Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-17/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və s. tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- tikilinin sökülməsi, ərazinin təmizlənməsi, yerli baxış, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və s. tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tаrixli, 2(039)-42/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax rayonu, Gülövşə kəndində yerləşən fərdi yaşayış evinə yaxın yerdə cavabdeh tərəfindən tikilmiş tövlənin sökülməsi, çırkablı və gigiyenaya zidd olan çirkli ərazinin təmizlənməsi və su arxının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 20 ildir ki, qonşudur. Cavabdeh onun evinin 2,5 metr yaxınlığında təhlükəsizlik qaydalarına riayət etməyərək ot və küləş yığmaq üçün çardaqlı mal tövləsi tikib. Həmin tövlənin qabağında evinin yan divarına bitişik setka çəkib ev quşları və mal-qara saxlamaq üçün istifadə edir. Tövlədən çıxan mal-qaranın peyinini həmin yerə tökür. Tökülən peyinin pis qoxusunundan və insanın sağlamlığına zərər verəcək qədər zərərli olan həşəratların və gəmiricillərin əlindən yaşamaqları dözülməz vəziyyətdədir. Pis qoxudan evi havalandırmaq üçün pəncərələri aça bilmir. Bu da onlara mənəvi təsir edir. Bununla yanaşı cavabdeh keçən ilin avqust ayından həyətyanı sahəsinin kənarından keçən və onların həyətyanı torpaq sahəsini suvarmaq üçün olan su arxını qəsdən doldurub. Bununla əlaqədar olaraq həyətində olan ağacları suvara bilmir, ağacların qurumaq təhlükəsi var. Bununla bağlı cavabdehə neçə dəfə xəbərdarlıq etsə də, cavabdeh onu təhqir etmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tаrixli, 2(039)-42/2021 saylı, qətnaməsi (hakim: G.Cavadova) ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən Yevlax rayonu Gülövşə kəndində yerləşən cavabdehə məxsus 0,06 ha torpaq sahəsində tikilmiş tövlənin sökülməsi, tövlənin kənarında yerləşən çirkli ərazinin təmizlənməsi və həyətyanı torpaq sahələrinin suvarılması və ümumi istifadə üçün nəzərdə tutulmuş su arxının bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Cavabdeh ilə 20 ildir ki, qonşudur. Cavabdeh onun evinin 2,5 metr yaxınlığında təhlükəsizlik qaydalarına riayət etməyərək ot və küləş yığmaq üçün çardaqlı mal tövləsi tikib. Həmin tövlənin qabağında evinin yan divarına bitişik setka çəkib ev quşları və malqara saxlamaq üçün istifadə edir. Tövlədən çıxan mal-qaranın peyinini həmin yerə tökür. Tökülən peyinin pis qoxusunundan və insanın sağlamlığına zərər verəcək qədər zərərli olan həşəratların və gəmiricillərin əlindən yaşamaqları dözülməz vəziyyətdədir. Pis qoxudan evi havalandırmaq üçün pəncərələri aça bilmir. Bu da onlara mənəvi təsir edir. Bununla yanaşı cavabdeh keçən ilin avqust ayından həyətyanı sahəsinin kənarından keçən və onların həyətyanı torpaq sahəsini suvarmaq üçün olan su arxını qəsdən doldurub. Bununla əlaqədar olaraq həyətində olan ağacları suvara bilmir, ağacların qurumaq təhlükəsi var. Bununla bağlı cavabdehə neçə dəfə xəbərdarlıq etsə də, cavabdeh onu təhqir etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh Yevlax rayonu Gülövşə kəndində qonşuluqda yaşayırlar. İddiaçı özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirdikdən sonra cavabdeh özünə məxsus torpaq sahəsində “Dövlət şəhərsalma Norma və Qaydalarının” tələblərinə uyğun olmayan ara məsafə ilə tövlə tikmiş, tərəflərə məxsus həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su borusu cavabdeh tərəfindən çıxarılmış və su arxı cavabdeh tərəfindən torpaqla doldurulmuşdur. Sadalanan əsaslarla iddiaçı cavabdehə məxsus mal tövləsinin sökülməsini tələb etməkdə haqlıdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddia tələbinin su arxının bərpa edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həm cavabdehin məhkəmə iclasında verdiyi izahatı, həm də əraziyə yerli ərazi nümayəndələri tərəfindən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən ümumi istifadədə olan su arxında yerləşən su borusu cavabdeh tərəfindən sökülmüş və su arxı cavabdeh tərəfindən torpaqla doldurulmuşdur. Cavabdeh həmin su arxının və su borusunun ona məxsus olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən, Yevlax rayonu Gülövşə kənd yerləşən 0,06 ha torpaq sahəsində tikilmiş tövlə sökülməli, həmin tövlənin ətrafında olan çirkli ərazi təmizlənməli və ümumi istifadədə olan su arxı bərpa edilməli, iddia təmin edildiyindən 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4 və 180.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosesual və maddi hüquq normaları pozuntulara yol verilmişdir. Belə ki, AR MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən məhkəmə təqdim edilmiş sübutlra obyektiv, qərəsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. AR MPM-nin 385.1.4 maddəsini tələblərinə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi və həmin məcəllənin 385.1.2 maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsassdır. Mübahisə edilən su arxı 2019-cu ildən istifadə edilməmiş qalmışdır. Həmin su arxı onun tərəfindən inşa edilmişdir və onun tərəfindən istifadə olunmadığından ümumi şəbəkədən ayrılıb özünə yeni su arxı çekilmişdir. İddiaçı həmin ümumi şəbəkədən özünə su xətdi çekdirə bilər. Gigiyenaya zidd olan çirkli ərazinin təmizlənməsi ilə bağllı qeyd etmək istəyir ki, həmin ərazi tər-təmizdir. Mal tövləsinin arxa hissəsi kərpiclə hörülərək təhlükəsizliki təmin edilmişdir, mal tövləsinin yan hissəsi dəmir şifirlə hörülərək tamamilə təhlükəsiz şərait yaradılmışdır. Bütün bu faktları o, birinci instansiya məhkəməsinə bildirsə də və baxış keçirilməsi haqda vəsatət qaldırsa da birinci instansiya məhkəməsi vəsatətini təmin etməmişdir. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tаrixli, 2(039)-42/2021 saylı qətnaməsinin ləğv olunaraq yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tаrixli, 2(039)- 42/2021 saylı qətnaməsinin ləğv olunaraq yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tаrixli, 2(039)-42/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən çülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tаrixli, 2(039)-42/2021 saylı qətnaməsinin ləğv olunaraq yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tаrixli, 2(039)-42/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh Yevlax rayonu Gülövşə kəndində qonşuluqda yaşayırlar. İddiaçı özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirdikdən sonra cavabdeh özünə məxsus torpaq sahəsində “Dövlət şəhərsalma Norma və Qaydalarının” tələblərinə uyğun olmayan ara məsafə ilə tövlə tikmiş, tərəflərə məxsus həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su borusu cavabdeh tərəfindən çıxarılmış və su arxı cavabdeh tərəfindən torpaqla doldurulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, eksperizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzin 29 mart 2021-ci il tarixli 10/2165 saylı rəyindən görünür ki, Yevlax rayonu Gülövşə kəndində yerləşən Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilmiş mal tövləsi ilə həmin torpaq sahəsinə qonşu ərazidə İddiaçı məxsus 0,12 torpaq sahəsində yerləşən fərdi yaşayış evi arasındakı ara məsafə AzDTN 2.6- 1 “Dövlət şəhərsalma norma və qaydaları”nın 4.20 bəndinin tələblərinə uyğun olmadığı müəyyən olunur. Yəni tikilən tövlə ilə iddiaçıya məxsus ev arasındakı məsasfə 15 metr olmalı olduğu halda, tövlə evdən 2,5 metr məsafədə yerləşir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qəbul etməsi ilə razılaşır. Tikilmiş tövlənin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edildiyindən ekspert rəyinin əsassızlığı ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır.” Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası iş üzrə zərurət yarandığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yevlax Regional Gigiyena və Epidemologiya Mərkəzinə sorğu etdilmiş və sorğuda aşağıdakılar müəyyən edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yevlax Regional Gigiyena və Epidemologiya Mərkəzi sorğuya cavab olaraq bildirmişdir ki, 14 yanvar 2022-ci il tarixdə Yevlax rayonu Gülövşə kəndində yerləşən iddiaçı X4 və cavabdeh X2 məxsus Fərdi yaşayış evlərinə baxış keçirilmişdir. Sanitar müayinə zamanı müəyyən edilmişdir ki, Yevlax rayonu Gülövşə kəndində yerləşən Cavabdeh Mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilmiş mal tövləsi iddiaç X3 yaşayış evinin pəncərəsindən 2,6 m məsafədə yerləşir ki, bu da gigiyenik normativlərin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Şəhərsalma və Tikinti komitəsinin 12 oktyabr 2011 tarixli 5 nömrəli kollegiyasında təsdiq edilmiş və 1 yanvar 2012-ci il tarixdə qüvvəyə minmiş Dövlət tikinti normalarının 4.20 bəndinə əsasən yaşayış otaqlarının pəncərəsindən malqara saxlanılan tikililərdək olan məsafə 15 m-dən az olmamalıdır. Belə bir vəziyyət iddiaçı X3 evində yaşayanların səhətinə mənfi təsir göstərir. Evdə xoşagəlməz iy hiss olunur və onların haqlı narazılığına səbəb olur. Bundan başqa məhkəmə kollegiyası tərəfindən mübahisəli ərziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tərəflərə məxsus həyətyanı torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su borusu cavabdeh tərəfindən çıxarılmış və su arxı cavabdeh tərəfindən torpaqla doldurulmuşdur. Yəni iddia tələbində qeyd edilən hallar öz təsdiqini tapmışdır. Göründüyü kimi mübahisəli mal tövləsi qnunvericiliyin tələblərinə uyğun tikilmədiyindən, su arxında olan su borusu çıxarılaraq torpaqla doldurulduğundan iddia tələbi əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tаrixli, 2(039)-42/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 25 may 2021-ci il tаrixli, 2(039)-42/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-17/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-17/2023
02.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver