Məhkəmə qərarları › İş №2(107)-1589/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1589/2020

06.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1589/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(014)-1171/2019 nömrəli qətnaməsindən iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şöhrət İbadov Ağdaş Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 1991-ci ilin dekabr ayından xx xxx 1992-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi faktın müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. İŞİN HALLARİ Ərizəçi iddia tələbi onunla əsaslandırılmışdır ki, o 1979-1981-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrinin ordu sıralarında qulluq etmişdir. Məlum Qarabağ hadisələri ilə əlaqədar 1991-cı ilin dekabr ayından digər vətənpərvər şəxslər kimi o da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı müharibədə iştirak etmək üçün könüllü olaraq yeni yaranan özünü müdafiə birləşmələrin tərkibinə yazılmışdır. 1991-ci ilin dekabr ayından xx xxx 1992-ci ilə kimi Xocalı rayon Kosalar kənd ərazisində Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Onun göstərilən tarixlərdə Qarabağın azadlığı uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməyi şahid qismində məhkəməyə dəvət edəcəyi onunla birgə döyüşlərdə iştirak etmiş digər döyüş yoldaşlarının ifadələri ilə və digər əsaslarla təsdiq oluna bilər. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etdiyi dövrdə cinayət məsuliyyətinə cəlb olunmamış, barəsində hər hansı təqsirləndirici material olmamışdır və bununla bağlı barəsində əfv və ya aministiya aktı tətbiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası, və şərtləri haqqında» Əsasnaməyə əsasən mənə “Müharibə veteranı” adının və vəsiqəsinn verilməsi ilə əlaqədar arayış tələb olunduğundan 1991-ci ilin dekabr ayından xx xxx 1992-ci ilə kimi özünü müdafiə birləşmələrin tərkibində Xocalı rayonu ərazisində Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi barədə arayış verilməsi üçün ərizə ilə maraqlı orqan Xocalı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Maraqlı orqan Xocalı Rayon İcra Hakimiyyəti tərəfindən onun 1991-ci ilin dekabr ayından xx xxx 1992-ci ilə kimi özünü müdafiə birləşmələrin tərkibində Xocalı rayonu ərazisində Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi barədə müraciətinə rəsmi qaydada cavab verməsə də, həmin orqandan ona heç bir arxiv sənədləri və “Müharibə veteranı” vəsiqəsi almamış şəxslərin adlı siyahısında adı aşkar edilmədiyindən arayış verməyin mümükün olmadığı bildirilmiş, ona görə də məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş və yalnız məhkəmə tərəfindən 1991-ci ilin dekabr ayından xx xxx 1992-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmə faktı müəyyən edildiyi təqdirdə adının döyüşçülərin siyahısına salınacağı bildirilmişdir. Odur ki, 1991-ci ilin dekabr ayından xx xxx 1992-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyinə dair faktı başqa formada müəyyən etmək mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət edir. Həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar həmin fakta dair sənədin Azərbaycan Respublikasının Səfərbərlik və hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə təqdim edilməsilə əlaqədar lazımdır. Odur ki, onun 1991-ci ilin dekabr ayının 20-dən xx xxx 1992-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməyinə dair faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaratdığı komissiyanın rəyinə əsasən verilir. Hesab edirik ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarın 14-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə,döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Hazırki iş məhkəmədə baxılmalı olmadığı üçün icraata xitam verilməli idi. Ona görə də Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il qətnaməsi ləğv edilməsi və icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Ərizəçi ərizəsində göstərdiyi xüsusatlara uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən maraqlı şəxs Xocalı RİH-nın nümayəndəsi Arif Məmmədov Ərizəçi iddia tələbinə heç bir etirazın olmadığını bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinəlazımi qaydada məlumat verilmiş, orqan məhkəməyə teleqram ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını xahiş etmiş,məhkəmə kollegiyası orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (MPM-in 372.7-ci mad.). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in tələblərinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (mad. 305.1.1). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (mad. 307.1). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (mad. 308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (mad. 310). Qeyd olunan prosessual hüquq normalarından görünür ki, xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi aşağıdakı hallarda mümkündür:

1. Ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır.

2. Ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir.

3. Yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. İşdən görünür ki, ərizəçi 1991-ci ilin dekabr ayından xx xxx 1992-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi hаqqındа qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının qənaətinə görə, ərizəçinin tələb etdiyi fakt məhkəmə tərəfindən təsdiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 nömrəli qərarının 14-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaratdığı komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apelyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apelyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən isə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır (MPM-in 262.1-ci mad.). İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir (MPM-in 262.3-cü mad.). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (MPM-in 391-ci mad.). Göstərilən müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər 1) iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, 2) iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və 3) iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, onun idarə, şöbə və xidmətləri inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (İPM-in 2.2.3-cü mad.). İnzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir (İPM-in 28.1-ci mad.). Ərizə yazılı formada tərtib olunmalıdır (İPM-in 30.1-ci mad.). Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi nəticə etibarı ilə ona veteran adının verilməsinə nail olmaq üçün birinci növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməli, əgər həmin inzibati orqan hər hansı bir səbəbə görə ona arzu etdiyi cavabın verilməsindən imtina edərsə, bundan sonra həmin mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, ərizəçinin tələbinə məhkəmədə baxılmalı olmadığından, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 384-385, 387, 391, 402, 403, 404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı

QƏRARA ALDİ:

Apelyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(014)-1171/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Tərəflər tələbləri təmin olunmadığı hallarda qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar