Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1729/2021 16.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Salmanov Əli Sabir oğlunun iştirakı ilə İddiaçı Tircan Bələdiyyəsinin cavabdeh Məmmədov Dönməz Əbdülxalıq oğluna qarşı bələdiyyəyə məxsus örüş otlaq sahəsində qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(037)- 719/2021 nömrəli qərardadından iş üzrə iddiaçı Tircan Bələdiyyəsinin nümayəndəsi Əlizadə Rüfət Zahid oğlu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Tircan Bələdiyyəsi müraciət edərək bələdiyyəyə məxsus kənd “Acıdərə” adlanan ərazidən 15 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində cavabdeh Məmmədov Dönməz Əbdülxalıq oğlu tərəfindən inşa etdirilmiş 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 (iki) ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 (iki) çoban evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 13 iyul 2021-ci il tarixli 2(037)- 719/2021 nömrəli qərardadı ilə iddiaçı Tircan Bələdiyyəsinin cavabdeh Məmmədov Dönməz Əbdülxalıq oğluna qarşı bələdiyyəyə məxsus örüş otlaq sahəsində qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı Tircan Bələdiyyəsinin nümayəndəsi Əlizadə Rüfət Zahid oğlu qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş və İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(037)-719/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı Tircan Bələdiyyəsinin nümayəndəsi Əlizadə Rüfət Zahid oğlu qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə aidiyyət qaydalarını əsas gətirərək iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Ona görə də İsmayıllı Tircan Bələdiyyəsi tərəfindən cavabdeh Məmmədov Dönməz Əbdülxalıq oğluna qarşı bələdiyyəyə məxsus örüş otlaq sahəsində qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair verilmiş iddia İsmayıllı rayon məhkəməsində baxılmalıdır. İsmayıllı Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(037)-719/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəf məhkəməyə teleqram ünvanlayaraq, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını, cavabdeh isə işin təxirə salınmasını xahiş etmişdir. Cavabdeh tərəf təxirə salınmanın üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(037)-719/2021 nömrəli qərardadı tam, 29.07.2021-ci il tarixli qərardadı isə qismən “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilərək, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı geri qaytarılması barədə mövqeyi əsassızdır. Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Kollegiya seçmə aidiyyətlə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, seçmə aidiyyətinin əsas mahiyyəti pozulmuş subyektiv hüquqların və qanunla qorunan mənafeyin məhkəmə müdafiəsində iddiaçı üçün əlavə təminatların yaradılmasından ibarətdir. Seçmə aidiyyətlə bağlı mülki işin məhkəmələrdə baxılması həmin tələblər üzrə yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin dindirilməsi kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaların tələblərindən çıxış etməmişdir.. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, iddia ərizəsinin geri qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın geri qaytarılması üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı digər hallar arışdırılıb onlara qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların arışdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edilməzsə iddianı icraata qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Tircan Bələdiyyəsinin nümayəndəsi Əlizadə Rüfət Zahid oğlunun şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(037)-719/2021 nömrəli qərardadı tam, bu qərardadla bağlı 29.07.2021-ci il tarixli qərardadı isə qismən “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. İddiaçı Tircan Bələdiyyəsinin cavabdeh Məmmədov Dönməz Əbdülxalıq oğluna qarşı bələdiyyəyə məxsus örüş otlaq sahəsində qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair mülki iş baxılması üçün İsmayıllı rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1729/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1729/2021
16.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver