Məhkəmə qərarları › İş №2(107)-1560/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1560/2020

12.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1560/2020 12.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-nə qarşı X1 qaydalarının pozulması haqqında akt əsasında hesablanmış sərfiyyatın silinməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-539/2020 nömrəli qətnaməsindən cavabdeh «xxxxxxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində “xxxxxxxx” ASCnin əməkdaşlarının tərtib etdikləri AKT R ******* nömrəli akt əsasında hesablanmış 185 manat 87 qəpik məbləğin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, onun barəsində “xxxxxxxx” ASC-nin əməkdaşlarının tərtib etdikləri AKT R ******* nömrəli akt əsasında hesablanmış 183 manat 16 qəpik məbləğin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-539/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxxxxxx” X2 İddiaçı barəsində tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, R 166795 saylı akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 183,16 (bir yüz səksən üç manat on altı qəpik) manat borc İddiaçı hesabından silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki,o, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən evdə yaşayır. Yaşadığı ünvana verilən elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəmişdir. O, həmişə sayğacı üzrə ödəniş aparmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndləri onun evinə gələrək barəsində AKT R ******* nömrəli akt tərtib etmişlər. Həmin aktda sayğaca baxış keçirilən zaman sayğacın üz qabığının naməlum səbəbdən deşildiyi, axan yükün isə ölçüldüyü göstərilmişdir. Aktın məzmunundan göründüyü kimi, ünvanına elektrik enerjisinin verilişi üçün quraşdırılmış sayğacın məhz onun tərəfindən deyil, naməlum səbəbdən deşildiyi müəyyən edilmişdir. Həmçinin aktda axan yükün isə ölçüldüyü qeyd edilsə də, sayğacın axan yükü qeydə alıb-almaması, aşkar olunan qüsurun buna mane olub-olmaması barədə aktda heç bir qeydiyyat aparılmamışdır. Aktın məzmununda onların iştirakının vacibliyi qeyd edilsə də, aktın tərtibində hal şahidlərinin iştirakı təmin edilməmişdir. O, əvvəlcə həmin aktı ona məlum olmayan səbəblərdən sayğacda yaranmış hər hansı bir pozuntunun aradan qaldırılması məqsədilə tərtib edildiyini güman etsə də, sonradan ünvanına xx xxxxx 2020-ci il tarixli hesab-bildiriş gəldikdə sayğacdakı qüsura görə onun təqsirkar şəxs qismində qəbul edildiyini və həmin akt əsasında ona 183 manat 16 qəpik hesabat aparıldığını bilmişdir. Əslində isə cavabdeh təşkilatın nümayəndləri heç bir əsas olmadan barəsində belə bir akt tərtib etməklə qanunvericiliyin müvafiq tələblərini pozmuşlar. Həmin borcun necə yaranması ona məlum olmamışdır. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə X1 qaydalarının tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X1 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Eyni zamanda, onun evinə elektrik enerjisinin verilməsi üçün sayğac onun həyətyanı torpaq sahəsində deyil, evə aid həyətdən kənarda, yolun əks tərəfindəişıq dirəyinə bərkidilmişdir ki, həmin ərazi də yolun kənarında yerləşir. Bu səbəbdən onun həmin sayğaca vaxtaşırı nəzarət etməsi onun imkanı xarıcindədir. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-539/2020 nömrəli qətnaməsi çıxarılarkən maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və İddiaçı tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə olmadığından iddiaçı heç bir öhdəlik daşımır. Qeyd etmək istəyirik ki, iddiaçıya elektrik enerjisinin verilməsi və hesablaşmaların iddiaçıya məxsus evdəki sayğacın göstəriciləri əsasında aparılması işin mübahisəsiz halını təşkil edir. Elektrik enerjisinin dəyərinin tənzimlənən qiymətlərə aid olması və Tarif Şurası tərəfindən müəyyənləşdirilməsi də hər kəsə məlumdur. Elektrik enerjisinin alqı-satqı müqaviləsinin mühüm şərti kimi satılan elektrik enerjisinin miqdarı və elektrik enerjisinin dəyərinin çıxış etməsi də aşkardır. Sayğacla elektrik enerjisinin miqdarı, Tarif Şurasının müvafiq qərarı ilə elektrik enerjisinin dəyərinin hesablandığı nəzərə alınsa, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını demək olar. Digər tərəfdən, tərəflərdən heç biri yazılı formaya riayət edilməməsi nəticəsində müqavilənin etibarsız hesab edilməli olmasına dair dəlil irəli sürməmişdir. Belə bir dəlil olmadığı müddətcə, məhkəmə öz təşəbbüsü ilə müqavilənin etibarsız olması ilə bağlı nəticəyə gələ bilməz, çünki bu dəlil yalnız mübahisələndirilən əqdlərə aid dəlildir. Məhkəmədə isə yalnız tərəflərdən biri belə bir dəlil və tələblə çıxış etdiyi halda buna qiymət verilə bilər. Bundan başqa, iddiaçı fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz edilmişdir. Deməli, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bundan əlavə, təkcə müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasının yeganə əsası deyil. Cavabdehin iddiaçını əvəzsiz elektrik enerjisi ilə təchiz etmək vəzifəsinin olmadığı aşkardır. Deməli, müqavilə olmasa da əsassız varlanmadan irəli gələn öhdəlik münasibətlərinin mövcud olduğunu demək mümkündür. “X1 Qaydalarf’nm 7.1-ci bəndinin tələbinə görə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin qaydaların 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin qaydaların 7.5-ci bəndinə əsasən müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. müstəqil enerji istehsalçısı tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Məhkəmə iddia tələbinin təmin edilməsinin digər bir əsası kimi göstərmişdir ki, iddiaçı Adıgözəlov Əlyar Hacıəli oğlunun istifadəsində olan elektrik sayğacının nasaz olmasının onun təqsiri ucbatından yaranması tam təsdiqini tapmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, bu normanın tətbiqi üçün sayğacdakı qüsurun xarakteri nəzərə alınmalıdır. Sayğacda müəyyən edilmiş qüsurun xarakteri isə təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Habelə, iddiaçıya hesablanmış məbləğ məsuliyyətə cəlb etmə ilə bağlı olmamış, istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Həmçinin EEİQ-nm 7.11 -ci bəndinin ikinci abzasında göstərilir ki, mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır. Digər tərəfdən akt tərtib edilən zaman iddiaçının iştirakı təmin edilmiş və iddiaçı aktın doğruluğunu öz imzasıyla təsdiqləmişdir. Aktın iddiaçı tərəfindən imzalanması onun həmin aktın doğruluğu ilə razılaşdığını göstərir ki, bu da məhkəməyə təqdim edilmiş ən mötəbər sübutdur. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. lakin İddiaçı Şəki Apelyasiya Məhkəməsinə teleqram göndərərək qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)- 539/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx.xx.2020-ci il tarixli, R 166795 saylı saylı aktdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları B.Hacıyev və N.Əliyev tərəfindən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmiş və elektrik sayğacının üz qabığının deşildiyi aşkar edilmişdir. xx.xx.2020-ci il tarixli, 174921 saylı sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında protokoldan görünür ki, elektrik sayğacının fiziki təsir nəticəsində üz qapağının yuxarı hissəsində dəlik açıldığı barədə rəy verilmişdir. Daxildə müdaxilə izi aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixli, R 166795 saylı akta əsasən “xxxxxxxx” ASC-nin Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 129 gün üçün 1992 kvts, dəyəri 183,16 manat məbləğində hesabat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nda (bundan sonra mətndə «Elektrik enerjisidən istifadə Qaydaları») müəyyən olmuş hüquq normalarına istinad etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı barəsində yenidən hesablamanın aparılmasına əsaslardan biri kimi onun fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacının üz qabığının deşilməsi göstərilmişdir. Belə ki, «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydaları»n 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin «Qaydaları»n 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydaları»n 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin «Qaydaları»n 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, elektirik enerjisinin istifadə edilməsi üçün abonentlə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında alqı satqı müqaviləsi bağlanılmalı, abonent tərəfindən elektrik enerjisinin istifadə qaydaları pozulduqda elektrik enerjisinin verilişini təmin edən təşkilat tərəfindən 2 şahidin iştirakı ilə müvafiq akt tərtib olunmalıdır. Bundan başqa qeyd olunan “Qaydalar”ın 8.32-ci bəndindən görünür ki, hesablaşma sayğacın qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara görə, məişət abaonenti, o vaxt məsuliyyət daşıyır ki, mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud piləkən meydançasında deyil, bilavasitə məişət abonentinin yaşadığı mənzilin daxilində quraşdırlmış olsun. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh tərəfindən iddiaçının elektrik sayğacına qanunsuz müdaxilə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh tərəf öz etirazının əsaslarını yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh «xxxxxxxx» ASC-nin apelyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və iddiaçı tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə də apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-539/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-539/2020 nömrəli qətnaməsi cavabdeh «xxxxxxxx» ASC-nin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar