Məhkəmə qərarları › İş №2(107)-1825/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1825/2021

30.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1825/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənlməsi öhdəliyindən azad olunması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(037)-151/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 30 iyun 2021-ci il tarixli 2(037)- 151/2021 qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunmuşdur. İşin halları İddiaçı iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********02130 nömrəli abonent koduna işlənmiş 1620 kub metr təbii qazın dəyəri 162 (bir yüz altmış iki) manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, 2019-cu ildə İsmayıllı rayon Hacıhətəmli kəndində istismar müddəti bitdiyindən bütün abonentlərin qaz sayğaclarının dəyişdirilməsinə başlanılmışdır. 21 iyun 2019-cu il tarixdə onun “Azəriqaz” İstehsalat Birliyinin tabeçiliyində olan X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacını dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. O, tərtib olunmuş aktı imzalamışdır. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın plastmas borusunun deşildiyi qeyd edilmişdir. Ona görə də 30 sentyabr 2019-cu il tarixdə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 1620 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş aktı imzalamamışdır. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. O, istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. Sayğacda hər hansı zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Cavabdeh təşkilat borcun ödənilməsi ilə bağlı 2020-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmiş, məhkəmənin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq ondan 507,6 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin hesabına ödənilməsi qət olunmuşdur. Onun istifadə etdiyi təbii qaza 339,4 manat borcu olmuşdur. Lakin 162,2 manat sayğaca müdaxiləyə görə yazılmış cərimə də əsasız olaraq həmin məbləğin üzərinə hesablanmışdır. Qeyd etdiklərini nəzərə alaraq cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 162,2 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıd qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB ona qarşı 507,6 manat məbləğində borcun ödənilməsi tələbi iddia qaldırmış, İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilmişdir. “Azəriqaz” İB-nin ondan ödənilməsini tələb etdiyi 507,6 manat borc məbləğinin 162,2 manatı güya qaz sayğacına müdaxilə səbəbindən itilmiş qaza görə hesablanmış məbləğdir. Bu isə tamamilə əsassızdır. Sayğac açılıb götürülərkən onda heç bir fiziki çatışmazlıq olmamamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci (037)-887 nömrəli qətnaməsi il tarixli qətnaməsi üzrə apellyasiya şikayəti əsasında işə baxılaraq apellyasiya şikayəti təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(037)-887 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İsmayıllı Rayon Məhkəməsinin 30 senyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, tələbi 162.2 manat məbləğində borcun hesabından silinməsi hisssədə rədd edilmişdir. Hesab edir ki, tələbi bu hissədə də təmin edilməli idi. Həmin hissədə istehlakçı kimi hüquqları pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə kollegiyasına teleqram göndərərək məhkəmə iclasına xəstəliklə əlaqədar gələ bilmədiyini, gəlməməsini üzrlü hesab edib işə onun iştirakı olmadan baxaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 21 sentyabr 2019-cu il tarixdə iddiaçının İsmayıllı rayonun Hacıhətəmli kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Azəriqaz” İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-2 tipli qaz piltəsi, 1 ədəd radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. “Azəriqaz” İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə ******* nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1620 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 04 fevral 2021-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-cu ilin sentyabr ayının sonuna iddiaçının **********02130 nömrəli abonent koduna akt üzrə 162 manat borc vurulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(037)-887/2020 nömrəli qətnaməsindən görünür ki, “Azəriqaz” İB-nin cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 507 manat 60 qəpik borcun tutulmasına dair iddia tələbinə sadələşdirilmiş icraat qaydasında baxılaraq 507 manat 60 qəpik borcun və 30 manat 40 qəpik dövlət rüsumunun - cəmi 538 (beş yüz otuz səkkiz) manat məbləğinin İddiaçı alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi qət olunmuşdur. Şəki Apelyasiya Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(107)-639 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli 2(037)887/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək göstərmişdir ki, “Azəriqaz” İB-nin cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 339 manat 40 qəpik borcdan başqa sayğaca müdaxilə nəticəsində yaranmış 162 manat debitor borc da daxil olmaqla cəmi 507 manat 60 qəpik məbləğinin alınması tələbinə dair İsmayıllı Rayon Məhkəməsi tərəfindən 10 noyabr 2020-ci il tarixdə 2(037)-887/2020 nömrəli qətnamə qəbul olunmuşdur. Məhkəmənin göstərilən qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(107)-639 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddiaçının silinməsini tələb etdiyi 162 manat debitor borcun ondan alınmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 21 iyun 2019-cu il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 30 sentyabr 2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. “Azəriqaz” İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacın çıxış plastmas borusunun deşildiyi, qaz itkisinin yarandığı qeyd edilmiş və həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1620 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. “Azəriqaz” İB-yi cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 339 manat 40 qəpik borcla yanaşı sayğaca müdaxilə nəticəsində yaranmış 162 manat debitor borcun da alınmasına dair iddia tələbi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. Məhkəmənin 10 noyabr 2020-ci il tarixli 2(037)-887/2020 nömrəli qətnaməsi ilə “Azəriqaz” İstehsalat Birliyinin iddia tələbi təmin olunmuşdur. Məhkəmənin icraatında olmuş 2(037)-887/2020 nömrəli mülki işin materialları öyrənilərkən müəyyən olunmuşdur ki, “Azəriqaz” X1 Dadaşova qarşı borcun ödənilməsi tələbi ilə bağlı sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri İddiaçı rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, İddiaçı bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. İddiaçı tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin iddia tələbinə dair hər hansı etiraz, dəlil və onları təsdiq edən sənədlər məhkəməyə daxil olmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmışdır. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli 2(037)-887/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 162 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini, cavabdehin nümayəndəsi isə iddia tələbinə etiraz göndərərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçının silinməsini tələb etdiyi 162 manat debitor borcun ondan alınmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz”. Göründüyü kimi, İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 339 manat 40 qəpik borcla yanaşı sayğaca müdaxilə nəticəsində yaranmış 162 manat debitor borcun da alınmasına dair “Azəriqaz” İB-nin iddia tələbinin təmin edilməsi barədə İsmayıllı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tаrixli 2(037)-887/2020 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş, həmin qətnamə ilə müəyyən edilmiş faktlar hazırkı işdə mübahisələndirilə bilməz. İddiaçının apellyasiya şikayətində təmin edilməsini tələb etdiyi iddiası isə istinad olunan qanunvericilik normasının tələbinə uyğun deyildir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qismən təmin etmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(037)-151/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Məhəməməd oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(037)-151/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar