Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1607/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qanunsuz yarımçıq tikilinin sökülməsi və tikinti işləri aparmasının qadağan edilməsi tələbinə dair” mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(054)-153/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(054)-153/2021 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia təmin olunmuş, ünvan 1 ünvanında yerləşən, JN - 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə və 21.09.2018-ci il tarixli ********** (Seriya RX 1372949) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş yarımçıq tikilinin sökülməsi və tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləğinin İddiaçı aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN - 292 (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə və Seriya RX ******* nömrəli Çıxarış sənədinə əsasən ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsində inşa edilmiş qanunsuz yarımçıq tikilinin sökülməsi və tikinti işləri aparmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi JN - 292 (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə və Seriya RX ******* nömrəli Çıxarış sənədinə əsasən onun, həmçinin, cavabdehlər və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsində onun payı 125 kv.metrdən ibarətdir. 17.03.2021-ci il tarixdə qeyd olunan torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparıldığını görərək bu barədə müvafiq orqanlara müraciət etmişdir. O, 0,10 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətçilərindən biridir, lakin cavabdehlər həmin torpaq sahəsində onun razılığı olmadan kommersiya məqsədli tikinti işləri aparırlar. Tikinti işlərinin aparılması üçün Oğuz rayon icra hakimiyyətindən və digər müvafiq orqanlardan razılıq alınmamışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirmiş və birinci instansiya məhkəməsinin baxış iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğuna görə cavabdehlərin həmin torpaq sahəsində qanunsuz tikinti işləri aparmaları nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur. Qeyd etdiyi əsaslara görə hazırda o, JN - 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə və 21.09.2018-ci il tarixli ********** (Seriya RX 1372949) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsində inşa edilmiş qanunsuz yarımçıq tikilinin sökülməsi və tikinti işləri aparmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 birinci instansiya məhkəməsinin sonuncu iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, mübahisə predmetinə aid olan 0,10 hektar həyətyanı torpaq sahəsi onun ailə üzvlərinin və iddiaçının ümumi birgə mülkiyyətindədir. O, həmin torpaq sahəsində mağaza tikintisinə başlasa da, hazırda tikintini dayandırmışdır. Tikilinin layihə sənədləri vardır və bu yaxınlarda tikintiyə icazə sənədi də veriləcəkdir. 0,10 hektar həyətyanı torpaq sahəsində iddiaçının cəmi 125 kv.metrdən ibarət payı vardır və iddiaçının payının naturada yeri müəyyən edilərsə, həmin tikilinin iddiaçıya hər hansı aidiyyəti olmayacaqdır. Qeyd etdiyi əsaslara görə iddiaçının onlara qarşı hazırki iddia tələbini əsassız hesab etmişdir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 da birinci instansiya məhkəməsinin sonuncu iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxış iclasının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan davam etdirilməsini qərara almışdır. Cavabdeh2 da məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iştirak etdiyi, məhkəmə prosesinin təxirə salınması ilə bağlı iclasda iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar ünvan 1 ünvanında yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsində kommersiya məqsədli tikili və ya digər hər hansı qeyriyaşayış sahəsinin olub-olmaması, həmin tikilinin tikinti qaydalarına uyğun inşa edilibedilməməsi, tikilinin inşa edilməsi üçün layihə-smeta sənədlərinin mövcud olub-olmaması barədə məlumat verilməsi üçün Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə, həmin torpaq sahəsində yeni inşa edilmiş (Çıxarış sənədində qeyd olunmayan) kommersiya məqsədli tikili və ya digər hər hansı qeyri-yaşayış sahəsinin olub-olmaması barədə məlumat verilməsi üçün Oğuz Rayon Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müvafiq sorğular göndərilmişdir. Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli 7/5-490 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsində hazırda inşası dayandırılmış yarımçıq tikili - qeyri-yaşayış təyinatlı obyekt vardır. Həmin obyektin tikintisi tikinti normalarına uyğun deyildir və tikilinin inşa edilməsi üçün sifarişçi tərəfindən layihə sənədləri təqdim edilməmişdir. Həmin ərazidə tikinti işləri dayandırıldıqdan sonra Cavabdeh1 sifarişi ilə obyektin inşası üçün layihə sənədləri hazırlanmış olsa da, torpaq sahəsinin digər payçılarının razılığı olduqdan və tikintiyə dair sair sənədləşmə işləri başa çatdıqdan sonra tikintiyə icazə veriləcəyi barədə sifarişçiyə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli **********03 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi yarımçıq tikili - qeyri-yaşayış binası mövcuddur. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis qismində iştirak edən Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri X4 izahat verərək göstərdi ki, ünvan 2 ünvanında yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsində Cavabdeh1 tərəfindən inşasına başlanılan tikintinin 7 metr uzunluğunda və 5 metr enində inşa ediləcəyi təqdirdə həmin tikiliyə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunmurdu. Lakin Cavabdeh1 tikilinin ölçülərini genişləndirərək 12 metr uzunluğunda və 7 metr enində inşa etməyə başlamışdır. Belə olan halda, həmin ölçülərdə tikintinin inşa edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının razılığı mütləqdir. Eyni zamanda, tikintinin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğuna görə həmin torpaq sahəsində, ölçülərindən asılı olmayaraq, hər hansı tikintiyə icazə verilməsi üçün torpaq sahəsinin digər bütün payçılarının da razılığı tələb olunur. Cavabdeh1 tərəfindən inşasına başlanılan tikintinin hazırda inşası dayandırılmışdır. Həmin ərazidə tikinti işləri dayandırıldıqdan sonra Cavabdeh1 sifarişi ilə obyektin inşası üçün layihə sənədləri hazırlanmış olsa da, torpaq sahəsinin digər payçılarının razılığı olduqdan və tikintiyə dair sair sənədləşmə işləri başa çatdıqdan sonra tikintiyə icazə veriləcəyi sifarişçiyə izah edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Oğuz Rayon Məhkəməsi qeyd olunan maddələrin tələblərini pozmuş, iş üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normalarına dəqiq riayət etməmiş, tətbiq edilməli olan qanun və normativ aktları tətbiq etməmişdir. Onların şikayətinin, iş üzrə verdikləri izahatların və irəli sürdükləri dəlillərin, o cümlədən apellyasiya şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdikləri əlavə sübutların əsasını onların öz mülkiyyətində olan torpaq sahəsində əvvəllər qanuni əsaslarla yarımçıq tikinti işləri apardıqları, lakin son dövrlərdə heç bir tikinti işi aparmadıqları təşkil edir. Oğuz Rayon Məhkəməsi nəinki mübahisələndirilən yarımçıq tikilinin iddiaçının heç bir hüquq və mənafeyinə toxunmadığını, onun özünün onların ümumi birgə (7 nəfər ailə üzvümüz və iddiaçı olmaqla cəmi 8 nəfərin) mülkiyyətində olan 0.02 ha həyətyanı torpaq sahəsində yerləşən evi sökərək yerində hazırda yaşadığı qanunsuz tikili olan yaşayış binasını inşa etdirdiyini görməzdən gəlmişdir. Məhkəmənin gəldiyi qənaətdən belə çıxır ki, onlar da iddia qaldıraraq İddiaçı məxsus qanunsuz tikilinin (fərdi yaşayış evinin) sökülməsini tələb etməlidirlər. Məhkəmə qətnaməni özünün mülahizələri və iş üzrə hüquqi əhəmiyyət kəsb etməyən hüquq normaları ilə əsaslandırmağa çalışmışdır. Ən maraqlısı isə odur ki, məhkəmə hazırda şikayət etdiyi qətnaməni qəbul etdikdən bir neçə gün sonra iddianın əsasını təşkil edən torpaq sahələrinin dəyişdirilməsi barədə onların iddiasının təmin edilməsi barədə digər qətnaməni qəbul etmişdir. Təəssüflər olsun ki, məhkəmə onların iddia tələbinə qarşı verdikləri etiraz qeydlərini, mülkiyyətlərində olan torpaq sahəsində tikintiyə icazə üçün müraciətlərini, həmin tikintiyə görə Oğuz Rayon Məhkəməsinin eyni gündə (31.05.2021-ci İl tarixli 3(054)-112/2021 nömrəli qərar) Oğuz Rayon icra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X3 tərəfindən qəbul edilmiş, 14.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edildiyini nəzərə almamış, nəticədə onların mülkiyyət və həmin tikinti barədə gözlənti hüquqları pozulmuşdur. Həmin tikinti başa çatdıqdan sonra icarəyə verəcəkləri barədə razılaşdıqları üçün Fərid adlı şəxsdən beh kimi 800 (səkkiz yüz) manat pul almışlar. Bundan başqa məhkəmə qeyd edilən torpaq sahələri barədə əvvəllər iddiaçı ilə aralarında məhkəmə mübahisələrinin olduğunu və məhkəmə qətnamələrinin qanuni qüvvəyə mindiyini də nəzərə almamışdır. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(054)-153/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(054)-153/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(054)-153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.7, 6.1.8, 152.1, 157.2, 164.1, 164.2 və 222.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə və “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz” Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi iddiaçının, cavabdehlər və onların ailə üzvlərinin (cəmi 8 nəfər) ümumi birgə mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının, cavabdehlər və onların ailə üzvlərinin adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Həmin torpaq sahəsində hazırda inşası dayandırılmış yarımçıq tikili - qeyri-yaşayış təyinatlı obyekt vardır. Həmin obyektin inşası üçün layihə sənədləri hazırlanmış olsa da, hazırki vəziyyətdə tikintiyə icazə verilməmişdir İddiaçı JN - 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə və 21.09.2018-ci il tarixli ********** (Seriya RX 1372949) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsində inşa edilmiş qanunsuz yarımçıq tikilinin sökülməsi və tikinti işləri aparmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbinin əsası olaraq 0,10 hektar həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə istinad etmiş, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olduğunu və cavabdehlər tərəfindən qeyd olunan torpaq sahəsində tikinti işləri aparılmasına onun özünün razılığının olmadığını bildirmişdir. Cavabdehlər iddia tələbini qəbul etmməmişlər və həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq 0,10 hektar həyətyanı torpaq sahəsində iddiaçının cəmi 125 kv.metrdən ibarət payı olduğunu və iddiaçının payının naturada yeri müəyyən edilərsə, həmin tikilinin iddiaçıya hər hansı aidiyyəti olmayacağını bildirmişlər. Birinci instansiya məhkəməsi Məhkəmə cavabdehlərin izahatlarında göstərdikləri, 0,10 hektar həyətyanı torpaq sahəsində iddiaçının cəmi 125 kv.metrdən ibarət payı olması və iddiaçının payının naturada yeri müəyyən edilərsə, həmin tikilinin iddiaçıya hər hansı aidiyyəti olmayacağı barədə xüsusatlara münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbini 0,10 hektar həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olduğu və cavabdehlər tərəfindən qeyd olunan torpaq sahəsində tikinti işləri aparılmasına onun özünün razılığının olmadığı ilə əsaslandırır. 0,10 hektar həyətyanı torpaq sahəsinin, həqiqətən də, ümumi birgə mülkiyyətdə olması isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlərdə təsbit edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, 0,10 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, hazırki vəziyyətdə həmin torpaq sahəsində mülkiyyətçilərin hər birinin payının naturada yeri bəlli deyildir. Bu da onu deməyə əsas verir ki, 0,10 hektar həyətyanı torpaq sahəsinin birgə mülkiyyətçiləri hazırki vəziyyətdə həmin torpaq sahəsinə və ya onun hər hansı hissəsinə münasibətdə bərabər hüquqlara malikdirlər. Qeyd olunan əsaslara görə məhkəmə iddiaçının payının miqdarı və həmin payın naturada ayrılması ilə bağlı cavabdehlərin dəlillərinə tənqidi yanaşır. Mübahisə predmetinə aid olan 0,10 hektar həyətyanı torpaq sahəsinin, iddiaçı da daxil olmaqla, 8 nəfərin ümumi birgə mülkiyyətində olması və həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş yarımçıq tikilinin inşasına iddiaçının razılığının olmaması iş materialları və işin qeyd edilən faktiki halları ilə sübuta yetirilmişdir. 0,10 hektar həyətyanı torpaq sahəsi hazırda da iddiaçının, cavabdehlər və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmasına baxmayaraq cavabdehlərin həmin torpaq sahəsində (bir hissəsində) hər hansı tikili inşa etmələri birgə mülkiyyətçi kimi iddiaçının da mülkiyyət hüquqlarına təsir etmiş və onun əmlak üzərindəki mülkiyyət hüquqlarından sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. ünvan 1 ünvanında yerləşən, JN - 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə və 21.09.2018-ci il tarixli ********** (Seriya RX 1372949) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçının, cavabdehlər və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş yarımçıq tikilinin sökülməsi və tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləğini tələb etmədiyindən dövlət rüsumu məbləği iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(054)-153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(054)-153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1607/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1607/2021
22.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver