Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-162/2024 05.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işıq borcunun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: işıq borcunun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(075)-1684/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Şəki rayonu Baş Göynük kənd ərazisində fərdi yaşayış evi var. 4 fevral 2023-cü ildə cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin əməkdaşları həmin evə baxış keçirərək sayğacı həyətdən çölə çıxararaq 285722 nömrəli akt tərtib etmişlər. Həmin aktla abonentə məxsus həyətyanı sahənin arxa hissəsində olan fındıq bağından yer altı su borusunun içərisindən keçirilmiş 150 - 200 metr məsafədə 16 mm-lik naqil vasitəsi ilə sayğacdan kənar xəttin şəbəkəyə qoşulması, eyni zamanda abonentə məxsus mənzilə quraşdırılmış elektrik sayğacının hesabat bazasında öz əksini tapmaması aşkar olunmuşdur. Həmin akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSlnin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun cəmi 850.76 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində 04 fevral 2023-cü il tarixdə tərtib edilmiş 285722 nömrəli akt əsasında əsassız hesablanmış 907,69 (doqquz yüz yeddi manat, 69 qəpik) manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Şəki rayonu Baş Göynük kənd ərazisində fərdi yaşayış evi var. Həmin evdə yaşamadığı üçün işıq sayğacı uzun illərdi dəyişdirilməyib. Əvvəllər işıq sayğacları həyətin içində yerləşirdi. Sonradan bütün sayğaclar həyətlərdən kənara çıxarılmağa başladı. O, uzun illərdir kənddə yaşamadığı üçün işıq sayğacı həyətdən çıxarılmamışdır. 04 fevral 2023-cü ildə cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin əməkdaşları tərəfindən onun Şəki rayonu Baş Göynük kənd ərazisində yerləşən evinə baxış keçirilərək sayğacı həyətdən çölə çıxararaq 285722 nömrəli akt tərtib etmişlər. Bir müddət sonra məlum olmuşdur ki, ona 907,69 manat əsassız işıq borcu hesablanıb. Həmin məbləğin 300 manatını ailə üzvləri ondan xəbərsiz ödəyib. Lakin buna baxmayaraq o, bu borc məbləği ilə razı deyil. Ümumiyyətlə o, yaşamadığı və istifadə etmədiyi elektrik enerjisinə görə nə üçün bu qədər pul ödəməlidir. Bu borcu hansı qaydada hesablanmasıda məlum deyil. Həmin akta cavabdeh tərəfin əməkdaşlarından başqa heç kim imza atmamışdır. Bundan başqa özü ağır ürək əməliyatı olmuşdur. Xətəliyi tam sağalmayıb. İstifadə etdiyi dərmanlara pul çatdıra bilmir. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən elektrik təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Məhz buna görə də məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.
4. Cavabdeh "xxxx" ASC 24 iyul 2023-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış 907.69 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Baş Göynük kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********02017 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları E.Məsimov, B.Babayev və C.Bağırlı tərəfindən Şəki rayonu Baş Göynük kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı iddiaçının fərdi yaşayış evinə ona məxsus həyətyanı sahənin arxa hissəsində olan fındıq bağından yer altı su borusunun içərisindən keçirilmiş 150-200 metr məsafədə 16 mm-lık naqil vasitəsi ilə sayğacdan kənar xətt daxıl olduğu aşkar edilmişdir. Eyni zamanda abonentə məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacının hesabat bazasında öz əksini tapmadığı müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, R285722 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2023-cü il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən iddiaçının ünvanına quraşdırılmış elektrik sayğacı yeni PAUD-MP106 smart tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 341731 saylı protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, R285722 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSlnin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 30 gün üçün 0.08 manatla 200 kvt.s (dəyəri 16.00 manat), 0.09 manatla 100 kvt.s (dəyəri 9.00 manat) və 0.13 manatla 6352 kvt.s (dəyəri 825.76 manat) toplamda 850.76 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. iddiaçı iddia tələbində silinəcək məbləği 907.69 manat göstərmişdir. Bildiririk kı, iddiaçıya qeyd olunan akt əsasında 850.76 manat hesabat aparılmış, yerdə qalan 56.93 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda qüsur aşkar olunan tarixədək sərfiyyatın olmadığı, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə hər ay sərfiyyatın olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, pozuntu bərpa olunduqdan sonrakı dövr üzrə 746 kvts sərfiyyat olmuşdur.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şəki EŞ-nin enerji satış bazasında **********02017 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı təqsiri ucbatından əlavə borcun yaranması ilə bağlı cavabdeh "xxxx" ASC-nin “Şimal-Qərb” X2 və Satışı İdarəsinin nümayəndəsinin etiraz ərizəsində göstərdikləri əsaslı deyil.
6. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 04 fevral 2023-cü il tarixdə iddiaçıya məxsus Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, abonentə məxsus həyətyanı sahənin arxa hissəsində olan fındıq bağından yer altı su borusunun içərisindən keçirilmiş 150 - 200 metr məsafədə 16 mm-lik naqil vasitəsi ilə sayğacdan kənar xəttin şəbəkəyə qoşulması, eyni zamanda abonentə məxsus mənzilə quraşdırılmış elektrik sayğacının hesabat bazasında öz əksini tapmaması aşkar olunmuş bununla əlaqədar “Elektrik enerjisindən istifadə qaydalarının” pozulması əsas götürülərək 285722 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
7. Göründüyü kimi, İddiaçı əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********02017 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 200 kvts x 0,08 manat, 100kvts x 0,09 manat, 6352kvts x 0,13 manat, enerji istehlak etmiş və onun cəmi 850,76 manat borc hesablanmışdır. Lakin iddiaçı belə bir kənar xət mövcud olsa belə işlək vəziyyətdə olmadığını, qoşulu olmadığını bildirir. Cavabdeh isə bu xəttin işlək vəziyyətdə olduğunu iddia etsə də, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, kənar xətti aşkar etdikdə ən azından mobil telefon vasitəsi ilə qeyd olunan pozuntunun çəkilməsi və məhkəməyə təqdim edilməsi mümkün olmayan hal deyil.
8. Məhkəmə baxışı zamanı İddiaçı 04 fevral 2023-cü il tarixli, 285722 nömrəli akt əsasında hesablanmış 850,76 manat borcun deyil, 907,69 manat borcun hesabından silinməsini xahiş edir. Məhkəmə İddiaçı digər iddianın dəymiş ziyandan əlavə olaraq digər məbləğində silinməsinə dair qalıq borc üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hansı qaydada hesablanmasını ümumiyyətlə həmin borc məbləğinin mövcud olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə iddianı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 4 fevral 2023-cü il tarixli, 285722 nömrəli aktı əsasında hesablanmış 850,76 manat hissəsində əsaslı hesab edir.
9. Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(075)-1684/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin olunmuş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 4 fevral 2023-cü il tarixli, 285722 nömrəli akt əsasında **********02017 saylı abonent kod hesabında qeydə alınmış 850,76 (səkkiz yüz əlli manat yetmiş altı qəpik) manat borcun İddiaçı hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2, 8.4, 8.17 və 8.17-1-ci bəndlərinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 341731 nömrəli protokol 4 fevral 2023-cü il tarixli, 285722 nömrəli akt Abunə haqqında məlumat "xxxx" ASC-nin 17 fevral 2023-cü il tarixli Əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komponentlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair icra vərəqəsi
12. Qətnаmədən nаrаzı qаlаn cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəki şəhəri, Baş Göynük kəndində İddiaçı yaşadığı fərdi yaşayış evində ona məxsus həyətyanı sahənin arxa hissəsində olan fındıq bağından yer altı su borusunun içərisindən keçirilmiş 150-200 metr məsafədə 16 mm-lik naqil vasitəsi ilə sayğacdan kənar xətt daxil olduğu müəyyən edilmişdir. Yuxarda qeyd olunanlar əsasında R285722 saylı akt tərtib olunmuşdur. İddiaçının pozuntu aşkar edildikdən əvvəl və sonrakı sərfiyyatı nəzərə alınmamışdır. İddiaçının abunə haqqında məlumat cədvəlinə nəzər saldıqda qüsur aşkar olunan tarixədək sərfiyyatın olmadığı, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə hər ay sərfiyyatın olduğu görünür. Göstərilənləri nəzərə alaraq hesab edir ki, əsas məsələ qüsurun olub-olmaması deyil, qüsurun sayğacın işinin pozulmasına səbəb olub-olmamasıdır. Hazırki işə baxacaq məhkəmə cavabdehin əməkdaşları tərəfindən keçirilmiş yoxlamadan əvvəlki və sonrakı dövrlərdə iddiaçının elektrik enerjisindən istifadəsi nəticəsində sərfiyyatınımüqayisə edərək, bu sərfiyyatın artıb-artmamasını müəyyən etməli, nəticədə isə aktın əsaslı olub-olmadığı sualına cavab verilməlidir.
14. Ona görə də, Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(075)- 1684/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın: 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(075)- 1684/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamə nə üçün ləğv edilməli olduğu göstərilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə, etirazın əsaslarını təqdim etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 7-10-cu bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir.
23. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(075)-1684/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(075)-1684/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.