Məhkəmə qərarları › İş №2(107)-157/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-157/2021

08.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-157/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və X2 iştirakı ilə, Qax Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tаrixli, 2(024)-341/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər X4, Cavabdeh1, Qax rayon Dövlət Notariat Ofisi və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Güllük kəndinin inzibati ərazisindəki İddiaçı xüsusi mülkiyyətindəki 1.05 ha torpaq sahəsinin X5 qızı tərəfindən onun oğlu Məmmədov Sərvin Balay oğluna satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasına dair Çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tаrixli, 2(024)-341/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyun ayında həmkəndlisi Cavabdeh2 ilə məişət zəminində saxladığı tanışlıq səbəbli və latın qrafikasında yazıb-oxuya bilmədiyinə görə ondan onun şəxsiyyətini təsdiq edən vəsiqənin alınması üçün aidiyyəti orqana ərizə yazmağı, sənədinin rəsmiləşdirilməsinə köməklik göstərməyi xahiş etmişdir. Cavabdeh, etiraz etməmiş, onunla birlikdə Qax şəhərinə gedib, əvəzindən ərizə yazıb tələb edilən dövlət rüsumunu da ödəmişdir. Bununla da onların arasında ünsiyyət yaranmış, sonradan söhbət əsnasında onun elektrik borcunun olduğunu və bu səbəbdən elektrikin kəsiləcəyini bilən Rəsmiyyə, əvəzindən borcunun müəyyən hissəsini də ödəmişdir. Ona bu barədə minnətdarlıq edib çəkdiyi xərcləri tezliklə ödəyəcəyini bildirmişdir. Belə ki, onun və mərhumə anasınının xüsusi mülkiyyətində olan 1.05 ha torpaq sahəsini icarə verdiyi digər həmkəndlisi 2020-ci ilin aprel ayında ona icarə haqqı ödəməli idi və ondan alacağı pulla Rəsmiyyəyə borcunu ödəyəcəkdi. 2020-ci ilin mart ayında Rəsmiyyə ona aqrokart vasitəsi ilə torpağa verilməli gübrə paylandığını və özünə ayrılmış gübrəni rəsmiləşdirilməyə getdiyini bildirdikdə, gübrənin alınması üçün rəsmiləşdirilmə işini bacarmayacağı səbəbindən ondan bu işdə yenidən ona köməklik etməsini xahiş etmişdir. Rəsmiyyə gübrəyə görə bir-neçə dəfə Qax şəhərinə və Qorağan kəndindəki aqroparka getmək lazım olacağını, hər dəfə onu özü ilə apara bilməyəcəyini, ona notarial qaydada rəsmiləşdirilən etibarnamə verərsə, əvəzindən gübrə verilməli sənədləri imzalayacağını və kəndə gətirilməsini təşkil edəcəyini bildirmişdir. Əlacsız qalıb cavabdeh Rəsmiyə Məmmədovanın təklifini qəbul etmiş və bu məqsədlə Qax şəhərindəki notariat kontoruna getmişlər. Notariatda şəxsiyyət vəsiqəsini əlindən alıb vəzifəli şəxsə onun adından ona etibarnamə yazılmasını xahiş etmişdir. Etibarnaməni yazan xanım etibarnamənin məzmununun necə olması, hansı məqsədlə və hansı müddətə verdiyini qətiyyən izah etməmişdir. O, da belə zənn etmişdir ki, bu belə də olmalıdır. Etibarnaməyə qol çəkmək üçün notariusun qəbuluna girməzdən əvvəl Rəsmiyə də onun məzmununu izah etməmiş və ona verilən bir nüsxəsini otaqdan çıxan kimi əlindən almışdır. Bir müddət sonra, torpaq sahəsini icarəyə verdiyi həmkəndlisi yaşadığı evə gəlib nə səbəbdən torpaq sahəsini ona deyil, Rəsmiyyəyə icarəyə verdiyini soruşduqda, bunu etmədiyini bildirmiş, həmkəndlisi isə Rəsmiyənin həmin sahəni şumlatdırdığını və artıq qarğıdalı toxumu da səpdirdiyini demişdir. Dərhal Rəsmiyyənin yaşadığı evə gedərək nə üçün belə hərəkət etdiyini soruşduqda isə o aqressiv şəkildə onun borclarının ümumi məbləğinin torpağının dəyəri qədər olduğunu və həmin məbləği qaytarmadığına görə verdiyi etibarnamə əsasında torpağı satdığını bildirmişdir. Rəsmiyyəyə cəmi 360 manat borcunun olduğunu, həmin torpaq sahəsinin yeganə qazanc yeri olduğunu və az miqdar borca görə daşınmaz əmlakından məhrum olmasına hec cür razı olmayacağını bidirdikdə, cavabdeh artıq torpaq sahəsini digər şəxsə satdığını, guya onun verdiyi etibarnamədə ona belə bir hüququ etibar etdiyini bildirmişdir. Rəsmiyə etibarnaməni rəsmiləşdirəndə yalnız gübrənin alınması üçün etibar etdiyni, torpağın alqı-satqısı ilə bağlı hər hansı söhbəti olmadığı, 360 manat borcuna görə torpağı digər şəxsə satmağı harada və kimin şahidliyi ilə razılıq vermədiyi halda nə üçün onu satıb etibarından sui-istifadə edib aldatdığını dedikdə, Rəsmiyyə ona böhtan ataraq ki, guya ona torpağının satmasını etibar etdiyini bildirmişdir. Torpaq alqı-satqısı barədə hər hansı razılaşma, 360 manat məbləğində az miqdarlı borcuna görə dəyəri dəfələrlə qiymətli olan yeganə qazanc mənbəyini ona satmağa dair hər hansı vədinin olmadığı halda, cavabdeh real təfsirinə və həqiqi məzmununa qəti uyğun olmayan birtərəfli əqd olan etibarnaməni ondan almaqda məqsədi iradə ifadəsinin saxtalaşdırılması, savadsızlığının və psixi sağlamlığının yetərincə olmadığından sui-istifadə etməklə əmlakını ələ keçirməsi olmuşdur. Cavabdeh2 əvvəldən belə niyyəti olmuş və belə zənn etmişdir ki, o öz hərəkətlərinin mənasını başa düşmür, odur ki, onu gübrə almaq adıyla aldadıb aldığı etibarnamədən əmlakını talamaq məqsədi ilə istifadə etməyə uğursuz cəhdlər etməklə torpaq sahəsini başqa şəxsə deyil öz doğma oğlu olan digər cavabdehə satmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu Güllük kəndinin inzibati ərazisindəki İddiaçı xüsusi mülkiyyətindəki 1.05 ha torpaq sahəsinin X5 qızı tərəfindən onun oğlu Cavabdeh1 oğluna satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin torpaq sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasına dair Çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmsını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh2 latın qrafikasında yazıb oxuya bilmədiyindən süi-istifadə edərək tamah məqsədilə əmlakını alınması, yəni mülkiyyətində olan 1.05 ha torpaq sahəsini əvəzsiz olaraq ələ keçirmək jçün 1 il müddətində davamlı olaraq müxtəlif qanunsuz hərəkətlər etməsini çarpaz dinlənmədə şəxsən onun üzünə deyib, etirafını nail olub. Belə ki, vəkilinin və onun suallarına cavab olaraq Cavabdeh2 etiraf etmişdir ki, həqiqətən də o iddiaçını günəmuzd işlətməklə son dərəcə əlverişsiz şəraitdə onun hüquqlarını kobud sürətdə pozaraq, əvvəlcə kommunal xərclərə olan borcunu 150 manat ödədiyini, şəxsiyyət vəsiqəsinin alınması üçün 400 manat xərc çəkdiyini bildirərək həmin vəsaiti ondan geri ala bilməyəcəyini bəhanə edərək gələcəkdə icarəyə verdiyi torpaq sahəsini digər şəxsə deyil onun özünə icarəyə verməyi üçün iddiaçının əvəzindən pul ödəmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin ondan notariat kontorunda ayrı-ayrı vaxtlarda 2 ədəd etibarnaməni almağında məqsədinin nədən ibarət olmasını soruşduqda, o dolayısı ilə əvvəlcədən arzuladığı və bilavasitə çalışdığı cinayət xarakterli əməllər öz dili ilə etiraf edilmişdir. Hakimin suallarına cavabında Cavabdeh2 açıq-aşkar, niyyətini gizlətmədən bildirmişdir ki, verdiyi birinci etibarnamədə şəxsiyyətini təsdiq edən sənədlə torpağın şəhadətnaməsi arasında uyğunsuzluq olduğu üçün, yəni ata adının səhvən yazılması səbəbindən o, iddiaçının adından məhkəməyə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərin eyni şəxsə məxsusluğuna dair qətnamə əldə etmiş və sonradan yenidən onun adından səlahiyyətlərindən istifadə üçün etibarnamə almışdır. Vəkilin cavabdehə verdiyi suala cavab verən R. Məmmədova bir daha etiraf etmişdir bütün hərəkət və cəhdləri torpaq sahəsini adından süi-istifadə edərək satmaq olmuşdur. Hakimin də sualına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, satdığı torpağın kimə və hansı qiymətə satmasını ona deməmiş və torpaq sahəsi üçün ona 1 manat belə verməmişdir. Əlavə olaraq etiraf etmişdir ki, ona nəğd şəkildə yalnız şəxsiyyət vəsiqəsinin alınması üçün 400 manat, işığa olan borcuna görə isə 150 manat ödəmişdir. Vəkilinin israrlı suallarına cavab verməkdən yayınan Cavabdeh2 ona böhtan ataraq guya cavabdehə 3000 manat borcunun olduğunu bildirmiş və saxta əlyazma olan, dəftərinə yazılmış hansısa bir yazını məhkəməyə təqdim etməyə cəhd etmiş, lakin işə baxan hakim həmin sənədi sübut növü hesab etmədiyinə görə onun özünə qaytarmışdır. Bütün bu xüsusatları qeyd etməklə məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, Cavabdeh2 öz etirafları ilə iddiaçıya pul vermədiyini, torpaq sahəsinin alqı-satqısından əldə olunmuş pul məbləğindən 1 manat da olsa belə ona vermədiyini məhkəməyə etiraf etmişdir. Əfsuslar olsun ki, cavabdehin dəfələrlə etdiyi etirafları hakim sübut növü kimi qiymətləndirməmişdir. Əksinə mülki işi həll edən hakim onunla münasibətdə kobud prossesual pozuntulara yol vermiş, vəkilinin onun barəsində məhkəmə-psixotrik ekspertizasının keçirilməsi üçün verdiyi vəsatəti təmin etməmişdir. Halbuki, qeyd edilən ekspertiza keçirilmiş olsaydı iş üzrə dürüst və qanuni qətnamə qəbul edilmiş olardı. Qax rayon məhkəməsi tərəflər arasındakı hüquq münasibəti üzrə gəldiyi nəticədə səhvə yol vermiş, digər cavabdeh olan Cavabdeh1 məhkəmə caxışında öz təşəbbüsü ilə mülki işin məhkəmə baxışına cəlb etməyərək , onun hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. Dolayısı ilə onların hüquq və vəzifələrimizə dair prinsipial məsələləri həll edərkən məhkəmə nəzərə almamışdır ki, qeyd edilən prosessual pozuntu ilə aparılan başdansovdu məhkəmə araşdırmasının məntiqi nəticəsidir ki, sözügedən mübahisə predmeti üzrə tətbiq edilməli olmayan maddi hüquq norması yalnış tətbiq edilməklə iş üzrə dürüst hüquqi nəticə verilməmişdir. Bu səbəblərə görə məhkəmə kollegiyasının diqqətini aşağıda qeyd etdiyi xüsusatlara cəlb etməkdə israrlıyam. Belə qənaətdədir ki, məhkəmə işin bu və digər həqiqi hallarının araşdırılmasına bilavasitə özü maraqlı olmamış, mübahisə predmeti olan torpaq sahəsinin alq-satqısını hansı şəraitdə aparılmasını, onun dəyərinin kimin kimə ödəməsini müəyyən etməmiş, bütövlükdə mülki iş barədə maddi hüququ normalarını düzgün tətbiq etmədən səhv hüquqi nəticə vermişdir. Odur ki, Cavabdeh1 qanunsuz əsasla əldə etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədə işin həqiqi halı kimi qiymət verməklə məhkəmə qət etdiyi qətnamənin hüquqi nəticələri ilə qanuni mənafelərini sözün tam mənasında pozub. Məhkəmə həmçinin mübahisələndirdiyi qətnamənin sözügedən hüquqi nəticəsini, maddi hüquq normasına münasibətdə sübyektiv mülahizə ilə əsaslandırmaqla, pozulmuş hüquqlarını görməzdən gəlməklə sözügedən hüquqlarının dizpotiv şərtlərinin olmadığı kimi səhv təfsir etmişdir. Ona görə də Qax Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tаrixli, 2(024)-341/2020 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçı apelyasiya şikayətinə əlavə ilə müraciət edərək apellyasiya şikayətinin məznununa uyğun qeydlər vermişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Qax rayon Notariat Kontorunun nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Qax Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tаrixli, 2(024)-341/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Qax rayon Dövlət Notariat ofisində verilmiş 03 fevral 2020-ci il il tarixli AR-İ № 977137 nömrəli baş etibarnamənin surətindən görünür ki, həmin etibarnaməyə əsasən İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onu bütün əmlakını idarə etməyə və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqhesab aparmaq, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bütün bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, plastik kartı, pin kodu, əmanəti, pensiya pulunu, qiymətli kağızları, eləcədə kağız sənədləri almağı, dəyəişməyi, vəırəsəlik işlərini aparmağı və etibarnamədə göstərilən digər bütün hərəkətləri etməyi X3 etibar etmişdir. Qax rayon DNO-nin 27 aprel 2020-ci il tarixli 4Ə-101 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı əvəzinə X1 rayonu Güllük kəndində yerləşən İddiaçı mülkiyyətində olan 1.05 ha torpaq sahəsini Cavabdeh1 5000 (beş min) manata satmışdır. Həmçinin alqı-satqı zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 568, 646 və 647-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən müqavilə tərəflərinə-yəni alıcı və satıcıya izah olunmuşdur. Məhkəmə sorğusu əsasında Qax rayon notariat ofisinin məhkəməyə təqdim etdiyi notariat işinə əlavə edilmiş digər sənədlərin surətlərindən də görünür ki, İddiaçı Notariat ofisinə ərizə ilə müraciət edərək 27.02.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsini satmaq. istədiyini bildirmiş, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmamasını və ya ona qoyulub qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın reyestrindən əldə edilməsini xahiş etmiş, həmin məlumatın əldə edilməsi ilə bağlı rüsumunun və xidmət haqqının ödənilməsi barədə qəbzləri ərizəyə əlavə etmiş, həmin ərizəyə onun əvəzinə X4 imza etmişdir. Qax RİHB-nın Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 18.05.2020-ci il tarixli, 214 saylı arayışdan görünür ki, X1 rayonu Güllük kəndində qeydiyyatdadır. Qax RİHB-nın Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 18.05.2020-ci il tarixli, 215 saylı arayışdan görünür ki, Cavabdeh1 Qax rayonu Güllük kəndində qeydiyyatdadır. Qax RİHB-nın Güllük kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 18.05.2020-ci il tarixli, 216 saylı arayışdan görünür ki, İddiaçı Qax rayonu Güllük kəndində qeydiyyatdadır. Qax rayon Dövlət Notariat ofisində verilmiş 03 fevral 2020-ci il il tarixli AR-İ № 977137 nömrəli baş etibarnamə əsasında ona verilən səlahiyyətlər çərçivəsində X1 rayonu Güllük kəndində yerləşən İddiaçı mülkiyyətində olan 1.05 ha torpaq sahəsini Cavabdeh1 5000 (beş min) manata satmış və bu barədə Qax rayon DNO-də 27 aprel 2020-ci il tarixli 4Ə-101 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İşin faktiki hallarından görünür ki, Qax rayon Dövlət Notariat Ofisində 03.02.2020-ci il tarixdə verilmiş AZ-İ № 977137 nömrəli etibarnaməyə əsasən İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyə və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmaq, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi və yaxud ondan imtina etməyi, vərəsəlik işlərini aparmağı və etibarnamədə göstərilən digər bütün hərəkətləri etməyi Rəsmiyə Məmmədovaya etibar etmişdir. Həmin etibarnaməyə əsasən cavabdeh Rəsmiyə Məmmədova tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsi Cavabdeh1 satılmışdır. İddiaçılar etibarnamə verilərkən aldadıldığı, etibarnamənin məzmununun izah olunmadığını və savadsızlığının və psixi sağlamlığının yetərincə olmadığından sui-istifadə edildiyini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıdığı halda, məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişlər. Qanunvericiliyə uyğun olaraq verilmiş etibarnamə əsasında etibar edənin adından edilmiş hərəkətlər etibar edən üçün hüquq və vəzifələr yaratdığından etibarnamə verildiyi zaman hüquqlarının pozulmadığı aydın olan iddiaçının həmin etibarnamə əsasında bağlanmış əqdi mübahisələndirməsi əsassızdır. Belə olan halda həmin etibarnamə əsasında bağlanılmış alqı-satqı müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab tələb edilməsi əsassızdır. Bundan əlavə məhkəmə kollegiyası alqısatqı müqaviləsini qanuni və əsaslı hesab etdiyi üçün, hesab edir ki, tələbin həmin hissəsi də əsassızdır. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tаrixli, 2(024)-341/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tаrixli, 2(024)-341/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar