Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-160/2022 17.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş yaşayış evinin sökülməsi" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(025)-833/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə mülkiyyətində olan 0.14 ha həyatyanı torpaq sahəsində özbaşına inşa edilmiş yaşayış evinin cavabdehlərin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 07 sentyabr 2021-ci il tarixli, 2(025)- 833/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, JN-201A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən İddiaçı tam mülkiyyətində olan 0,14 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən özbaşına inşa edilmiş fərdi yaşayış evinin onların hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikаyəti vermişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 İyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini 18 mart 2005-ci il tarixdə mərhum atası X2 iş üzrə cavabdeh olan Cavabdeh1 1200 ABŞ dollarına satmışdır. Lakin aralarında sadə yazılı formada tərtib olunmuş akt olmuş olsa da alqı-satqı predmeti olan torpaq sahəsi Cavabdeh1 adına rəsmləşdirilməmişdir. Mərhum atası ilə cavabdeh arasında alqı-satqı olan zaman onun həmin torpaq sahəsi üzərində yaşayış evi inşa etdirmək üçün yaşayış evinin kürsüsü qoyulmuş, lakin maddi imkanı olmamışdır ki, evin tikintisini başa çatdırsın. Ona görə də qazanıb evin tikintisini başa çatdırmaq üçün işləməyə Respublikadan kənar getmişdi. Fürsətdən istifadə edən mərhum atası yuxarıda qeyd etdiyi kimi onun mülkiyyətində olan torpağı cavabdehə satmışdır. İş üzrə cavabdeh olan Cavabdeh1 onun qoyduğu və kürsüsünü qaldırdığı evin kürsüsü üzərində inşaat işlərini davam etdirərək orada özünə yaşayış evi inşa etdirmişdir və hazırda digər Cavabdeh2 ilə orada yaşayır. Cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində yaşayış evi inşa etdirməsi, və cavabdehin ailə üzvləri ilə orada yaşaması torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması və ondan istifadə etməsi onun mülkiyyət hüququnun həyata keçirilməsinə qəti şəkildə mane olur. Ona görə də öz başına tikili cavabdehlərin vəsaiti hesabına sökülməli və cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsindən məcburi qaydada çıxarılmalıdırlar. Onların torpaq sahəsindən məcburi çıxarılmasına dair qüvvədə olan məhkəmə qətnamələri və qərarı vardır və həmin məhkəmə qətnamələri icra olunmalıdır. Bu barədə cavabdehlə dəfələrlə söhbət etmişlər və heç bir nəticəsi olmayıb. İcra və probasiya şöbəsində onlar öhdəlik belə götürmüşlər ki, torpaq sahəsini boşaldacaqlar, lakin öhdəliklərinə nəinki əməl etməmiş əksinə məhkəmədə iddia qaldıraraq ondan pul tələb etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi - hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual-hüquq normalarının tələblərini pozmaqla həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edildiyindən həmin qətnamə qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır. Qəbələ Rayon Məhkəməsi isə qeyd olunan maddələrin tələblərini pozmuş, iş üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normalarına dəqiq riayət etməmiş, tətbiq edilməli olan qanun və rormativ aktları tətbiq etməmişdir. Qəbələ Rayon Məhkəməsi nəinki mübahisələndirilən yaşayış evinin hansı müddət ərzində inşa edildiyini, iddiaçının 2005-ci ildən 2021-ci ilə qədər hazırki iddia ilə nə üçün məhkəməyə müraciət etmədiyi barədə dəlilləri görməzdən gələrək, dəfələrlə vəsatət versələr də iddia müddətini tətbiq etməmiş, hətta onların təqdim etdiyi bütün dəlil və sübutları iddiaçının xeyrinə şərh etməyə çalışmışdır. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(025)-833/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan torppaq sahəsi iddiaçının atası tərəfindən ona satılmış, o da həmin torpağı özününki hesab edərək üzərində tikili inşa etdirmişdir. Lakin iddiaçı sonradan onları məhkəmə qaydasında həmin torpaqdan çıxarmışdır. O, bu gün də qarşılıqlı razılıq əsasında iddiaçıya əvvəlcə 7000, sonra, yəni sentyabr ayında 3000 manat ödəməklə işi barışıq yolu ilə yekunlaşdırmağa razıdır. Lakin iddiaçı bu təkliflə razılaşmır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəf məhkəmədən kənar qaydada iddiaçı ilə razılışmaq istəsə də, iddiaçı onların təklifi ilə razılaşmır. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf yalan vədlər verməklə neçə illərdir ki, onu aldadır. Bu dəfə də onlara inanmır. Ona görə də 10.000 manatı birdəfəyə ödəyərsə qarşılıqlı razılığa gələ bilər. Əks halda apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(025)-833/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-201A saylı, kod 40602018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən Qəbələ rayonu Böyük Pirəli kəndində İddiaçı mülkiyyətinə 0.14 ha torpaq sahəsi verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(025)-108/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları – 21.08.2002-ci il təvəllüdlü X4 və 25.10.2006-cı il təvəllüdlü X3 ilə birlikdə JN-201A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Şəki Apellyasiyası Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(107)- 2313/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(025)-108/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 13 may 2019-cu il tarixli, 2(102)-1586/2019 nömrəli qərarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiyası Məhkəməsinin 31 oktyabr 2018ci il tarixli, 2(107)-2313/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(025)- 892/2019 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 tərəfindən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 32.000 (otuz iki min) manat məbləğində pul cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh1 verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiyası Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(107)-2985/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(025)- 892/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “tikintiyə xərclənmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Kollegiya hazırki mübahisənin obyektiv həlli ilə bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Eyni zamanda mülki qanunvericilik mülkiyyət hüququnun məhdudlaşdırılmasını da istisna etmir. Mülki Məcəllənin 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. - 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz əmlakı olan torpaq sahəsi üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Beləliklə kollegiyanın araşdırması zamanı müəyyən edildi ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,14 ha torpaq sahəsi JN-201A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı tam mülkiyyətindədir. Cavabdehlər qeyd olunan ərazini zəbt etmişdir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Qeyd olunan torpaq sahəsi ilə bağlı tərəflər arasında daha öncə də mübahisə olmuş, Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli 2(025)-108/2018 nömrəli qətnaməsi ilə, İddiaçı iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları – 21.08.2002ci il təvəllüdlü X4 və 25.10.2006-cı il təvəllüdlü X3 ilə birlikdə JN-201A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Qeyd olunan birinci instansiyası məhkəməsinin qətnaməsi yuxarı instansiyası məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(025)-892/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 tərəfindən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 32.000 (otuz iki min) manat məbləğində pul cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Şəki Apellyasiyası Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(107)-2985/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(025)-892/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “tikintiyə xərclənmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 İyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə JN201A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mülkiyyətində olan 0.14 ha həyatyanı torpaq sahəsində özbaşına inşa edilmiş yaşayış evinin cavabdehlərin hesabına sökülməsini tələb edir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə təqdim olunmuş materiallar onların dəlilini təkzib etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdehlər tərəfindən istifadə olunması iddiaçı ilə qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Çünki cavabdehlərin həmin torpaq sahəsinə dair heç bir hüququ iş materialları ilə müəyyən olunmur. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(025)-833/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(025)-833/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-160/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-160/2022
17.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver