Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1927/2021 23.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi Abbaslı Samir Rasim oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “podrat müqaviləsinin icra edilməməsi nəticəsində maddi, mənəvi ziyanın tutulması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(046)-115/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 27.11.2019-cu il tarixli podrat müqaviləsinin ləğv edilməsi, 700 manat yaranmış borcun və 30 manat dövlət rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianın rədd edilməsi, 15.500 manat maddi ziyanın, 10.000 manat mənəvi ziyanın və 4480 manat zərərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 21 iyun 2021-ci il tarixli, 2(046)- 115/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı podrat müqaviləsinin icra edilmədiyi üçün 7762 manat, mənəvi ziyana görə 3258 manat və 4480 manat maddi ziyan olmaqla cəmi 15.500 manat və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, qətnamənin icrasının Gəncə şəhər İcra İdarəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi Nümayəndə apellyаsiyа şikаyəti verərək, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlkin İddia üzrə iddaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla 27.11.2019-cu il tarixdə Bakı şəhərində 23 saylı Notariat Kontorunda “Podrat" müqaviləsi bağlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasını 3-cü blokunda, 13-cü mərtəbəsində yerləşən, sahəsi 90,39 kv.m, 3 otaqlı 154 saylı mənzilin giriş qapısı istisna olmaqla tam təmirini sifariş vermişdir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasını 3 blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 90,39 kv.m, 3 otaqlı 154 saylı mənzilin Giriş qapısı istisna olmaqla, tikinti materiallarma görə cavabdeh ona 16000 manat məbləğində pul ödənilməsini üzərinə götürmüşdür. Cavabdeh işin ümumi dəyərinin ilkin olaraq 6000 manatı əvvəlcədən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödənilmişdir. Həmin 6 000 manata təmir işlərinə başlamaq üçün lazım olacaq material və avadanlıqlar alaraq təmirə başlamış, müqavilə üzrə razılaşdırılmamış vaxt ərzində nəzərdə tutulmuş təmir işlərini başa çatdırmaq mümkün olmamışdır. Buna səbəb görülmüş təmir işləri üçün hava şəraitinin pis olması və görülən işlərin tam quruması mümkün olmamışdır. Sifarişçi sənəd üzrə Cavabdeh olsa da onun əri Samir Abbasov gördüyü işlərə nəzarət etmişdir. Müqavilə üzrə razılşadırılmış pulu cavabdeh Günay Bank vasitəsi ilə ödəmişdir. 17.06.2020-ci il tarixdə Cavabdeh əri qapıları bağlayaraq ona hədələyib evdən qovmuşdur. Ustalar məcbur qalaraq işi yarımçıq qoyub evdən çıxmışlar. Cavabdeh bu günə qədər ona 700 manat pul borclu qalmışdır. Beləliklə Cavabdeh podrat müqaviləsi üzrə ona 15 300 manat pul ödəmiş, ona 16 000 manat müqabilində sifariş yerinə yetirərək təmir işləri görüb təhvil vermişdir. Cavabdeh qalıq işlərini də ona hədə qorxu gələrək gördürmək istəmişdir. Cavabdeh podrat müqaviləsinin olduğunu bildirmiş və bu iş mülki xarakterli mübahisə olmasını bildirmişdir. Buna görə də iddianının təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbində göstərmişdir ki, İddiaçı iddia ərizəsində saxtakarlığa yol verərək podrat müqaviləsini təhrif edərək göstərmişdir ki, mənzilin giriş qapısı istisna olmaqla tikinti materiallarına görə Sifarişçi tərəfindən Podratçıya 16.000 manat məbləğində pul ödəniləcək. Halbuki, müqavilədə göstərilib ki, mənzilin tam təmirinə görə və giriş qapısı istisna olmaqla podratçıya 16.000 manat məbləğində pul ödəniləcək. Ruslan müqaviləni bu formada saxtalaşdırmaqla guya mənzilin tam təmirini öhdəsinə götürmədiyini qeyd etmək istəyir. R. Nəbiyevlə aralarında 27 noyabr 2019-cu ildə podrat müqaviləsi bağlandıqdan sonra ayrı-ayrı vaxtlarda ümumilikdə 15.500 manat Pulu Bank vasitəsi ilə İddiaçı göndərmişdir. Lakin müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı pulun müqabilində iş görməmişdir. Dəfələrlə onları aldadıb, mənzildə işləyən ustaların xidmət haqqını verməmiş, keyfiyyətsiz tikinti materialları almış, mənzildə keyfiyyətsiz işlər görmüşdür. İddiaçı mənzilin təmirini 15 fevral 2020-ci ilə qədər başa çatdırmağı öhdəsinə götürsə də, indiyə qədər mənzil təmir edilməmiş, müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. İddiaçı iki mobil operator istifadəçisi kimi işlətdiyi mobil nömrələrə 070 *** ** ** Narmobile və 055 *** ** ** Bakcell çıxış imkanını məhdudlaşdıraraq Bakı şəhərini tərk edərək Gəncə şəhərinə getmişdir. Belə ki, mobil nömrənin istifadəsini 2020-ci ilin may ayının sonlarında dayandırmış və bunu texniki problemlərlə əlaqələndirmişdir. Digər mobil operator istifadəçisi kimi isə qeyd edilən nömrəni digər nömrəyə (qohumuna) yönləndirmişdir. Nəticədə R. Nəbiyevi tapa bilməmişlər. Müqavilə öhdəliklərinı yerinə yetirdiyi halda R. Nəbiyev öhdəliklərini icra etməkdən boyun qaçırıb, etibarlarında sui-istifadə edərək pul vəsaitlərini mənimsəmişdir. Bununla bağlı aidiyyəti hüquq mühafizə orqanlarına şikayət vermişlər. İddiaçı qarşılığında heç bir iş görməmişdir. Hətta görülən işlər belə keyfiyyətsizdir, nəticədə mənzili yenidən təmir etdirmək məcburiyyətində qalmışdır. İddiaçı öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Mənzildə keyfiyyətsiz təmir işləri aparıldığına və R. Nəbiyevə 15.500 manat pul verdiyinə görə, həmin məbləğ maddi zərərin əvəzi olaraq geri qaytarılmalıdır. Müqavilənin şərtlərinə görə, mənzil 15 fevral 2020-ci ildə tam təmir edilib başa çatdırılmalı idi. Lakin R. Nəbiyev bu müddətdə demək olar ki heç bir iş görməmiş, onları aldatmış, mənzilinə artıq fevral ayında köçmək istəmiş, lakin R. Nəbiyevin keyfiyyətsiz və səriştəsiz işlərinə, səhlənkarlığına, məsuliyyətsizliyinə görə güclü mənəvi sarsıntı keçirmişdir. Qeyd olunan iddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri (aktları) çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Podratçı tərəf İddiaçı Azərbaycan Respublikasının Mülki Məcələnin 752.1 -ci maddəsinin tələblərini pozub, yəni Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməmiş və nəticə etibarı ilə sifarişçi tərəf olaraq ona küllü miqdarda maddi və mənəvi zərər vurmuşdur. Podratçı tərəf kimi İddiaçı tərəfindən qeyd edilən mənzildə keyfiyyətsiz əsasla aparılmış və başa çatdırılmamış təmir işlərinin (əgər buna təmir işləri demək mümkündürsə) hansı səviyyədə olduğu açıq-aşkar ortada olduğu halda Məhkəmə Eksperiza Mərkəzinn eksperti Xəyyam İsgəndərovun 11 mart 2021-ci il tarixli ekspert rəyində aşağıda qeyd edilən ciddi keyfiyyət pozuntuları, mənzilin istismarında baş verə biləcək təhlükələr (elektrik naqilləri, santexnik qovşağı, isti döşəmə, kombi sistemi və s sahələrdə) bir sıra məqamlar ümumiyyətlə əks etdirilməmiş, bəziləri səthi formada vurğulanmış bəzi qisimləri isə tam və sistemli şəkildə qiymətləndirilməmişdir. Bütün bu vurğulanan ciddi keyfiyyət pozuntuları və bunlara qarşılıq ciddi maliyyə (pul vəsaiti) itkiləri yekun hesabatda öz əksini tapmamışdır. Podratçının mənzilin təmirində yaratdığı bütün pozuntular, uyğunsuzluqlar, keyfiyyətsiz təmirin təsbiti üçün əsaslı faktlardır və ekspert Xəyyam İsgəndərov ekspert rəyində bu məqamlara yer verməməklə mənzilin smeta dəyərinin şişirdilməsinə rəvac vermişdir ki, bu da öz növbəsində Göyçay Rayon Məhkəməsinin 21 iyun 2021-cu il tarixli qətnaməsində əks olunmuş cavabdeh tərəfə ödənilməsi gərəkən 29.980 manat pul vəsaitinin ciddi şəkildə azalmasına, yəni 15.500 manat həcmində təşəkkül tapmasına səbəb olmuşdur. Podratçı İddiaçı tərəfindən həyata keçirilən keyfiyyətsiz şəkildə və tamamlanmamış formada təzahür edən təmir işlərini yenidən başlatmaq məcburiyyəti yaratmışdır. Aparılmış və miqyasına görə təsnif edilən kiçik həcmli keyfiyyətsiz təmir işlərinə yenidən əlavə vəsaitin əldə edilməsinə ehtiyac duyulur. Eyni zamanda görülmüş keyfiyyətsiz işlərin yenidən tam bərpası üçün vəsait, sıfırdan başlanacaq işlərə xərclənəcək vəsaitdən əsla az olmayacağını bildirmək istəyir. Çünki yenidən bərpa prosesində əlavə iki fəaliyyət-söküntü və daşıma fəaliyyətləri gündəmə gələcəkdir. Keyfiyyət, faydalılıq, təhlükəsizlik, sabit yasam tərzi və s kimi meyarlar mənzilin yenidən təmirini şərtləndirən əsas mövzulardan bir neçəsidir. Mənzildən bu formada istifadə nəinki əlavə maliyyə itkiləri ilə müşaiyyət olunacaqdır, hətta yaxın qonşularla və eyni zamanda da çoxmərtəbəli yaşayış binasının idarəçiliyini həyata keçirən Narm MMC-nin rəhbərliyi ilədə yeni münaqişə ocağı (ziddiyətlər) yarada bilər. Hesab edir ki, sifarişçi olaraq tərəfindən məhkəmə iddiası formasında qaldırdığı maddi və mənəvi təzminata istinadən 29.980 manat həcmçində pul vəsaitinin podratçı İddiaçı alınıb sifarişçi tərəfə ödənməsi tam əsaslıdır. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 21 iyun 2021-cu il tarixli, 2(046)-115/2021 saylı qətnaməsini qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməsini, ona dəymiş maddi zərərə görə 15500 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat və 4480 manat maddi ziyanın, ümumilikdə 29.980 (iyirmi doqquz min doqquz yüz səksən) manatın İddiaçı tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi Abbaslı Samir Rasim oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı arasında podrat müqaviləsininn rəsmiləşdirilməsinə, müqavilə üzrə İddiaçı öhdəlik götürməsinə baxmayaraq podratçı müqavilədə nəzərdə tutulan işi lazımi qaydada icra etməmiş və nəticə etibarı ilə sifarişçi tərəf olaraq onlara küllü miqdarda maddi və mənəvi zərər vurmuşdur. Qeyd edilən mənzildə keyfiyyətsiz əsasla aparılmış və başa çatdırılmamış təmir işlərinin (əgər buna təmir işləri demək mümkündürsə) hansı səviyyədə olduğu açıq-aşkar göründüyü halda, Məhkəmə Eksperiza Mərkəzinn eksperti X.İsgəndərov tərəfindən obyektiv rəy verilməmiş, təmir-tikinti işlərinin keyfiyyəti tam qiymətləndirilməmiş, bir sıra məqamlar ümumiyyətlə əks etdirilməmiş, bəziləri səthi formada vurğulanmışdır. Podratçının mənzilin təmirində yaratdığı bütün pozuntular, uyğunsuzluqlar, keyfiyyətsiz təmirin təsbiti üçün əsaslı faktlar olmasına baxmayaraq ekspert rəyində bu məqamlara yer verilməmişdir. Aparılmış keyfiyyətsiz işlərin yenidən tam bərpası üçün xeyli məbləğdə maddi vəsait lazımdır. Bütün bunlara görə sarsıntı keçirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada bir neçə dəfə məlumat verilməsinə baxmayaraq ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin (ilk iddiaçının) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlillərindən görünür ki, qarşılıqlı iddiaçı qətnamənin qarşılıqlı iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən şəxsin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(046)-115/2021 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: 27.11.2019-cu il tarixli Podrat Müqaviləsindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 63 ünvanda yerləşən blok 3, 13 saylı mənzilin İddiaçı tərəfindən 16.000 manata təmir-tikinti işlərinin aparılması barədə müqavilə bağlanmışdır. Müqavilənin bitmə müddəti 15.02.2020-ci il tarixdir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı Cavabdeh bank vasitəsi ilə cavabdeh İddiaçı hesabına 15.551 manat pul ödəmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 11.03.2021-ci il tarixli 10/4049 saylı rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 67 ünvanda yerləşən evin 3-cü blokun 13-cü mərtəbəsində sahəsi 90.39 kv.m olan Cavabdeh məxsus 3 otaqlı 154 saylı mənzildə iddiaçı tərəfindən aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7738,0 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan mənzildə elektrik naqilləri müəyyən yerlərdə (divar daxili, döşəmə ilə divarın birləşən hissədə) keyfiyyətsiz çəkilmişdir. Lakin digər aparılmış tikinti işləri (şpaklyov çəkilməsi, alcipanın vurulması və s...) tam başa çatmadığı üçün, həmin tikinti işlərinin keyfiyətli olub-olmamasını müəyyən etmək mümkün olmadığı üçün, həmin sual üzrə tədqiqat aparılmadı. Qeyd edilən mənzildə iddiaçı tərəfindən aparılmış söküntü işlərinin həcmi 20 m2 və ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 60,0 manat məbləğində müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, mülki işə əlavə edilmiş iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatətdə nəzərdə tutulan tikinti işləri və mənzildə görülmüş işlərlə üstüstə düşmür. İddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatətdə görülmüş işlərin ümumi dəyəri 11880 manat göstərilsə də, aparılmış hesablamalar nəticəsində həmin görülmüş tikinti işlərinin ümumi dəyəri 7783,0 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh məxsus mənzildə İddiaçı tərəfindən aparılmış təmir-tikinti işlərinin ekspert rəyinə əsas 7783 manat olduğunu mötəbər sübut kimi qiymətləndirir. Buna görə də Cavabdeh tərəfindən podrat müqaviləsi üzrə İddiaçı hesabına bank vasitəsi ilə ödənilmiş 15.500 manat puldan 7738 manat pulun çıxılmasını qanuna müvafiq hesab edir. (15.500-7738=7762). Qalan 7762 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 maddəsinə əsasən “mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 765-ci maddəsinə əsasən Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarının 8-ci bəndində məhkəmlərə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan, birinci instansiya məhkəməsinin təmin olunmayan hissəsinin ləğv edilməsi və apellyasiya şikayətinin dəlilləri həçmində təmin edilməsi üçün əsaslı ola bilməz. Birincisi ona görə ki, kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İkincisi, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə olan vəziyyətdə bu qənaəti əsaslı hesab etmək olarmı, ələbttə ki, açıqlanmamış və əsaslandırılmamış bu qənaəti işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun hesab etmək olmaz. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilinə, yəni “ekspertiza tədqiqatının qeyriobyektivliyi ilə bağlı dəlilnə” münasibət bildirən kollegiya bildirir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli ilə bağlı müvafiq ekspertiza təyin edilmişdir. Kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, apellyator ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə, eləcə də ekspertin dindirilməsinə dair ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq əlavə və ya təkrar ekspertizanın keçirilməsi də təmin oluna bilməz. Apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(046)-115/2021 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(046)-115/2021 nömrəli qətnaməsi Cavabdeh (onun nümayəndəsinin) apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1927/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1927/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver