Məhkəmə qərarları › İş №2(107)-1996/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1996/2021

09.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1996/2021 09.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçıların vəkili X8, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(019)-235/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə iş üzrə Cavabdeh1 arasında 24 noyabr 2020-ci il tarixdə Balakən regional "Asan xidmət" mərkəzi Notariat Ofisində bağlanmış 4Ə- 409 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, onlar birgə nikah dövründə olduqları zaman ümumi vəsaitləri hesabına bir-biri ilə qonşu olan Balakən şəhəri, H. Əliyev prospekti 69 Q ünvanında yerləşən ümumi sahəsi 23,5 m2 və 69 L olmaqla ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binalarını alqısatqı müqavilələrinə əsasən almışdır. İddiaçı1 həmin əmlaklar üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq olaraq MA seriyalı ******* və ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Onlar həmin əmlakları aldıqdan sonra orada yenidənqurma işləri aparmış, qeyri-yaşayış binalarının arakəsmə divarlarını sökərək, vahid sahə yaratmış və həmin əmlakların sahəsini 240 m2-ə çatdırmış, həmiçinin qeyri-yaşayış binalarının ətrafında və arxa hissəsində yerləşən ümumilikdə 430 m2 torpaq sahəsini də bələdiyyədən almışlar. Onlar borclarının olması və övladlarının müalicəsi ilə bağlı pul lazım olması səbəbindən Balakən şəhəri, H. Əliyev prospekti 69Q və 69L nömrəli qeyriyaşayış binalarını satmaq qərarına gəlmişlər. Bu məqsədlə Balakən şəhərində fəaliyyət göstərən daşınmaz əmlak agentlərinə məlumat verərək, həmin əmlakları ümumilikdə 450.000 (dörd yüz əlli min) manata satmaq istədiklərini bildirmişlər. Bir müddət sonra Balakən şəhərində fəaliyyət göstərən daşınmaz əmlak agenti Tural adlı şəxs onlara müraciət edərək, iş üzrə cavabdeh Balakən rayonu Mahamalar kənd sakini Cavabdeh1 adlı şəxsin həmin əmlakları almaq istədiyini bildirmişdir. Qeyd olunan qeyri-yaşayış binalarının yalnız 23,5 m2 və 92,0 m2 hissələrinin üzərində onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınması və yalnız həmin hissələr üzərində sərəncam vermək hüquqlarının olması səbəbindən, ilk mərhələdə Balakən şəhəri, H.Əliyev prospekti 69L ünvanında yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasının 170.000 (bir yüz yetmiş min) manata alqı-satqı müqaviləsinin bağlanması, yerdə qalan hissə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra isə həmin hissələrin də alqı-satqı müqaviləsinin bağlanması barədə tərəflər arasında razılaşma əldə edilmişdir. İş üzrə Cavabdeh1, Balakən şəhəri, H. Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri yaşayış binasının dəyəri olan 170.000 (bir yüz yetmiş min) manat pulu bir dəfəyə ödəmək üçün maddi imkanın olmamasını əsas gətirərək, həmin pulun 36.000 (otuz altı min) manat hissəsini əvvəlcədən, yerdə qalan hissəsini isə 3 (üç) ay ərzində verə biləcəyini iddiaçılara bildirmişdir. Tərəflər öz aralarında razılaşma əldə etdikdən sonra nisyə alqı-satqı və yaxud beh müqaviləsini bağlanmaq məqsədi ilə iş üzrə cavabdeh Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə getmişlər. Tərəflər arasında 24 noyabr 2020-ci il tarixdə müqavilə bağlanmış və iş üzrə Cavabdeh1 əmlakın dəyərinin 28.000 (iyirmi səkkiz min) manat hissənini notariusun depozit hesabı vasitəsi ilə, 8.000 (səkkiz min) manat hissəsini isə nəğd qaydada iddiaçılara vermişdir. Həmin vaxtı onlar güman etmişlər ki, Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisində bağlanmış müqavilə nisyə alqı-satqı və yaxud beh müqaviləsidir. Müqavilənin bağlanmasının üzərindən 3 (üç) gün keçəndən sonra iş üzrə Cavabdeh1 yanında iddiaçıların tanımadıqları şəxslərlə gələrək mağazanı boşaltmalı olduqlarını və mağazanı ümumilikdə "BRAVO" supermaketlər şəbəkəsinə icarəyə verəcəyini bildirmişdir. Onlar iş üzrə Cavabdeh1 hələ ki, əmlakın dəyərini tam ödəmədiyini və bu səbəbdən də tələbinin anlaşılmaz olmasını bildirmişlər. Həmin vaxt iş üzrə Cavabdeh1 həmin əmlakı artıq notarial qaydada aldığını və əlavə iddiaçılara heç bir ödəmə etməyəcəyini bildirmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, 24 noyabr 2020-ci il tarixdə Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisində bağlanmış müqavilə alqı-satqı müqaviləsi olmuşdur. Güya ki, həmin müqaviləyə əsasən iddiaçılar real bazar dəyəri 170.000 (bir yüz yetmiş min) manatdan artıq olan Balakən şəhəri, H. Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasını 28.000 (iyirmi səkkiz min) manata iş üzrə Cavabdeh1 satmışlar. Qeyd olunanlardan da göründüyü kimi, onlarla iş üzrə Cavabdeh1 arasında 24 noyabr 2020-ci il tarixdə Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsi qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən etibarsız əqddir. Buna görə də Cavabdeh1 arasında 24 noyabr 2020-ci il tarixdə Balakən regional “Asan xidmət" mərkəzində Notariat Ofisində bağlanmış 4Ə-409 reyestr nömrəli "Daşınmaz əmlakm alqı-satqı müqaviləsinin“ etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(019)-235/2021 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı 24 noyabr 2020-ci il tarixdə Balakən regional «Asan xidmət» mərkəzində Notariat Ofisində bağlanmış 4Ə-409 reyestr nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin» etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 7 mart 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X1 şəhəri H.Əliyev prospekti 69 q ünvanında yerləşən, qeydiyyat nömrəsi 619, qeydiyyat tarixi 09.09.2005-ci il reyestr kitabı 2, səhifə 25, invertar nömrə 755, reyestr nömrəsi 619, ümumi sahəsi 23.5 kvm olan qeyri-yaşayış binasını 10000 (on min) manata İddiaçı1 satmışdır. 18 mart 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X2 şəhəri H.Əliyev prospekti 69L ünvanında yerləşən (reyestr nömrəsi **********02-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15.07.2010-cu il reyestr kitabı 1, səhifə 85) qeyri-yaşayış binasının ümumi paylı mülkiyyət hüququ üzrə özünə məxsus 78.10 kvm hissəni 8000 (səkkiz min) manata İddiaçı1 satmışdır. Balakən şəhəri H.Əliyev prospekti 69 q ünvanında yerləşən qeyri-yaşayış binası-mağaza İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 24 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə, İddiaçı1 mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən şəhəri H.Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92 kvm olan qeyri-yaşayış binasını 28000 (iyirmi səkkiz min) manata Cavabdeh1 satmışdır. Balakən şəhəri, Heydər Əliyev prospekti, 69 L ünvanında yerləşən İddiaçı1 məxsus olan daşınmaz əmlakın, qeyri-yaşayış binasının (mağaza) 18 iyun 2021-ci il tarixinə bazar dəyəri 156400 (bir yüz əlli altı min dörd yüz) manat; likvid qiyməti 140760 (bir yüz qırx min yeddi yüz altmış) manat təşkil edir. Balakən şəhəri, H.Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasının real bazar qiyməti 150.000 (bir yüz əlli min) manat-180.000 (bir yüz səksən min) manat aralığındadır. Belə ki, Balakən şəhərinin H.Əliyev prospekti ərazisində yerləşən qeyri-yaşayış binalarının 1 (bir) m2 hissəsinin real bazar qiyməti 1700 (bir min yeddi yüz) manatla-2000 (iki min) manat arasında dəyişir. Şahid qismindən dindirilmiş Şahid1 bildirmişdir ki, Balakən şəhərində daşınmaz əmlakın alqı-satqısı üzrə rieltor işləyir və bu barədə VÖEN-i vardır. 2020-ci ilin payızında İddiaçı1 qızı əri İddiaçı2lə ona yaxınlaşıb, onlara məxsus 92 kvadratmetr qeyri-yaşayış obyektini satmaq istədiklərini bildirmişlər. O da bu məlumatı Cavabdeh1 bildirmiş, sonradan İddiaçı1 və Saranın əri Qocayev X7 Elnar Öməroviçlə 92 kvadratmetr olan qeyriyaşayış sahəsinin 30000 manata alqı-satqısı barədə razılaşmışlar. Cavabdeh1 28000 manatı İddiaçı1 vermiş və Elnarın orada müqavilə ilə bağlı 2000 manat xərci çıxmışdır. İddiaçı1 və İddiaçı2 alqı-satqı müqaviləsindən ona düşən razılaşdırılmış 2 faizi hələ ona ödəməmişlər. Balakən şəhərinin daxilində son vaxtlar başqa bir obyekt satmamışdır. Belə ki, koronavirus pandemiyası ilə bağlı obyekt alanlar demək olar ki, yoxdur. O, «ASAN xidmət» in notariusunda 24 noyabr 2020-ci il tarixdə alqı-satqıda iştirak edib. İddiaçı1 bilmişdir ki, onun obyekti Cavabdeh1 müqavilədə göstərilən qiymətə satılır. Şahid qismindən dindirilmiş Şahid3 bildirmişdir ki,mübahisəli obyektdə gözəllik salonunda işləyir və İddiaçı1 işçisidir. Eşitmişdir ki, İddiaçı1 bütün obyekti 450 minə satır. İddiaçı1 eşitmişdir ki, o, Elnar adlı şəxslə obyektin ona 450 min manata satılması, bunun 170 min manatının ilkin ödənilməsi və qalanının hissə-hissə ödənilməsi barədə razılaşmışlar. Saragilin obyektin qabaq hissəsini 170 min manata satdıqlarını eşitmişdir. Sara və Eyvazla Elnarın obyektin alqı-satqısı ilə bağlı söhbətlərini eşitməmiş, notariusda alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etməmiş, orada tərəflərə hüquq və vəzifələrinin izah olunubolunmadığını, Saranın beh müqaviləsi bağlamaq istədiyini və bilmədən alqı-satqı müqaviləsinə imza etdiyini bilməmişdir. Şahid qismindən dindirilmiş Şahid4 bildirmişdir ki, o, İddiaçı1 məxsus olan gözəllik salonunda işləyir. İşlədiy yerdə bir ailə kimi olduqları üçün eşitmişdir ki, İddiaçı1 məxsus qeyri-yaşayış binası bütövlükdə 450 min manata, qabaq hissə isə ayrılıqda 175 min manata satılır. Cavabdeh1 tanımır. Sonradan məlumatı olmuşdur ki, Elnar Saraya neçə minsə ödəyib, həmin obyekti öz adına keçirmişdir. Həmçinin eşitmişdir ki, Elnar Saraya tam məbləği ödəməmişdir. Amma söhbətin hansı məbləğdən getdiyini bilməmişdir. O, alqısatqıda iştirak etməmişdr. Sara xanım onun müdiridir və münasibətləri çox yaxşıdır. Sara xanımın ona dediyinə görə obyektə tam ödəniş olmamışdır, qalan məbləğ ona hissə-hissə ödəniləcəkdir. O, Sara və Eyvazın Elnarla alqı-satqı ilə bağlı razılaşmasında iştirak etməmiş, həmçinin 24 noyabr 2020-ci il tarixə notariusda olmamış, orada tərəflərə hüquq və vəzifələrinin izah olunubolunmamasını, İddiaçı1 beh müqaviləsi bağlamaq istədiyini, lakin bilmədən alqısatqı müqaviləsinə imza etdiyini görməmişdir. Şahid qismindən dindirilmiş Şahid2 bildirmişdir ki, mübahisəli obyektə yaxın yerdə bərbər işləyir. İddiaçı1 əri İddiaçı2 obyekti 450 manata satmaq istədiyini bildirərək, ona müştəri tapmaqda kömək etməsini xahiş etmişdir. Eyvazın və Saranın həmin əmlakın hansı hissəsini və neçəyə satmalarından məlumatı yoxdur. Alqı-satqı ilə bağlı tərəflərin söhbətlərində və notariusda alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etməmiş və bununla bağlı hər hansı məsələnin şahidi olmamışdır. Notariusda tərəflərə hüquq və vəzifələrinin izah edilib-edilməməsindən və İddiaçı1 beh müqaviləsini bağlamaq istəməsi və bilmədən alqı-satqı müqaviləsinə imza etməsindən məlumatı və bilgisi yoxdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında mübahisələndirilən alqı-satqı müqaviləsindən başqa, digər müqavilə-beh müqaviləsi bağlanması barədə hər hansı razılaşma olmamış və beh müqaviləsi bağlanmamışdır. Bu xüsusda iddiçının göstərdiyi hal mövcud olmamışdır. İddiaçı1 razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması, yəni sözügedən əqdin vacib əhəmiyətli yanılmanın təsiri altında bağlanmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə İddiaçı1 iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla da iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Göstərilənlər də iddianın tamamilə əsassız olmasını göstərir. Məhkəmə işin halları ilə bağlı onu da nəzərə çatdırır ki, Cavabdeh1 iddia predmetini təşkil edən qeyri-yaşayış obyektini vicdanlı əldə edəndir. Həmçinin məhkəmə tərəfindən iş üzrə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər Şahid3, Şahid4 və Şahid2 ifadələri də iddia tələbinin əsaslandırıldığı hallara dair mötəbər sübutlar kimi qəbul olunmur. Belə ki, həmin şahidlər iddiaçı tərəflə cavabdehin hansı şərtlər, o cümlədən qiymət şərti barədə apardığı danışıqların və razılaşmanın iştirakçısı və ya tərəfi olmamış, bu danışıqların və razılaşmanın məzmunu barədə məlumata malik olmamış, ona görə də tərəflər arasında bu barədə razılaşmanın iddiaçı tərəfin iradə ifadəsinin həqiqi mənasını əks etdirib-etdirmədiyini görməmiş və bu barədə həqiqi məlumata malik olmamışlar. Digər tərəfdən həmin şahidlər tərəflər arasında 24 noyabr 2020-ci il tarixli müqavilə bağlanarkən notariatda iştirak etməmiş, orada hansı şərtlər daxilində müqavilənin bağlanmasını görməmiş və bilməmiş, tərəflərə hüquq və vəzifələrinin izah edilib-edilməməsini və İddiaçı1 beh müqaviləsi bağlamaq istədiyini, lakin alqı-satqı müqaviləsinə bilmədən imza etməsini görmədiklərini və bilmədiklərini demişlər. Həmçinin işdə olan 24 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən də görünür ki, tərəflərə hüquq və vəzifələri, həmçinin hazırki əqdin hüquqi nəticələri izah olunmuş, müqavilə bağlanarkən müvafiq qanuni tələblərə riayət olunmuş, tərəflər müqavilənin predmeti və müqavilənin şərtləri barədə tam məlumat almışlar. Sözügedən müqavilənin qanunun tələblərinə uyğun bağlanması və tərəflərin iradə ifadəsinin həqiqi mənasını əks etdirməsi halını cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 da məhkəmədə verdiyi ifadəsində təsdiq etmişdir. Belə ki, Şahid1 ifadəsində Balakən şəhərində daşınmaz əmlakın alqı-satqısı üzrə rieltor işlədiyini və bu barədə VÖEN-nin olduğunu, 2020-ci ilin payızında İddiaçı1 əri İddiaçı2lə ona yaxınlaşıb, onlara məxsus 92 kvadratmetr qeyri-yaşayış obyektini satmaq istədiklərini bildirməsini, onun da bu məlumatı Cavabdeh1 bildirməsini, sonradan İddiaçı1 və Saranın əri İddiaçı2 Cavabdeh1lə 92 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 30000 manata alqı-satqısı barədə razılaşdığını, Cavabdeh1 28000 manatı İddiaçı1 verdiyini və Elnarın orada müqavilə ilə bağlı 2000 manat xərcinin çıxdığını, İddiaçı1 və İddiaçı2 alqısatqı müqaviləsindən ona düşən razılaşdırılmış 2 faizi hələ ona ödəmədiklərini, Balakən şəhərinin daxilində son vaxtlar başqa bir obyekt satmadığını, belə ki, koronavirus pandemiyası ilə bağlı obyekt alanların demək olar ki, olmadığını, onun «ASAN xidmət»in notariusunda 24 noyabr 2020-ci il tarixdə alqı-satqıda iştirak etdiyini və İddiaçı1 onun obyektinin Cavabdeh1 müqavilədə göstərilən qiymətə satıldığını bildiyini göstərmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı 24 noyabr 2020-ci il tarixdə Balakən regional «Asan xidmət» mərkəzində Notariat Ofisində bağlanmış 4Ə-409 reyestr nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin» etibarsız sayılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X3 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı, F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarı, Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarı, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işi,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 140cı, 146.1-ci, 146.2-ci, 152.1-ci, 157.8-ci, 213.1-ci, 225.1-ci, 222.2-ci, 222.3-cü, 331.1-ci, 334.1-ci, 334.2-ci, 337.1-ci, 337.2-ci, 337.3-cü, 347.1-ci, 354.1-ci, 354.2-ci, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 77.1-ci, 78.1-ci, 80-ci, 81-ci, 88-ci, 89.1-ci, 89.3-cü, 106.1-ci, 217.3-cü, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv araşdırmamış, birtərəfli, səthi və qeyri-obyektiv araşdırma aparmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 80, 81, 82.3, 88, 217 və 261-ci maddələrinin tələblərini pozmuşdur. məhkəmə tərəfindən təqdim edilmiş şahidlərin ifadələrini sübut kimi qəbul etməmişdir. Məhkəmə iclasında tədqiq edilən 18 iyun 2021-ci il tarixli, UNİ/İ 44-254/21 saylı rəyi və sahibkar-biznesmen X6 16.06.2021-ci il tarixli, 45 nömrəli arayışı nəzərə alınmamışdır. Balakən Rayon Məhkəməsi qanunvericiliyin və "B. Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 dekabr 2019-cu il tarixli qərarındakı hüquqi mövqeyinə zidd olaraq sırf 24 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsin formal tələblərə uyğun olması əsası ilə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Cavabdeh tərəf satılan əmlakın dəyərinin həqiqətən də 170.000 (bir yüz yetmiş min) manat olmasını təkzib etməmiş, ancaq həmin əmlakı 170.000 (bir yüz yetmiş min) manat dəyərində olmasına baxmayaraq 28.000 (iyirmi səkkiz min) manata razılşaraq aldıqlarını bildirmişdirlər. Şahid3, Şahid4 və Şahid2 ifadələrinin hansı hissəsinin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməsi qətnamədə əsaslandırılmamışdır. Şahidlər Şahid3 və Şahid4 mübahisə predmeti olan qeyri-yaşayış binasında qadın salonunda çalışırlar və onlar məhkəməyə verdikləri ifadələrində də, qeyri-yaşayış binasının satılmasından xəbərdar olmalarını, cavabdehin həmin binaya gələrkən iddiaçı ilə danışıqlarına şahid olduqlarını bildirmişdirlər. Şahid2 isə ifadəsində İddiaçı2 obyekti 450 manata satmaq istədiyini ona bildirdiyini qeyd etmişdir. Balakən Rayon Məhkəməsi hansı xüsusat üzrə şahidlərin ifadələrini mötəbər saymamışdır? Qeyd olunanalara əsasən, onlar, Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-235/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçıların vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)- 235/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-235/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməslərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2–ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 647-ci maddəsinin mənasına görə daşınmaz əmlakın alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-235/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 7 mart 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X1 şəhəri H.Əliyev prospekti 69 q ünvanında yerləşən, qeydiyyat nömrəsi 619, qeydiyyat tarixi 09.09.2005-ci il reyestr kitabı 2, səhifə 25, invertar nömrə 755, reyestr nömrəsi 619, ümumi sahəsi 23.5 kvm olan qeyriyaşayış binasını 10000 (on min) manata İddiaçı1 satmışdır. 18 mart 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X2 şəhəri H.Əliyev prospekti 69L ünvanında yerləşən (reyestr nömrəsi **********02-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15.07.2010-cu il reyestr kitabı 1, səhifə 85) qeyri-yaşayış binasının ümumi paylı mülkiyyət hüququ üzrə özünə məxsus 78.10 kvm hissəni 8000 (səkkiz min) manata İddiaçı1 satmışdır. Balakən şəhəri H.Əliyev prospekti 69 q ünvanında yerləşən qeyriyaşayış binası-mağaza İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 24 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə, İddiaçı1 mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən şəhəri H.Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92 kvm olan qeyri-yaşayış binasını 28000 (iyirmi səkkiz min) manata Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi dəlillərin heç biri müqavilənin ləğv edilməsi üçün əsas olan halların dairəsinə daxil deyildir. Belə ki, mübahisəli daşınmaz əmlaka dair bağlanmış alqı–satqı müqaviləsinin mühüm şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmamış, həmçinin iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmamışdır. Ona görə də iddiaçının istinad etdiyi dəlillər, həmin müqavilənin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki qanunvericilikdə isə daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə müqavilələrin notarat qaydada təsdiq edilməsi imperativ qaydada göstərilmişdir. Həmin qaydaya əməl edildikdən sonra müqavilə qüvvəyə minir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, İddiaçı1 24 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması zamanı Cavabdeh1 onu aldatması, guya həmin müqavilənin beh müqaviləsi olduğunu bilib, ona imza atması və müqavilənin predmeti olan qeyriyaşayış sahəsinə aid qiymət aşağı olmaqla bu xüsusda müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması və notariusda onun hüquqlarının izah edilməməsi və notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilməməsi barədə bildirdikləri işdəki sübutlarla tam təkzib olunur və iddiaçı tərəf də belə bir halın olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarından görünür ki, qeyd edildiyi kimi, tərəflərə, o cümlədən İddiaçı1 hüquq və vəzifələri izah edilməklə, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş və İddiaçı1 da buna imza etmişdir. Digər tərəfdən, İddiaçı1 birinci instansiya məhkəməsində verdiyi izahatında iddia tələbinin əsaslandırıldığı guya beh müqaviləsinə imza etməsi barədə halı təkzib edərək, notariat kontoruna Cavabdeh1lə iddia predmetini təşkil edən obyektin alqı-satqı müqaviləsini bağlamağa getdiyini bildirmişdir. Bu xüsusda məhkəmə iddiaçı tərəfin təqdim etdiyi 18 iyun 2021-ci il tarixli, UNİ/İ 44254/21 saylı rəyi, X6 16.06.2021-ci il tarixli, 45 nömrəli arayışını və digər sənədləri iddia tələbinin əsaslandırıldığı halların mövcudluğuna dair mötəbər sübutlar kimi qəub etmir. Belə ki, həmin rəy və arayışda göstərilən qiymətlər tərəflər arasında sözügedən alqı-satqı müqaviləsinin qanunun tələblərinə uyğun bağlanmaması nəticəsinə gəlinməsi və həmin müqavilənin etibarsız sayılması üçün əsas ola bilməz. Ona görə ki, qeyd olunan alqı-satqı müqaviləsinin bağlanmasında və həmin müqavilə üzrə alqısatqı obyektinin satış qiymətinin müəyyən olunmasında tərəflər sərbəst olmuş, yəni müqavilə azadlığına malik olmuş və həmin müqaviləni bağlamaqla öz iradə ifadələrininin həqiqi mənasını əks etdirmişlər. Daha sonra kollegiya qeyd edir ki, birinci ninstansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən Balakən Bələdiyyəsinin iclasının 22 iyun 2007ci il tarixli 06 saylı protokol qərarı, Balakən Bələdiyyəsinin iclasının 23 oktyabr 2010-cu il tarixli 10 saylı Protokolunun qərarı və Balakən Bələdiyyəsinin 26 oktyabr 2010-cu il tarixli 05 nömrəli sərəncamı da iddia tələbinin əsaslandırıldığı hallara dair mötəbər sübutlar kimi qəbul olunmur. Belə ki, həmin sənədlər də 24 noyabr 2020-ci il tarixdə İddiaçı1 alqı-satqı müqaviləsi deyil, beh müqaviləsi bağlamaq istəməsi, iddiaçının müqavilədə göstərilən qiymətdə müqavilə bağlaması fikrinin olmamasını və bir sözlə həmin müqavilənin şərtlərinin iddiaçı tərəfin iradə ifadəsini əks etdirməməsini sübut etmir. Eynilə iddiaçı tərəfin təqdim etdiyi digər sənədlər də iddia tələbinin əsaslandırıldığı halların mövculuğunu təsdiq və sübut etmir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər Şahid3, Şahid4 və Şahid2 ifadələri də iddia tələbinin əsaslandırıldığı hallara dair mötəbər sübutlar kimi qəbul etməmişdir. Belə ki, həmin şahidlər iddiaçı tərəflə cavabdehin hansı şərtlər, o cümlədən qiymət şərti barədə apardığı danışıqların və razılaşmanın iştirakçısı və ya tərəfi olmamış, bu danışıqların və razılaşmanın məzmunu barədə məlumata malik olmamış, ona görə də tərəflər arasında bu barədə razılaşmanın iddiaçı tərəfin iradə ifadəsinin həqiqi mənasını əks etdiribetdirmədiyini görməmiş və bu barədə həqiqi məlumata malik olmamışlar. Digər tərəfdən həmin şahidlər tərəflər arasında 24 noyabr 2020-ci il tarixli müqavilə bağlanarkən notariatda iştirak etməmiş, orada hansı şərtlər daxilində müqavilənin bağlanmasını görməmiş və bilməmiş, tərəflərə hüquq və vəzifələrinin izah edilib-edilməməsini və İddiaçı1 beh müqaviləsi bağlamaq istədiyini, lakin alqı-satqı müqaviləsinə bilmədən imza etməsini görmədiklərini və bilmədiklərini demişlər. Qeyd olunanlar o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında mübahisələndirilən alqı-satqı müqaviləsindən başqa, digər müqavilə-beh müqaviləsi bağlanması barədə hər hansı razılaşma olmamış və beh müqaviləsi bağlanmamışdır. Bu xüsusda iddiçının göstərdiyi hal mövcud olmamışdır. İddiaçı1 razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması, yəni sözügedən əqdin vacib əhəmiyətli yanılmanın təsiri altında bağlanmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Şikayətin digər dəlili isə Balakən Rayon Məhkəməsinin qanunvericiliyin və "B. Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 dekabr 2019-cu il tarixli qərarındakı hüquqi mövqeyinə zidd olaraq sırf 24 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsin formal tələblərə uyğun olması əsası ilə iddianın təmin edilməməsi qənaətinə gəlməsidir. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilibedilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. İş üzrə məhkəmələr tərəfindən mübahisələndirilən alğı-satqı müqaviləsinin bağlanması zamanı ərizəçinin həmin müqavilənin bağlanmasının aldadılma nəticəsində baş verməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməməsi prosessual hüquq pozuntusuna səbəb olmuşdur.” Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddiaçıların dəlillərinə kifayət qədər qiymət vermiş, haqlı olaraq iddianın əsassız olması qənaətinə gəlmişdir. Belə ki, 7 mart 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X1 şəhəri H.Əliyev prospekti 69 q ünvanında yerləşən, qeydiyyat nömrəsi 619, qeydiyyat tarixi 09.09.2005-ci il reyestr kitabı 2, səhifə 25, invertar nömrə 755, reyestr nömrəsi 619, ümumi sahəsi 23.5 kvm olan qeyri-yaşayış binasını 10000 (on min) manata İddiaçı1 satmışdır. 18 mart 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X2 şəhəri H.Əliyev prospekti 69L ünvanında yerləşən (reyestr nömrəsi **********02-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15.07.2010-cu il reyestr kitabı 1, səhifə 85) qeyri-yaşayış binasının ümumi paylı mülkiyyət hüququ üzrə özünə məxsus 78.10 kvm hissəni 8000 (səkkiz min) manata İddiaçı1 satmışdır. İddiaçı mübahisəli əmlaka ümumilkdə 18000 manat pul ödəyərək almışdır. Bundan sonra isə iddaçı həmin əmlakı 28000 manata satmışdır. Yəni aldığı qiyətdən 10000 manat baha qiymətə satmışdır. Yəni iddiaçının cavabdeh tərəfindən aldadıldığına dair şikayətin dəlilləri əsassızdır. Hazırkı halda iddiaçının qeyd etdiyi dəlillər əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Apelyator cavabdeh tərəfindən aldadılması barədə hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)- 235/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar və onların vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-235/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar