Məhkəmə qərarları › İş №2(107)-1800/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1800/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1800/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, əşyaları ilə birgə mənzildən çıxarılma” tələbinə dаir Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-697/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan, Mingəçevir şəhərinin Şəhriyar küçəsindəki, 3 saylı evin 18 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh uşaqları ilə birlikdə, və ona məxsus əşyaların həmin evdən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin aratırılması barədə ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Mingəçevir şəhərinin Şəhriyar küçəsindəki 3 saylı evin 18 saylı mənzilndən 15000 manat miqdarında kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, Cavabdeh uşaqları xx.xx.2009-cu il təvəllüdlü Jalə və xx.xx.2012-ci il təvəllüdlü Saybalı ilə birlikdə və ona məxsus əşyaların həmin evdən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-697/2020 nömrəli (hakim G.Şirinov) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 15000 manat miqdarda kompensasiya verilməklə, onun və azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü Jalə və xx.xx.2012-ci il təvəllüdlü Saybalının İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhərinin Şəhriyar küçəsi, 3 saylı evin 18 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh və azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü Jalə və xx.xx.2012-ci il təvəllüdlü Saybalı Mingəçevir şəhərinin Şəhriyar küçəsi, 3 saylı evin 18 saylı mənzildən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-697/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Mingəçevir şəhərinin Şəhriyar küçəsindəki 3 saylı evin 18 saylı mənzili xx xxxxxx 2013-cü ildən oun mülkiyyətindədir. Həmin mənzil ona valideyinlərindən miras qalmışdır. Cavabdeh onun keçmiş arvadıdır. Onaların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Jalə və xx.xx.2012-ci il təvəllüdlü Saybalı oğlu adlı uşaqları doğulmuşdur. Uşaqları anası Cavabdeh himayəsindədirlər. Uşaqların saxlanması üçün hər ay sabit pul məbləğində aliment təyin edilmişdir. Mübahisəli mənzildə onlardan başqa heç kim yaşamır və qeydiyyatda deyil. Hazırda mənzildə Cavabdeh və uşaqları yaşayır. Boşandıqdan sonra birgə yaşamaları mümkünsüz olmuşdur. Lakin cavabdeh qəti olaraq evdən çıxmaqdan imtina etmişdir. Ona görə dəCavabdeh 15000 manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan, Mingəçevir şəhərinin Şəhriyar küçəsindəki 3 saylı evin 18 saylı mənzilinə istifadə hüququna xitam verilməsi, Cavabdeh uşaqları xx.xx.2009-cu il təvəllüdlü Jalə və xx.xx.2012-ci il təvəllüdlü Saybalı ilə birlikdə həmin evdən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna, obyektiv həqiqət hərtərəfli araşdırılıb nəzərə alınmadığına, formal və birtərəfli mülahizələrə əsaslandığına, işin mahiyyəti ilə çıxarılmış nəticə arasında kəskin ziddiyyət yarandığına və s. əsassız mülahizələrə istinad edildiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin şikayət verilən həmin qətnaməsini tamamilə qanunsuz hesab edir və dəyişdirilməsini tələb edir. Belə ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır. O, ailə qurarkən mübahisəli evə köçmüş, həmin vaxtdan hal-hazıradək həmin evdə iki azyaşlı övladı ilə birlikdə yaşayır. Hər iki uşağı həmin evdə doğulub-böyümüşdür. Başqa heç bir yaşayış yeri və ya sığınacağı yoxdur. Cavabdehin təklif etdiyi və məhkəmənin qərar verdiyi məbləğlə Mingəçevir şəhərində normal bir ev almaq və ya uşaqları ilə birlikdə hər-hansı sığınacaq yeri düzəltmək üçün heç bir əlavə maddi imkanı yoxdur. Mübahisəli yaşayış mənzili kifayət qədər böyük və hər cür şəraiti olan təmirli evdir. Satışa çıxarılsa heç olmazsa, 100000 manatdan yuxarı dəyəri vardır. 10 ildən çoxdur ki, həmin mənzildə yaşayır, evin idarəçiliyində yaxından iştirak etmişdir. Bütün kommunal xərcləri və təsərrüfatın idarə olunması ilə bağlı xərclər onun tərəfindən ödənilmişdir. Hesab edir ki, onun azyaşlı uşaqları ilə birlikdə yaşamağı kimi üstünlük hüququ olmasına baxmayaraq, məhkəmə cavabdehin mənafeyini üstün tutaraq, onun xeyrinə qətnamə çıxarmışdır. Bu halı müvafiq qanunların pozuntusu kimi qəbul edir və onun dəyişdirilərək azyaşlı övladları ilə birlikdə heç olmazsa, bir otaqlı ev alınıb verilməsi və ya dəyərinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o hazırda iki uşağı ilə birlikdə mübahisəli mənzildə yaşayır. İddiaçı isə Rusiyada yaşayır. İddiaçı tərəfindən təklif olunan kompensasiya həddən artıq azdır. Əgər iddiaçı ona bir otaqlı mənzil alıb verərsə və ya 35000 manat civarında kompensasiya ödəyərsə iddianı qəbul edər. Əks halda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı əvvəl 5000 manat məbləğində kompensasiya təklif etmiş, lakin sonradan məhkəmə araşdırması zamanı 15000 manatadək qaldırmışdır. Hesab edir ki, bu məbləğ kifayət qədər yüksək məbləğdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasınbın iclasında tədqiq edilən; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Şəhriyar küçəsindəki 3 saylı evin 18 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Əliyev X1 şəhəri Şəhriyar küçəsindəki 3 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. «xxxxx» MMC-nin xx xxx 2020-ci il tarixli, 38 saylı rəyində göstərilmişdir ki, halhazırda Mingəçevir şəhərində, 1 otaqlı boş vəziyyətdə yaşayışa uyğun şəraitdə olan mənzillərin kirayə haqqı 100 manat, 2 otaqlı boş vəziyyətdə yaşayışa uyğun şəraitdə olan mənzillərin kirayə haqqı 120 manat, 3 otaqlı boş vəziyyətdə yaşayışa uyğun şəraitdə olan mənzillərin kirayə haqqı 150 manat və 4-5 otaqlı boş vəziyyətdə yaşayışa uyğun şəraitdə olan mənzillərin kirayə haqqı 180-200 manat təşkil edir. İddianı təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, əsaslanaraq hesab etmişdir ki, Mingəçevir şəhərinin Şəhriyar küçəsindəki 3 saylı evin 18 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, ədalətli kompensasiya müqabilində tərəflərin mənzil hüququnu ayrı-ayrılıqda reallaşdırılması onların hər ikisinin maraqlarına cavab verir. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırması mülki qanunvericiliyin tələbləri baxımından tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı Cavabdeh mübahisəli evdən istifadə hüququ olduğunu etiraf edir. Məhkəmə də Cavabdeh mübahisəli evdən istifadə hüququnun olduğu qənaətinə gəlir. Bu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən iddiaçının Cavabdeh kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etmək hüququ vardır. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi qanuni və əsaslı olmaqla yanaşı onun cavabdehə təklif etdiyi 15000 manat kompensasiya məbləği mənzildən istifadə hüquqlarına xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilər. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsаs оlа bilməz. Birincisi ona görə ki, iddiaçının mübahisəli mənzilə üstün mülkiyyət hüququ qanunla qorunur. Cavabdehin mübahisəli mənzilə olan istifadə hüququ heç də mülkiyyət hüququndan üstün deyil və həmin hüquq mütləq olmamaqla və qanunvericiliklə müəyyən olunmuş şərtlər daxilində, yəni kompensasiyanın verilməsi ilə ona xitam verilə bilər. İkincisi, cavabdehin himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması nəzərə alınaraq, iddiaçının təklif etdiyi 15000 manat kompensasiya cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyi üçün yetərli məbləğ sayıla bilər və kollegiya hesab edir ki, cavabdehə təklif edilən 15000 manat məbləğ həmin cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması cavabdehin mənzil hüquqlarının pozulması kimi qiymətləmdirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarına əsasən ... yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə kollegiyası cavabdehin himayəsində iki uşağın olmasına da xüsusi diqqət yetirərək qeyd edir ki, iddiaçının üzərinə cavabdehin və himayəsində olan uşaqların hər birinə ayrı-ayrılıqda ona məxsus olan mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən başqa yaşayış sahəsi ilə davamlı surətdə və müəyyən müddət daxilində təmin olunması üçün kompensasiya vermək öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə verdiyi etiraza hüquqi qiymət verərək, onu əsassız hesab edir. Belə ki, cavabdehin uzun müddət mübahisələndirilən mənzildən istifadə etməsi ona müstəsna hüquqlar vermir və qanunvericiliyin tələblərinə riayət edilməklə, mülkiyyətçi mülkiyyət hüquqlarının təmin edilməsi üçün onların istifadə hüquqlarına xitam verməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğviüçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-697/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar