Məhkəmə qərarları › İş №2(107)-175/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-175/2023

16.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-175/2023 16.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh Siracəddin oğluna qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- tikilinin sökülməsi, mülkiyyət hüququnun müdafiəsi, ekspertiza məsələləri) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı İB-nin Cavabdeh Siracəddin oğluna qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-86/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 tərəfindən ünvan 1 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı: İddiaçı İB-i tələbinin dəqiqləşdirilməsi (dəyişdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh X6 tərəfindən ünvan 2 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin (qeyri yaşayış binasının) cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı İstehalat Birliyi iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq İddiaçı X1 istismarı İdarəsinin balansında və istismarında olan ünvan 2 ünvanından keçən d-114 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin 19 (on doqquz) pm. hissəsində qaz xəttinin mühafizə zonasında üzərində tikili inşa edilmişdir. ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 (beş) metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Hesab etmişdir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(075)-86/2022 saylı qətnaməsi ilə (C.İmanov), İddiaçı İB-nin cavabdeh X4 qarşı onun tərəfindən ünvan 2 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin (qeyri yaşayış binasının) cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 10.40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə 150 manat ekspertiza xərci İddiaçı İB-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X7 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 12 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında 0.0102 ha torpaq sahəsi Cavabdeh Sracəddin oğluna məxsusdur və Cavabdeh Sracəddin oğlu tərəfindən həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa edilmişdir. Cavabdeh Siracəddin oğlu mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilmiş 85.9 kv.metrlik qeyri-yaşayış binasını mülkiyyətində olan 0.01102 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili cavbdehin adına qeydiyyata alınmış torpaq sahəsində inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən tikili qanunsuz tikili deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iclasında müəyyən edildi ki, 12 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında 0.0102 ha torpaq sahəsi Cavabdeh Sracəddin oğluna məxsusdur və Cavabdeh Sracəddin oğlu tərəfindən həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa edilmişdir. Cavabdeh Siracəddin oğlu mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilmiş 85.9 kv.metrlik qeyri-yaşayış binasını mülkiyyətində olan 0.01102 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili cavbdehin adına qeydiyyata alınmış torpaq sahəsində inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən tikili qanunsuz tikili deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qeyd olunmalıdır ki, “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün də bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan Məcəllənin 158.4-cü maddəsinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu kontekstdə məhkəmə hesab edir ki, mülkiyyət hüququ əsasında cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikili üzərində onun hüquqları Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi çərçivəsində “mülkiyyət” hüququ kimi qorunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin cavabdeh X4 qarşı onun tərəfindən ünvan 2 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin (qeyri yaşayış binasının) cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17.1, 18, 152.1, 157.8, 158.4, 180.1, 180.2, 180.4-cü maddəsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndi, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 33cü maddəsi, “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1ci maddəsi, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin e-2(075)- 86/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı İB-nin iddiası təmin edilməmişdir. Hesab edirik ki, qətnamə çıxarılarkən tədqiq edilən sənədlər dəqiq araşdırılmamışdır. Belə ki, cavabdeh X6 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq İddiaçı X1 istismarı İdarəsinin balansında və istismarında olan ünvan 1 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin 19 pm hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində tikili inşa edilməsi mülki işin mübahisəsiz halıdır. Sözügedən qaz kəməri iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi 1979-cu ildə inşa edilmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilər. Göründüyü kimi qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi işin obyektivə və həqiqətə nail olmaq üçün kifayət qədər araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Tərtib edilmiş akt və fotoşəkillərdən düzgün istifadə edilməmişdir. İş üzrə həqiqətə nail olmaq və tam araşdırma üçün hərəkətlər edilməmiş, ekspetiza üçün kəmərin mühafizə zonasının müəyyənləşdirilməsi üçün prossesual hərəkətlər etməmiş, kəmərin üzərinin açılmaı ilə bağlı texniki ekspetiza aparmamışdır. Gəlcəkdə insan tələfatı ilə nəticələnə biləcək ehtimal bədbəxt hadisələrin əvvəlcədən qarşısının alınmasına şərait yaradılmamışdır. Cavabdeh X6 tərəfindən ünvan 1 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikili qaz kəmərinin mühaizə zonasında yerləşir və bu təqdim edilmiş sənədlərlə öz təsdiqini tapır. Lakin hazırkı mübahisədə birinci instansiya məhkəməsinin mövqeyi və sonda iddianın rədd olunması qanun pozuntusu kimi qiymətləndirilməlidir. Çünki hazırkı iddianın mahiyyəti insan faktoruna dayanan iddia olmaqla onların təhlükəsizliyinin təminatı üçündür və məhkəmənin hazırkı formada qərar qəbul etməsi onların həyati təhlükəsini sığortalamır. Qeyd edirik ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Ona görə də birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli e-2(075)- 86/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianının təmin edilərək cavabdeh X6 tərəfindən ünvan 1 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının 19 yanvar 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli e-2(075)-86/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianının təmin edilərək cavabdeh X6 tərəfindən ünvan 1 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbаycаn Respublikаsı Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 180.1-ci mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci mаddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü mаddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnunu: «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 19-cu mаddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özülünə qədər məsafə 4 metr, alçaq təzyiqli qaz kəmərlərinin məsafə isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndində əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli e- 2(075)-86/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianının təmin edilərək cavabdeh X6 tərəfindən ünvan 1 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli e-2(075)-86/2022 saylı qətnaməsi İddiaçı İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 12 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında 0.0102 ha torpaq sahəsi Cavabdeh Sracəddin oğluna məxsusdur və Cavabdeh Sracəddin oğlu tərəfindən həmin torpaq sahəsində qeyriyaşayış binası inşa edilmişdir. Cavabdeh Siracəddin oğlu mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilmiş 85.9 kv.metrlik qeyri-yaşayış binasını mülkiyyətində olan 0.01102 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, iş üzrə həqiqətə nail olmaq və tam araşdırma üçün hərəkətlər edilməmiş, ekspetiza üçün kəmərin mühafizə zonasının müəyyənləşdirilməsi üçün prossesual hərəkətlər etməmiş, kəmərin üzərinin açılmaı ilə bağlı texniki ekspetiza aparmamışdır. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, 22 iyul 2022-ci il tarixli, 10/2430 saylı rəydə göstərilmişdir ki, Cavabdeh Siracəddin oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilmiş 85.9 kv.metrlik qeyriyaşayış binası Cavabdeh Siracəddin oğlunun mülkiyyətində olan 0.01102 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Bu barədə ƏMDK tərəfindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilmiş 85.9 kv.metrlik qeyri-yaşayış binasına keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, məhkəmə tikintitexniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, Cavabdeh Siracəddin oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilmiş 85.9 kv.metrlik qeyriyaşayış binası Cavabdeh Siracəddin oğlunun mülkiyyətində olan 0.01102 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri bu hissədə əsassızıdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi işin obyektivə və həqiqətə nail olmaq üçün kifayət qədər araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmırır. Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli, 10/6259 saylı rəydə göstərilmişdir ki, ünvan 1 ünvanından keçən d-114 mm qaz kəmərinin layihə-smeta sənədlərinin təqdim edilməsi barədə vəsatət təmin edilmədiyi üçün, müqayisəli analiz aparmaqla həmin qaz kəmərinin layihəsmeta sənədlərinə uyğun çəkilməsini müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanından keçən d-114 mm qaz kəmərinin mübahisə predmeti olan tikilinin yaxınlığından keçən hissəsi yeraltı şəkildə çəkildiyi, o cümlədən üzəri tökmə betonla örtüldüyü üçün qaz kəməri ilə tikili arasında olan məsafəni müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Qaz kəməri ilə tikili arasında məsafəni müəyyən etmək mümkün olmadığı üçün tikilinin qaz kəmərinin mühafizə zonasında yerləşəb-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Daha sonra kollegiya qeyd edir ki, işdə olan 12 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında 0.0102 ha torpaq sahəsində yerləşən, qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli, 10/2430 saylı rəydə göstərilmişdir ki, Cavabdeh Siracəddin oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilmiş 85.9 kv.metrlik qeyri-yaşayış binası Cavabdeh Siracəddin oğlunun mülkiyyətində olan 0.01102 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Bu barədə ƏMDK tərəfindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Yenidən ekspertizanın keçirilməsi ilə bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Göründüyü kimi iddiaçının iddia tələbi cavabdehin qeyri-yaşayış binası üzərində qanunla qorunan mülkiyyət hüququnu poza bilət. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13, 29-cu maddələri). Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli e-2(075)-86/2022 saylı qətnaməsi İddiaçı İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İB-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli e-2(075)-86/2022 saylı saylı qətnaməsi İddiaçı İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar