Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1533/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mal-qara və pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- mal-qara və pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X10 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-377/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı 2500 manat dəyərində 1 baş yanı balalı inəyin, 300 manat dəyərində 2 baş qoyunun və ya əmlakın dəyəri 2800 manat pulun, 1500 manat əmək haqqı məbləğinin, 300 manat yataq dəstinin dəyərinin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh-keçmiş gəlini Fərizənin iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə 04 iyun 2018-ci il tarixli 2(033 )-47/2018 saylı qətnaməsi ilə oğlu X6 ilə aralarında 01 oktyabr 2013-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Hər uşaq üçün 136.60 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də cavabdeh Zaqatala Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 12 oktyabr 2018-ci il tarixli ərizəsi ilə Hikmətlə aralarında barışıq yarandığından icra sənədi üzrə yığılan aliment məbləğindən imtina etmiş və icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Yeganə övlad olduğu, ata əmlakının mülkiyyətinə keçəcəyini bildirib oğlunu aldadıb Faldarlı kəndində ata evində birgə yaşamağa dəvət etmişdir. Sonra cavabdeh ondan 28.12. 20 18-ci il tarixdə mövcud bazar qiyməti 2500 manat təşkil edən 1 baş yanı balalı inək, bazar qiyməti 300 manat dəyərində 2 baş boğaz qoyunu ailəsinə dəstək və uşaqların qidalanması adı altında tələb edərək almışdır. Fərizə oğlunun əmək haqqı kartını da ələ keçirərək fındıq sexində mövsümü işləyib ayda 750 manat olan 2 aylıq, cəmi 1500 manat əmək haqqını da mənimsəmişdir. Oğluna bağışladığı 300 manat dəyərində iki yataq dəstini də özündə saxlayaraq oğlunu qəsdən evdən qovmuşdur. Utanmadan bundan sonra alimenti də tələb edib almaqla 2020-ci il tarixdə aliment məbləğinin artırılması barədə iddia ərizəsi vermişdir. Əlavə olaraq oğluyla birlikdə Faldarlıda olan müddətdə cavabdeh ondan kənd təsərrüfatı məhsulları, ərzaq və geyim əşyaları olmaqla xeyli yardım almışdır. Hətta oğlu cavabdehin evindən zorla çıxarıldığı vaxt şəxsiyyət vəsiqəsi, hərbi bileti də cavabdehdə qalmışdır. Oğlu məcbur qalıb yenidən şəxsiyyət vəsiqəsi almış, lakin hərbi bileti yoxdur, cavabdeh özündə saxlayıb qaytarmamışdır. Cavabdehin ondan mənimsədiyi əmlak, pul və s. sübutu üçün Mamrux kəndində yaşayan xalası X21, malqaranın daşınmasını X7, mal qaranın yüklənməsi və daşınmasına köməklik edən X14, X18 və X11 olmuşdur. Dəfələrlə cavabdehə ondan aldatma yolu ilə mənimsədiyi əmlakı və ya onun dəyərini geri ödəməyini tələb etsə də sonuncu bundan imtina etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 2(033)-377/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh bir baş inək və balasının dəyəri olan 1500 manat və iki baş qoyunun dəyəri olan 400 manat, cəmi 1900 manat pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin qaynanasıdır. İşin faktiki halı belə olmuşdur ki, iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah 04 iyun 2018-ci ildə pozulmuşdur. Sonradan onlar barışaraq müvəqqəti qızın atası evində yaşamalı olmuşdur. İddiaçı tərəfindən 28 dekabr 2018-ci il tarixdə bir baş inək və arxasında balası olmaqla, eyni zamanda iki baş boğaz qoyun onlara istifadə üçün verilmişdir. Bundan sonra cavabdeh tərəf iddiaçının oğlunu evdən qovmuşdur və iddiaçının oğlu qayıdaraq anası ilə birlikdə yaşayır. Hazırda iddiaçı həmin ev heyvanlarının dəyərini cavabdehdən tələb edir. X1 məhkəmə iclasında verdiyi ifadədən məlum olmuşdur ki, iddiaçı onun bacısıdır. İddiaçı cavabdehə balalı inək və 3 baş balalı qoyun vermiş və o, həmin mal-qaranı xalasının oğlunun maşını ilə cavabdehin evinə çatdırmışlar. Eyni zamanda şahid X5 məhkəmə iclasında göstərmişdir ki, tərəflər onun qonşularıdır və onlarla yaxşı münasibəti vardır. İddiaçının oğlu Hikmət Fərizənin evinə gedəndə dalı balalı, qarnında da balası olan inək, 2 baş qoyun, ana qoyun yanında iki bala aparmışdır. Şahid qismində dindirilmiş X3 verdiyi ifadədən məlum olmuşdur ki, iddiaçı Nurcahanın oğlu Hikmət cavabdeh Fərizənin evinə getdiyi üçün iddiaçı ona dalı balalı qarnında balası olan inək, 2 baş dalı balalı qoyun və yemək ərzaqları vermişdir. Şahid qismində dindirilmiş X9 məhkəmə iclasında göstərmişdir ki, iddiaçı dayısı nəvəsidir. İddiaçı cavabdehə bir baş boğaz inək dalı balalı və qoyunlar vermişdir. Şahid qismində dindirilmiş X12 məhkəmə iclasında göstərmişdir ki, iddiaçının əri onun dayısı oğludur. O, heyvanları verəndə görmüş və həmin heyvanlar bir baş inək balası ilə və iki baş qoyun olmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iclasında iddiaçının təqdim etdiyi şahidlər mübahisələndirilən ev heyvanlarının həqiqətən cavabdehə verilməsini öz izahatlarında təsdiq etmişlər. Məhkəmə iclasında mübahisə ilə bağlı işin faktiki hallarının hərtərəfli araşdırılması nəticəsində sözügedən bir baş inək və balasının, eyni zamanda iki baş qoyunun iddiaçı tərəfindən cavabdehdə verilməsi öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə məhkəmə tələbin həmin hissəsinə münasibətdə qismən razılaşmışdır. Belə ki, iddiaçı sözügedən ev heyvanlarının dəyəri kimi 2800 manat tələb edir, hansı ki, məhkəmə tərəfindən alınmış arayışda həmin heyvanlardan bir baş inək və balasının 1500-1600 manat, iki baş qoyunun balası ilə birlikdə qiymətinin isə 200-220 manat olması müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin 1500 manat əmək haqqı məbləğinin və 300 manat yataq dəstinin dəyərinin cavabdehdən alınması hissəsinə münasibətdə isə razılaşmamışdır. Çünki, iddiaçı tərəfindən iddianın həmin hissəsini təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normlarını pozmuş, iddiaçının əsassız iddiasını qismən təmin etmişdir. İddiaçının oğlu X2 ona 2018-ci il tarixdən ödənilməmiş aliment borcu olduğuna görə qaynananası tərəfindən aliment borcunun əvəzində ona 1 baş inək balası birlikdə və 2 ana qoyun verilmişdir. O da həm yoldaşının barışdığı, həm də aliment borcu yığıldığı üçün 12.10.2018-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinə ərizə verərək alimentdən imtina etmişdir. Eyni zamanda qeyd edir ki, Zaqatala rayon Məhkəməsinə 2020-ci il tarixdə X4 qarşı aliment tələbinə dair müraciət etmişdir. Mülki iş ilə bağlı 2(033)-700/2021 saylı qərar qəbul edilmişdir. Mülki iş ilə bağlı məhkəməyə X6 tərəfindən iddia ərizəsinə dair etiraz ərizəsi göndərilmişdir. Etiraz ərizəsində X6 qeyd edir ki, anası İddiaçı 1 baş yanı balalı inək və 2 baş qoyun ona bağışlamışdır. Daha sonra o, 12.10.2018-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinə ərizə verərək yığılmış aliment borcu tələbindən 4800 manatdan imtina edərək icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. X6 öz etiraz ərizəsində qey edir ki, hazırki mülki iş üzrə İddiaçı tərəfindən həmin heyvanlar bağışlanılmışdır (etiraz ərizəsi apellyasiya şikayətinə əlavə olunur). İddiaçı imtina etdikdən sonra ona heyvanların verilməsini bildirir. X22 məhkəməyə göndərilmiş etiraz ərizəsində ona heyvan verildikdən sonra aliment tələbindən imtina etdiyi yazılmışdır. Yuxarıda qeyd olunanları məhkəmə iclasında da bildirmişdir, lakin ifadəsind qeyd etdiyi hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 2(033)-377/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X19 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 2(033)-377/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 2(033)-377/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 377/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir maddi hüquq normasına istinad etməmişdir. Ona görə də apellyasiya şikayətləri qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-377/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi tamamilə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Zaqatala Rayon Məhkəməsinin 2(033)- 377/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsini mübahisələndirməmiş, onun nəticələri ilə razılaşmışdır. Ona görə də qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılmalıdır. Kollegiya qeyd etməyi lazım bilir ki, məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsi üzrə apelyasiya şikayətinin dəlilləri həcmində dəyərləndirmə aparır. Qətnamədən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh bir baş inək və balasının dəyəri olan 1500 manat və iki baş qoyunun dəyəri olan 400 manat, cəmi 1900 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. İddiaçı iddia etmişdir ki, cavabdeh-keçmiş gəlini Fərizənin iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə 04 iyun 2018-ci il tarixli 2(033 )-47/2018 saylı qətnaməsi ilə oğlu X6 ilə aralarında 01 oktyabr 2013-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. Hər uşaq üçün 136.60 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də cavabdeh Zaqatala Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 12 oktyabr 2018-ci il tarixli ərizəsi ilə Hikmətlə aralarında barışıq yarandığından icra sənədi üzrə yığılan aliment məbləğindən imtina etmiş və icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Sonra cavabdeh ondan 28.12. 20 18-ci il tarixdə mövcud bazar qiyməti 2500 manat təşkil edən 1 baş yanı balalı inək, bazar qiyməti 300 manat dəyərində 2 baş qoyunu ailəsinə dəstək və uşaqların qidalanması adı altında tələb edərək almışdır. Göründüyü kimi iddiaçı cavabdehlə oğlu arasında ailə münasibətləri bərpa olunduğu üçün onların dolanması üçün bir baş inək və balası, iki baş qoyunu onlara vermişdir. Yəni həmin heyvanları iddiaçının oğlu ilə cavabdehin birlikdə istifadə etməsi üçün vermişdir. Beləliklə müəyyən edilir ki, cavabdehin həmin əmlaklara sahiblik etməsi qanunsuz olmamışdır. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, hər iki tərəfin etiraz və mülahizələrindən görünür ki, həmin heyvanlar hazırkı iş üzrə cavabdeh olan Cavabdeh keçmiş əri X2 yığılıb qalan aliment borcundan imtina etmiş və X2 anası, yəni hazırkı iş üzrə iddiaçı həmin heyvanları cavabdehə vermişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti iddianın təmin edilmiş hissəsinə münasibətdə əsaslı olduğundan təmin edilməli, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən hər hansı bir maddi hüuquq normasına istinad etməmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 377/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi tam rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-377/2021 saylı, 18 may 2021-ci il tаrixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi tam rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1533/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1533/2021
30.09.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver