12. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X8 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh X8 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixində "Azəriqaz” X4 RQİİ-nin Ucar Xidmət Sahəsinin əməkdaşları Ucar rayonunun Rəstəcə kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2022-ci tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş Akta əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2022-ci il tarixli, 03497258 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 29 iyul 2022- ci il tarixdə İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Rəsulova İddiaçı Ucar XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 8640 m3 - 1036.80 (bir min bir yüz otuz altı) manat 80 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.

14. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir.

15. Ona görə də, Ucar Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(063)- 891/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(063)-891/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

20. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmirprofilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Cavabdeh Ucar Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(063)- 891/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 13-14cü bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, qaz sayğacı İddiaçı həyətindən kənarda quraşdırıldığından iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, o cümlədən işin hallarında sayğacda aşkar edilmiş zədələrin iddiaçının təqsiri ilə baş verdiyini təsdiq edən heç bir sübut olmadığından apellyatorun arqumentləri əsaslı hesab edilə bilməz.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(063)-891/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh X8 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(063)-891/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar