Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1779/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Cavabdeh1 və İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, iddiaçılar Cavabdeh1, İddiaçı və cavabdeh X2 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-1167/2021 saylı, 30 iyun 2021-ci il tаrixli qətnaməsindən iddiaçılar Cavabdeh1 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar Cavabdeh1 və İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 3700 manat əsas pulun və 30 manat dövlət rüsumunun, 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Şəki rayonu Turan qəsəbəsində yaşayırlar. Cavabdeh1 onun həyat yoldaşıdır. 2013-cü ilin sentyabr ayında X5 onlara müraciət edərək ona pul lazım olduğunu, adına kredit olduğuna görə kredit ala bilmədiyini onların adına kredit alaraq özü tərəfindən ödəniləcəyini bildirərək onlardan özlərinin adına kredit almağı xahiş etmişdir. Cavabdeh 2013-cü ilin oktyabr ayında bir neçə nəfər də taparaq onları "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının Şəki filialına aparmış və orada onlarla “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatı arasında 25 oktyabr 2013-cü il tarixli ŞƏK-721/1 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən o, X8, X6, Cavabdeh1, X4, X10 və X7 7000 (yeddi min) manat kredit verilmişdir. Həmin 7000 manatın 2000 manatı onlara çatmış və onlar ər-arvad hər ikisi həmin 2000 manatı götürərək X3 vermişlər. Cavadeh də öz növbəsində bildirmişdir ki, həmin 2000 manatı və 2000 manat kreditin verilməsi ilə bağlı bütün faizləri ödəyəcəkdir. Lakin Cavabdeh 2 ay kredit müqaviləsi uzrə borcu ödədikdən sonra qalan borcu ödəməkdən yayınmışdır. Dəfələrlə tələb etmələrinə baxmayaraq borcunu ödəməmiş və "İcraçı Kredit Agentliyi” MMC Bank Olmayan Kredit Təşkilatı onlara qarşı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 06 fevral 2015-ci il tarixli 2(075)-682/2015 saylı məhkəmə əmri ilə 2060,66 (iki min altmış manat 66 qəpik) manat əsas, 288,74 (iki yüz səksən səkkiz manat 74 qəpik) manat faiz borcu, 375,99 (üç yüz yetmiş beş manat 99 qəpik) manat cərimə, cəmi 2725.39 (iki min yeddi yüz iyirmi beş manat 39 qəpik) manatın borclular X8, X6, Cavabdeh1, X4, X10, X9 və ondan müştərək qaydada tutularaq “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi əmr edilmişdir. Cavabdeh tərəfindən kredit borcu ödənilmədiyindən həmin borc onun pensiyasına yönəldilmiş və borcun bir hissəsi onun pensiyasından tutulmuşdur. Qalan hissəsini isə nağd şəkildə “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödəmişlər. Sonuncu dəfə tərəflərindən 29.04.2021-ci il tarixdə 230,42 manat ödəniş edilərək kredit borcu bağlanmışdır. Beləliklə onlar tərəfindən həmin kredit borcunun onlara düşən hissəsinin tam şəkildə ödənilməsi üçün 3700 manat ödəniş edilmişdir. Odur ki, həmin pul cavabdehdən alınaraq onların xeyrinə verilməlidir. Onlar dəfələrlə həmin pulu cavabdehdən tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-1167/2021 saylı, 30 iyun 2021-ci il tаrixli qətnaməsi ilə (hakim C.İmanov) iddiaçılar Cavabdeh1 və İddiaçı cavabdeh X1 3700 (üç min yeddi yüz) manat borc pulun və 30,40 manat dövlət rüsumunun alınaraq onlara verilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı, X8, X6, Cavabdeh1, X4, X10 və X9 “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatı ilə aralarında bağlanmış 25 oktyabr 2013-cü il tarixli, ŞƏK-721/1 saylı kredit müqaviləsinə əsasən 7000 manat məbləğində kredit götürmüşlər və Cavabdeh1 Nədif oğlu tərəfindən kredit öhdəliyi üzrə son ödəniş 29 aprel 2021-ci il tarixində qeydə alınmış və həmin tarixdən etibarən onun “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatı qarşısında kredit öhdəliyi yoxdur. İddiaçılar “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatından götürmüş olduqları 2000 manat pulu cavabdehə verdiklərini iddia etmiş, cavabdeh isə məhkəmə iclasında iddianı qəbul etməmiş, əksinə onlardan borc pul istəmədiyini və almadığını bildirmişdir. İddiaçılar isə məhz cavabdehin onlara 3700 manat məbləğində borcunun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçıların və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab etmişdir ki, iddiaçılar Cavabdeh1 və İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi verilmiş pul borcunun qaytarılması ilə bağlı olduğundan bu münasibət mülki qanunvericiliyin borc müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən normalar tətbiq edilməklə həll edilməlidir. İddiaçılar Cavabdeh1 və İddiaçı “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatından kredit götürərək borc kimi cavabdehə verdiklərini bildirsələr də, buna dair hə hansı sübutu iş materialına əlavə etməmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 739.1-ci, 740-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış və beləliklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, 2013-cü ilin sentyabr ayında X5 bizə müraciət edərək ona təcili pul lazım olduğunu, adına kredit olduğuna görə kredit götürə bilmədiyini bildirmiş, bizdən öz adlarına kredit götürərək ona vermələrini xahiş etmişdir. Bildirmişdir ki, əgər kredit gülürüb ona versələr onlara heç bir problem yaranmayacaq, kreditin ödənişləri onun tərəfindən vaxtlı-vaxtında ödəniləcəkdir. Cavabdehi uzun müddət tanıdıqlarına, onunla bir kənddən olduqlarına görə ona inanmış, öz adlarına 2000 manat kredit götürərək cavabdehə vermişlər. Cavabdeh 2 ay həmin kredit üzrə ödənişləri etsə də, sonradan ödəniş etməmiş, bütün borc onların üzərinə qalmışdır. Dəfələrlə cavabdehə borcunu ödəməsi barədə müraciət etsələr də, o müxtəlif bəhanələr gəlirərək pulu ödəməkdən yayınmışdır. Başqa çarəmiz olmadığına görə məcbur qalaraq götürülmüş krediti özləri “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatına tam şəkildə ödəmişlər. Halhazırda da. borcun onlara ödənilməsi ilə bağlı X3 müraciət etsələr də, cavabdeh onlara yeznələrinin ona borcu olduğunu, həmin borc ödənilməyəcəyi təqdirdə onların pulunu qaytarmayacağını bildirir. Nəticədə məcbur qalaraq hazırki iddia tələbi ilə, Şəki Rayon Məhkəməsinə müraciət etsələr də. məhkəmə iddianın təmin edilməməsi barədə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Eyni zamanda onlar birinci instansiya məhkəməsinin iclası zamanı cavabdehin onlardan pul almasını təsdiq edəcək şahidlərinin olduğunu, həmin şahidlərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün onlara vaxt verilməsini xahiş etsələr də, məhkəmə onların xahişini təmin etməmişdir.Tərəflərindən verilmiş iddia ərizəsində və birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatda kredit borcunun iki ayının cavabdeh tərəfindən ödənilməsini göstərsələr də, birinci instansiya məhkəməsi həmin hissədə heç bir araşdırma aparmamışdır. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(075)-l 167/2021 nömrəli qətnaməsini tamamilə ləğv edib onların iddiasının tam şəkildə təmin edilməsi, cavabdeh X1 3700 manat əsas pulun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçılar Cavabdeh1, İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(075)- 1167/2021 nömrəli qətnaməsini tamamilə ləğv edib onların iddiasının tam şəkildə təmin edilməsi, cavabdeh X1 3700 manat əsas pulun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(075)-1167/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətində apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(075)-l 167/2021 nömrəli qətnaməsini tamamilə ləğv edib, onların iddiasının tam şəkildə təmin edilməsini xahiş edirlər. Ona görə də kollegiya qətnamənin əsaslığını tam şəkildə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(075)-1167/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı, X8, X6, Cavabdeh1, X4, X10 və X9 “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatı ilə aralarında bağlanmış 25 oktyabr 2013-cü il tarixli, ŞƏK-721/1 saylı kredit müqaviləsinə əsasən 7000 manat məbləğində kredit götürmüşlər və Cavabdeh1 Nədif oğlu tərəfindən kredit öhdəliyi üzrə son ödəniş 29 aprel 2021-ci il tarixində qeydə alınmış və həmin tarixdən etibarən onun “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatı qarşısında kredit öhdəliyi yoxdur. İddiaçılar “İcraçı Kredit Agentliyi" MMC Bank Olmayan Kredit Təşkilatından götürmüş olduqları 2000 manat pulu cavabdehə verdiklərini iddia etmiş, lakin iddiaçılar cavabdehin onlara 3700 manat məbləğində borcunun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(075)-1167/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçılar Cavabdeh1 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(075)-1167/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov
Ayaz Mahmudov