Məhkəmə qərarları › İş №2(107)-163/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-163/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-163/2024 31.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, X7 qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tаrixli qətnaməsindən iddiaçı və Cavabdeh1(bundan sonra- cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları AD seriyalı, 788079 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur ki, **-TV-*** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobil X1 məxsusdur. xx.xx.2020-ci il tarixli, 250680 nömrəli etibarnamə ilə müəyyən olunur ki, X3 **-TV-*** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobili 7 il 7 ay 25 gün müddətinə idarə etməyi X5 etibar etmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsi” ilə müəyyən olunur ki, buraxılış ili 2018-ci il olan,” Lexus LS 500” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. AA seriyalı, 677232 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur ki, **-BE-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtomobil Cavabdeh2 məxsusdur. xx.xx.2020-ci il tarixli, 868073 nömrəli etibarnamə ilə müəyyən olunur ki, Cavabdeh2 **-BE-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtomobili 30 il müddətinə idarə etməyi Cavabdeh1(cavabdehə) etibar etmişdir. “**-BE-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtomobil xx.xx.2020ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 14 iyun 2020-ci il tarixdə Qəbələ rayonu, Böyük Əmilli kəndində baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində **-TV-*** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobil ilə “KAMAZ 5511” yük markalı avtomobil toqquşmuşdur. Qəbələ rayonu X11 Patrul Xidməti İnspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh1(cavabdeh) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 136.556,73 manat məbləğində vəsaitin, 426,56 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində **-TV-*** dövlət qeydiyyat nişanlı “Lexus LS 500” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə olunan **-BE-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5511” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-TV-*** dövlət qeydiyyat nişanlı “Lexus LS 500” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən **-BE-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5511” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmişdir. **-TV-*** dövlət qeydiyyat nişanlı “Lexus LS 500” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. **-TV-*** dövlət qeydiyyat nişanlı “Lexus LS 500” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 141.653,20 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 19.015,60 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına, 122.637,60 manat zərər məbləği avtomobilin təmiri üçün “Lexus Bakı Mərkəzi" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC-də mövcud olduğuna görə həmin şirkətə məktub göndərilmiş, 4996,47 manat sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2021-ci il tarixində qalıq məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Göründüyü kimi **-TV-*** dövlət qeydiyyat nişanlı “Lexus LS 500” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" ASC tərəfindən ödənilmiş 136.556,73 manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən geri qaytarılmalıdır. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, polis orqanı tərəfindən verilmiş arayışdan görünür ki, **-TV-*** dövlət qeydiyyat nişanlı “Lexus LS 500” markalı avtonəqliyyat vasitəsinin qabaq kapot, qabaq panel, qabaq buffer, qabaq sol qanad, qabaq sol qapı, arxa sol qapı, qabaq işıqlar əzilmişdir. Polis tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci ildə verdiyi arayışda da həmin avtomobilin qabaq kapot, qabaq panel, qabaq buffer, qabaq sol qanad, qabaq sol qapı, arxa sol qapı, qabaq işıqlarının əzilməsi qeyd olunmuşdur. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerinə gələrək, yol nəqliyyat hadisəsi törətmiş sürücülərin iştirakı ilə Qəbələ RPŞ DYPB YPX-nin əməkdaşları tərəfindən tərtib edilmiş, hər iki tərəfin imzaladığı sənədlərdə (hadisə yerinin müayinəsi, sxemi və s.) də arayışlarda göstərilən faktlar öz əksini tapmışdır. Lakin həmin avtomobilə vuralan ziyan müəyyənləşdirilərkən ilkin sənədlərə istinad olunmamışdır. Yalnız "xxxx" MMC-nin və "xxxx" MMC-nin tərtib ediyi sənədlərə istinad edilmişdir. Hansı ki həmin sənədlərin tərtib olunmasında tərəflər, Cavabdeh1 iştirak etməmişlər. İddiaçı tərəf iddia ərizəsində göstərir ki, **-TV-*** dövlət qeydiyyat nişanlı “Lexus LS 500” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 141.653,20 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi həmin avtomobilə vurulmuş ziyan yol-nəqliyyat hadisəsindən 9 ay sonra tərtib edilmiş hesabatla müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 9/1377 nömrəli və 21 avqust 2023-cü il tarixli, 9/5510-8/2098 nömrəli rəylərində Qəbələ rayon X11 Patrul Xidməti tərəfindən tərtib edilmiş 2020-ci il tarixli arayışa əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı "Lexus LS 500" markalı, **- TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti- 15.206 manat; təmir- bərpa işlərinin qiyməti- 1700 manat olması müəyyən edilmişdir. İddia tələbinin həmin hissədə təmin edilməsi, qalan hissədə isə rədd edilməsini xahiş olunur. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(025)- 118/2023 nömrəli iş üzrə qəbul etdiyi 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 111,532 manat sığorta ödənişi məbləği və 401,53 manat dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət olunmuşdur. Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh1 14 iyun 2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi, Cavabdeh2 məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı nəqliyyat vasitəsini idarə edərkən Qəbələ rayonu, Böyük Əmilli kəndi ərazisində **-TV-*** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobillə toqquşmuş və həmin avtomobillə toqquşduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həmin hadisə nəticəsində Qəbələ rayonu Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən Cavabdeh1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Həmin hadisə nəticəsində **-TV-*** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobilə ziyan dəymişdir. Ona görə də, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində 10-TV- 979 dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobilə vurulmuş zərərin əvəzi 141.553,20 manat həcmində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936 və 1108.1-ci maddələrinin tələblərinə əsasən, Cavabdeh1 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müvafiq məhkəmə əmtəəşünaslıq ekspertizası və təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmiş hər iki ekspert rəyləri ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı "Lexus LS 500" markalı, **- TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti – 95.422 manat; təmir-bərpa işlərinin qiyməti – 16.110 manat müəyyən edilmişdir. Buna əsasən məhkəmə, ekspetiza rəyi ilə müəyyən edilmiş məbləğin tam, yəni 111.532 manat pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh2 **-BE-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtomobili Cavabdeh1 etibarnamə ilə satmış, avtomobili satarkən avtomobillə bağlı bütün səlahiyyətləri Cavabdeh1 vermişdir. Lakin Cavabdeh1 **-BE-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtomobili öz adına keçirməmişdir. Göründüyü kimi, ** BE *** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtonəqliyyat hadisəsi baş verməmişdən əvvəl faktiki olaraq Cavabdeh2 sahibliyindən çıxmiş və Cavabdeh1 sahibliyində və istifasində olmuşdur ki, onun qanuna zidd hərəkəti nəticəsində nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh2 hər hansı təqsirli qanunazidd hərəkət etmədiyindən, Cavabdeh1 vurduğu zərər üçün Cavabdeh2 məsuliyyət daşımalı deyil. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinin dəlilləri Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Göründüyü kimi, cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində sığotalı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə ilkin olaraq qanunvericiliyin tələbinə əsasən dəymiş zərər məbləği müəyyən edilərək zərərçəkənə tərtib olunmuş zərər aktında qeyd olunan zərər məbləğinin ödənilməsi təklif edilmiş, lakin zərərçəkən təqdim olunan zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmiş və təmir olunmuşdur. Təmir mərkəzi tərəfindən təqdim olunmuş elektron qaimədə göstərilmiş təmir xərcləri köçürülmə vasitəsi ilə ödənilmişdir. Cavabdeh tərəfindən vurulmuş zərər iddiaçı tərəfindən tam həcmdə qarşılanmış və nəqliyyat vasitəsi hadisədən öncəki vəziyyətinə qaytarılmışdır. Zərərçəkmiş nəqliyyat vasitəsinin tam həcmdə hadisədən əvvəlki vəziyyətə qaytarılması üçün ümumilikdə iddiaçı tərəfindən 141.653,20 manat xərc çəkilmişdir. Bununla da qanunvericiliklə iddiaçının üzərinə qoyulmuş öhdəliyin icrası tam həcmdə həyata keçirilmişdir. Bu halda, zərərvuranın zərərçəkənə dəymiş zərəri tam qarşılamalı olduğundan, ümumilikdə təmir xərcləri də, (ƏDV daxil olmaqla) zərərvuran tərəfindən tam həcmdə ödənilməli idi. Zərərçəkən nəqliyyat vasitəsini təmir edən təmir mərkəzi vergi orqanında qeydiyyatdan keçmiş, əldə etdiyi gəlirə münasibətdə vergi verən tərəfdir. Təbii ki bu zaman göstərdiyi xidmətə görə əlavə olaraq ƏDV-ni tələb etmək hüququdur. Bununla da zərərvuran qanunvericiliyin tələbinə əsasən zərərçəkənin pozulmuş əmlak hüquqlarını bərpa etmək üçün çəkilən bütün xərcləri ödəməlidir. Zərərçəkənin hüquqları dolayısı ilə sığortaçıya keçdiyindən tələb etmək hüququ sığorta şirkətinin hüququ olduğundan çəkilmiş xərcdə bütünlükdə sığorta şirkətinə qaytarılmalıdır. İş üzrə məhkəmə icraatı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspertin gəldiyi nəticəyə uyğun qətnamə çıxarılmışdır. Ekspertizanın verdiyi rəydə dəyişdirilmiş ehtiyat hissələrinin ƏDV-li dəyərinə münasibət bildirilməmişdir. Rəydə yalnız dəyişdirilmiş ehtiyyat hissələrinin ƏDV-siz dəyərinə köhnəlmə tətbiq edilmişdir. Tətbiq olunmuş köhnəlmə isə tamamilə qanuna ziddir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 35-ci maddəsinə əsasən, aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: avtomobilin tam məhvi; avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi. Göründüyü kimi, qaydalara əsasən nəqliyyat vasitəsinin istismar müddəti 2 ildən az olduqda nəqliyyat vasitəsinə köhnəlmə tətbiq oluna bilməz. Ekspertin qiymət verdiyi və köhnəlmə tətbiq olunan hissə yalnız dəyişdirilmiş ehtiyyat hissələrinin ƏDV-siz dəyəridir. Rəydə ƏDV-li dəyər heç bir yerdə göstərilməmiş, məhkəmə isə buna nəzər yetirməmiş və yekun məhkəmə aktı çıxardıqda bu halları nəzərə almamışdır. Bununla da yalnız ƏDV hissəsində ödənilmiş, ümumilikdə 21.608 manat məbləğ nəzərə alınmamaqla iddiaçının hüquqları kobud surətdə pozmuşdur. Ekspertiza rəyi həmçinin natamam, dəqiq olmayan, yalnız mülahizələrdən ibarətdir. Belə ki, Məhkəmə ekspertizasının rəyinin "tədqiqatın nəticələri hissəsi"ndə qeyd olunmuşdur ki, "Nəzəri hesablama yolu ilə iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən" köhnəlmə tətbiq edilməklə qiymət çıxarmışdır. Göründüyü kimi, ekspert, rəyində rəyin dəqiq olmadığını, nəzəri hesablama ilə, təxmini bir qiymət çıxardığını qeyd etmişdir. Belə olan halda, rəydə qeyd olunan ehtiyyat hissələrinin dəyəri necə reallığı əks etdirə bilər?! a) Cavabdehin apellyasiya şikayətinin dəlilləri Qəbələ rayon X11 Patrul Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlər "xxxx" ASC-yə göndərilsə də, onlar tərəfindən bu məlumatlara heç bir etraz edilməmişdir. Bu onu göstərir ki, "xxxx" ASC bu məlumatlarla razılaşmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktı, “hesab-faktura” və elektron qaimə məhkəmə icraatının aparıldığı dildə tərtib edilməmişdir. Həmin sənədlər cavabdehə məhkəmə icraatının aparıldığı dildə təqdim olunmamışdır. Avtomobilin təmiri zamanı istifadə olunmuş ehtiyyat hissələri “kodlar”la göstərilmiş, avtomobilin ehtiyyat hissələrinin adları azərbaycan dilində göstərilməmişdir. Eyni zamanda iş üzrə olan əmtəəşünaslıq ekspertizasının rəyində ekspertin istinad etdiyi Qəbələ rayon X11 Patrul Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş, hər iki tərəfin imzaladığı sənədlərə əsasən tədqiqat aparılanda avtonəqliyyat hissələrinin adları azarbaycan dilində yazılmış, lakin ekspertin istinad etdiyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktı üzrə dəyişilməli olan hissələrin adları azərbaycan dilində deyil, başqa bir xarici dildə yazılmışdır. Həmçinin ekspert rəyində Qəbələ rayon X11 Patrul Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərdə adları və qiymətləri qeyd edilmiş ehtiyyat hissələrinin qiymətləri ilə "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli qüsur aktı üzrə dəyişilməli olan hissələrinin adlarını oxuyub başa düşmək olmasa da həmin qiymətdə ehtiyyat hissələrinin olmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozulduğundan cavabdehə hüquqlarını müdafiə etmək imkanı yaradılmamışdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi sübut əhəmiyyəti olan sənədləri məhkəmə icraatının aparılmadığı dildə təqdim etmişdir. Qanuna görə, cavabdeh tərəfə işdə olan sənədlər qanuna müvafiq olaraq məhkəmə icraatının aparıldığı dildə təqdim olunmalıdır. Cavabdehdə iddiaçının məhkəməyə təqdim etdiyi və ekspert tərəfindən tədqiq edilən sənədlərdə göstərilən ehtiyyat hissələrinin dəyişdirilməsi və onların qiymətlərinin həqiqiliyi böyük şübhə doğurur. c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Tərəflər apellyasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı apellyasiya şikayətində iddia tələbinin təmin edilməyən hissəsini, cavabdeh isə apellyasiya şikayətində iddia tələbinin təmin edilən hissəsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək hər bir apellyasiya şikayətinə münasibətdə qətnamənin mübahisələndirilən hissələrinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisə ilə bağlı Cavabdeh1 aid hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, 14 iyun 2020-ci il tarixdə Qəbələ rayonu, Böyük Əmilli kəndində baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış **-TV-*** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobil ilə Cavabdeh1 idarə etdiyi “KAMAZ 5511” yük markalı avtomobil toqquşmuş, nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir . Qəbələ rayonu X11 Patrul Xidməti İnspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərara əsasən Cavabdeh1 baş vermiş hadisədə təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. xx.xx.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata uyğun olaraq **-TV-*** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobilə 141.653,20 manat ziyan dəymişdir(ƏDV daxil). Vurulmuş ziyanın ödənilməsi məqsədi ilə iddiaçı tərəfindən "xxxx" MMC-yə 122.637,6 manat, "xxxx" MMC-yə isə 19.015,6 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı tərəfindən ödənilmiş 141.653,20 manat sığorta ödənişinin 4996,47 manat hissəsi təqsirli tərəfin icbari sığortası əsasında "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı onun tərəfindən ödənilmiş 135.556,73 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh həmin məbləğlə razılaşmır və bildirir ki, sığorta hadisəsi baş verən zaman yol patrul xidmətinin əməkdaşları tərəfindən sığortalı avtomobilə vurulmuş ziyan barədə arayış tərtib edilmiş və müəyyən olunmuşdur ki, avtomobilin qabaq kapot, qabaq panel, qabaq bufer, qabaq sol qanad, qabaq sol qapı, arxa sol qapı və qabaq işıqları zədələnmişdir. Həmin arayış əsasında aparılmış tədqiqat nəticəsində ekspert rəyinə əsasən müəyyən olunur ki, avtomobilə ümümilikdə 18.200 manat ziyan vurulub və o, bu ziyanı ödəməyə etiraz etmir. Məhkəmə cavabdehin bu dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tərəfindən iş üzrə təkrar məhkəmə- əmtəəşünaslıq ekspertizası təyin edilmişdir və ekspert qarşısında qoyulan suallardan biri bu olmuşdur: DYP orqanı tərəfindən təqdim edilmiş arayışda göstərilən zərər dəymiş ehtiyyat hissələrinə münasibətdə gözlə görülməyən, sonradan müəyyən edilə bilən zərərlərin olması mümkündürmü? Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2023-cü il tarixli rəyində qeyd olunan suala cavab olaraq bildirilmişdir ki, xarici deformasiya nəticəsində nəqliyyat vasitələrinin daxili detallarında zədələrin yaranması mümkündür. Foto görüntülər nəqliyyat vasitəsinin xarici səthində bəzi hissələrin üzərində əzilmənin formasını, xarakterini dəqiq təyin etməyə imkan vermədiyindən, həmin hissələrin dəyişilməli və yaxud təmirə ehtiyacı olması haqqında ekspeet tərfindən konkret nəticəyə gəlmək mümkün olmur. Belə ki, nəqliyyat vasitəsinin foto görüntülərindən kənarda olan sahələrində də zədə ola bilər... Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin dəlili müzakirə olunan hissədə əsassızdır. Belə ki, sığorta hadisəsi zamanı avtomobildə gözlə görülə və ya yol patrul xidmətinin əməkdaşları tərəfindən müəyyən edilə bilməyən zədələrin olması istisna edilmir. Cavabdehin digər dəlili ondan ibarətdir ki, ekspertiza tədqiqatları xarici dildə hazırlanmış hesabatlar əsasında aparılmışdır və zədələnmiş ehtiyyat hissələrinin adı ona aydın deyil. Cavabdehin bu dəlilinin araşdırılması üçün apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertə azərbaycan dilində tərtib edilmiş hesabat təqdim edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “Lexus LS 500” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin həcminin müəyyən edilməsi üçün "xxxx" MMC-nin tərtib etdiyi “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” azərbaycan dilində tərtib edilmiş xx.xx.2020-ci il tarixli hesabatda qeyd edilən ehtiyyat hissələri və təmir xərclərinin köhnəlmə faizi tətbiq edilməklə və edilməməklə müqayisəli tədqiqi nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə bazar dəyəri müəyyən edilsin. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Lexus LS 500” markalı, **-TV- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri hadisə baş verən tarixə təxminən 134.361 manat( dəyişilməli hissələri qiyməti 122.161 manat, təmir bərpa işlərinin qiyməti 12.200 manat), avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 124.783 manat( dəyişilməli hissələri qiyməti 112.583 manat, təmir bərpa işlərinin qiyməti 12.200 manat) müəyyən edilir. Beləliklə ekspert rəyi ilə müəyyən olunur ki, 2018-ci il buraxılışlı “Lexus LS 500” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 134.361 manat, köhnəlmə faizi tətbiq edildikdə 124.783 manat müəyyən olunur. İddiaçı apellyasiya şikayətində bildirir ki, avtoehtiyyat hissələrinə köhnəlmə faizini tətbiq etməklə Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müzakirə olunan dəlili əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 35-ci maddəsinə əsasən, avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi sığorta ödənişi verilərkən köhnəlmə əmsalının tətbiq olunmamasına əsas verir. Göründüyü kimi, sığorta hadisəsi baş verən zaman(xx.xx.2020-ci il) 2018-ci il buraxılışlı “Lexus LS 500” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismar müddəti 2 ildən az olduğuna görə nəqliyyat vasitəsinə köhnəlmə tətbiq oluna bilməz. İddiaçının apellyasiya şikayətinin digər dəlili odur ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ƏDV kimi ödədiyi məbləğləri nəzərə almamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, sığortalı avtomobilə vurulmuş ziyanın məbləğini müəyyən edən, azərbaycan dilində tərtib edilmiş xx.xx.2020-ci il tarixli hesabatda avtomobilə vurulmuş ziyanın məbləğinin ƏDV-siz 141.653,20 manat olduğu müəyyən edilmişdir. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçının bununla bağlı bildirdikləri əsassızdır. Beləliklə, ekspert rəyi ilə müəyyən olunur ki, cavabdehin təqsirli hərəkəti nəticəsində sığortalı avtomobilə vurulmuş ziyan 134.361 manatdır. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçının tələbi 134.361 manat məbləğində pulun Cavabdeh1 tutulması hissəsində əsaslıdır və birinci instansiya məhkəməsi həmin məbləği 111.532 manat müəyyən etməkdə iş üzrə səhv nəticəyə gəlmişdir. İddia tələbinin digər Cavabdeh2 münasibətdə Məhkəmə bildirir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə iddia tələbini təmin etməməkdə iş üzrə düzgün nəticəyə gəlmişdir, həmin hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, Cavabdeh2 **-BE-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtomobilini 30 il müddətinə idarə etməyi Cavabdeh1(cavabdehə) etibar etmiş və avtomobil onun sahibliyindən qanunsuz şəkildə çıxmamışdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən əsaslıdır. Odur ki, Məhkəmə MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Cavabdeh1 aid hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat pul Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2023cü il tarixli qətnamə Cavabdeh1 aid hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilərək yeni qətnamə qəbul edilsin. Cavabdeh1 134.361(yüz otuz dörd min üç yüz almış bir) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat pul Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəflərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar