Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1553/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı1 (həmçinin İddiaçı2 nümayəndəsi), Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vətəndaşın qeyri-qanuni hərəkətlərinin qarşısının alınması və tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(039)-133/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onlara qarşı etdiyi qeyri-qanuni hərəkətlərin qarşısının alınması və cavabdeh tərəfindən qanunsuz inşa olunmuş tikilinin sökülməsi və 10,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb onlara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Yevlax Rayon Məhkəməsinin (hаkim G.Cavadova) 04 iyun 2021-ci il tarixli, 2(039)- 133/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikilmiş toyuq damı sökülməsi, 10,40 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, cаvаbdеh Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu210005; VÖEN**********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdehapellyasiya şikаyəti vermişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh ilə qonşuluqda yaşayırlar. Cavabdeh onları evində rahat yaşamağa qoymur, onlara qarşı qanunsuz hərəkətlər edir. Belə ki, İddiaçı1 bütün cehizlərini satıb xərc çəkərək hazırkı cavabdehin torpaq sahəsi ilə aralarında olan daş hasarı tikdirmişdir. Cavabdeh isə bir il əvvəl arxa divar onların tikdirdiyi daş hasar olmaqla toyuq-cücənin saxlanılması üçün yer inşa etdirərək orada toyuq-cücə saxlayır. Həmin toyuq-cücənin, peyininin üfunətli qoxusundan onlar evlərində, həyətlərində yaşaya bilmirlər. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınmasını, onun toyuq-cücənin saxlanılması üçün tikdirdiyi tikilinin sökülməsini və onlara qarşı edilən qeyri-qanuni hərəkətlərin dayandırılmasını tələb edirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qeyri-qanuni və əsassız hesab edir. Belə ki, məhkəmə işə birtərəfli və səthi yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. O, özünə məxsus həyətyanı torpaq sahəsində hazırkı iş üzrə mübahisə predmeti olan toyuq damını tikmişdir. Həmin toyuq damının mövcudluğu iddiaçıların qanunla qorunan hüquq və mənafelərinə ziyan vururmu? Əslində iddiaçıların göstərdikləri kimi deyildir. Məhkəmə məhz bu halları araşdırmamışdır. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 04.06.2021- ci il tarixli 2(039)-133/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçıların mübahisələndiriyi toyuq damı onların yaşayış evindən 17-18 metr aralıda yerləşir. İkincisi o həmin damda toyuq saxlamır. Bundan əlavə iddiaçılar sərhəd hasara bitişik inşa etdirdiyi otaq yaşayış üçün nəzərdə tutulmayıb. Həmin otağın heç bir sənədi yoxdur. Ona görə də Yevlax Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 (həmçinin İddiaçı2 nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlə sərhəd hasarını o özü inşa etdirmişdir. Cavabdeh tərəfindən inşa edilmiş toyuq damı fərdi yaşayış evindən aralıda yerləşsə də, həyətin digər hissəsində olan 39 kv.m “yaşayış otağına” bitişikdir. Bu barədə cavabdehə bildirsə də heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də Yevlax Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(039)-133/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı, ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, şəhid H.Əliyev küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 51 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 və torpaq sahəsi X3, X4 və İddiaçı2 adlarına 10.07.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli 10/4018 saylı rəyindən, ünvan 1 ünvanında Cavabdeh mülkiyyətində olan torpaq sahəsində tilikmiş toyuq damının Azərbaycan Respublikası Şəhərsalama və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən olunur. Apellyasiya icraatı zamanı aidiyyəti üzrəYevlax rayon Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu verilmiş və həmin Mərkəz tərəfindən 27.08.2021-ci il tarixli məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki; “İddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Yevlax şəhəri H.Əliyev küməsi 51 ünvanda yerləşən fərdi yaşayış evində sanitar müayinə keçirilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, həyətin girəcəyində yaşayış sahəsi təxmini 139 kv.m olan yaşayış evi yerləşir. Yaşayış evi Cavabdeh məxsus toyuq damından 17-18 metr məsafədə yerləşir ki, bu da sanitar-gigiyenik qaydalara uyğundur. Həyətin şimal hissəsində Cavabdeh məxsus toyuq damına yaxın ümumi sahəsi 36 kv.m olan 1 otaq yerləşir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 burada yaşayış olduğunu bildirirlər. Həmin 36 kv.m olan otaqdan Cavabdeh məxsus toyuq damına olan məsafə 6-7 metr təşkil edir. Ki, bu da sanitar normalara cavab vermir. Belə ki, Azərbaycan Şəhərsalma və Tikinti Komitəsinin 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli kollegiyasında təsdiq edilmiş və 1 yanvar 2002-ci ildən qüvvəyə minmiş Dövlət Tikinti normalarına 4.20 bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən quşlar saxlanılan tikililərədək olan məsafə 15 metrdən az olmamamlıdır. Həyətdə iddiaçıların sağlam ətraf mühitdə yaşama hüququna təsir göstərən iy-ifunət hiss olunmadı”. Mülki qanunvericilik mülkiyyətin, onun tərkib hissəsi olan sahibliyin müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Eyni zamanda mülki qanunvericilik mülkiyyət hüququnun məhdudlaşdırılmasını da istisna etmir. Mülki Məcəllənin 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Qeyd olunan müddəa Məcəllənin 169.2, 170 və 172-ci maddələrində əksini tapmışdır. Məcəllənin 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə isə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.1-ci maddənin məzmununa görə qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 172.2-ci maddəyə görə torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. “Dövlət şəhərsalma norma və qaydaları şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Qaydalarının 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilkidə hüquqi qiymət verən kollegiya bildirir ki, nstansiyası məhkəməsi qeyd edir ki, şikayətin dəlilləri əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı tərəf israr edir ki, qarşı tərəfin inşa etdiyi toyuq damı onun yaşayış evinə yaxın məsafədə tikilərək qanunvericiliklə müəyyən edilmiş ara məsafəsi saxlanmamış, oradan gələn zərərli qoxular evinə daxil olur, bu səbəbdən o, öz evində rahat yaşaya bilmir. İddia tələbindən də göründüyü kimi iddiaçı toyuq damının sökülməsini tələb etmişdir. Lakin ekspert tərəfindən verilmiş rəyindən müəyyən olunur ki, mübahisəsi gedən toyuq damı iddiaçılarla cavabdehin sərhəd hasarından 1.56 m aralıda inşa edilmiş və tikinti normalarına uyğun deyildir. Ekspert rəyində cavabdehin mülkiyyət hüququ ilə özünə məxsus olan torpaq sahəsində inşa etdirtdiyi toyuq damının tikinti normalarına uyğun olmadığı müəyyən edilsə də, həmin toyuq damı ilə iddiaçıların atasına məxsus olan (gözlənilən mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan MA seriyalı, ******* №li çıxarış) fərdi yaşayış evindən nə qədər məsafədə olması müəyyən edilməmişdir. Apellyasiya icraatı zamanı Yevlax rayon Gigiyena və Epidemiologiya Mərkəzindən verilmiş 27.08.2021-ci il tarixli məktubdan isə müəyyən edilir ki, iddiaçıların yaşayış evi Cavabdeh məxsus toyuq damından 17-18 metr məsafədə yerləşir ki, bu da sanitargigiyenik qaydalara uyğundur. Həyətin şimal hissəsində Cavabdeh məxsus toyuq damına yaxın ümumi sahəsi 36 kv.m olan 1 otaq yerləşir ki, iddiaçılar da burada yaşayış olduğunu bildirirlər. Həmin 36 kv.m olan otaqdan Cavabdeh məxsus toyuq damına olan məsafə 6-7 metr təşkil edir ki, bu da sanitar normalara cavab vermir. Həyətdə iddiaçıların sağlam ətraf mühitdə yaşama hüququna təsir göstərən iy-ifunət hiss olunmadı”. Beləliklə də göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş toyuq damı (hin) ilə iddiaçılara məxsus fərdi yaşayış evi arasındakı məsafə 17-18 metr təşkil edir ki, mövcud qanunvericiliyə əsasən isə bu məsafə 15 metrdən az olmamalıdır. İddiaçıya məxsus olan 36 kv. M. ibarət bir “yaşayış otağı” kimi istifadə olunan tikili isə heç bir yerdə yaşayış sahəsi kimi rəsmiləşdirilmədiyindən, iddiaçı tərəfindən təqdim olunmuş çıxarışda öz əksini tapmadığından və yalnız iddiaçının öz mülahizəsi əsasında yaşayış sahəsi kimi adlandırıldığından bu tikili normativlərə cavab verən yaşayış otağı kimi qiymətləndirilə bilməz. Çünki məhkəmə tərəfindən də təklif olunmasına baxmayaraq iddiaçı tərəf həmin otağın yaşayış sahəsi kimi qeydə alınması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə də nəticə etibarilə, iddiaçının iddia tələbi müvafiq sübutlarla təsdiq edilmədiyindən qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müddəalar tətbiq edilə və iddia təmin edilə bilməz. Kollegiya hesab edir ki, iddianın təmin edilməsi ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməməsi ilə nəticələnə bilər. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(039)-133/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, birinci instansiya məhkəməsi və apellyasiya icraatı qaydasında təqdim edilmiş əlavə sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə, iddia qaldırılan vaxt ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(039)-133/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin onlara qarşı etdiyi qeyri-qanuni hərəkətlərin qarşısının alınması, cavabdeh tərəfindən qanunsuz inşa olunmuş tikilinin sökülməsi və 10,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb onlara qaytarılmasına” dair iddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1553/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1553/2021
05.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver