Məhkəmə qərarları › İş №2(107)-200/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-200/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-200/2025 28.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun ödənilməsi və akt əsasında hesablanmış məbləğin silinməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(019)-965/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Balakən şəhəri Əsədov küçəsində yaşayan xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 906.57 (doqquz yüz altı manat 57 qəpik) manat və İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat, cəmi 1684.17 (bir min altı yüz səksən dörd manat 17 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 36.85 (otuz altı manat 85 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə 1721.42 (bir min yeddi yüz iyirmi bir manat 42 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Balakən şəhəri Əsədov küçəsində Cavabdeh məxsus mənzilində 11673 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00730 saylı qaz hesabında ödənilməmiş 1684.17 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 906.57 manat hissəsi sayğac göstəricisinə və 777.60 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 906.57 manat məbləğindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı ******* nömrəli sayğacın 3583 m göstəricisi ilə müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 777.60 manat məbləğindəki borc Cavabdeh yaşadığı Balakən şəhəri Əsədov küçəsində yerləşən mənzilində istismarda olmuş G-4 markalı **********1 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********1 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı vizual müdaxilə ehtimalı müəyyən olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2023-cü il tarixli MS-14-2-2/3-5-13161/Q001 saylı rəydə "sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilib, Sayğacın hesablama mexanizminə maneə törədilib, sayğac istismara yararsızdır" qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 6 kub/m, orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 6480 m (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərib xx.xx.2024-cü il tarixə nəzərdə tutulmuş baxış iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, Balakən şəhəri Əsədov küçəsində özünə məxsus evi vardır və həmin mənzildə alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edir. O, maddi vəziyyəti ağır olduğundan istifadə etdiyi, sayğacda göstərilən qaz borcunu ödəyə bilməmişdir. Lakin hissə-hissə istifadə etdiyi qazın pulunu ödəyəcəkdir. Təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı hesablanmış 777.60 manat isə ona əsassız olaraq hesablanmışdır. Belə ki, o və ailə üzvüləri qaz sayğacıma heç bir müdaxilə etməmişlər. Qaz sayğacı küçədə quraşdırılmışdır.Onların həmin sayğacı qorumaq imkanları yoxdur. Sayğacın qoruyucu şüşəsinin hansı şəraitdə və necə deşildiyini onlar bilmirlər. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 06 noyabr 2024-cü il tarixli, e- 2(019)-965/2024 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 906.57 manat borc və 19,90 manat dövlət rüsumu xərci-cəmi 926,47 manatın tutularaq İddiaçı xeyrinə (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən evi vardır. Cavabdeh İddiaçı ilə bağladığı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında evində G-4T markalı ******* nömrəli məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. İstehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən onun 906.57 manat borcu yaranmışdır. Eyni zamanda ona təbii qazdan qeyri qanuni istifadəyə görə 777.60 manat borc hesablanmışdır. Cavabdeh borcu ödəmədiyindən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh sayğac göstəricisinə görə hesablanmış 906.57 manat borcu etiraf edir, sayğacın küçədə olduğunu, ora heç bir müdaxilə etmədiklərini, sayğacın qoruyucu şüşəsinin hansı şəraitdə və necə deşildiyinin onlara məlum olmadığını göstərərək təbii qazdan qeyri qanuni istifadəyə görə hesablanmış 777.60 manat borcu etiraf etmir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

8. Məhkəmə işin hallarını, iddiaçının tələb etdiyi 906,57 manat borcun sayğac göstəricisi üzrə yaranmasını, qalan 777.60 manat borcun təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata görə hesablanmasını, İddiaçı Cavabdeh sayğaca müdaxiləsi barədə akt tərtib etməsi, bu aktın bir nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə və ya cinayət təqibi üçün cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olmasının həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi barədə heç bir sübut təqdim etməməsini, belə olan halda Cavabdeh 6480 kub/metr qazın istehlakına görə təqsirli hesab oluna bilməməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi sayğac göstəricisi üzrə yaranmış 906,57 manat borca aid hissədə təmin edilməli, 777.60 manat borca aid hissədə əsassız olduğundan təmin edilməməlidir.

9. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən 19,90 manat dövlət rüsumu xərci Cavabdeh tutulub İddiaçı xeyrinə ödənməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9, 5.5, 6.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.

13. İddiaçı İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan G4 markalı**********1 nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı ona müdaxilə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə GCZ0011783 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2023- cü il tarixli MS-14-2-2/3-5-13161/Q001s a ylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilib, sayğacın hesablama mexanizminə maneə törədilib, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar cavabdehin iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 6 m sutkalıq iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı Zaqatala RQİİ-ninxx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 6480 m (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir.

14. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır.

15. İstehlakçı hazırkı vəziyyətdə sayğaca müdaxilə etməklə qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Göründüyü kimi cavabdehin zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər qiymətləndirilərək, cavabdehə aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır.

16. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, mövcud vizual qüsur aşkarlansada, istehlakçı qüsuru təsdiq edən xx.xx.2023-cü il tarixli ******* saylı aktı imzalasada, inventarizasiyanın aparılmasına dair xx.xx.2023-cü il tarixli ******* saylı aktı isə imzalamaqdan imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün əsaslar olduğu halda iddianın təmini barədə qərar verməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.

17. Cavabdeh tərəfdən qanunsuz hərəkətləri həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Sayğacda qüsur aşkar edilməzdən əvvəlki dövrlə qüsur aradan qalxdıqdan sonrakı dövrdə abonent saldosu üzrə qaz sərfinin müqaisəsi zamanı sonradan sərfiyyatın kəskin artması məhkmənin diqqətindən yayınmışdır.

18. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsinin ilk növbədə diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həmdə ona görə əsassızdır ki, sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də cavabdehin sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən, qaydaların 4.8-ci bəndində göstərilənlər iki cür izah olunur: Birincisi sayğacın texniki cəhətdən nasaz olması, ikincisi sayğaca kənar təsir nəticəsində nasaz vəziyyətə gətirilmsi. Bu iki hal bir birindən tamamilə fərqli anlayışlardır və qaz paylayıcısı yalnız birinci halda sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdeh ola bilər, ikinci halda isə bu cavabdehilik isə ağlabatan deyildir və ya istehlakçının lehinə şərh oluna bilməz. Belə ki, birinci halda sayğacın zavod qurğuşun plombunda və onun flyans birləşməsinə vurulan plombunda, sayğacda hər hansı vizual müşahidə edilən kənar təsir nəticəsində müdaxilə halı yoxdursa, ancaq bununla belə sayğac işləmirsə, normadan artıq xəta ilə işləyirsə, başqa sözlə sayğaca hər hansı fiziki təsir nəticəsində müdaxilə halı olmadan onda nasazlıq mövcuddursa belə bir vəziyyətdə onun işlək vəziyyətdə olmasına görə istehlakçını məsul tutlmaq olmaz. İkinci halda isə sayğacını nasaz vəziyyətə gətirilməsi məhz ona fiziki təsir nəticəsində baş vermişsə (hazırkı işdə olduğu kimi) bu zaman qaz paylayıcısı sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilməz. Çünki həmin sayğaclar quraşdırılarkən yoxlanılmış və hər hansı texniki nasazlığı olmadığı üçün quraşdırılmış və aktla istehlakçıya təhvil verilmişdir.

19. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı iləməişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

20. Göründüyü kimi qaz sərfi müdaxilə qaz sayğacının şəbəkədən açılmamışdan əvvəlki dövrü ilə yenisi ilə əvəz edildikdən sonrakı dövrlə müqaisədə nəzərə çarpacaq dərəcədə fərq vardır. Sayğacda mövcud olan qüsur elə bir müdaxilədir ki, onun üzərində qanunsuz əməllər həyata keçirilərkən (müdaxilə edilərkən) hökmən mənzilin qaz təminatı dayandırılmalıdır və bundan da vətəndaşın məlumatının olmaması qeyri mümkündür. Digər tərəfdən sayğacın içəri mexanizminə təmas edildiyindən müəyyən vaxt tələb olunur və ona ərazidən keçən hər hansı şəxsin təsaüfən müdaxilə etməsi də mümkünsüzdür və bu halda da cavabdehin məlumatının olmaması mümkünsüzdür. İstehlakçının sayğacda müdaxilə faktı varsa deməli onun məlumatı daxilində mümkündür.

21. Nəticə etibarilə istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Yuxarıda aparılan analizdən və mülki işin faktiki hallarından da göründüyü kimi istehlakçıya məxsus mənzildə sayğaca müdaxilə edilməklə qanunsuz qazdan istifadə edilməsi faktına heç bir şübhə yeri qoymur və cavabdehin etirazında göstərdiyi fikirlər isə yalnız formal, əsassız özünü müdafiə mülahizələrdən ibarətdir.

22. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

23. Odur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, e-2(019)- 965/2024 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, İddiaçı iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(019)-965/2024 nömrəli qətnaməsini qismən, yəni iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir.

33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə bağladığı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında yaşadığı ünvanda məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Cavabdehin yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi, sayğacın hesablama mexanizminə maneə törədilməsi, sayğacın istismara yararsız olması” müəyyən edilmiş, bununla bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 dekabr 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün İddiaçı tərəfindən hesabat aparılmış və hesablanmış 777,60 manat cavabdehdən tələb edilmişdir.

37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və onun dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya aktda nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi, sayğacın hesablama mexanizminə maneə törədilməsi, sayğacın istismara yararsız olması” qeydinin cavabdehin hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir.

38. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşan kollegiya həmçinin qeyd edir ki, cavabdehin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G4 markalı, **********1 nömrəli sayğaca dair İddiaçı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. İddiaçı tərəfindən quraşdırılan sayğaca görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. İddiaçının şikayəti o halda əsaslı sayıla bilərdi ki, iddiaçı sayğacda kənar müdaxilənin olmasını göstərmiş olsun və həmin müdaxilənin cavabdehin hərəkətləri nəticəsində baş verdiyini sübut etmiş olsun. Lakin hazırkı vəziyyətdə belə hallar müəyyən edilmir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, aktda qeyd edilən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi, sayğacın hesablama mexanizminə maneə törədilməsi, sayğacın istismara yararsız olması” fikirləri həmin sayğaca təbii qazdan qeyri qanuni istifadə məqsədi ilə hər hansı kənar müdaxilənin olmasını göstərmir. Həmin nöqsanların qeyd edilməsi isə özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsanın yaranmasında məhz cavabdehin təqsirli olmasına dair qəti fikrin ifadə edilməsi üçün əsaslar mövcud deyildir. Sözügedən sayğacın cavabdehin mülkiyyətində olan həyətində yox, yol kənarında quraşdırmış olmasının cavabdehin onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun cavabdeh tərəfindən törədilməsini, bununla bağlı Cavabdeh təqsirli olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

40. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına sayğaca müdaxilə ilə bağlı cavabdehin hər hansı bir məsuliyyətə cəlb edilməsi, cavabdehin bunda təqsirli olmasına dair hər hansı bir sənəd əlavə edilməməklə yanaşı, iddiaçı təşkilat tərəfindən buna dair məhkəmə kollegiyasına da hər hansı bir sübut təqdim edilməmişdir.

41. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Göründüyü kimi, hazırki halda sayğacda aşkar edilən nasazlıqların cavabdehin təqsiri üzündən baş verməsi sübut olunmur.

43. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona akt əsasında əlavə məbləğin hesablanması əsaslı olmamışdır.

45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(019)-965/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(019)- 965/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar