Məhkəmə qərarları › İş №2(107)-1696/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1696/2020

26.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1696/2020 26.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, Ərizəçi hərbi əməliyyatlarda iştirak etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1267/2020 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi hərbi əməliyyatlarda iştirak etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1267/2020 nömrəli qərardadı ilə Ərizəçi hərbi əməliyyatlarda iştirak etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizənin qəbul olunmasından imtina edilmişdir. Ərizəçi qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci tarixli, 2(051)-1267 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1267/2020 nömrəli qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 2(075)-675/2020 nömrəli, xx xxxx 2020-ci il tаrixli qərаrdаdındаn iddiaçı X1 tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1267/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallar göstərilməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından görünür ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ərizəçi hərbi əməliyyatlarda iştirak etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etsə də tələb məhkəmə qaydasında baxılmalı deyil. Göstərilənlərə əsasən Ərizəçi ərizələrinin qəbul olunmasından imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1267/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-1267/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar