Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1691/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və Satışı İdarəsinə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(025)-529/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(025)-529/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh "xxxx" ASC-nin X4 və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan əsassız və qanunsuz olaraq tələb etdiyi 1067,99 (min altmış yeddi manat doxsan doqquz qəpik) manat məbğəlində cərimə pulunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Cığatelli kəndində ona məxsus fərdi yaşayış evi mövcuddur. Həmin yaşayış evinin yerləşdiyi həyətə elektrik xətti çəkilməklə sayğac quraşdırılmışdır. Sayğacın tipi 0872 U, seriya nömrəsi isə **********0 təşkil edir. 07 yanvar 2021-ci il tarixdə yaşadığı həyətə gecə vaxtı işıq nəzarətçiləri ondan xəbərsiz və qanunsuz olaraq daxil olaraq sayğaca baxış keçirmiş, sayğaca müdaxilə edərək maqnit yerləşdirmişlər. Bundan sonra onlar sayğacın yanına dəvət etməklə özlərinin qanunsuz hərəkətlərini həyata keçirmək məqsədilə akt tərtib etmişlər. Həytindən bir müddət əvvəl oğurluq hadisəsi olduğu üçün həyətinə videokamera quraşdırılmışdır. Cavabdeh təşkilatın nümayəndələri həmin kameradan xəbərsiz olmuşlar. Cavabdehin nümayəndələrinin qanunsuz hərəkətləri həyətində quraşdırılmış həmin videokameraya düşmüşdür ki, kameradan çıxarılan videogörüntüləri sübut olaraq məhkəməyə təqdim edir. Bundan sonra baş verənlər barəsində sahə inspektoruna və eləcə də cavabdehin nümayəndəsinə bildirmişdir. Lakin müraciətinin bir nəticəsi olmamış, cavabdeh təşkilatın rəhbərliyi onu guya sayğaca müdaxiləyə görə cərimə etdiyini və məhkəməyə verildikdən sonra həmin cərimənin silinməsinin mümkünlüyünü bildirmişdir. Cavabdehin rəhbərliyinə akt tərtib olunan zaman iştirakının təmin olunmadığı bildirməklə yol verdikləri qanunsuz hərəkətlərə etiraz etdiyini bildirmişdir. Cavabdeh təşkilatın nümayəndələrinin qanunsuz hərəkətlərini polisə (yəni qanunsuz axşam qaranlıq vaxtı, iş vaxtı olmayan zaman həyətinə qanunsuz və onun xəbəri, icazəsi olmadan girməsini polisə bildirdiyini deyəndə) və qanunsuz hərəkətləri videokameraya düşdüyünü dedikdən sonra cavabdeh təşkilatın rəhbərliyi ona cəriməni siləcəklərini bildirmişlər. Lakin bunu etməmişlər. Polis orqanları da müraciəti əsasında maraqlanmış və cavabdehin nümayəndələrinin qanunsuz hərəkətlərə yol verdiklərini ona demişlər. Buna görə də ona yazılan aktı və vəzifəli şəxsin onu cərimələməsi barədə qərarını gedib həmin təşkilatdan tələb etmişdir. Bu zaman tələblərinə məhəl qoymayan cavabdeh təşkiiat ona aktın və qərarın əslini deyil surətlərini vermişlər. Bu səbəbdən də aktın və qərarın surətini məhkəməyə təqdim etməyə məcbur olmuşdur. Qərarda guya sayğaca maqnit qoyulduğu, maqnit vasitəsi ilə sayğacın hesab mexanizmini guya saxladığı göstərilmişdir. O, sayğaca heç bir müdaxilə etməmiş və heç bir maqnit quraşdırmamışdır. Bunun nə olduğunu da bilmir. Aktdan sonra tərtib olunmuş «əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər» adlı 15 yanvar 2021 -ci il tarixli icra vərəqəsində isə ona abonent olaraq 1067,99 manat məbləğində borc hesablanmışdır. O, həmin borcla da razı deyil. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etdi və göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu, Çığatelli kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında X1 adına **********00044 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Həmçinin qüsur aktı və onun əsasında yazılan icra vərəqi istehlakçı kimi X1 adına tərtib edilmişdir. Bu səbəbdən də iddia qaldırmaq hüququ X2 aiddir. İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. Elektrik enerjisindən istifadə ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyi bir neçə qərarlarında ifadə olunmuşdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008 ci il tarixli Qərarında əsasə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 07.01.2021-ci il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin əməkdaşları M.Əliyev, F.Cavadov, X.Hacıbabayev və E.Bayramzadə tərəfindən Qəbələ rayonu, Çığatelli kəndində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin maqnit vasitəsi ilə sayğacın hesab mexanizmini saxlandığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 07.01.2021 -ci il tarixli, R202798 saylı akt tərtib olunmuşdur. 07.01.2021 -ci il tarixli, R202798 saylı akta əsasən "xxxx" ASC-nin Şimal- Qərb RETSl-nin Akt komissiyası tərəfindən 15.01.2021 -ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 185 gün üçün 0.11 manatla 9709 kvt.s, dəyəri 1067.99 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda keçən ilin müvafiq dövrü ilə, yəni 04.01.2020-ci il tarixdən 07.04.2020-ci il tarixə qədər 125 gün üçün sərfiyyatın toplamda 698 kvts olduğu, lakin qüsur aşkar edildiyi 09.01.2021 -ci il tarixdən 15.04.2021 -ci il tarixə qədər 126 gün üçün sərfiyyatın toplamda 1304 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (606 kvt.s) olduqca böyükdür. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı Qəbələ rayonu, Cığatelli kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş R202798 nömrəli akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və Satışı İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və Satışı İdarəsi bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ rayonu Cığatelli kəndində onun mərhum əri Eyyubov Allahverdiyə məxsus fərdi yaşayış evi mövcuddur. Həmin yaşayış evinin yerləşdiyi həyətə elektrik xətti çəkilməklə sayğac quraşdırılmışdır. 07 yanvar 2021-ci il tarixdə yaşadığı həyətə gecə vaxtı işıq nəzarətçiləri ondan xəbərsiz və qanunsuz olaraq daxil olaraq sayğaca baxış keçirmiş, sayğaca müdaxilə edərək maqnit yerləşdirmişlər. Bundan sonra onlar sayğacın yanına dəvət etməklə özlərinin qanunsuz hərəkətlərini həyata keçirmək məqsədilə akt tərtib etmişlər. Qərarda guya sayğaca maqnit qoyulduğu, maqnit vasitəsi ilə sayğacın hesab mexanizmini guya saxladığı göstərilmişdir. O, sayğaca heç bir müdaxilə etməmiş və heç bir maqnit quraşdırmamışdır. Bunun nə olduğunu da bilmir. Bütün bunlar cavabdeh təşkilatın öz qurma oyunlarıdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(025)-529/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, apellyasiya şikayətində 07 yanvar 2021-ci il tarixdə yaşadığı həyətə gecə vaxtı işıq nəzarətçilərinin ondan xəbərsiz və qanunsuz olaraq daxil olaraq sayğaca baxış keçirməsi, sayğaca müdaxilə edərək maqnit yerləşdirmələri ilə bağlı qeyd olunanlar onun tərəfindən ərizəni yazdırdığı şəxsə bildirilməmişdir. Ona görə də, apellyasiya şikayətinin həmin hissəsini müdafiə etmir. Onun həyətində heç bir video-kamera quraşdırılmamışdır və işıq nəzarətçiləri onun həyətinə quraşdırılmış sayğaca maqnit yerləşdirməmişdir. Cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 və Satışı İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(025)-529/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan "xxxx" ASC X6 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 07.01.2021-ci il tarixli R seriyalı 202798 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu Mıxlıqovaq kəndində **********00044 kod nömrəli istehlakçı olan X1 yaşadığı fərdi evdə elektrik enerjisindən istifadə qaydalarına riayət olunub-olunmamasını yoxlayaraq, maqnit vasitəsilə sayğacın hesab mexanizminin saxlanması aşkar edilmişdir. "xxxx" ASC-nin X4 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən 07.01.2021-ci il tarixli R seriyalı 202798 saylı akta əsasən tərtib edilmiş 15 yanvar 2021-ci il tarixli icra vərəqindən görünür ki, X1 çıxarılmış sayğacda olan oxunmamış 9709 kVt.s enerji üzrə 1067.99 manat borcu vardır. İşdə olan Qəbələ rayon, Cığatelli kənd İ.Ə.N tərəfindən verilmiş AZ-İ № 672174 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X3 26 avqust 2014-cü il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etməkdə haqlı olmuşdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-nin vəzifəli şəxsi tərəfindən hesablanmış cərimənin silinməsi ilə bağlı iddia tələbini sərfiyyatı azaltmaq üçün sayğaca maqnit taxaraq elektrik enerjisindən istifadə etmədiyi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Tərtib olunmuş aktdan görünür ki, maqnit vasitəsilə sayğacın hesab mexanizmi saxlanmış və bu yolla elektrik enerjisindən istifadə edilmişdir. Lakin həmin fərdi yaşayış evində əvvəlki yoxlama dövrlərində həmin müdaxilə mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı həmin müdaxilənin onun tərəfindən edilmədiyini sübuta yetirə bilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(025)-529/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(025)-529/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1691/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1691/2021
20.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver