Məhkəmə qərarları › İş №2(107)-161/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-161/2023

10.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-161/2023 10.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, X3, Yevlax şəhəri Dövlət Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2, X3, Yevlax şəhər Dövlət Notariat ofisinə və DƏDRX-in 17 saylı Ərazi İdarəsinə qarşı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işi üzrə Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tаrixli qətnaməsindən iddiaçı Musayeva(Əhmədova) Mətanət İzzət qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX Seriyalı ******* №-li çıxarışla müəyyən olunur ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən 0,33 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 258 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlak dövlət reyestrində 35 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli, daşınmaz əmlakın alğı-satqı müqavilə ilə müəyyən olunur ki, satıcı Cavabdeh2 Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən ümumi sahəsi 258 kv.m olan fərdi yaşayış evini 8.000 manata və həmin kənddə yerləşən 0.33 ha torpaq sahəsini 3.000 manata alıcı X1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışı ilə müəyyən olunur ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən 0,33 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 258 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlak dövlət reyestrində 35 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X4 arasında bağlanmış 04 oktyabr 2017-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh2 Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən evlərini onların xəbəri və razılığı olmadan satmışdır. Bütün bunlar cavabdeh tərəfindən gizli və məxfi olaraq aparılmışdır. Bu notariat əməliyyatı Yevlax şəhərində Notariat Kontorunda aparılmışdır. Belə olan halda onların maraqları və mənafeləri tapdanmışdır və bu, ciddi qanun pozuntusudur. Hesab edirlər ki, iddiaçıların razılığı olmadan ciddi qanun pozuntularına yol verilməklə bağlanmış 04 oktyabr 2017-ci il tarixli alğı-satqı müqaviləsi bağlandığı andan etibarsızdır Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 1520/2022 nömrəli iş üzrə qəbul etdiyi 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əliyev) iddia təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçılar həmin evdə istifadə hüquqlarının olduğunu qeyd etsələr də, buna dair hər hansı sübut təqdim etməmişlər. Belə ki, onların həmin ünvanda qeydiyyatda olmaları belə istifadə hüquqlarının mövcudluğuna dəlalət etmir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında olan hüquqi mövqeyə görə isə iddiaçıların istifadə hüququnun mövcudluğu belə alqı-satqı müqaviləsinin etibarsızlığına əsas ola bilməz, belə ki, iddiaçılar həmin fərdi yaşayış evinin və torpaq sahəsinin ümumi mülkiyyətçisi deyil, habelə onların həmin evdə və torpaq sahəsində mülkiyyət və onunla bağlı digər hüquqları müəyyən edilmir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1, 139-1.1.4, 140. 149.2-ci maddələrinə, Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. İddiaçı Musayeva (Əhmədova) Mətanət İzzət qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan qanunun tələbinə uyğun olaraq işə aid edilən və mötəbər subutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun. Məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilən, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İşdə iddiaçının subutları qiymətləndirilirməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Ərazi İdarəsi apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qərarı: “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, özgəninkiləşdirilməsinə dair təqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli, əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna vətərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı, əmlakın özgəninkiləşdirən şəxsə məxsus olmasını yoxlamalı, özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır. (17, 38, 46 və 49-cu bəndlər). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətədüşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqısatqı müqaviləsinin)etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılmasıqaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxtəhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh2 özünə məxsus, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən ümumi sahəsi 258 kv.m olan fərdi yaşayış evini 8.000 manata və həmin kənddə yerləşən 0.33 ha torpaq sahəsini 3.000 manata AN-İ xx.xx.2017-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Tural Səmədova satmışdır. Hazırda qətnamədən apellyasiya şikayəti vermiş İddiaçı1 hesab edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinə istifadə hüquqları olduğu üçün həmin əmlakın özgəninkiləşdirillməsi zamanı onların razılığının alınması zəruri olmuşdur. Lakin belə bir razılıq olmadığına görə, həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı1 bu dəlili əsassızdır. Belə ki, İddiaçı1, onun və iş üzrə digər iddiaçıların mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarının olduğunu qeyd etsə də, buna dair hər hansı sübut məhkəmələrə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda olmaları belə onların həmin evə istifadə hüquqlarının mövcudluğuna dəlalət etmir. Məhkəmə həmçinin qeyd edir ki, “Ə.Ə.İbrahimovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında olan hüquqi mövqeyə görə iddiaçıların istifadə hüququnun mövcudluğu belə alğı-satqı müqaviləsinin etibarsızlığına əsas ola bilməz. Çünki iddiaçılar həmin fərdi yaşayış evinin və torpaq sahəsinin ümumi mülkiyyətçiləri deyillər, iddiaçıların həmin evdə və torpaq sahəsində mülkiyyətlə bağlı digər hüquqları müəyyən edilmir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə əsaslı, İddiaçı1 apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Musayeva (Əhmədova) Mətanət İzzət qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar