Məhkəmə qərarları › İş №2(107)-171/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-171/2020

08.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-171/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı 1989-cu ildən 1992-ci ilin 09 may tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)- 1594/2018 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-1594/2018 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) ərizə təmin edilmiş, Ərizəçi 1989-cu ildən 1992-ci ilin 09 may tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi hüquqi faktının təsdiq edilməsi qət edilmişdir. İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1989-cu ildən 1992-ci ilin 09 may tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırmışdır ki, Şəki şəhərində doğulmuş və Şəki şəhərində yaşayır. O, 1981-ci ildə Şəki Hərbi komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağrılmış və 1983-cü ildə hərbi xidməti başa vurduqdan sonra ordu sıralarından təxris olunaraq vətənə qayıtmışdır. 1991-ci ildə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Dağlıq Qarabağa, döyüş bölgələrinə yollanmışdır. Döyüşlərə Ağdam rayonun Abdal-Gülablı kəndindən başlamışdır. 1989-cu ildən 1990-cı ilin yanvarın 20-nə kimi Azərbaycan- Qarabağ özünümüdafiə dəstəsində könüllü olaraq döyüşlərdə, 1990-1992-ci ilin mayın 9na kimi Şuşada döyüşlərdə, Nəbilərdə, Tərtərdə, Qərvənddə döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin may ayının 9-na Şuşa uğrunda gedən kimi döyüşlərdə iştirak etmiş və həmin gün Şuşadan çıxmışdır. 1992-ci ilin may ayının 9-dan Tər-tərə gələrək 2 aya qədər Elçinin batalyonunda olmuşdur. 2 aydan sonra Qərvəndə gəlmişdir. Avqustun ortasında Abdal- Gülablıda minamyota düşərək döyüş yoldaşlarından 9-u şəhid olmuşdur. Onlardan 5-i Şəkidən idi. O da həmin şəhid olmuş döyüş yoldaşlarının cənazələrini gətirərək Şəkiyə gəlmişdir. Həmin vaxt qardaşı Nasosnuda xidmətdə olmuşdur. Daha sonra Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün qardaşını da özünün döyüşdüyü hissəyə təhvil vermiş və geri qayıtmışdır. Bundan sonra döyüşlərdə iştirak etməmişdir. Qardaşı Fərahim daha sonra Daşkənd uğrunda gedən döyüşlərdə vəfat etmişdir. Onunla könüllü Qarabağ müharibəsində iştirak etmiş Şəkidən olan uşaqlardan bəziləri həlak olmuş, sağ qalanlardan bəziləri hal-hazırda Şəki şəhərində yaşayırlar. Müntəzəm olaraq bir-birləri ilə əlaqə saxlayır, daim döyüş yoldaşları kimi bir-birləri ilə maraqlanırlar. Lakin onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi döyüş yoldaşları tərəfindən bilinsə də, döyüşlərdə və ümumiyyətlə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi barədə rəsmi məlumat yoxdur. Onun qeyd etdiyi ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi, həmin hadisələrin şahidləri olan döyüş yoldaşları tərəfindən təsdiq edilə bilər. Onun döyüşlərdə iştirak etməsi eyni zamanda 000010 saylı Azərbaycan-Qarabağ Könüllü Müdafiə Dəstəsi vəsiqəsindən aydın olur. Lakin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktını təsdiq edən sənədləri əlavə edə bilmir. Həmin sənədləri əldə etmək mümkün deyil. Yanlız onda xx xxxxx 1992-ci il tarixli 049 nömrəli məzuniyyət vəsiqəsi var. Göstərilənlərin nəzərə alınaraq onun 1989-cu ildən 1992-ci ilin 09 may tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs nümayəndəsi Rövşən Rəsulzadə xx xxxx 2018-ci il tarixdə məhkəməyə məktub göndərərək Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 1992-ci ilin yanvarında Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Şuşaya getmişdir. Mayın 7-nə qədər Şuşada olmuşdur. Şuşa alınarkən o, Papanində olmuşdur. 1992-ci ildə onları əmrlə rəsmiləşdirərək Qarabağ özünümüdafiə dəstəsi yaradılmışdır. Sonra 777-ci hərbi hissədən əmək haqqı almışdır. Bir müddət sonra Ağdərədə Mehmanın batolyonuna getmişlər. Daha sonra N nömrəli hissə yaradılmış və orada xidmət aparmışdır. Ərizəçi 1992-ci ilin fevral ayında Şuşada tanımış və sonra onu Qərvənddə görmüşdür. X1 da ordu sıralarında olmuş və döyüş zamanı yaralanmışdır. Fərahim Çapuqi yaralı olarkən o da bir tibb bacısı kimi ona tibbi xidmət göstərmişdir. Sonradan ona məlum olmuşdur ki, Fərahim Çapuqi şəhid olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 1992-ci ildə Şuşa, Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O da N nömrəli hərbi hissənin tərkibində olmuşdur. Hərbi rütbəsi olmasa da, 1994-cü ilə kimi komandirin silah-sürsat təmini üzrə müavini olmuşdur. 1988-ci ildən o, Ərizəçi tanıyır. Ərizəçi və qardaşı Fərahim onlarla birlikdə vuruşmuşdur. Onlar Şuşaya ondan bir həftə sonra gəlmişlər. Kamilin qardaşı Fərahim şəhid olmuş, özü isə onlarla birlikdə Abdal-Gülablı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Abdullayev Ülfət Şövkət oğlu ifadəsində göstərmişdir ki, 1992-ci ilin mart ayında Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Şuşaya getmişdir. 1993-cü ilin may ayında isə Qarabağ uğrunda gedən döyüşlərdən geri qayıtmışdır. Həmin vaxtlar o, Ərizəçi ilə birlikdə döyüşlərdə iştirak etmişdir. Ərizəçi ilə Şuşada birlikdə vuruşmuşlar. Daşaltı əməliyyatında da bir yerdə olmuşlar. Kamil də daxil olmaqla 20 nəfərlik dəstənin tərkibində Daşaltı əməliyyatında şəhid olmuş Azər adlı zabitin meyidini döyüş bölgəsindən çıxarılmasında da birlikdə iştirak etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 1992-ci ilin fevral ayında Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Kamillə birlikdə Şuşaya getmişlər. 1992-ci ilin dekabr ayına qədər ordu sıralarında olmuşdur. Kamillə Şuşa, Abdal-Gülablı, Qərvənd uğrunda gedən döyüşlərdə birlikdə vuruşmuşdur. N nömrəli hərbi hissə yaradılmış və o da həmin hərbi hissənin tərkibində olmuşdur. Nəbilərdə də o, Kamillə birlikdə vuruşmuşlar. Sonuncu dəfə o, Kamili xx xxx 1992-ci ildə görmüşdür. O, Abdal-Gülablıda, Kamil isə Qərvənddə olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 1989-cu ildə Müdafiə Şurasının tərkibində Qarabağa getmiş və 1990-cı ilin yanvarın 20-i Qarabağdan çıxmışlar. Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 1992-ci ilin mart ayında könüllü olaraq Şuşaya getmişdir. Şuşa işğal olunduqdan sonra döyüş yoldaşları ilə birlikdə ümumi qərargahları Yevlaxda yerləşdiyi üçün Yevlaxa gəlmişlər. Daha sonra N nömrəli hissə yaradılmış və orada xidmətə başlamışdır. Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1993-cü ildən oradan çıxmışdır. Şuşa uğrunda gedən döyüşlərdə Şəki rayonu, Aşağı Göynükdən Füzuli, Şəki şəhərindən Şahid oğlu Məmməd, Bərdə rayonundan Ceyhun, Ağcəbədi rayonundan Xəyyam və.s 9 nəfər olmaqla mühasirədə qaldılar. Yanlız mayın 12-də Şuşadan çıxmışlar. Həmin vaxt döyüş yoldaşlarından 5-i vəfat etmişdir. Ərizəçi ilə Şuşada birlikdə vuruşmuşlar. Kamil də daxil olmaqla 20 nəfərlik dəstənin tərkibində Daşaltı əməliyyatında şəhid olmuş Azər adlı zabitin meyidini döyüş bölgəsindən çıxarılmasında da birlikdə iştirak etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan maraqlarına toxunan şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Maraqlarına toxunan şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1594/2018 nömrəli qətnaməsində qeyd olunmuşdur ki, Ərizəçi 1989-cu ildən 1992-ci ilin 09 may tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktın müəyyən edilməsi ona müddətdən artıq xidmət etmiş şəxs kimi pensiya ala bilməsi məqsədi üçün lazım olduğunu bildirsə də, sonradan bu qətnaməni “Müharibə veteranı” adının və vəsiqəsinin alması üçün istifadə etmək istəyir. Habelə həmin qətnamədə qeyd olunmamışdır ki, lazımi sənədləri ərizəçinin ala bilməməsini və həmin sənədləri alması üçün müvafiq orqanlara müraciət etmiş olsun və bu barədə sübutlar təqdim etməmişdir. Həmçinin məhkəmə işin mahiyyəti üzrə araşdırılması məqsədilə, öz səlahiyyəti çərçivəsində sübutların əldə edilməsi üçün müvafiq orqanlara sorğular etməmiş və yalnız şahid ifadələrinə əsasən qətnamə qəbul etmişdir. Eyni zamanda Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1594/2018 nömrəli qətnaməsi ilə Ərizəçi 1989-cu ildən 1992-ci ilin 09 may tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktın müəyyən edilsə də, onu hansı hərbi hissənin tərkibində xidmət etməsini və ya yerli özünümüdafiə dəstəsinin və birləşməsinin tərkibində döyüşlərdə iştirak etməsi faktı müəyyən olunmamışdır. Özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Məlum olduğu kimi, döyüş əməliyyatlarında hər hansı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş hərbi qulluqçular haqqında məlumatlar müvafiq qoşun növünün arxivində saxlanılır. Özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahısı isə yerli icra hakimiyyəti orqanları aparmış və onların arxivində saxlanılır. Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin arxiv sənədləri Xidmətin Aparatında saxlanılmır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-1594/2018 nömrəli qətnaməsinin ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Maraqlı şəxs nümayəndəsi və Ərizəçi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin nümayəndəsi Rəşad Qasımov məhkəməyə teleqram ünvanlayaraq, apelyasiya şikayətini müdafiə etdiklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)- 1594/2018 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. MPM-nin Azərbaycan 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in sadalanan normalarından görünür ki, xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi aşağıdakı hallarda mümkündür: ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Ərizəçi 1991-ci ildə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Dağlıq Qarabağa, döyüş bölgələrinə yollanmışdır. Döyüşlərə Ağdam rayonun Abdal-Gülablı kəndindən başlamışdır. 1989-cu ildən 1990-cı ilin yanvarın 20-nə kimi Azərbaycan-Qarabağ özünümüdafiə dəstəsində könüllü olaraq döyüşlərdə, 1990-1992-ci ilin mayın 9-na kimi Şuşada döyüşlərdə, Nəbilərdə, Tərtərdə, Qərvənddə döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin may ayının 9-na kimi döyüşlərdə iştirak etmiş və həmin gün Şuşadan çıxmışdır. 1992-ci ilin may ayının 9-dan Tər-tərə gələrək 2 aya qədər Elçinin batalyonunda olmuşdur. 2 aydan sonra Qərvəndə gəlmişdir. Ağdamın Qərvənd kəndində yaradılmış N saylı hərbi hissəyə qoşulmuşdur. İşin həmin faktiki halları ərizəçinin izahatı, onun döyüş yoldaşları olmuş şahidlərin ifadələri, işdə olan sənədlərlə, ona məxsus hərbi biletlə və fotoşəkillərlə tam təsdiq olunur. Ərizəçi müddətdən artıq xidmət etmiş şəxs kimi pensiya ala bilməsi üçün onun 1989cu ildən 1992-ci ilin 09 may tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki,hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 14-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli,136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 36.1.4-cü maddəsinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə ərizə yazılı formada tərtib olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi 1989-cu ildən 1992-ci ilin 09 may tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyinə görə ona müddətdən artıq xidmət etmiş şəxs kimi pensiya təyin edilməsi və ya ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı inzibati orqan olan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə müraciət etməli, həmin orqandan ona lazım olan sənədlərin verilməsindən imtina ediləcəyi təqdirdə imtina edilməsini qanunsuz və əsassız hesab edərsə, inzibati orqan olan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə qarşı həmin mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, ərizəçi inzibati orqanın qərarı ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etməli olduğundan Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-1594/2018 nömrəli qətnaməsi ləğv edilməli, Ərizəçi Maraqlı şəxsnə qarşı 1989-cu ildən 1992-ci ilin 09 may tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 391, 400-404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: Maraqlarına toxunan şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(075)-1594/2018 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi Maraqlı şəxsnə qarşı 1989-cu ildən 1992-ci ilin 09 may tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi izah edilsin ki, o, 1989-cu ildən 1992-ci ilin 09 may tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyinə görə ona müddətdən artıq xidmət etmiş şəxs kimi pensiya təyin edilməsi və ya ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı inzibati orqan olan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə müraciət etməli, həmin orqandan ona lazım olan sənədlərin verilməsindən imtina ediləcəyi təqdirdə imtina edilməsini qanunsuz və əsassız hesab edərsə, inzibati orqan olan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə qarşı həmin mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar