Məhkəmə qərarları › İş №2(107)-1808/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1808/2021

08.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1808/2021 08.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tаrixli qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Mingəçevir şəhəri Nübar bağçılıq təsərrüfatı ərazisində inşa edilmiş birmərtəbəli yaşayış evinin cavabdehlərin öz vəsaiti hesabına sökülərək diamteri 720 mmlik yüksək təzyiqli Mingəçevir QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılmasına və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya verilməsini məhkəmədən xahiş etmişdir.. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 07 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərinin qəbul edilməsindən imtina edilmişdir. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qəradadı ilə şikayət təmin edilməmiş və iş materialları baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X2 şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı baxılmış şikayətə münasibətdə ləğv edilməli,Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ləğv edilərək, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəlləsinin) 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 9.7.2, 97.3, 97.4- cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95.2-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə almmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir. Ona görə də iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.02.2015-ci il tarixli 8-2/2015 nömrəli məktubuna əsasən məhkəmələr tikintinin sökülməsinə dair iddialara baxarkən belə iddianın ümumi ictimai maraqların müdafiəsi naminə publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında dövlətin adından, yoxsa ayrı-ayrı hüquq subyektlərinin əşya hüquqlarının müdafiəsi ilə əlaqədar qaldırıldığını aydınlaşdırılmalıdır. Buna uyğun olaraq tikintinin sökülməsi ilə əlaqədar publik səlahiyyətlərinin həyata keçirilməsi qaydasında Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədləri üçün dövlətin adından məhkəməyə müraciət etmək yalnız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Lakin öz əşya hüquqlarının müdafiəsinin və təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə əlaqədar istənilən fiziki və hüquqi şəxsin tikilinin və qurğunun sökülməsinə dair iddia qaldırması da istisna olunmur. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin ərizəsinə məhkəmə qaydasında baxılmalıdır. Ona görə də birinci instansiya məhkəməsi iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin iddia ərizəsini qəbul etməkdən imtina etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, şikayətin dəlillərini araşdırıb məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş iddia ərizəsinin yenidən icraata götürülməsi məsələsi həll edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 264, 398, 402-ci mаddələrini rəhbər tutаrаq məhkəmə kоllegiyаsı qərаrа аldi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin yenidən icraata götürülməsi məsələsi həll edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar