Məhkəmə qərarları › İş №2(107)-187/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-187/2024

24.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-187/2024 24.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı qanunsuz qoyulmuş darvazanın cavabdehlərin öz hesablarına sökülməsi və yolun açılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: darvazanın sökülməsi, yolun açılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh, eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı qanunsuz qoyulmuş darvazanın cavabdehlərin öz hesablarına sökülməsi və yolun açılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(075)-183/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 10269 nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki posportuna əsasən Şəki rayon Kiş kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mərhum X2 mülkiyyətində olmuşdur. X3 03 avqust 1975-ci il tarixdə İddiaçı övladlığa götürmüşdür. 17 fevral 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Kiş kəndində yerləşən **********80 reyestr nömrəli, 0.0567 hektar torpaq sahəsi X6 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı onun evinin arxa hissəsində bələdiyyəyə məxsus olan yola cavabdehlər tərəfindən qanunsuz darvaza qoyulduğunu bildirərək həmin darvazanın götürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evinin qonşuluğunda yerləşən Kiş bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehlərin qanunsuz olaraq qoyduqları darvazanın onların öz vəsaiti hesabına sökülməsi və yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, öz ailəsi ilə birlikdə Şəki rayonu Kiş kəndində yaşayır. Rayonlararası Texniki İnvertarlaşdırma bürosu tərəfindən verilmiş 10269 nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən Şəki rayon Kiş kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mərhum X2 mülkiyyətində olmuşdur. X1 22 aprel 1997-ci il tarixdə kəskin ürək çatışmazlığından dünyasını dəyişmiş və bu barədə ölüm haqqında şəhadətnamədə qeyd aparılmışdır. X3 03 avqust 1975-ci il tarixdə onu övladlığa götürmüş və tək övladı olmaqla hal-hazırda qeyd edilən fərdi yaşayış evinin qanuni vərəsəsi olmaqla mülkiyyətçisidir. İş üzrə cavabdehlər digər küçəyə çıxmaq üçün nəzərdə tutulmuş yolu bağlamış, mülkiyyətlərində olmayan torpaq sahəsində qanunsuz olaraq darvaza qoyaraq zəbt etmişlər. Cavabdehlər həmin torpaq sahəsini rəsmi qaydada almamışdan, həmin torpaq sahəsinə mülkiyyət, istifadə və ya hər hansı bir sərəncam hüququ tanınmamışdan həmin torpaq sahəsində qanunsuz darvaza qoyaraq küçəni (dalanı) qanunsuz zəbt etmişlər. Məhz cavabdehlərin yaratdıqları maneələrə görə evinə təbii qazın verilməsi gecikdirilir. Bundan başqa Kiş kəndi dağlıq ərazidə yerləşdiyindən ilin payız-qış aylarında hazırda yol kimi istifadə etdiyi 60 metr uzunluğunda, 3,6 metr enində torpaq sahəsinin mailli olması və 20 metrinə (1/3 hissəsinə) digər qonşunun evinin damından tökülən yağış suları və qar topaları səbəbindən küçəyə çıxmaq üçün həmin yoldan istifadə etməsi mümkünsüz olur. Ona görə də, alternativ yola ehtiyac yaranmışdır. Cavabdehlərin qanunsuz olaraq qoyduqları mübahisə predmeti olan darvazanın yerləşdiyi torpaq sahəsi kənd bələdiyyəsinin mülkiyyətində olmaqla, ümumi istifadədə olan torpaqlara aiddir. Qanunsuz qoyulmuş darvazanın götürülərək yolun açılması ilə bağlı dəfələrlə aralarında sifahi söhbətlər olsa da, müsbət nəticə əldə edə bilməmişdir. Mübahisə predmeti olan darvazanın qoyulmasına lazımi icazələr alınmamış və cavabdehlər həmin darvazanı ümumi istifadə olan bələdiyyənin mülkiyyətindəki torpaq sahəsində inşa etmişlər. Həmin darvazanın yerləşdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində, istifadəsində və ya icarəsində olmamaqla, onun yaşadığı evə gələn yola bitişikdir, yəni həmsərhəddir. Cavabdehlər həmin darvazanı heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq inşa etməklə, bələdiyyənin mülkiyyətindəki ümumi istifadədə olan torpağı zəbt etmişlər. Əslində isə həmin torpaq sahəsi ümumi İstifadədə olan bələdiyyə torpaqlarına aid olduğundan həmin torpaq sahəsi xüsusi mülkiyyətə verilə də bilməzdi. Qonşuluğundakı yola qanunsuz olaraq qoyulmuş darvaza maneə yaratdığından bələdiyyə mülkiyyətindəki ümumi istifadədə olan torpaq sahəsindən qanunauyğun şəkildə istifadə edə bilmir. Həmin darvazanın qoyulması onun hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Buna görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 1-ci bəndində göstərilənlər müəyyən edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin araşdırmasından belə nəticə hasil olur ki, iddiaçının sökülməsini tələb etdiyi darvaza onun evinə gedən yolda deyil, onun evinin arxasında və ona aidiyyəti olmayan, cavabdehlərin evlərinə gedən yol olmaqla, Kiş bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı isə həmin darvazanın yerləşdiyi yerə münasibətdə ona olan maneçiliklərin nədən ibarət olmasını, gözlənilən mülkiyət hüququ ilə əmlakdan istifadə etməsinə maneələrin olmasını əsaslandıra bilməmişdir. Belə ki, İddiaçı iddia tələbində cavabdehlər tərəfindən qoyulmuş darvaza nəticəsində onun evinə qaz xəttinin çəkilməsinə maneələr yarandığını qeyd etmişdir ki, məhkəmə iddia tələbinə tənqidi yanaşır. Məhkəmənin soruğusu nəticəsində “Azəriqaz” İB tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin məhkəmənin sorğusuna verilmiş cavab məktubu ilə müəyyən olunur ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin və mənzilədək küçə qaz xətləri çəkilmişdir. Küçə qaz xətti İddiaçı mənzilinədək keçən ərazidə kəmərin bir hissəsi küçədə dayaqlar üzərində, bir hissəsi isə Cavabdeh məxsus hasarın üzəri ilə aparılmış və cavabdeh, iddiaçının fərdi yaşayış evinin qazlaşdırılması zamanı çəkiləcək qaz xəttinin həyət hasarından keçməsinə rəsmi qaydada razılıq vermişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin və mənzilə qədər küçə qaz xəttinin çəkilməsi zamanı qonşular tərəfindən hər hansı maneə və ya narazılıq qeydə alınmamışdır. Bundan başqa iddiaçının evinə digər tərəfdən yoldan giriş var və həmin hissədə yola olan darvazası da mövcuddur.

6. Göründüyü kimi nəinki cavabdehlər tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə qaz çəkilməsinə maneələr törədilməmiş, əksinə həmin qaz xəttinin bir hissəsinin cavabdehlərin həyət hasarından keçməsinə onlar tərəfindən qonşu olaraq razılıq verilmişdir. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçıya, onun öz mülkiyyətindən istifadə edilməsinə cavabdehlər tərəfindən hər hansı maneə yaradılması müəyyən olunmur.

7. Həmçinin məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması məqsədi ilə zəruri olan mütəxəssis rəyinin verilməsi üçün ödənilməli olan məbləğin ödənilməsi dəfələrlə iddiaçıdan tələb edilmiş, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş, ödənilməli məbləği ödəməmişdir.

8. Məhkəmə qeyd edir ki, iddiaçı ekspertizanın aparılması məqsədi ilə zəruri olan mütəxəssis rəyinin verilməsi üçün ödənilməli olan məbləği ödəmədiyindən qeyd olunan hallar onun əleyhinə şərh olunmalıdır. Belə ki, iş üzrə sübut təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda o, iddianın əsaslılığına dair məhkəməyə sübut təqdim etməkdən boyun qaçırmışdır.

9. Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(075)-183/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evinin qonşuluğunda yerləşən Kiş bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehlərin qanunsuz olaraq qoyduqları darvazanın onların öz vəsaiti hesabına sökülməsi və yolun açılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 158-ci maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: fərdi yaşayış evinin texniki pasportu 03 avqust 1975-ci il tarixli övladığıa götürmə haqqında şəhadətnamə 17 fevral 2023-cü il tarixli, A954684 nömrəli torpaq sahəsinin planı və ölçü sənədi 17 fevral 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Şəki rayonu Kiş Bələdiyyəsi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 195 nömrəli məktub “Azəriqaz” İB tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli məktub

12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, öz ailəsi ilə birlikdə Şəki rayonu Kiş kəndində yaşayır. Rayonlararası Texniki İnvertarlaşdırma bürosu tərəfindən verilmiş 10296 nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən Şəki rayonu Kiş kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mərhum X2 mülkiyyətində olmuşdur. X1 22 aprel 1997-ci il tarixdə kəskin ürək çatışmalığından dünyasını dəyişmiş və bu barədə ölüm haqqında şəhadətnamədə qeyd aparılmışdır. X3 03 avqust 1975-ci il tarixdə onu övladlığa götürmüş və tək övlad olmaqla hal-hazırda qeyd edilən fərdi yaşayış evinin qanuni vərəsə kimi mülkiyyətçisidir. İş üzrə cavabdehlər digər küçəyə çıxmaq üçün nəzərdə tutulmuş yolu bağlamış, mülkiyyətlərində olmayan torpaq sahəsində qanunsuz olaraq darvaza qoyaraq zəbt etmişdir. Cavabdehlər həmin torpaq sahəsini rəsmi qaydada almamışdan, ona mülkiyyət, istifadə və ya hər hansı sərəncam hüququ tanınmamışdan orada qanunsuz darvaza qoyaraq küçəni (dalanı) qanunsuz olaraq zəbt etmişdir. Məhz cavabdehlərin yaratdığı maneələrə görə evinə təbii qaz xəttinin çəkilişi müəyyən müddət gecikdirilmiş və küçə xəttinə birləşdirilmiş 20 mm-lik qaz borusunun 10,4 metrdən çox hissəsi digər qonşuya məxsus daş hasarın üstündə yerləşdirilmişdir. Həmin qonşu da ona pretenziya irəli sürərək borunun götürülməsini tələb etmişdir. Bildiyiniz kimi, Şəki rayon Kiş kəndi şimalda dağlıq ərazidə yerləşdiyindən ilin payız-qış aylarında hazırda yol kimi istifadə etdiyi 60 metr uzunluğunda, 3.6 metr enində olan torpaq sahəsinin mailli olması və 20 metrinə (1/3 hissəsinə) digər qonşunun evinin damından tökülən yağış suları və qar topaları səbəbindən küçəyə çıxmaq üçün həmin yoldan istifadə etməyi mümkünsüz olur. Ona görə də, alternativ yola ehtiyac yaranmışdır. Cavabdehlərin qanunsuz olaraq qoyduqları mübahisə predmeti olan darvazanın yerləşdiyi torpaq sahəsi kənd bələdiyyəsinin mülkiyyətində olmaqla, ümumi istifadədə olan torpaqlara aiddir. Qanunsuz qoyulmuş darvazanın götürülərək yolun açılması ilə bağlı dəfələrlə aralarında şifahi söhbətlər olsa da, müsbət nəticə əldə edilə bilinməmişdir. Mübahisə predmeti olan darvazanın qoyulmasına lazımı icazələr alınmamış və cavabdehlər həmin darvazanı ümumi istifadə olan bələdiyyə mülkiyyətindəki torpaq sahəsində inşa etmişdir. Həmin darvazanın yerləşdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində, istifadəsində və ya icarəsində olmamaqla, onun yaşadığı evə gələn yola bitişikdir, yəni həmsərhəddir. Cavabdehlər həmin darvazanı heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq inşa etməklə, bələdiyyənin mülkiyyətindəki ümumi istifadə olan torpağı zəbt etmişdir. Əslində isə həmin torpaq sahəsi xüsusi mülkiyyətə verilə də bilməz. Qonşuluqdakı yola qanunsuz olaraq qoyulmuş darvaza maneə yaratdığından bələdiyyə mülkiyyətindəki ümumi istifadədə olan torpaq sahəsindən qanunauyğun şəkildə istifadə edilə bilər. Həmin darvazanın qoyulması onun hüquqlarını və qanunla qorunan mənafelərini kobud şəkildə pozur. Beləliklə, o həmin mülki işin gedişatından narazıdır. Məhkəmə icraatı hakim Pərviz Hacıyev tərəfindən lüzumsuz uzadılmışdır. X11 tərəfindən xx.xx.2022-ci il tarixdə e-2(075)-18/2022 nömrə ilə çıxarılmış qərardada əsasən münahisələndirilən torpaq sahəsinin cavabdehlərin və ya digər şəxslərin adına rəsmiləşdirilməsi (özgəninkiləşdirilməsi) qadağan edilsə də, tikinti-texniki ekspertiza haqqında hakim Pərviz Hacıyevin sədrliyi ilə çıxarılmış e-2(075)-183/2023 nömrəli qərardadda ekspert qarşısında qoyulan suallardan görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən cavabdehlərə qanunsuz olaraq xx.xx.2023-cü il tarixli, **********80 reyestr nömrəli çıxarış verilmişdir. İşlə bağlı digər faktiki halları məhkəmə iclasında ifadəsində göstərəcək. Hüquqlarının göstərilənlər səbəbli pozulması nəticəsində qətnamə çıxarılmışdır. Ona görə də, həmin qətnamə ilə razı deyil və onu əsassız sayır. Qətmanə çıxarılarkən düzgün araşdırma aparılmamışdır.

14. Ona görə də, Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(075)- 183/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(075)-183/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. İddiaçı Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(075)-183/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə, etirazın əsaslarını təqdim etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 4-8-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir.

23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərinin təkrarı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsində nə ilə razılaşmadığı göstərilməmiş, yalnız işə baxılmasının uzadılmasından narazılıq etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, işə obyektiv baxılması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir ki, ekspertizanın keçirilməsi də iddiaçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində mümkün olmamışdır. İddiaçının həmin hərəkətsizliyi də işə baxılmasının uzanmasına səbəb olmuşdur.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı o cümlədən qeyd edir ki, iddiaçı darvazanın qoyulduğu torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olduğunu qeyd etsə də, iş materiallarından görünür ki, 17 fevral 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Kiş kəndində yerləşən **********80 reyestr nömrəli, 0.0567 hektar torpaq sahəsi X6 xüsusi mülkiyyətinə verilmişdir.

25. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı apellyasiya şikayətində X11 tərəfindən xx.xx.2022-ci il tarixdə e-2(075)-18/2022 nömrə ilə çıxarılmış qərardada istinad etsə də, hazırki iş üzrə belə bir qərardadın mövcudluğu aşkar edilmir. İddiaçı da məhkəmə kollegiyasına elə bir qərardad təqdim etməmişdir.

26. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(075)-183/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(075)-183/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar