Məhkəmə qərarları › İş №2(107)-1918/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1918/2020

01.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1918/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-410/2020 saylı qərardadından “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “Cavabdeh” İB tərəfindən abonent koduna işlənmiş 1296 manat debitor borcun silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 50 manat məbləğinin ona qaytarılması və sayğacın qalıq dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-410 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. “Cavabdeh” İstehsalat Birliyi xx xxxxxx 2020-ci il tarixdə qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinə lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq sənəd əlavə edilmədiyindən məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. “Cavabdeh” İstehsalat Birliyi göstərilən qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya şikayətinə əlavə olunmuş dövlət rüsumu portaldan çıxarılmış, əvvəllər heç bir iş üçün istifadə edilməmişdir. Ona görə də məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək apelyasiya şikayətinə baxılması üçün göndərilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(037)-410/2020 saylı qərardadına əsasən “Cavabdeh” İstehsalat Birliyinin şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-410/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslı deyildir. Belə ki, “Cavabdeh” X1 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-410 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş olsa da, lakin apelyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq etmir. Ödənilmiş dövlət rüsumu İsmayıllı Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx xxxx 2020-ci il tarixli qətnamədən iki ay əvvəl, yəni xx xxxxx 2020-ci il tarixdə ödənilmişdir. Habelə, dövlət rüsumunun ödənilməsi barədə qəbz əsli olmamaqla kserosurətdir və qəbzdə müvafiq bank orqanının möhürü yoxdur.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-410/2020 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-410/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-410/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar