Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1566/2021 11.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərər tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)-318/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)-318/2021 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) İddiaçı Cavabdeh qarşı pul və mənəvi zərərin ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 772 manat, vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3752 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, 2019-cu ilin yanvar-fevral aylarında usta kimi təmir-tikinti işləri apararaq, Cavabdeh məxsus fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində dəmir konstruksiyalardan ibarət 40 metr uzunluğunda, hər metri 11 manat, ümumi dəyəri 440 manat olmaqla hasar inşa etmiş, 200 manat məbləğində bulağı mozaika ilə bəzədilməsi işlərini görmüş, hər kv.metri 10 manat olmaqla 500 manata dəmir konstruksiyalarla quraqlıq tikmiş, 400 manat məbləğində quraqlığın hörgüsünü çəkmiş və kafelini vurmuş, fərdi yaşayış evinə 60 manata qaz, 50 manata su xətlərini çəkmiş və 50 manata ayaq yolunun divarlarına fasad daşının vurulmasından ibarət, ümumi dəyəri 1400 manat məbləğində işlər görmüşdür. Cavabdeh həmin məbləğin bir hissəsi olan 678 manat pulu ödəmiş, həmin vaxtdan ötən iki il ərzində isə onun zəhmət haqqının bir hissəsini ödəməmişdir. Dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdeh onu nalayiq söyüşlərlə təhqir edərək, borcunu qaytarmaqdan imtina etmişdir. Belə olan halda o, mənəvi iztirablar keçirmiş və bunun nəticəsində 3000 manat mənəvi zərər görmüşdür. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi iki, İddiaçı onun qonşusudur, əvvəllər aralarında mehriban qonşuluq münasibətləri olmuşdur. İddiaçının da qeyd etdiyi kimi onun evində sadaladığı işləri görmüşdür. Lakin onun gördüyü işlər müqabilində zəhmət haqqı artıqlaması ilə ödənilmişdir. Belə ki, iddiaçı 2019-cu ilin yanvar-fevral aylarında usta kimi təmir-tikinti işləri apararkən fəhlə kimi yanında onun qardaşı da işləmiş, buna baxmayaraq qardaşına zəhmət haqqı kimi verilməli pul belə Elxana verilmiş, qonşu olduqları üçün onun işlədiyi dövrdə səhər və axşam yeməkləri ümumiyyətlə hesaba əlavə edilməmiş, həttda iddiaçının hər gün yeməklə bərabər gündə 15-20 manat dəyərində şərab içkisinin pulu belə həmin zəhmət haqqında nəzərə alınmamışdır. O, müxtəlif vaxtlarda yuxarıdakı sadalananları nəzərə almadan, iddiaçıya zəhmət haqqı olaraq, 1000 manat, 350 manat və 50 manat olmaqla ümumilikdə 1400 manat pul vermişdir. Həmin müddətdən 3 ilə yaxın vaxt keçmişdir, onun iddiaçıya borcu qalsa idi, bu müddət ərzində iddiaçı ondan zəhmət haqqını tələb edərdi. Bununla yanaşı o, iddiaçı ilə birlikdə və onun yanında özünə 7500 manat dəyərində şəxsi avtomobil almışdır. Belə olan halda da əgər onun iddiaçıya veriləcək borcu olsa idi, o həmin vaxt pulunu tələb edərdi. İddiaçının sözügedən tələbi əsassız və qərəzlidir. Belə ki, iddiaçı mütəmadi olaraq spirtli içki qəbul edərək hərəkətini və danışığını bilməyərək kəndin müxtəlif yerlərində onun ünvanına xoşagəlməz sözlər işlətdiyi üçün aralarında narazılıq yaranmış və bunun nəticəsində hər ikisi barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmiş və onlar barışdıqları üçün inzibati icraata xitam verilmişdir. Bundan sonra İddiaçı onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətdiyinə görə ondan qisas almaq üçün şərləyəcəyini və ondan pul alacağını bildirmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş, X1 göstərdi ki, cavabdeh onun oğlu, İddiaçı isə qonşusudur. İddiaçının da qeyd etdiyi kimi onun evində sadaladığı işləri görmüşdür. Lakin onun gördüyü işlər müqabilində zəhmət haqqını oğlu Sahib artıqlaması ilə ödəmişdir. Elxan onların evlərində işləyərkən ona qulluq etmiş, fasilə və işdən sonra ona yemək və şərab içkisi vermişdir. Oğlu ilə aralarındakı münasibətlərin pozulmasından sonra o belə bir əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İsmayıllı rayon məhkəməsinin gəldiyi həmin son nəticə ilə razılaşmır, çıxarılmış qətnamənin ədalətsiz, birtərəfli olmaqla qanun pozuntusu ilə çıxarıldığını hesab edir. Belə ki, o, Cavabdeh fərdi yaşayış evində 2019-cu ilin yanvar aylarında usta kimi təmir-tikinti işləri apararaq, onun həyətyanı torpaq sahəsində dəmir konstruksiyalardan ibarət 40 (qırx) metr uzunluğunda, hər metri 11 (on bir) manat, ümumi dəyəri 440 (dörd yüz qırx) manat olmaqla hasar inşa etmiş, 200(iki yüz) manat məbləğində bulağın mozaika ilə bəzədilməsi işlərini görmüş, hər kv. metri 10(on) manat olmaqla 500 (beş yüz) manata dəmir konstruksiyalarla quraqlıq tikmiş, 400(dörd yüz) manat məbləğində quraqlığın hörgüsünü çəkmiş və kafelini vurmuş, fərdi yaşayış evinə 60 (altmış) manata qaz, 50 (əlli) manata su xəttini çəkmiş və 50 (əlli) manata ayaqyolunun divarlarına fasad daşının vurulmasından ibarət, ümumi dəyəri 1400 (bir min dörd yüz) manat məbləğində işlər görmüşdür. Cavabdeh həmin məbləğin bir hissəsi olan 678 (altı yüz yetmiş səkkiz) manat pulu ona ödəmiş, qalan hissəsini isə müəyyən bəhanələr gətirərək ödəməkdən imtina elmişdir. Dəfələrlə pulunu ondan tələb etməyinə baxmayaraq cavabdeh onu nalayiq söyüşlərlə təhqir edərək, borcunu qaytarmaqdan imtina etmişdir. Belə olan halda mənəvi iztirablar keçirmişdir, nəticədə mənəvi zərər görmüşdür. Ona görə də məcbur olub iddia ərizəsi ilə İsmayıllı rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclası zamanı cavabdeh anası X2 yalan ifadələr verərək gördüyüm işlər müqabilində zəhmət haqqının hamısını artıqlaması ilə ona ödədiklərini bildirmişdirlər. Guya o, hər gün onların süfrələrində çörək yeyərkən 15-20 manatlıq şərab qəbul etmişdir. Mütəmadi olaraq spirtli içki qəbul edib hərəkətlərini və danışığını bilməyərək kəndin müxtəlif yerlərində cavabdehin ünvanına xoşagəlməz sözlər işlətmişdir. Belə yalan ifadələri cavabdehin özü və anasından başqa heç kəs təsdiqləyə bilməz. Ona görə ki, bu ifadələr yalan və ona qarşı böhtandır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)- 318/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)-318/2021 nömrəli qətnaməsi iddianın rədd olunmuş 722 manata aid olan hissəsində ləğv edilməli, iş üzrə ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı 722 manat tələbinə dair iddiası təmin edilməli, 722 manat Cavabdeh alınıb İddiaçı verilməli, qətnamənin iddianın təmin edilməmiş 3000 manata aid qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası "xxxx" MMC-nin 25 may 2021-ci il tarixli, 15 saylı texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, 2019-cu ildə Cavabdeh sifarişi əsasında aparılmış tikinti quraşdırma, təmir-tikinti, abadlıq-bərpa işlərinin mövcud bazar qiymətinə uyğun smeta dəyəri 1431 manatdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər Birinci instansiya məhkəməsi hesab etmişdir ki, göründüyü kimi, qiymətinə uyğun smeta dəyəri 1431 manatdır. Göründüyü kimi istər iddia ərizəsində görülən işlərin, istərsədə həmin işlərin görülməsi müqabilində zəhmət haqqının məbləği tərəflər arasında mübahisə edilmir. Mübahisə isə zəhmət haqqının bir hissəsinin (722 manat) iddiaçıya ödənilməməsi ilə bağlıdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 3000 manat ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, iddiaçı məhkəməyə sadəcə gördüyü işlərin qeydiyyatını apardığı özünün əlyazmasını təqdim etmişdir. Bu isə sözügedən iddia tələbinin təmin edilməsi üçün əsas sübut hesab edilə bilməz. Eyni zamanda, 3 ilə yaxın keçən müddət ərzində cavabdehdən özünün iddia etdiyi zəhmət haqqının qalan hissəsini tələb etməməsi və hazırkı iddia ilə məhz aralarındakı münasibətlərin pisləşməsindən sonra məhkəməyə müraciət etməsi də məhkəmədə iddianın əsassız olması qənaətini yaradır. Belə qənaətə gələrkən məhkəmə onu da qeyd edir ki, iddiaçının keçən müddət ərzində zəhmət haqqının qalan hissəsini cavabdehdən tələb etdiyini sübut kimi məhkəməyə şahidlərin gətirilməsi barədə şifahi vəsatəti əsasında məhkəmə iclası təxirə salınmış, lakin, iddiaçı məhkəmə iclasında şahidlərin iştirakını təmin etməmiş və bu barədə məhkəmədə hər hansı bir əsaslı səbəb göstərməmişdir. İddiaçının pul (zəhmət haqqı) tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, mənəvi ziyan tələbini də əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd olunmuş 722 manata aid olan hissəsində gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarını əsas götürən məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın 722 manata aid olan hissəsini rədd edilməsi ilə bağlı qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin iddianın rədd olunmuş 722 manata aid olan hissəsində ləğv olunmasına, iddianın həmin hissədə təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 2019-cu ilin yanvar-fevral aylarında qonşusu olan Cavabdeh məxsus İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən “kökəltmə birliyi”nin ərazisindəki tikinti işlərini 1400 manat pul müqabilində görmüşdür. Cavabdeh görülmüş işlərin zəhmət haqqı olaraq iddiaçıya bir dəfə 1000 manat, bir dəfə 350 manat və bir dəfə də 50 manat olmaqla ödədiyini bildirsə də, iddiaçı cavabdeh tərəfindən ona cəmi 678 manat pul verildiyini, zəhmət haqqının 722 manatının isə verilmədiyini iddia edir. Cavabdeh iddiaçıya zəhmət haqqı olaraq verməli olduğu 722 manatı verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı isə cavabdehin sifarişi ilə təmir tikinti işləri görməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Tərəflərin arasında yaranmış mübahisə podrat müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yuxarıda göstərilən maddələrin tələbləri baxımından iddiaçı gördüyü işə görə 722 manat pulu zəhmət haqqı olaraq cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, iddiaçı cavabdehin əməlləri nəticəsində hər hansı formada mənəvi sarsıntıya məruz qalmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə iddianın rədd olunmuş 772 manata aid olan hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)-318/2021 nömrəli qətnaməsi iddianın rədd olunmuş 722 manata aid olan hissəsində ləğv edilməli, iş üzrə ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı 722 manat tələbinə dair iddiası təmin edilməli, 722 manat Cavabdeh alınıb İddiaçı verilməli, qətnamənin iddianın təmin edilməmiş 3000 manata aid qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalı, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 5.8 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(037)-318/2021 nömrəli qətnaməsi iddianın rədd olunmuş 722 manata aid olan hissəsində ləğv edilsin. İş üzrə ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 722 manat tələbinə dair iddiası təmin edilsin. 722 manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamənin iddianın təmin edilməmiş 3000 manata aid qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılsın. 5.8 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1566/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1566/2021
11.08.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver