Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-158/2025 20.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Tahirov Zamin Cəbrayıl oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(025)-998/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi iddia qaldıraraq, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evində istehlak olunan təbii qazın sayğac göstəricilərinə əsasən hesablanmış 450,52 manat məbləğində dəyəri və şəbəkəyə qanunsuz qoşulmaya görə tərtib olunmuş «Qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli ******* nömrəli Akta əsasən hesablanmış 2073,60 manat məbləğində qaz sərfiyyatının dəyəri, cəmi 2524,12 manat və 45,25 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin hesabına keçirilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB Zaqatala Regional Qİİ-nin yoxlayıcıları tərəfindənn xx.xx.2024-cü il tarixdə istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarət həyata keçirilərkən Cavabdeh məxsus olan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evinə qaz verilişinin “SMART” tipli sayğac vasitəsilə təmin edilməsi şəraitində (saatlıq qaz səfi 4 kum/m) qazpaylayıcı şəbəkəyə rezin boru vasitəsilə sayğacdankənar qanunsuz qoşulma faktı aşkar edilmiş və «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli ******* akt tərtib edilərək abonent Cavabdeh (Abonent kodu: **********02850) ilə qaz işlədicilərinin gün ərzində 12 saatlıq 4 kub/m saz sərfiyyatı rejimində 360 günlük müddət üçün yenidən hesablaşma aparılaraq 2073,0 manat dəyərində 17.280 kub/m sərfiyyat müəyyən edilmişdir. Qeyd olunan ünvanda “SMART” tipli sayğac quraşdırılanadək mövcud olmuş mexaniki sayğacın göstəricilərinə əsasən 2024-cü ilin iyun ayına hesablanan debitor borc 450,52 manat olmuş və ödənilməmişdir. Ona görə də Cavabdeh Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evində istehlak olunan təbii qazın sayğac göstəricilərinə əsasən hesablanmış 450,52 manat məbləğində dəyəri və şəbəkəyə qanunsuz qoşulmaya görə tərtib olunmuş «Qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli ******* nömrəli Akta əsasən hesablanmış 2073,60 manat məbləğində qaz sərfiyyatının dəyəri, cəmi 2524,12 manat və 45,25 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin hesabına keçirilməsi haqqında iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(025)-998/2024 saylı qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh istifadə olunmuş qaz sərfiyyatına görə 449,27 (dörd yüz qırx doqquz) manat, itirilmiş qaz sərfiyyatına görə 518,40 ( beş yüz on səkkiz) manat, cəmi 967,67 manatın və 30,0 manat dövlət rüsumunun tutulub İddiaçı İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 3.10-cu bəndinə əsasən hesabat pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 3 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı Akt əsasında hesabatın 360 günlük müddət üçün aparılması qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Birinci instansiya məhkəməsinin tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 3.10-cu bəndinə əsasən hesabat pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 3 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı Akt əsasında hesabatın 360 günlük müddət üçün aparılması qanunsuz olmuşdur. Ona görə də cavabdeh İddiaçı İB Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə» üzrə 270 (360-90) günlük müddət üçün aparılan hesabatın nəticələri etibarsız hesab edilməli və 90 günlük müddət üçün aparılan hesabatın nəticələri üzrə Cavabdeh itirilmiş qaz sərfiyyatına görə cəmi 518,40 manat, istifadə olunmuş qaz sərfiyyatına görə isə 449,27 (2522,87-2073,60) manat tutulub İddiaçı İB-nin hesabına keçirilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10, 3.1.11, 4.1, 5.2, 5.4, 6.5, 1.6 bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı İB tərəfindən аpellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-998/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 449.27 (dörd yüz qırx doqquz manat iyirmi yeddi qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməyən hissəsində qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissədə mövqeyini belə əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə Cavabdeh 2024-cü ilin fevral ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozması nəticəsində 2073.60 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, Cavabdeh 2023-cü ilin oktyabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, Azəriqaz İB isə Cavabdeh qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 2073.60 manat hesablamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsinin dəqiq tarixi X3 əməkdaşları tərəfindən aşkar olunmadığından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “Qazdan istifadə qaydaları”na uyğun olaraq Cavabdeh qanunsuz olaraq təbii qazdan 3 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 3 ay müddətinə hesablanmalıdır (qaz piltəsi (1 ədəd) - (17280/12x3=518.4)). İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(025)-998/2024 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, İddiaçı iddia tələbinin tam təmin edilməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mаddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Mаddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mаddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mаddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Mаddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Mаddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Mаddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mаddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mаddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mаddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mаddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Bənd 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: Bənd 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; Bənd 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 25 iyun 2023-cü ilədək qüvvədə olmuş Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 25 iyun 2023-cü ildən qüvvədə olan 6.5-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(025)-998/2024 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, İddiaçı iddia tələbinin tam təmin edilməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(025)-998/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(025)-998/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, ******* saylı, 8 fevral 2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt və həmin akt əsasında tərtib edilmiş 12 fevral 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnaməyə əsasən hesablanmış 2073.60 manat borcun tutulmаsı ilə hissədə birinci instаnsiyа məhkəməsinin dəyərləndirməsi ilə razılaşır. Kollegiya əlavə olaraq qeyd edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalı və istehlakçıya hesab verilməlidir. Hazırkı işdə göstərilən dövrdə cavabdehin evində quraşdırılmış sayğac üzrə aylıq hesabatın aparıb-aparılmaması, hesabatın nəticələri barədə iddiaçı təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən pozuntunun da elə aşkar olunduğu ay, yəni noyabr ayında törədilməsini, həmin aydan əvvəl törədilmiş olsaydı, mütləq aşkar edilməli olmasını nəzərə alaraq iddiaçıdan əsassız olaraq 360 gün üçün itirilmiş təbii qazın dəyərinin tələb edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 3.10-cu bəndinə əsasən hesabat pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 3 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü 2024-cü il tarixli ******* saylı Akt əsasında hesabatın 360 günlük müddət üçün aparılması qanunsuz olmuşdur. Ona görə də cavabdeh İddiaçı İB Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş edilmiş xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə» üzrə 270 (360-90) günlük müddət üçün aparılan hesabatın nəticələri etibarsız hesab edilməli və 90 günlük müddət üçün aparılan hesabatın nəticələri üzrə Cavabdeh itirilmiş qaz sərfiyyatına görə cəmi 518,40 manat, istifadə olunmuş qaz sərfiyyatına görə isə 449,27 (2522,87-2073,60) manat tutulub İddiaçı İB-nin hesabına keçirilməlidir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməklə, qalan tələb hissəsində isə iddiаnı təmin etməməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, şikayət bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119-cu maddəsinin 1-ci bəndinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti üçün ödədiyi məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 oktyabr 2024cü il tarixli, 2(025)-998/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasənə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(025)-998/2024 saylı qətnaməsi İddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-158/2025
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-158/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver