Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1590/2021 12.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh və onun vəkili X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsindəki özgə tikililərin sökülməsi və yolun açılması” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(054)-73/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.11.2020-ci il tarixli ********** nömrəli (reyestr nömrəsi **********25) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətlərində olan, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 0,849 hektar torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin, həmin torpaq sahəsinin 3 metr enində hissəsində tikdirdiyi evin hissəsinin cavabdehin öz hesabına sökülməsi, su arxının açılması və gediş-gəliş yolunun mülkiyyətlərində olan torpaq sahəsinin bitişdiyi digər kənd yolunadək açılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 19 may 2021-ci il tarixli, 2(054)- 73/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 12.11.2020ci il tarixli ********** nömrəli (reyestr nömrəsi **********25) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətlərində olan, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 0,849 hektar torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin, həmin torpaq sahəsinin 3 metr enində hissəsində tikdirdiyi evin hissəsinin cavabdehin öz hesabına sökülməsi, su arxının açılması və gediş-gəliş yolunun mülkiyyətlərində olan torpaq sahəsinin bitişdiyi digər kənd yolunadək açılması barədə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnaməndən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikаyəti vermişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Oğuz rayonu Kərimli kəndində yerləşən yaşayış evi və 0,538674 hektar həyətyanı torpaq sahəsi ilə bağlı iddiaçıların ailə üzvlərinin adına 12.11.2020-ci il tarixli ********** nömrəli (reyestr nömrəsi **********26-10301) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi verilmişdir. Eyni zamanda, Oğuz rayonu Kərimli kəndində yerləşən 0,849 hektar torpaq sahəsi ilə bağlı onların ailə üzvlərinin adına 12.11.2020-ci il tarixli ********** nömrəli (reyestr nömrəsi **********25) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi tərtib edilmişdir. 0,849 hektar torpaq sahəsində onların fındıq bağı yerləşir və həmin torpaq sahəsi onlara məxsus olan yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə bitişikdir. Cavabdeh onların mülkiyyətində olan torpaq sahəsində qeyri-qanuni olaraq tikili (naves) inşa etdirmiş və su arxını bağlamışdır. Eyni zamanda, cavabdeh özünə məxsus fərdi yaşayış evini inşa etdirərkən onların mülkiyyətində olan torpaq sahəsinin 3 metrdən ibarət hissəsinə girmiş və həmin hissəni zəbt etmişdir. Mülkiyyətlərində olan 0,849 hektar torpaq sahəsi digər kəndarası yolla birləşir və cavabdeh tərəfindən onların həmin yola çıxışı da kəsilmişdir. Həmin yolun açılmasını, mülkiyyətlərində olan 0,849 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin, evin bir hissəsinin sökülməsini, su arxının açılmasını cavabdehdən dəfələrlə tələb etmələrinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və əsasız hesab edirlər. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında zidiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmişdir. Məhkəmə yalnız DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin arayışını və mütəxəssis rəyini əsas götürərək qətnamə çıxarmışdır. Halbuki, İdarənin arayışı və müətəxəssis rəyi ziddiyyətli və qeyri-müəyyən olmuşdur. Qeyd edilənlərə əsasən Oğuz Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(054)-73/2021 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əvvəllər cavabdehlə qarşılıqlı razılığa gəlsələr də, sonradan cavabdeh buna əməl etməmiş və məhkəmə vasitəsilə yolun açılmasını tələb etmişdir. Belə olan halda onlar da həmin yolun sona qədər, yəni cavabdehin həyətindən keçməklə açılmasını tələb edir. Çünki cavabdeh yol yerini zəbt edib. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 da apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehin başqa tərəfdən alternativ yolu var. Əgər cavabdeh onlara məxsus torpaq sahəsinin ortasından yolun verilməsini tələb edirsə, onlar da həmin yolun əks istiqamətində tam açılmasını tələb edir. Göstərilənlərə əsasən iddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçıların torpaq sahəsi iki hissədən ibarət olmaqla, həmin torpaq sahələrinin arasından keçmişdə yol olmuşdur. Lakin iddiaçılar sonradan həmin yoldan istifadəyə icazə vermədiyindən, məhkəmə qaydasında yolun açılmasına nail olmuşdur. İddiaçıların apellyasiya şikayəti tamamilə əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh özünə məxsus torpaq sahəsində tikili inşa etdirmiş, heç bir yolu zəbt etməmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(054)-73/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəmə iclasında mütəxəssis qismində iştirak edən səlahiyyətli nümayəndəsi X4 tərəfindən verilmiş mütəxəssis şərhi və 18.05.2021-ci il tarixli məlumat məktubu ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında iddiaçıların ailə üzvlərinin mülkiyyətində olan 0,849055 hektar və 0,538674 hektar torpaq sahələrinin arasında və cavabdehin mülkiyyətində olan 0,2159 hektar torpaq sahəsinin qərb istiqamətində yol yerinin olduğu göstərilsə də, naturada torpaq sahələri arasından keçən yol yeri mövcud deyildir. Ərazi İdarəsində mövcud olan elektron kadastr (DWJ) məlumat bazasına görə iddiaçıların sona qədər açılmasını tələb etdikləri yolun başlanğıc nöqtəsi şimal istiqamətindən keçən, həmin yola perpendikulyar olan kəndarası yoldan başlayır, son nöqtəsi isə cavabdehin mülkiyyətində olan 0,2159 hektar torpaq sahəsinin qərb istiqamətindən keçərək cənub istiqamətindən keçən, həmin yola perpendikulyar olan kəndarası yola birləşir. Yolun başlanğıc nöqtədə eni 12,8 metr, son nöqtədə 5,5 metr, ümumi uzunluğu isə 152,6 metr təşkil edir. Ərazi İdarəsində mövcud olan elektron kadastr (DWJ) baza məlumatları ilə torpaqların faktiki (naturadakı) kadastr göstəriciləri arasında uyğunsuzluqlar mövcud olduğundan iddiaçıların açılmasını tələb etdikləri yol yerinin kim tərəfindən bağlanması faktını müəyyən etmək mümkün olmamışdır. Belə ki, elektron kadastr məlumat bazasına (DWJ) görə iddiaçıların sona qədər açılmasını tələb etdikləri yolun cavabdehin mülkiyyətində olan 0,2159 hektar torpaq sahəsinin qərb istiqamətindən keçdiyi göstərilsə də, naturada həmin yol mövcud deyildir. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə aparılan çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına istinad edilərək araşdırılarkən məlum olmuşdur ki, ləğv olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən Ərazi İdarəsinə istifadə üçün verilən kadastr xəritələrində ərazidəki torpaqların və bu torpaq sahələri üzərində yerləşən daşnmaz əmlak obyektlərinin, eyni zamanda, həmin ərazidəki yolların, su kanallarının sərhədləri naturadakı vəziyyətinə uyğun göstərilməmişdir. Belə ki, ləğv olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş, Ərazi İdarəsinə istifadə üçün verilən kadastr xəritələrinə istinad olunaraq mübahisə predmetinə aid olan yol yerinin kimin tərəfindən bağlanması faktı araşdırılarkən həmin xəritəyə görə yol yeri cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və evinin bir hissəsindən keçir. Halbuki cavabdehə məxsus olan fərdi yaşayış evi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına görə onun tərəfindən torpaq islahatından əvvəl - 1992-ci ildə inşa edilmişdir. Cavabdehin müraciəti əsasında Aqrar İslahat Komissiyasının qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,2159 hektar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birgə, vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınarkən qeyd olunan uyğunsuzluqlar aşkar edilmiş və aşkar olunan uyğunsuzluqlar səbəbindən Oğuz rayon Kərimli Bələdiyyəsinin sədrinin, həmin kəndin icra nümayəndəsinin və cavabdehin iştirakı ilə torpaq sahəsinə baxış aktı tərtib edilmiş və fərdi yaşayış evinin tikilmə tarixi islahatdan əvvəlki tarixə olduğu nəzərə alınaraq akt əsasında vətəndaşın mülkiyyətində olan torpaq sahəsi yerləşdiyi fərdi yaşayış evi ilə birgə dövlət reyestrində qeydiyyata alınmışdır. Respublika üzrə bu tipli problemlərin həlli məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.04.2016-cı il tarixli 250s nömrəli sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Oğuz rayonu ərazisində də mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və hal-hazırda kameral işlər həyata keçirilir. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra bu tipli problemlər öz həllini tapacaqdır. Apellyasiya icraatı zamanı əldə olunmuş; DƏDRX-in 20.09.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, ərazilərdə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil medildikdən sonra bu tipli problemlər öz həllini tapacaq. Mübahisəli ərazi ilə bağlı elektron kadastr məlumat bazasına hal-hazıradək hər hansı bir dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2(102)-2762/21 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(107)-2105/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya icraatı zamanı kollegiya tərəfindən tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıların torpaq sahəsi iki hissədən (sağ və sol taydan) ibarət olmaqla cavabdehlə cənub tərəfdən qonşudur. Həmin torpaq sahələrinin ara hissəsindən ətrafları azacıq hündür torpaq olmaqla əvvəllər yol kimi istifadə olunmuş sahə mövcuddur. Qeyd olunan yol kimi nəzərdə tutulmuş sahəni kol-kos örtmüş, həmçinin həm şimal hissədə, həm də cənub hissədən bağlanmışdır. Şimal hissədən iddiaçılar kol-kosla bağlamış, cənub hissədə isə cavabdehin darvazası qoyulmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, kol-kosla örtülmüş mübahisəli sahədən şimal tərəfə cavabdehə məhkəmə qərarı ilə yol açılması qət edilmişdir. Yerli baxış zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflərin, o cümlədən iddiaçıların ictimai yola altenativ çıxışları mövcuddur. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakla bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və cavabdehin öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh öz əmlakı olan torpaq sahəsi üzərində qanunveriliklə müəyyən edilmiş qaydada tikililər və qurğular inşa edə, o cümlədən qonşu torpaq sahələrindən torpaq sahəsini ayırmaq üçün hasara alaraq mərzlənmə işlərini həyata keçirə bilər. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur; Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş 12.11.2020-ci il tarixli ********** nömrəli (reyestr nömrəsi **********25) və həmin tarixli ********** nömrəli (reyestr nömrəsi **********26- 10301) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin surətləri ilə müəyyən edildi ki, Oğuz rayonu Kərimli kəndində yerləşən 0,849 hektar torpaq sahəsi, həmçinin, həmin kəndin ərazisində yerləşən yaşayış evi və evin yerləşdiyi 0,538674 hektar həyətyanı torpaq sahəsi iddiaçıların ailə üzvlərinin mülkiyyətindədir. Həmin əmlaklara dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıların ailə üzvlərinin adına hüquqmüəyyənedici sənədlər tərtib edilərək verilmişdir. Hazırda iddiaçılar onların xüsusi mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 0,849 hektar torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin, həmin torpaq sahəsinin 3 metr enində hissəsində tikdirdiyi evin hissəsinin cavabdehin öz hesabına sökülməsi, su arxının açılması və gediş-gəliş yolunun mülkiyyətlərində olan torpaq sahəsinin bitişdiyi digər kənd yolunadək açılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar hazırki iddia tələblərinin əsası kimi öz ailə üzvlərinin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə istinad edərək cavabdehin onların mülkiyyətində olan torpaq sahəsində qeyri-qanuni olaraq tikili (naves) inşa etdirdiyini və su arxını bağladığını, eyni zamanda, cavabdehin özünə məxsus fərdi yaşayış evini inşa etdirərkən onların mülkiyyətində olan torpaq sahəsinin 3 metrdən ibarət hissəsini zəbt etdiyini, onların kəndarası digər yola çıxışının da cavabdeh tərəfindən kəsildiyini bildirirlər. İkincisi, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qonşuluq münasibətində olmaqla, iddiaçıların torpaq sahəsi cavabdehin torpaq sahəsindən üst (şimal) tərəfdə yerləşir. Məhkəmə tədqiqi nəticəsində (o cümlədən yerli baxış nəticəsində) aydınlaşdırılmışdır ki, iddiaçıların torpaq sahəsi iki hissədən (sağ və sol taydan) ibarət olmaqla, həmin torpaq sahələrinin ara hissəsindən əvvəllər yol kimi istifadə olunmuş sahə mövcuddur. Lakin qeyd olunan yol kimi nəzərdə tutulmuş sahəni kol-kos örtmüş, həmçinin həm şimal hissədə, həm də cənub hissədən bağlanmışdır. Şimal hissədən iddiaçılar kol-kosla bağlamış, cənub hissədə isə cavabdehin darvazası qoyulmuşdur. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli sahədən şimal tərəfə cavabdehə məhkəmə qərarı ilə yol açılması qət edilmişdir. İddiaçıların ictimai yola altenativ çıxışları mövcuddur. Beləliklə işin faktiki halından belə görünür ki, cavabdeh tərəf iddiaçılara məxsus torpaq sahələrinin arasından şimal tərəfə keçmiş yolun bərpasına nail olduğundan, iddiaçılar da həmin yolun əks istiqamətində, yəni cənub istiqamətində cavabdehin həyətindən keçməklə (orada inşa edilmiş tikililərin sökülməsi şərtilə) yolun açılmasına cəhd edirlər. Halbuki DƏDRX tərəfindən verilmiş məktubların məzmunundan aydın olur ki, ərazilərdə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kdastr məlumat bazasına daxil medildikdən sonra bu tipli problemlər öz həllini tapacaq. Mübahisəli ərazi ilə bağlı elektron kadastr məlumat bazasına hal-hazıradək hər hansı bir dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(054)-73/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(054)-73/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1590/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1590/2021
12.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver