Məhkəmə qərarları › İş №2(107)-1616/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1616/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1616/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, 1) cavabdehlə bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1390 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsini, 2) Cavabdeh 1792.88 manat əsas borc, 1951.78 manat mükafat, 1247.81 manat dəbbə pulu olmaqla, cəmi 4992.47 manat borcun vəödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) xx xxx 2020-ci il tarixli 2(051)- 154/2020 nömrəliqətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1390 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə 1792.88 manat əsas borc, 1951.78 manat faiz və 100 manat cərimə borcu olmaqla, cəmi 3844.66 manat məbləğdə borcun X1 alınıb İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən tutulub İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 150 manat məbləğdə ekspertiza xərcinin Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1390 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591321 ban, 0234 mühərrik nömrəli ağ rəngli avtomobil 12550 manat məbləğində İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən, Cavabdeh illik 17 faiz hesablanmaqla 60 ay müddətinə, hər ay 311.89 manat olmaqla, cəmi 18712.92 manat məbləğdə pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2014-cü il tarixli AL-1390 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxxx 2014-cü il tarixdə 312 manat məbləğində olmuşdur. Cavabdeh xx xxxxxx 2014-cü il tarixli Al-1390 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1792.88 manat əsas, 1951.78 manat mükafat və 1247.81 manat dəbbə pulu olmaqla, cəmi 4992.47 manat borcu yaranmışdır. Buna görə də 1) İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1390 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsini, 2) Cavabdeh 1792.88 manat əsas borc, 1951.78 manat mükafat, 1247.81 manat cərimə borcu olmaqla, cəmi 4992.47 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır qətnamə çıxarılarkən bir sıra maddi və prosessual normaları pozulmuşdur. Onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-ci il tarixli AL-1390 saylı daxili lizinq müqaviləsinə əsasən, onun sifarişiilə 2014-cü il buraxılışı, “Daewoo Gentra” markalı,**-AD-*** dövlət qeydiyyat nişanlı,XWB5V319DEA591321 ban,0234 mühərrik nömrəli, ag rəngli avtomobil 12550 manat məbləğində İddiaçı ASC-nın mülkiyyətinə alınmış və onun müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. O, cədvəl üzrə hər ay 311,89 manat pulu xx.xx.2014-cü il tarixə qədər ödəmiş, sonralar pulu İddiaçı ASC-nin işçisinə hər ay avtomobillə qəza törədənə qədər 150-200 manat pul ödəmişdir. Bunu ona ASC-nin rəhbərliyi tapşırmışdır. O, bu haqda İddiaçı ASC rəhbərliyinə müraciət etmiş və ona gələcəkdə heç bir problem olmayacaığı bildirilmişdir. Avtomobil onun mülkiyyətinə keçəndən təxminən bir il altı ay sonra o, avtomobilə qəzaya düşmüş və bu haqda banka məlumat verərək, avtomobili lizinqin rəhbərliyinə aktla təhvil vermişdir. Onun hesablamalarına görə onun İddiaçı ASCyə borcu 1500 (bir min beş yüz) manat təşkil edir. Onun İddiaçı ASC işçisinə ödədiyi pulla bağlı ASC heç bir araşdırma aparmamışdır. İddiaçı ASC qəza törətdiyindən 4 il sonra məhkəməyə müraciət etmişdir, halbuki o aktla avtomobili təhvil verəndən sonra, faktiki onların aralarında olan müqaviləyə xitam verilmişdir İddiaçı ASC“ müddəti buraxmışdır və bu səbəbdən hesabladığı 1951,78 manat məbləğində faiz və 100 manat cərimə artıqdır. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(051)-154/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Ona görə də məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(051)- 154/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işdə olan sübutlardan, yəni: Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1390 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591321 ban, 0234 mühərrik nömrəli, ağ rəngli, 12550 manat məbləğində avtomobil İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizin q alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlinə (əlavə N 3) müəyyən edilir. Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 3 nömrəli əlavədən görünür ki, Cavabdeh illik 17 faiz hesablanmaqla, 60 ay müddətinə, hər ay 311.89 manat olmaqla, cəmi 12550 manata görə lizinq verən İddiaçı ASC-yə 18712.92 manat ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əlavədən görünür ki, Cavabdeh istifadəsində, İddiaçı ASC-nin isə mülkiyyətində olan «Daewoo Gentra» markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil-təslim aktına əsasən Cavabdeh vermişdir. İddiaçı ASC-nin xx xxxxxx 2019-cu il tarixli 2357 nömrəli arayışından görünür ki, borclu Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL-1390 saylı daxili lizinq müqaviləsi üzrə xx xxxxxxx 2019-cu il tarixə əsas borcu, mükafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış dəbbə pulu aşağıdakı kimidir: 1792.88 manat əsas borc, 1951.78 manat mükafat və 1247.81 manat cərimə olmaqla, cəmi 4992.47 manat. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 3594 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 1792.88 manat məbləğdə əsas borcu, 1951.81 manat məbləğdə faiz borcu və 581.71 manat məbləğdə cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL1390 nömrəli daxili lizinq müqaviləsinə əsasən, Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591321 ban, 0234 mühərrik nömrəli, ağ rəngli «Daewoo Gentra» markalı avtomobil 12550 manat məbləğində İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmiş və daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 faiz hesablanmaqla, 60 ay müddətinə, hər ay 311.89 manat olmaqla, cəmi 18712.92 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüş, üzərinə götürdüyü öhdəliyi qismən icra edərək xx xxxxxxxx 2014-cü ildə 311, xx xxxxxxx 2014-cü ildə isə 312 manat olmaqla, cəmi 623 manat ödəniş etmiş, lakin sonra ona edilən xəbərdarlıqlara baxmayaraq, üzərinə götürdüyü öhdəliyi icra etməmiş, beləliklə iddiaçıya 1792.88 manat əsas borc, 1951.78 manat mükafat, 1247.81 manat cərimə borcu olmaqla, cəmi 4992.47 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə işin hallarına lizinqə dair qanunvericiliyə, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Apelyasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, o cədvəl üzrə hər ay 311,89 manat pulu xx.xx.2014-cü il tarixə qədər ödəmiş, sonralar pulu İddiaçı ASC-nin işçisinə hər ay avtomobillə qəza törədənə qədər 150-200 manat pul ödəmişdir. Bunu ona ASC-nin rəhbərliyi tapşırmışdır. ...Avtomobil onun mülkiyyətinə keçəndən təxminən bir il altı ay sonra o, avtomobillə qəzaya düşmüş və bu haqda banka məlumat verərək, avtomobili lizinqin rəhbərliyinə aktla təhvil vermişdir.Hesablamalarına görə onun İddiaçı ASC-yə borcu 1500 manat təşkil edir. Onun İddiaçı ASC işçisinə ödədiyi pulla bağlı ASC heç bir araşdırma aparmamışdır. İddiaçı ASC qəza törətdiyindən 4 il sonra məhkəməyə müraciət etmişdir, halbuki o aktla avtomobili təhvil verəndən sonra, faktiki onların aralarında olan müqaviləyə xitam verilmişdir İddiaçı ASC“ müddəti buraxmışdır. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuş, işin faktiki hallarına və tərəflərin qaşılıqlı münasibətlərinə uyğun olan nəticəyə gəlmiş, bu nəticəyə gələrkən səhvə yol verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Lizinq müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır (mad. 747-2). Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır (mad. 748-1.5). Həmin Məcəllənin 748-1.8-ci maddəsinin tələbinə görə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi iləşərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (mad. 748-1.12.4). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (mad. 421.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (mad. 421.2). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (mad. 423.1) MPM-in 218.1-ci mаddəsinə əsаsən, qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. MM-in 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (mad 1096). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, MM-in 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Eyni zamanda, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinin 13.2 və 13.3-cü bəndlərinə əsasən, üzərinə götürmüşdür ki, lizinq obyektinin istismara verilməsi müddətlərini pozmağa görə lizinq alan lizinq verənə hər gecikdirilmiş gün üçün bu müqavilənin ümumi məbləğinin 0,1 %-i miqdarında dəbbə pulu ödəyir. Bu müqavilənin 6-cı bəndində nəzərdə tutulmuş şərtləri pozduqda lizinq alan lizinq verənə bir min manat məbləğində cərimə ödəyir. Lizinq alan tərəfindən cərimənin ödənilməsi onu lizinq verənin ilk tələbi ilə lizinq obyektinə vurduğu ziyanın öz hesabına aradan qaldırılması öhdəliyindən azad etmir. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən əsas məbləğ və faizlə yanaşı, 1247.81 manat dəbbə pulunun da tutulmasını tələb edir. MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (MM-in 467-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin tələb edilən 1247.81 manat dəbbə pulunu 100 manat müəyyən edərkən həm iddiaçının əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almış, dəbbə pulunun tənasübü işin hallarına uyğun olmuşdur. Belə olan halda məhkəmə kollegiyası cavabdehin avtomobillə qəza törədənə qədər İddiaçı ASC-nin işçisinə hər ay 150-200 manat pul ödəməsi, bunu ASC-nin rəhbərliyinin ona tapşırması, borcunun 1500 manat olması, ödədiyi pulla bağlı heç bir araşdırma aparmamasını iddia etsə də, bununla bağlı heç bir sübutu məhkəmələrə təqdim etməyib. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin o, etirazının əsası kimi istinat etdiyi heç bir halı sübut edə bilməmişdir. İddiaçının onun qəza törətdiyi vaxtdan 4 il sonra məhkəməyə müraciət etməsi barədə apelyasiya şikayətinin dəlillərinə gəlincə, qeyd olunmalıdır ki, cavabdehlə iddiaçı xx xxxxxx 2014-cü il tarixdə bağlanmış daxili lizinq müqaviləsi 60 ay müddətinə bağlanmış və həmin müqaviləyə əsasən, cavabdeh hər ay 311.89 manat olmaqla, cəmi 12550 manata görə iddiaçıya xx xxxxxx 2014-cü ildən başlayaraq xx xxxxxx 2019-cu il tarixədək, cəmi 18712.92 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə müddəti xx xxxxxx 2019-cu ildə başa çatmış, iddiaçının xx xxxxxx 2019-cu il tarixli 1733 nömrəli məktubu ilə cavabdehə xəbərdarlıq edilərək, yaranmış borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə daxili lizinq müqaviləsinin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. Bundan sonra isə xx xxxxxx 2019-cu ildə isə məhkəmədə iddia qaldırılmışdır. MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə isə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd olunan maddi hüquq normalarının mənаsınа görə, kredit müqаviləsində bаşqа hаl nəzərdə tutulmаyıbsа, iddiа müddətinin аxımı bu müqаvilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icrа müddəti bitdikdə bаşlаnır. Mübahisəli müqavilə üzrə isə bu müddət bitməmişdir. Qeyd olunanlarla yanaşı, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, iddia tələbi ilə qismən razıyam, əlimə pul keçən kimi banka olan borcunu ödəyəcəm. Mənə hesablanmış dəbbə pulunun azaldılmasını xahiş edirəm. Beləliklə,apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri formal xarakter daşıyır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi - nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi). MPM-ə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (mad. 217). Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(051)-154/2020 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar