Məhkəmə qərarları › İş №2(107)-155/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-155/2024

16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-155/2024 16.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ilkin iddia tələbinə, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ilkin iddia tələbinə, iddiaçı Cavabdeh Aşıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “qalıq borc kimi yazılmış pulun silinməsi” tələbinə dair ilkin iddia tələbi, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin(bundan sonra- Cəmiyyət) cavabdeh İddiaçı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tаrixli qətnaməsindən İddiaçı(bundan sonra- iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” 01 iyun 2011-ci il tarixli, 37341000 nömrəli müqavilədən(istehlakçı tərəfindən imzalanmamış) görünür ki, müqavilə ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənilməsi və axıdılması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyən edir. Müqaviləyə əsasən xidmət ünvanı Təbriz küçəsi 39/C, abonent kodu isə **********000. Cəmiyyət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, iddiaçının 2017-ci il üzrə 38,03 manat, 2018-ci il üzrə 162,6 manat, 2019-cu il üzrə 230,4 manat, 2020-ci il üzrə 285,6 manat, 2021-ci il üzrə 833,16 manat, 2022-ci il üzrə 1767,6 manat, 2023-cü il üzrə 2311,2 manat borc olmaqla, cəmi 5628,59 manat borcu vardır. 2017-ci ildən etibarən sudan istifadə etdiyinə görə iddiaçı tərəfindən hər hansı məbləğdə pul ödənilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmiyyət tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 3303,59 manat pulun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonu Kebeloba kəndində yaşayır. Evə qanuni qaydada su xətti çəkilmişdir. Sudan qanuni qaydada istifadə edərək haqqını vaxtlı-vaxtında ödəyir. İstifadə etdiyi suyun miqdarı quraşdırılmış və ploblanmış su sayğacı ilə ölçülür. 2018-ci ilin aprel ayında qonşunun divarının kərpicləri aşaraq onun evinə gələn su turbasının küçədə yerləşən hissəsini 2 yerdən partlatmışdır. O, dərhal bu barədə Zaqatala su kanal sahəsinin əməkdaşlarına xəbər vermişdir, onlar gələrək partlamış su turbasına baxıb getmişdirlər. Yalnız 3 il sonra turbanın partlayan hissəsinin birini təmir etmişdirlər. Ondan sonra o, dəfələrlə həm yazılı, həm də şifahi formada həm Cavabdeh ASC-nin baş idarəsinə, həm də Zaqatala su kanal sahəsinə müraciət etmişdir, hər dəfə nəzarətçi gələndə ona təkrar-təkrar göstərərək turbanın partlayan hissəsindən suyun boşuna axaraq gölməçə yaratdığını, suyun israf olduğunu bildirmişdir. Lakin indiyə qədər heç bir tədbir görülməmiş və turbanın partlamış hissəsi təmir edilməmişdir. Cavabdeh təşkilat qəsdən ona akt yazaraq ona suni borc yaratmışlar. Beləliklə, cavabdeh təşkilat onun hesabında süni olaraq borc yaratmış və Cavabdeh ASC-nin bildiriş xəbərdarlıqlarında qalıq borc kimi 3303,59 manat borc göstərilir. Bu borcun silinməsi yalnız məhkəmə yolu ilə həyata keçirilməlidir. Cəmiyyət qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi və cavabdeh İddiaçı su təchizatına görə yaranmış 3303,59 manat borcun (abonent kodu: **********000) və 53,04 manat dövlət rüsumu üzrə xərclərin tutularaq Cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı ünvan 1 ünvanı içməli su ilə təchiz edilmişdir. Cavabdehə **********000 abonent kodu verilmiş və həmin ünvana xx.xx.2013-cü il tarixində 49954277 nömrəli sayğac quraşdırılmışdır. Ətraflı abonent kartından göründüyü kimi, İddiaçı içməli sudan istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə 3303,59 (üç min üç yüz üç manat əlli doqquz qəpik) manat borcu yaranmışdır. Borc ünvana quraşdırılmış sayğacın göstəricilərinə əsasən hesablanmışdır. Həmin borcun yaranmasına səbəb göstərilmiş su təchizatı xidmətinin dəyərinin cavabdeh tərəfindən ödənilməməsi olmuşdur. Həmin borcun ödənilməsi ilə bağlı İddiaçı dəfələrlə müraciət olunmuş, lakin cavabdeh istifadə etdiyi suyun haqqı olan 3303,59 manat borcu bu günə qədər ödəməkdən imtina etmişdir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(033)- 106/2023 nömrəli iş üzrə qəbul etdiyi 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, abonent kodu **********000 olan İddiaçı 3303,59 (üç min üç yüz üç manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla ilkin iddia tələbinə münasibətdə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin su ilə təmin olunması üçün iddiaçı və cavabdeh arasında 01 iyun 2011-ci il tarixdə müqavilə tərtib olunsa da, həmin müqavilə ilkin iddiaçı tərəfindən imzalamamışdır. Həmin müqavilə əsasında Cavabdeh ASC iddiaçını su ilə təmin edir, cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” ilə müəyyən edilmiş digər vəzifələri də yerinə yetirir. Qanunvericiliklə su təchizatı və kanalizasiya müəssisəsinin üzərinə balans mənsubiyyətində olmayan suölçən cihazlardan sonra yerləşən istehlakçının istismarında olan su xətlərinə nəzarət etmək və onların təmir bərpasını təmin etmək vəzifəsi qoyulmamışdır və belə bir xidmətin su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilməsi müqavilə ilə də şərtləndirilməmişdir. “Sudan istifadə Qaydaları”na əsasən verilən suyun həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək və eyni zamanda istehlakçılara məxsus fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılması vəzifəsi istehlakçının üzərinə qoyulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. İşin hallarından da görünür ki, fərdi istehlakçı İddiaçı ünvan 2 ünvanında yaşayır, onun tərəfindən su təchizatı obyektlərindən istifadə olunur. Eyni zamanda, istehlakçının su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq vəzifəsidir. Lakin, o vəzifəsini yerinə yetirməmiş, müqavilə bağlamamış, məhkəmə iclasında da ona müqavilə bağlaması təklif olunsa da, o bildirmişdir ki, sayğacdan keçən xətt bərpa olunduğu və borcu silindiyi təqdirdə müqavilə bağlayacaqdır. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, İddiaçı özü müqaviləni məhkəməyə təqdim etmişdir. Müqavilə bağlanmamasına istinad etsə də, müqavilənin bir nüsxəsinin onda olması onun müqavilənin bağlanmaması barədə dediklərini də şübhə altına alır. Həmçinin iddiaçı özü bildirmişdir ki, kanalizasiya idarəsi sayğacın yalnız giriş hissəsindəki borunu təmir edib və ətrafa axan suyun bir hissəsinin qarşısı alınıb. O da qeyd olunmalıdır ki, 2017-ci ildən hazıradək sudan istifadə etdiyinə görə İddiaçı tərəfindən hər hansı məbləğdə pul ödənilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının istismarında olan su xətlərinin bərpası ilə əlaqədar hər-hansı vəzifəsi olmadığı halda və istifadəsində olan suölçən cihazlar da daxil olmaqla digər sudan istifadə üçün nəzərdə tutulan qurğularının və xətlərinin işlək vəziyyətdə saxlanılması istehlakçı olan iddiaçının vəzifəsi olduğundan, həqiqi su sərfiyyatı ilə yanaşı boruların nasaz vəziyyətdə olması ilə əlaqədar suölçən cihazın göstəricisinə uyğun müəyyən edilmiş və iddiaçı tərəfindən sərf edilmiş suyun həcminin dəyəri kimi hesablanmış borcun iddiaçının hesabından silinməsi qanuni hesab edilə və ilkin iddia tələbi təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə dair hüquqi qiymətləndirmə apararaq hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında istehlakçı olan iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində sudan istifadə qaydalarını və onun dəyərinin ödənilməsini tənzimləyən 01 iyun 2011-ci il tarixli müqavilə tərtib edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti istehlakçı olan iddiaçını aralarında olan müqavilənin şərtlərinə uyğun xidmətlərlə təmin etmiş, lakin iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, istehlakçı İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində suölçən cihazın göstəricilərinə əsasən aparılmış hesabata əsasən sudan istifadəyə görə yaranmış borcu ödəməmiş və iddiaçının xx.xx.2023-cü il tarixə cavabdeh qarşısında 5628,59 manat xidmət müqaviləsindən irəli gələn öhdəliyi yaranmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qeyd edilən borcun 3303,59 manat hissəsini İddiaçı tələb edir və iddiaçı bu tələbində haqlıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 324.1, 385.1, 425, 442, 448.2, 560.1, 560.2, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 1.6, 1.7, 1.12, 2.1, 4.1, 7.4, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3, 30.1, 31.1, 31.3, 32.1, 32.2, 61.1, 62, 72, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ilə Cəmiyyət arasında sudan istifadə ilə bağlı hər hansı müqavilə yoxdur. Bundan başqa 2013-cü ildə quraşdırılmış sayğacla bağlı da tərəflər arasında hər hansı müqavilə yoxdur. Müqavilə olmadığı halda suyun pulunun istənilməsi qanunsuzdur. Məhkəmə qeyd etmişdir ki, 2011-ci il tarixli müqaviləyə əsasən iddiaçıya abonent kodu təqdim edilmişdir. Belə bir müqavilə mövcud deyil və yaxud da belə bir müqavilə 2011-ci ildə bağlanmış müqavilə ilə hazırki hesablanmış suyun dəyəri düzgün hesablanmamışdır. 2011-ci ildə suyun dəyəri 30 qəpik olduğu halda suyun dəyəri 60 qəpikdən hesablanmışdır. Suyun dəyərinin 60 qəpik olmasına dair müqavilə yoxdur. Bundan başqa qeyd olunmuşdur ki, 2013-cü ildə smart tipli suölçən cihaz quraşdırılmışdır. 2013-cü ildə quraşdırılmış sayğac barəsində heç bir müqavilə yoxdur. Daha sonra qətnamədə qeyd olunmuşdur ki, 2018-ci ildə sayğacın zədələnməsi ilə bağlı iddiaçı, cavabdeh Cəmiyyətə müraciət etmişdir. 3 il üstündən keçdikdən sonra 2021-ci ildə sayğaca baxış keçirilmişdir və sayğacın nasaz olduğu müəyyən edilmişdir. Lakin bütün bunlara baxmayaraq nasaz sayğac olduğu halda 2018-ci ildən indiyədək su borcu hesablanmışdır. 2021-ci ildə cavabdeh Cəmiyyət sayğaca baxış keçirərək sayğaca qədər olan ventilin nasaz olduğunu aşkar etmiş, ventili dəyişmiş, lakin sayğacı və sayğacdan sonrakı sayğaca bitişik və sayğaca bağlanan ventili təmir etməyərək suyu axar vəziyyətdə qoyaraq mənə su borcu yazmışlar. Bundan başqa sayğacın ventilini təmir etdikdən sonra sayğac iddiaçıya rəsmi qaydada təhvil verilməmişdir. Qeyd olunan faktlar məhkəmə tərəfindən aydınlaşdırılmamış, işin halları hər tərəfli araşdırılmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2011-ci il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Lakin həmin müqavilədə suyun dəyərinin neçə qəpik olduğu, neçə kub suyun istifadə olunduğu və ümumi dəyəri neçə manat olduğu düzgün hesablanmamışdır. Bununla əlaqədar məhkəmə bir neçə dəfə ekspertiza keçirmiş, ekspertizada sayğacın işlək vəziyyətdə olub olmamasını müəyyən edə bilməmiş, eyni zamanda 2011-ci il tarixli müqavilə ilə su borcunun hesablanmasını müəyyən edə bilməmişdir. Ekspert rəyində də qeyd olunmuşdur ki, əgər sayğac işlək vəziyyətdə olmuşdursa belə sayğac göstəricisinə əsasən borcun nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Qeyd etdiyim faktlar apellyasiya məhkəməsi tərəfindən araşdırılmalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cəmiyyət apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cəmiyyətin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddiaçıdan tələb olunan borc məbləği iddiaçının sudan istifadə etdiyinə görə yaranmış borc məbləğidir. Həmin borc məbləği 2017-ci ildən yaranmışdır. İddiaçı bildirir ki, evinə quraşdırılmış sayğac qonşunun hasarının aşması nəticəsində zədələnmış, buna görə də əlavə su sərfiyyatı yaranmışdır və bu səbəbdən mübahisələndirilən borc məbləği silinməlidir. Halbuki, bizim əməkdaşlar sayğaca baxış keçirəndə müəyyən etmişlər ki, zədə sayğaca qədər yerdə baş verməmişdir ki, bu zədəni də aradan qaldırmaq iddiaçının öz vəzifəsidir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, mübahisə predmeti bölünməz olduğundan Məhkəmə qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”(bundan sonra- Qaydalar) Bənd 1.6. STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alğı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Bənd 2.1. Balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək; aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; STKM ilə müqavilə bağlanılmadıqda STKM-nin vəzifələridir. Bənd 4.1. Su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; hüquqtəsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında STKM-in səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədi ilə maneəsiz olaraq istehlakçıya məxsus əraziyə buraxmaq; suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçıların vəzifələridir. Bənd 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKMə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5.3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 32.1 İstehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları həyata keçirməlidirlər: a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq; b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək; c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək; ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. Maddə 32.2. İstehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Maddə 72. Bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı əhali qrupu abonentinə aid olan şəxsdir, su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Cəmiyyət tərəfindən iddiaçıya nömrəsi **********000 olan abonent kodu verilmiş və iddiaçının yaşadığı ünvan 4 ünvanına 49954277 nömrəli sayğac quraşdırılmışdır. Bu hal iddiaçının özünün etirafı ilə də öz təsdiqini tapır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, yaşadığı evə qanuni qaydada su xətti çəkilmişdir və sudan qanuni qaydada istifadə edərək istifadə etdiyi suyun haqqını vaxtında ödəyir. İş materialları ilə o da müəyyən olunur ki, iddiaçının 2017-ci il üzrə 38,03 manat, 2018-ci il üzrə 162,6 manat, 2019-cu il üzrə 230,4 manat, 2020-ci il üzrə 285,6 manat, 2021-ci il üzrə 833,16 manat, 2022-ci il üzrə 1767,6 manat, 2023-cü il üzrə 2311,2 manat borc olmaqla, cəmi 5628,59 manat borcu vardır. 2017-ci ildən etibarən sudan istifadə etdiyinə görə iddiaçı tərəfindən hər hansı məbləğdə pul ödənilməmişdir. İddiaçı silinməsini tələb etdiyi borc məbləğinin yaranmasını onunla əsaslandırmışdır ki, 2018-ci ildə qonşunun divarının aşması nəticəsində su borusunda nasazlıq yaranmış və əlavə su israf olunmuşdur. Qeyd olunan hal ilə bağlı dəfələrlə yazılı və şifahi şəkildə Cəmiyyətə müraciət etsə də, sonuncu tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə iddiaçının qeyd olunan dəlili ilə bağlı onu qeyd edir ki, iş materiallarına əlavə edilmiş 06 sentyabr 2021-ci il tarixli, Zaqatala su kanal sahəsinin mühəndisi Elvin İbrahimovun xidməti məlumatından görünür ki, abonent İddiaçı xx.xx.2021-ci il tarixli, 616 nömrəli ərizəsi araşdırılarkən məlum olmuşdur ki, abonentin sayğacının çıxış ventili nasaz vəziyyətdədir, baxış zamanı abonentin dediyinə görə sayğacın üzərinə düşmüş daş sayğacın işləməsinə heç bir əngəl törətmədiyi aşkarlanmışdır, istismar zamanı sıradan çıxmış sayğaca qədər su ventili yenisi ilə əvəz edilmişdir. "xxxx" ASC tərəfindən əhali sektorunun abonentləri üçün təmin edilən mal-material, yalnız sayğaca qədər olan hissə üçün nəzərdə tutulur. Zaqatala sukanal sahəsinin rəisi Samir Hüseynov tərəfindən iddiaçıya ünvanlanmış 06 sentyabr 2021-ci il tarixli, 186 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və müəyyən olunmuşdur ki, qoşunun barısından sayğacın üzərinə düşmüş daş sayğacın normal işləməsinə heç bir əngəl törətməmişdir. Sayğaca qədər istismar nəticəsində sıradan çıxmış ventil yenisi ilə əvəz edlmişdir. Sayğacdan sonrakı malmaterialın Cavabdeh ASC tərəfindən təmin olunması nəzərdə tutulmadığından həmin hissənin təmiri, o cümlədən sayğacın üst qapağını bağlı saxlamaqla kənar zərbələrdən qorunması “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilənin 4.4-cü bəndinə əsasən istehlakçı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydaların 4.1-ci bəndinə əsasən istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçıların vəzifəsidir. Bundan başqa iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşayış evinin həyətindən keçən su borusundakı zədələnmə su sayğacından sonrakı hissədə yaranmışdır ki, buna görə də məsuliyyəti istehlakçı özü daşıyır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri odur ki, onunla Cəmiyyət arasında sudan istifadə edilməsi qaydaları və sayğacın quraşdırılması ilə bağlı hər hansı müqavilə bağlanmamışdır. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə Məhkəmə bildirir ki, iddiaçı ünvan 3 ünvanında yaşayır, onun tərəfindən su təchizatı obyektlərindən istifadə olunur. Eyni zamanda, su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir. Lakin o, vəzifəsini yerinə yetirməmiş, müqavilə bağlamamışdır. Məhkəmə hesab edir ki, iddiaçının su təchizatlarından istifadə etdiyi halda “müqavilə bağlamaq” kimi vəzifəsini yerinə yetirməməsi onu istifadəyə etdiyi suyun haqqını ödəmək vəzifəsindən azad edə bilməz. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətddir ki, məhkəmə bir neçə dəfə ekspertiza keçirmiş, ekspertizada sayğacın işlək vəziyyətdə olub-olmamasını müəyyən edə bilməmiş, eyni zamanda 2011-ci il tarixli müqavilə ilə su borcunun hesablanmasını müəyyən edə bilməmişdir. Apellyasiya şikayətinin bu dəlili bağlı Məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2023-cü il tarixli 9/3644 nömrəli ekspert rəyindən görünür ki, “Abonent kartı” məlumatından (i.v 24) göründüyü kimi abonent tərəfindən 2013-cü ildə 10,0 manat, 2014-cü ildə 25,0 manat və 2015-ci il tarixində 35,0 manat olmaqla ümumilikdə 70,0 manat məbləğində ödəniş aparılmışdır. Məhkəmə-mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Su sayğaclarında mexanizmlərinin işlək vəziyyətdə olubolmamasının müəyyən edilməsi məhkəmə-mühasibat ekspertinin həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Bu səbəbdən iddiaçı-cavabdeh İddiaçı ilə cavabdeh-iddiaçı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 iyun 2011-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə əsasında ünvan 6 ünvanında quraşdırılmış sayğac göstəricilərinə (əgər sayğac işlək vəziyyətdə olmuşdursa) uyğun olaraq müqavilə bağlanan tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı tərəfindən ödənilməmiş məbləğin neçə manat təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunduğundan iddiaçının evinə quraşdırılmış sayğacın işlək vəziyyətdə olub-olmamsını müəyyən etmək mümkün olmamışdır. Ümumiyyətlə isə sayğacın işlək vəziyyətdə olmaması ilə bağlı iddiaçının dediklərini Məhkəmə əsaslı hesab etmir. Belə ki, iddiaçının evinə quraşdırılmış sayğacın işlək vəziyyətdə olması ilə bağlı iş materiallarında kifayət qədər sübut var. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ilkin iddia tələbini təmin etməməkdə, qarşılıqlı iddia tələbini təmin etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2023cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar