Məhkəmə qərarları › İş №2(107)-1526/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1526/2022

12.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1526/2022 12.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(039)-1819/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X4 İdarəsi tərəfindən əsassız olaraq hesablanmış 537.80 manat cərimənin silinməsi və yeni quraşdırılmış sayğacının dəyərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim K.Əliyev) 04 oktyabr 2022-ci il tarixli, 2(039)- 1819/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Yevlax Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(039)-1819/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Cavabdeh tərəfindən verilmiş şikayətdən görünür ki, sonuncu şikayət üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Yevlax Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinetə yüklənərək elektron imza ilə deyil, “skan” edilərək PDF formasında elektron kabinetə yüklənmişdir. Bu isə özü-özlüyündə apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Yevlax Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(039)-1819/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar