Məhkəmə qərarları › İş №2(107)-1622/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1622/2020

14.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1622/2020 14.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, cavabdehlər X7, Cavabdeh2 və onların vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər X12 və Cavabdeh2 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticəsinin ləğv edilməsi» tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-266/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər X12 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-266/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Ə.Hüseynov) iddia tələbi təmin edilmiş, X10 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri M.Müşfiq küçəsi 11/19 saylı mənzilin bağışlanmasına dair İsmayıllı rayon Notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1094 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilərək hüquqi nəticələrinin ləğv edilməsiqət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X10 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri M.Müşfiq küçəsi 11/19 saylı mənzilin bağışlanmasına dair İsmayıllı rayon Notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1094 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər X12 və Cavabdeh2аpellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normasını pozmuşdur. Belə ki, iddianı təmin edən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359, 340, 337,666,668-ci maddəsinə istinad edərək hesab etmişdir ki, «etibarnamə bir şəxsin başqa şəxsin adından müəyyən hərəkətləri etməyə, həmçinin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə və xitam verilməsinə yönəldilən təmsilçilik səlahiyyətidir və hər hansı bir əqdi ancaq təmsil edilənin adından və onun xeyrinə bağlanılmalıdır. Təmsilçi təmsil edilən adından özü üçün əqdlər bağlaya bilməz. O, İddiaçı ilə xx xxxxxxx 2014-cü ildə nikaha girməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra onun valideynlərinin yaşayış evi olan ünvan 1 a-ya gəlin gəlmişdir. Münasibətləri korlanana qədər həmin ünvanda yaşamışlar. ünvan 1 a ünvanda anası Cavabdeh2 və X17la birgə təsərrüfat aparmaqla yaşamışlar. xx xxxx 2019-cu ildə valideynlərinin birgə qazancı və Ayaz Salahbanovun mülkiyyətində olan ünvan 2 a saylı ünvanda yerləşən fərdi yaşayış evini girov qoymaqla kredit götürüb, hətta Cavabdeh2 məxsus qızıl-zinyət əşyalarını satmaqla Mingəçevir şəhəri "M/Müşfıq küçəsi 11/19, mənzil 19 ünvanda yerləşən 4 otaqlı mənzili satın almışdır. X17 Qarabağ Müharibəsi əlilidir vəyüksək təqaüd alır. Ümumi razılığa əsasən mənzil onun adına rəsmləşdirilmişdir. Ailə münaqişəsi yarandıqdan sonra İddiaçı həmin mənzilin dəyərinin valideynləri ödədiyindən İddiaçı həmin münaqişə ərəfəsində ona zəng edib mənzili sahiblərinə qaytarmağını istəmiş və bildirmişdir ki, onda olan etibarnamə əsasında mənzili valideynlərinin adına keçirsin. Məhz o da onun bu razılığından sonra valideynlərinin vəsaiti hesabına əldə edilmiş həmin əmlakı anası Cavabdeh2 adına bağışlamışdır. İşə baxan məhkəmə nəzərə almamışdır ki, mənzil mülkiyyət hüquqları əsasında onun adına qeydə alınsa da, onunla İddiaçı birgə qazancı hesabına deyil, valideynlərinin də daxil olduğu birgə təsərrüfatın gəlirləri hesabına əldə edilmişdir. İddiaçı həmin müqavilənin bağlanmasından xəbərdar idi. Həmçinin bu barədə etibarnaməsi də vardır. Onun razılığı əsasında o, mənzili əsl sahiblərinə bağışlamışdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-266/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili X8bildirdi ki, qarşı tərəf Ümid Salahbanovun adına etibarnamə verib. Bu evin alınması üçün Cavabdeh2 əri ilə birlikdə ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evini girov qoyaraq kredit götürüb. Həmin götürülən kreditlə mübahisəli ev alınıb. İndiyədək həmin kredit ödənilib qurtarmayıb. O evin faktiki dəyər baxımından ödənilməsi Ümidin qazancı hesabına alınmış ev deyil. Bu ev qaynatanın, qaynananın qazancının və kredit hesabına alınmış evdir. Məhkəmənin hüquqi aksept baxımdan istinad etdiyi hallar burda mövcud deyil. Apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X12 bildirdi ki, onun gəliri olmadığından həmin mübahisəli evi almaq imkanı olmayıb. Ev valideynləri tərəfindən alınıb. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini xahiş edir Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehdeh Cavabdeh2 bildirdi ki, həmin ev onların qazancı hesabına alınıb. Apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X3bildirdi ki, mübahisəli ev təmsil etdiyişəxsin və onun keçmiş ərinin ümumi qazancı hesabına alınıb. İddiaçı “xxxxxxxxxx”ASC-nin Yevlax filialında baş sığorta əməliyyatçısı vəzifəsində çalışmışdır. İddiaçı əmək haqqını X12 alıb. Həmin əmlak birgə nikah dövründə alınmış evdir və həmin evin alınmasında onların gəlirləri olmuşdur. Ər arvad kimi onlar gəlirə malik olmuşdur. Bağışlanma müqaviləsindən İddiaçı xəbəri olmayıb. İddiaçı savadsız ev xanımı olduğundan, onun etibarnamə ilə heç bir anlayışı olmadığından notariat kontoruna aparılaraq “xxxxxxxxxx”ASC-də aparılan işlərlə bağlı X2 vermək adıyla aldadılaraq imza etdirmişlər. Həmin bağışlanma müqaviləsini bağlamaqda məqsəd İddiaçı ev payından məhrum etmək idi. Apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, etibarnamə veriləndə onun etibarnamənin nə üçün verdiyi ona izah olunmamışdır. apelyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-266/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər X12 və Cavabdeh2tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-266/2020nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X13 xx xxxxxx 2019-cu il tarixli, 5081 saylı məktubundan görünür ki, Mingəçevir şəhərinin Mikayıl Müşfiq küçəsində yerləşən 11/19 saylı evin 19 saylı mənzili üzərində Cavabdeh1 tam mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən mənzil hazırda Cavabdeh2 (əsəs İsmayıllı rayon notariat kontorunun xüsusi notariusu X4, xx.xx.2019-cu il tarixli 4Ə-1094 №-li bağışlama müqaviləsi) mülkiyyətindədir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Mikayıl Müşfiq küçəsində yerləşən 11/19 saylı evin 19 saylı mənzili üzərində Cavabdeh2 tam mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, ********** qeydiyyatnömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AR-İ 493717 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı həmin tarixdə Cavabdeh1 xx xxxxxxx 2036-cı il tarixədək 20 il müddətinə etibarnamə vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı xx xxxxxxx 2016-cı il tarixdə Cavabdeh1 etibarnamə verərkən, Mingəçevir şəhərinin Mikayıl Müşfiq küçəsində yerləşən 11/19 saylı evin 19 saylı mənzilinin anası Cavabdeh2 bağışlamasını nəzərdə tutmamışdır. Bundan əlavə iş materiallarında olan İddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamədə Cavabdeh1 mübahisələndirilən mənzili Cavabdeh2 bağışlamasına səlahiyyət verilməsi barədə hər hansı bir konkret tapşırıq verilməsi müəyyən edilmir. Məhəkəmə hesab etmişdir ki, etibarnamə bir şəxsin başqa şəxsin adından müəyyən hərəkətlər etməyə, həmçinin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə və xitam verilməsinə yönəldilən təmsiçilik səlahiyyətidir və hər hansı bir əqd ancaq təmsil edilənini adından və onun xeyrinə bağlanılmalıdır. Təmsilçi təmsil edilənin adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Verilmiş etibarnamənin məzmunundan görünür ki, İddiaçı adından verilmiş etibarnamə ümumi məzmunlu olmaqla konkret olaraq mübahisəli və birgə nikah dövründə əldə olunmuş mənzilin özgəninkiləşdirilməsi məqsədi ilə verilməmişdir. Cavabdeh1 2016cı il tarixdə başqa məqsədlə yəni birgə nikah dövründə olan mülkiyyətin idarə olunması məqsədi ilə verilmiş və tərəfər arasında münasibətlər pisləşdikdən sonra Cavabdeh1 tərəfindən hüquqdan sui istifadə edilərək mənzil öz xeyrinə yəni anası olan Cavabdeh2 adına (bağışlama müqaviləsi ilə) sənədləşdirilmişdir. Cavabdeh1 sözügedən mənzilin birgə nikah dövründə əldə olunmasını bildiyi üçün 2016-cı ildə İddiaçı tərəfindən verilmiş etibarnamədən istifadə etməklə iddiaçının konstitusion hüquqlarını pozmuşdur. Hazırkı halda işə apelyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qəlidiyi hüquqi nəticə ilə razılaşır. Çünki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu normasının əhəmiyyəti ondan ibarətdir ki, bu norma əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilsə də, eyni zamanda konstitusiyada təsbit edilmiş vətəndaşların digər hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin (bundan sonra mətndə MM-in) 337.1ci maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-in 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-in 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Öyrənilən işin mübahisə doğurmayan hallarından bəlli olur ki, İddiaçı cavabdehlərdən Ümid Salahbanova ilə xx xxxxxxx 2014-cü ildə nikaha girməklə ailə qurmuş, ailə qurduqdan sonra cavabdehin valideynlərinin yaşayış evi olan ünvan 2 nömrəli evə gəlin gəlmişdir. Münasibətləri korlanana qədər həmin ünvanda yaşamışlar. Birgə nikah dövründə, yəni xx xxxx 2019-cu ildə Mingəçevir şəhəri "M/Müşfıq küçəsi 11/19, mənzil 19 ünvanda yerləşən 4 otaqlı mənzili satın alınmış, xx xxxx 2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sonradan tərəflər arasında münasibətlər pozulmuş və xx xxxxxxx 2019-cu ildə Ümid Sədaqəti sonuncunun atası evinə gətirmişdir. xx.xx.2019-cu il tarixdə isə Ümid Salahbanov sözügedən fərdi yaşayış evini anası Cavabdeh2 bağışlamış, daha sonra bu ev xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bağışlama müqaviləsi İddiaçı Cavabdeh1 verdiyi AR-İ 493717 nömrəli, xx xxxxxxx 2016-cı il tarixli etibarnamə əsasında həyata keçirilmişdir. Hazırda cavabdehlərdən Ümid Slahbanov iddia edir ki, xx xxxx 2019-cu ildə valideynlərinin birgə qazancı və Ayaz Salahbanovun mülkiyyətində olan ünvan 2 a saylı ünvanda yerləşən fərdi yaşayış evini girov qoymaqla kredit götürüb, hətta Cavabdeh2 məxsus qızıl-zinyət əşyalarını satmaqla Mingəçevir şəhəri "M/Müşfıq küçəsi 11/19, mənzil 19 ünvanda yerləşən 4 otaqlı mənzili satın almışdır. X17 Qarabağ Müharibəsi əlilidir və yüksək təqaüd alır. Ümumi razılığa əsasən mənzil onun adına rəsmləşdirilmişdir. Ailə münaqişəsi yarandıqdan sonra İddiaçı həmin mənzilin dəyərinin valideynləri ödədiyindən İddiaçı həmin münaqişə ərəfəsində ona zəng edib mənzili sahiblərinə qaytarmağını istəmiş və bildirmişdir ki, onda olan etibarnamə əsasında mənzili valideynlərinin adına keçirsin. Məhz o da onun bu razılığından sonra valideynlərinin vəsaiti hesabına əldə edilmiş həmin əmlakı anası Cavabdeh2 adına bağışlamışdır. Həmçinin, apelyasiya şikayətinin yuxarıda göstərilən dəlilləri iddiaçı tərəfindən inkar olunur. Eyni zamanda məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdiyi dəlilləri inandırıcı qəbul etmir. Çünki, MM-359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qəranın Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılamsına dair Konstitusiuya Məhkəməsinin xx xxxx 2016 cı il tarixli qərarında göstərilmişdir ki, “Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Hazırda tədqiq edilən iş materialları ilə iddiaçının mübahisəli evə dair cavbdehə hər hansı şəkildə səlahiyyət verməsi müəyyən edilmir. Əslində bu mümkün də deyildi. Belə ki, etibarnamə verilərkən sözügedən fərdə yaşayış evi əldə edilməməmişdi. Nəzərə alsaq ki, qanunvericiliyin tələbinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə hesab olunur və bu etibarnamədə bir mənalı olaraq təmsil olunan şəxsin iradə ifadəsi öz əksini tapır. Hazırkı halda isə mübahisəli fərdi yaşayış evi etibarnamə verilərkən əldə edilmədiyindən iddiaçının bu evlə bağlı hər hansı bir iradə ifadəsindən söhbət belə gedə bilməz. Digər tərəfdən iddiaçı tərəfindən verilən etibarnamədə Mingəçevir şəhərinin Mikayıl Müşfiq küçəsində yerləşən 11/19 saylı evin 19 saylı mənzilinin anası Cavabdeh2 bağışlaması nəzərdə tutulmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayədəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. MPM-in 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cavabdehlər X7 və Cavabdeh2аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-266/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və MPM-in 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Cavabdehlər X12 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-266/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar