Məhkəmə qərarları › İş №2(107)-1523/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1523/2021

21.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1523/2021 21.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X32, İddiaçı və onun vəkili X2, Cavabdeh1, onun vəkili və nümayəndəsi X20, üçüncü şəxs X21 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh4 və Namətova (Zeynalova) Xurmayə Mehman qızı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(014)-724/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər X14 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 qarşı məhkəməyə müraciət edərək “20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş X6nun ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddətin uzadılmasına, onun ölümündən sonra Ağdaş rayonunun Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0,5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası payının miras əmlak kimi tərəfindən qəbul edilməsinə dair” qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) 29 aprel 2021-ci il tarixli, 2(014)- 724/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək 20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş X17 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddət uzadılması və X17 ölümündən sonra Ağdaş rayonunun Kükəl kəndində miras qalmış bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı, 0,5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən X17 payının İddiaçı tərəfindən miras kimi faktiki qəbul edilməsinin müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşin halları Tələb onunla əsaslandırılmışdır ki, mərhum X1 Siyafə Osman qızı ilə 25 dekabr 1987ci ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Onların birgə nikahından İddiaçı anadan olmuşdur. Birgə nikahdan başqa uşaqları olmamışdır. Mərhum atası X40 ilə birinci nikahda olmuş və onların birgə nikahından 5 nəfər övladı vardır. Mərhum atasının arvadı X40 isə 1977-ci ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüşdür. Onların övladlarından X26, X34 və X41 vəfat etmişlər X41 ailəli olmamışdır. X34 ailəli olmuşdur və onun 3 nəfər övladları vardır. X26 da evli olmuşdur, lakin onun övladları olmamışdır. Mərhum Q.Namətov üçüncü şəxs anası ilə ikinci nikahda olmuş və onlar birgə nikah dövründə Ağdaş rayonunun Kükəl kəndi ərazisində bir mərtəbəli qarşısı şüşəbənd olan iki otaqdan ibarət yaşayış evi tikdirmişlər. İddiaçı həmin evdə anadan olmuşdur. 07 may 2008-ci ildə Ağdaş rayonunun Kükəl kənd sakini X22 ilə ailəli olmuş və “Ramazanova” soyadını qəbul etmişdir. Ağdaş Rayon Məhkəməsinin 12 may 2020-ci tarixli qətnaməsi ilə X22 ilə aralarında qeyd edilmiş nikah pozulmuşdur və nikah pozulduqdan sonra o, yenidən “Namətova” soyadını qəbul etmişdir. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Ağdaş rayonunun Kükəl kəndi ərazisində qanuni istifadələrində olan 0,35 hektar həyətyanı torpaq sahəsi və eləcə də həmin kənd ərazisində 0,5612 hektar və 0,5754 hektar olmaqla iki müxtəlif yerdən ümumilikdə 1,1366 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir və bu barədə adına müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,5612 və 0,5754 hektar olmaqla, cəmi 1,1366 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini ayrılıqda 13 iyul 2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində ümumi birgə mülkiyyət hüququ əsasında adına qeydə aldıraraq müvafiq olaraq 13 iyul 2018-ci il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və torpaq sahəsinin planı və ölçüsünü, 0,35 hektar həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən bir mərtəbəli iki otaqdan ibarət yaşayış evini isə 04 dekabr 2019cu il tarixdə həmin idarədə ümumi birgə mülkiyyət hüququ əsasında adına qeydə aldıraraq 04 dekabr 2019-cu il qeydiyyat tarixli, ******* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın da reyestrindən çıxarış və fərdi yaşayış evinin texniki pasportunu almışlar. X6 20 iyul 2003-cü ildə Ağdaş rayonunun Кükəl kəndində vəfat etmişdir. Atasının ölən günə üçüncü şəxs X39, Cavabdeh2 Qüdrət qızı, Cavabdeh1 və ondan ibarət birinci növbə vərəsələri qalmışdır. Mərhum atasının ölümündən sonra ondan Ağdaş rayonunun Kükəl kəndi ərazisində bir mərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0,35 hektar həyət, 0,5754 hektar və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı çöl sahələrindən ona çatası 1/3 hissəsi miras qalmışdır. Mərhum atası ölən günədək o və üçüncü şəxs Siyafə Ömərova ilə birlikdə Ağdaş rayonunun Kükəl kəndi ərazisində ümumi birgə mülkiyyətlərində olan 0,35 hektar həyət torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Atasının ölümündən sonra ikisi yaşayırlar. Mərhum atasının ölümündən sonra ondan miras qalmış bir mərtəbəli, iki otaqdan ibarət 1 yaşayış evini, həmin evin yerləşdiyi 0,35 hektar həyətyanı torpaq sahəsindən, 0,5754 hektar və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası 1/3 hissə payını fakt olaraq özü qəbul edərək idarə və istifadə etməyə başlamışdır. Anası həmin evdə yaşamasına baxmayaraq, miras əmlakla maraqlanmamış, həmin əmlakdan ona çatası payından iddiaçının xeyrinə imtina etmişdir. Digər vərəsələrdən cavabdehlər mirasın açılmasından sonra mirasdan pay istəmələri ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada və müddətdə notariat orqanına rəsmi ərizə ilə müraciət etməmişlər, həmçinin ötən müddətdə ümumiyyətlə mirasla əlaqədar hər hansı iddiada olmamışlar. Lakin müəyyən səbəblə mirası qəbul etmək barədə qanunla müəyyən edilmiş vaxtda ərizə ilə notariat orqanına müraciət etməmişdir. Mirası faktiki qəbul etdiyi üçün və üçüncü şəxs anası ila mehriban münasibətləri olduğundan vərəsəliyin açılması ilə əlaqədar müraciət etməmişdir. Bu səbəbdən də mirasın qəbulu ilə bağlı müddət tərəfindən buraxılmışdır. O, mərhum atasından miras qalmış daşınar və daşınmaz əmlakı faktiki olaraq qəbul etdikdən sonra daşınmaz əmlak olan fərdi yaşayış evinin, onun yerləşdiyi həyətyanı torpaq sahələrindən və 1 təsərrüfat təyinatlı torpaq sahələrini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tam birgə mülkiyyət hüququ əsasında qeydiyyata aldıran zaman cavabdehlər tərəfindən müəyyən maneələr yaradıldığına qanunla müəyyən olunmuş müddətdə vərəsəliyin açılması ilə bağlı aidiyyəti üzrə müraciət edə bilməmişdir. Yəni, həmin səbəblərə görə mirasın qəbulu ilə əlaqədar tələb olunan müddət tərəfindən üzrlü səbəblərdən buraxılmışdır. Hesab edir ki, müddət tərəfindən üzrlü səbəblərdən buraxıldığından uzadılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 29 aprel 2021-ci ildə Ağdaş Rayon Məhkəməsinində İddiaçı iddiası ilə başlanmış 2(014)-724/2021 mülki işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış olmasını, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini və nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozulmasını və ya düzgün tətbiq edilməməsini bildirir. Ona görə də Apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(014)-724/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini, 20.07.2003-cü il tarixdə vəfat etmiş X15 miras qalmış, Ağdaş rayonunun Kükəl kəndində yerləşən bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evindən və 0,35 hektar həyətyanı, 0.5754 və 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras və paylı əmlakda onun Qanun üzrə 4 vərəsələrinin payları müəyyənləşdirilərək vərəsələrin sayına və miras əmlakın umumi əmlak kütləsində tutduğu hissəyə uyğun kəsrlə, yaxud faizlə vərəsələr arasında bölünsün. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Qüdrət Namətov həm onun, həm də iddiaçının atasıdır. Ataları 2003-cü ildə vəfat etmişdir. İddiaçı ataları öləndən sonra, 2008-ci ilədək həmin evdə yaşasa da, sonradan 2008-ci ildə ailə quraraq ər evinə köçmüş, 2017-ci ilədək ailəsi ilə birlikdə ər evində yaşamışdır. Həmin evdə daimi olaraq qardaşları İbrahim yaşamışdır. Bütün kommunal xərclər də onlar tərəfindən ödənilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi X42 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə obyektiv araşdırma aparmamış, tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, miras qoyan şəxs Q.Namətov 2003-cü ildə ölmüş, iddiaçı isə bir müddət həmin evdə yaşasa da, sonradan 2008-ci ildə ailə quraraq həmin evdən çıxıb getmişdir. Göründüyü kimi iddiaçı həmin mirasın idarəçiliyində iştirak etməmişdir. Miras əmlak İbrahim tərəfindən idarə olunmuş, həmin evdə daim İbrahim yaşamışdır.Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, atası Qüdrət Namətov 2003-cü ildə vəfat etmişdir. Həmin vaxt onun təxminən 15 yaşı var idi. Atası öləndən sonra beş il fasiləsiz olaraq həmin evdə yaşamış, sonra isə ailə quraraq ər evinə getmişdir. Sonradan ailə münasibətləri pisləşdiyindən yenidən ata yurduna qayıtmağa məcbur olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X18 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, göründüyü kimi iddiaçı atası öləndən sonra beş il fasiləsiz olaraq miras əmlakda yaşamış, mirasın faktiki qəbulunda iştirak etmişdir. İddiaçının sonradan ailə quraraq başqa ünvana köçməsi onun hüquqlarının itməsinə səbəb olmur. İddiaçı ərindən boşanaraq atası evinə qayıdanda, qarşı tərəfin müdaxiləsi ilə rastlaşdığından məhkəmə qərarı əsasında köçürülməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X39 ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, Ağdaş Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(014)-724/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: Ağdaş RPŞ tərəfindən verilmiş 30 avqust 2005-ci il tarixli, AZE seriyalı, 03557245 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X39 03.09.1949-cu il tarixdə Ağdaş rayonunun Hüşün kəndində anadan olmaqla, Ağdaş rayonunun Kükəl kəndində qeydiyyatdadır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyul 2020-ci il tarixli, 1479 saylı arayışın surətindən görünür ki, yaşayış yeri Ağdaş rayonu, Kükəl kəndi olan mərhum X17 02.08.2003-cü il tarixə aşağıdakı ailə üzvləri müəyyən edilmişdir. Həyat yoldaşı: X40 (vəfat edib), oğlu: X41 (vəfat edib), oğlu: X26 (vəfat edib), oğlu: X34 (vəfat edib), qızı: Cavabdeh1, qızı: X14, həyat yoldaşı: X39, qızı: İddiaçı. Ağdaş rayon Notariat ofisinin 05 avqust 2020-ci il tarixli, 355 saylı məktubundan görünür ki, İddiaçı ərizəsində ögey bacıları olan digər vərəsələrlə aralarında mirasın bölgüsü barədə mübahisə olduğunu qeyd etmişdir. Buna əsasən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Ağdaş RİHB-nin Kükəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli, 412 saylı arayışdan görünür ki, X21 mərhum əri X33 20.07.2003-cü il tarixdə vəfat etmişdir, vəfat edənə qədər Ağdaş rayonunun Kükəl kəndində yaşamışdır. Ağdaş RİHB-nin Kükəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli, 411 saylı arayışdan görünür ki, X21 mərhum əri X33 20.07.2003-cü il tarixdə vəfat etmişdir, vəfatetdikdən sonra aşağıdakı vərəsələri qalmışdır. Həyat yoldaşı: X40 (vəfat edib), oğlu: X26 (vəfat edib), həyat yoldaşı: X39, oğlu: X34 (vəfat edib), qızı: X14, qızı: Cavabdeh1, oğlu: X41 (vəfat edib), qızı: İddiaçı. Ağdaş RİHB-nin Kükəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli, 410 saylı arayışdan görünür ki, X21 mərhum əri X33 20.07.2003-cü il tarixdə vəfat etmişdir, vəfat edənə qədər Ağdaş rayon Kükəl kənd sakinləri X39 və X35 ilə birlikdə yaşamışdır. Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(014)-340/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X19 və X39 JN-042A saylı (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X33, X19 və X21 Ağdaş rayonunun Kükəl kəndi ərazisində paylı mülkiyyətinə verilmiş 0,35 hektar həyətyanı tarpaq sahəsində yerləşən texniki pasporta əsasən mərhum X23 məxsus olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinə köşürülməsi, həmin torpaq sahəsi və yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər X7, Cavabdeh1 və X16 tərəfindən yaradılan süni maneələrə birdəfəlik son qoyulması və bununla bağlı müvafiq şəraitin yaradılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli, 2(107)-1905/2019 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi cavabdehlər X8, Cavabdeh1 və X3 münasibətdə dəyişdirilmədən, onların apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Ağdaş Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(014)-2081/2018 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, Ağdaş rayonu, Kükəl kəndi ərazisində yerləşən 0,35 hektar həyətyanı torpaq sahəsinin X33, X39 və İddiaçı mülkiyyətinə verilməsinə dair JN-042A saylı (kod ********) şəhadətnamənin X33, X39 və Ramazanova (Namətova) Səbirə Qüdrət qızına məxsus olması faktı müəyyən edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(014)-547/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X19 ilə cavabdeh X9 arasında bağlanılaraq Ağdaş RİHB-nin Kükəl kənd İƏD üzrə nümayəndəliyində 07 may 2008-ci il tarixdə 04 nömrə ilə qeydə alınmış nikahın pozulması, 20 mart 2009-cu ildə anadan olmuş X10 və 04 iyun 2011-cı ildə anadan olmuş X36 anaları X4 yanında saxlanılmaları, X5 26 fevral 2020-ci il tarixdən başlayaraq 20 mart 2009-cu ildə anadan olmuş X10 və 04 iyun 2011-ci ildə anadan olmuş X36 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X4 xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat alimentin tutulması qət edilmişdir. DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 13.07.2018-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestirində 96 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışından görünür ki, Ağdaş rayonu, Kükəl kəndində yerləşən 0,5754 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X19, X33 və X21 paylı (ümumi birgə) mülkiyyətindədir. Hüquq sahibi X11r. DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 13.07.2018-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestirində 96 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışından görünür ki Ağdaş rayonu, Kükəl kəndində yerləşən 0,5612 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X19, X33 və X21 paylı (ümumi birgə) mülkiyyətindədir. Hüquq sahibi X11r. DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 04.12.2019-cu il tarixli, daşınmaz əmlakın dövlət reyestirində 27 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışından görünür ki Ağdaş rayonu, Kükəl kəndində 0,35 hektar həyətyanı torpaq sahəsində yerləşən 60 kvadratdan ibarət fərdi yaşayış evi X19, X33 və X21 paylı (ümumi birgə) mülkiyyətindədir. Hüquq sahibi X24r. Ağdaş RİHB-nin Kükəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli, 414 saylı arayışdan görünür ki, İddiaçı hal hazırda Ağdaş rayonu, Kükəl kəndində aşağıdakı ailə tərkibi ilə birlikdə yaşayır və qeydiyyatdadır. X13, qızı: X12, oğlu: X36. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 noyabr 2018-ci il tarixli, AZ-İ seriyalı 978753 saylı ölüm haqında şəhadətnamənin surətindən görünür ki, X33 20.07.2003-cü il tarixdə vəfat etmişdir. Kükəl kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 10.08.2021-ci il tarixli arayışdan görünür ki, Namətov İbrahim Qüdrət oğlu 23.04.2018-ci il tarixdə vəfat etmişdir. Vəfat edənə qədər Ağdaş rayon Kükəl kəndində yerləşən 20.06.2003-cü il tarixdə vəfat etmiş X6na məxsus olmuş fərdi yaşayış evində yaşamışdır. Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs Qüdrət Namətov 2003-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (maddə 1248.1). Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (maddə 1248.2) Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan Qüdrət Namətov 2003-cü il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan daimi olaraq Ağdaş rayonunda yaşadığından və miras əmlak Ağdaş rayonunda yerləşədiyindən mirasın açıldığı yer Ağdaş rayonu hesab edilir (həmin Məcəllənin 1147-ci maddəsi). Miras əmlaka Qüdrət Namətovun öldüyü məqamadək malik olduğu Ağdaş rayonu Kükəl kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahələri daxildir. Məhkəmə kollegiyasının araşdırması zamanı miras qoyanın vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, mərhum X1 Siyafə Osman qızı ilə 25 dekabr 1987-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuş, onların birgə nikahından hazırki iş üzrə İddiaçı qızı anadan olmuşdur. Birgə nikahdan digər övladları olmamışdır. X53 eyni zamanda X40 ilə birinci nikahda olmuş və onların birgə nikahından 5 övladı dünyaya gəlmişdir. X40 isə 1977-ci ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüşdür. Qüdrət Namətovun birinci nikahından olan övladlarından İbrahim, Mehman və Zakir vəfat etmişlər. Zakir ailəli olmamış, İbrahim isə ailəli olsa da övladı olmamışdır. Mehman Namətovun isə 3 övladı olmuşdur. X53 üçüncü şəxs Siyafə Ömərova ilə ikinci nikahda olmuş və onlar birgə nikah dövründə Ağdaş rayonunun Kükəl kəndi ərazisində fərdi yaşayış evi tikmişlər. İddiaçı da həmin evdə anadan olmuş, hətta atası öləndən sonra da fasiləsiz olaraq həmin evdə yaşamaqda davam etmiş, 2008-ci il də isə ailə quraraq ər evinə köçmüşdür. Sonradan ailə münasibəti pozulduğundan ata evinə, yəni miras qalmış əmlaka qayıtmışdır. X47 vəfatından sonra, sonuncunun, Səbirə Ramazanovanın və Siyafə Ömərovanın ümumi birgə mülkiyyətlərində olan, Ağdaş rayonu Kükəl kəndində ayrı-ayrı şəhadətnamələrlə qeydə alınmış 0,5754 ha, 0,5612 ha (kənd təsərrüfat təyinatlı) və 0,35 ha, həyətyanı torpaq sahələri, həmçinin Qüdrət Namətovun tam mülkiyyətində olan hazırki mübahisəli miras əmlak (fərdi yaşayış evi) qalmışdır. Təqdim olunmuş sənədlərdən və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı miras qoyan atasının ölümündən sonra anası Siyafə Ömərova ilə birlikdə qeyd olunan mübahisəli fərdi yaşayış evində yaşamaqla və miras əmlakı birlikdə idarə etməklə faktiki qaydada qəbul etmişdir. 2008-ci ildə isə ailə quraraq ər evinə köçmüşdür. Göründüyü kimi iddiaçının mübahisəli miras əmlakda yaşaması və mirası faktiki qəbul etməsi məhz miras qoyanın ölümündən sonrakı altı aya təsadüf edir. Məhkəmə kollegiyası miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək, araşdırmanı davam etdirən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi əsaslıdır. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı miras qoyan atasının ölümündən sonra anası Siyafə Ömərova ilə birlikdə qeyd olunan mübahisəli fərdi yaşayış evində fasiləsiz yaşamaqla və miras əmlakı birlikdə idarə etməklə faktiki qaydada qəbul etmişdir. 2008-ci ildə isə ailə quraraq ər evinə köçmüşdür. Göründüyü kimi iddiaçının mübahisəli miras əmlakda yaşaması və mirası faktiki qəbul etməsi miras qoyanın ölümündən sonrakı altı aya təsadüf edir ki, onun sonradan ər evinə köçməsi və ya başqa ünvanda yaşaması vərəsəlik hüququnu istisna edən hal kimi qiymətləndirilə bilməz. Çünki qanunvericilk miras qəbulunun hər iki halında, istər formal, istərsə də qeyri-formal halında eyni müddəti müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə tam razılaşa bilmir ki, ona görə ki, mübahisənin bu halında mirasın qəbulu müddətinin uzadılmasına zərurət qalmamışdır. Mülki Məcəllənin 1247-ci maddəsinə əsasən (mirasın qəbul edilməsinin xüsusi müddəti) əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi miras onun qəbulu üçün müəyyən edilmiş müddətdə-yəni miras açıldığı gündən altı ay keçənədək qəbul edilməlidir. Həmin müddətin müəyyən hissəsinin yeni vərəsənin vərəsəlik hüququ yaranandək keçdiyinə görə vərəsəlik hüququ yeni vərəsəyə keçdikdən sonra mirası qəbul etmək müddətinin qalan hissəsi ərzində uzadılmalıdır. Kollegiyanın qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Hazırki işdə isə belə bir hal mövcud deyil. Çünki yuxarıda qeyd olunduğu kimi iddiaçı mirasın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürməmiş, əksinə həmin müddət dövründə və bundan sonra mübahisəli miras əmlakı faktiki qaydada qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Belləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunmuş mövqeyi ilə tam razılaşmayaraq belə qənaətə gəlir ki, Ağdaş Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(014)-724/2021 nömrəli qətnaməsi qismən- yəni iddianın təmin olunmuş “20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş X17 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması” hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi bu hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(014)-724/2021 nömrəli qətnaməsi qismən - yəni iddianın təmin olunmuş “20 iyul 2003-cü ildə Ağdaş rayonunun Kükəl kəndində ölmüş X17 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması” hissəsində ləğv edilsin. Ləğv edlmiş hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən digər qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar