Məhkəmə qərarları › İş №2(107)-1602/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1602/2021

16.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1602/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin İddiaçı qarşı təbii X3 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, borcun silinməsi, təbii qazdan istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X2 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tаrixli, 2(039)-849/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun «Azəriqaz» İstehsalat Birliyində olan abonent hesabında qeyd edilən 1231.20 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin İddiaçı qarşı «təbii X3 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 1275.50 manat məbləğin **********00000 abonent koduna, 30 manat dövlət rüsumunun «Azəriqaz» İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805753, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** saylı hesabına köçürülməsi üçün «Azəriqaz» İstehsalat Birliyinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tаrixli, 2(039)-849/2021 saylı qətnaməsi ilə, ilkin iddia qismən təmin edilmiş, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı əsassız hesablanmış 820.80 manat borc silinmişdir. İlkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı 454.70 manat ziyan və borc tutularaq cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin xeyrinə ödənilmişdir. Qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında iddiaçının evi təbii qazla təmin edilmişdir. Sayğacların yoxlanılması zamanı iddiaçının evinə qanunsuz əlavə xəttin çəkilməsini aşkar edilmişdir. Lakin həmin xəttdən hansı müddətdə istifadə olunması cavabdeh orqanın əməkdaşları tərəfindən tam araşdırılmamışdır. İddiaçı əlavə xəttin mövcudluğunu etiraf etsə də, həmin xəttdən istifadə olunmadığını bildirmişdir. Cavabdeh ziyanın 90 gün müddətinə hesablandığını bildirsə də, iddiaçının əlavə xəttdən 90 gün istifadə etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçıya 1231.20 manat dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin 44.30 manat təbii qazdan istifadəyə görə də borcu vardır. Məhkəmə qeyd edir ki, ziyan 90 gün müddətində 1231.20 manat olduğu halda, 30 gün üçün həmin ziyanın məbləği 410.40 manat təşkil edir. Həmçinin iddiaçının 44.30 manat borcu mövcuddur. Həmin vaxtlar sayğac mövcud deyildir. Sayğaclar quraşdırılan vaxtdan həmin xətdən istifadə etmir. Həmin xətt istifadəsiz qalmış və faktiki olaraq evinə qoşulu olmamışdır. Sayğac üzrə isə sərfiyyatını vaxtı-vaxtında ödəmişdir. Heç vaxt qeyri qanuni qaz xəttinə qoşulmamışdır. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X4 məhkəmə iclasında ilkin iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı Yevlax Rayon Məhkəməsində qaldırdığı iddiaya görə 1231.20 manat əsassız hesablanmış borcun silinməsi tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Çünki, iddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xəttdən istifadə edərək təbii qazı talamışdır. «Azəriqaz» İstehsalat Birliyinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xəttindən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X3n pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, akt əsasında 1231.20 manat «Azəriqaz» İstehsalat Birliyinə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1231.20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin qazdan istifadəyə görə 44.30 manat borcu da vardır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən, qarşılıqlı iddia qismən təmin edilməlidir. İddiaçıya hesablanmış ziyanın məbləği 30 gün üçün yəni 410.40 manat müəyyən edilməlidir. Hazırda iddiaçının 44.30 manat borcu da nəzərə alınmaqla 454.70 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan 820.80 manat (60 gün üçün müəyyən edilmiş ziyan) dəymiş ziyan əsassız olduğundan silinməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2, 4.5, 4.8, 5.4, 6.1.1, 6.1.2, 6.1.4, 6.1.6-cı bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, İddiaçı Yevlax rayon Məhkəməsində qaldırdığı iddiaya görə 1231,20 manat əsassız hesablanmış borcun silinməsi tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Çünki, İddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xətdən istifadə edərək təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xəttindən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X3nın pozulması haqqında” akt tərtib edilmişdir. 04.02.2021-ci il tarixli ******* saylı akt əsasında 1231,20 manat “Azəriqaz” İstehsalat Birliyinə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1231,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9-cu maddəsinə əsasən “Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli 258 nömrəli Fərmanı (258 nömrəli Fərman) ilə SOCAR-ın Nizamnaməsinə edilmiş dəyişikliklərə görə, istehsalın səmərəliliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsi, sahə üzrə texnoloji itki, sərf və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi (2.3-cü bənd) müəyyən edilmişdir. Fəaliyyət növlərinin səmərəli həyata keçirilməsinin təmin edilməsi üçün isə Azərbaycan Respublikası Prezidentinin 258 nömrəli Fərmanına əsasən, Nizamnaməsinin 2.4-cü bəndində “yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 21.10.2010-cu il tarixli. 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına tapşırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səhiyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ-hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəalar əsas götürülsün”. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 258 nömrəli Fərmanla Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən verilmiş səlahiyyətləri daxilində SOCAR qanuna zidd olmadan istehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması üzrə münasibətləri tənzimləyə bilər. Bundan başqa, istehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanmasının SOCAR-ın Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənməsinə dair müddəa Müqavilənin 3.3-cü bəndində təsbit olunmuşdur. Odur ki, Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tаrixli, 2(039)-849/2021 saylı qətnaməsi ləğv edilməli, apellyasiya şikayəti təmin edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən cavabdeh “Azərqaz” İB-nin nümayəndəsi X1 Rayon Məhkəməsinin 06 may 2021-ci il tаrixli, 2(039)-849/2021 saylı qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.4-cü bəndinin tələbinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.2-ci maddəsinə görə hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını ilk iddia tələbinə münasibətdə mübahisələndirir, Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tаrixli, 2(039)-849/2021 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayəti təmin edilərək ilk iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tаrixli, 2(039)-849/2021 saylı qətnaməsini ilk iddia tələbinin rədd edilməsi hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tаrixli, 2(039)-849/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında iddiaçının evi təbii qazla təmin edilmişdir. Sayğacların yoxlanılması zamanı iddiaçının evinə qanunsuz əlavə xəttin çəkilməsini aşkar edilmişdir. Lakin həmin xəttdən hansı müddətdə istifadə olunması cavabdeh orqanın əməkdaşları tərəfindən tam araşdırılmamışdır. İddiaçı əlavə xəttin mövcudluğunu etiraf etsə də, həmin xəttdən istifadə olunmadığını bildirmişdir. Cavabdeh ziyanın 90 gün müddətinə hesablandığını bildirsə də, iddiaçının əlavə xəttdən 90 gün istifadə etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçıya 1231.20 manat dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin 44.30 manat təbii qazdan istifadəyə görə də borcu vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Kollegiya qeyd edir ki, aktın yazılmasına əsas sayğacdan kənar xətdin mövcud olması olmuşdur. Aktın məzmunundan göründüyü kimi, baxış keçirilərkən və akt tərtib edilərkən istehlakçı iddiaçı tərəfin iştirakı təmin olunmamışdır. Göründüyü kimi X3na əməl olunmasının vəziyyəti yoxlanılarkən və bu barədə akt tərtib edilərkən yalnız cavabdeh müəssisəsinin əməkdaşlarının iştirakı təmin olunmuş, maraqlı şəxslərin iştiraki təmin edilməli olduğu halda edilməmişdir. Halbuki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Eyni zamanda, qəbul edilmiş nəticənin qanunazidd olduğunu iddia etmək imkanını istehlakçı üçün yaratmış olur. Həmçinin, cavabdeh , “Azəriqaz” İstehsalat Birliyi istehlakçıya münasibətdə daha güclü tərəfdir və mübahisələndirilən aktın qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Qəbul edilmiş aktın qanuni və əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi lazım bilir ki, hazırkı iş üzrə cavabdeh qaz satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb cavabdehin tərtib etdiyi akt əsasında zərər qismində hesablanmış pulun silinməsi ilə bağlıdır. MPM-in 77.2-ci maddəsinə əsasən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Məhkəmə kollegiyası cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada abonentin iştirakı olmadan tərtib edilmiş həmin aktı mötəbər sübut hesab etməyərək belə qənaətə gəlir ki, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələr əsasında hazırlandığından əsassızdır və birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tаrixli, 2(039)-849/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 06 may 2021-ci il tаrixli, 2(039)-849/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar