Məhkəmə qərarları › İş №2(107)-2017/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2017/2021

02.11.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2017/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(075)-354/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli, KAŞƏK 125634/15 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 2775,08 ABŞ dolları əsas borc, 5608,63 ABŞ dolları faiz borcu, 5806,62 ABŞ dolları cərimə olmaqla, cəmi 14190,33 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 27 iyul 2021-ci il tarixli, 2(075)-354/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 22 yanvar 2015-ci il tarixli, KAŞƏK 125634/15 saylı kredit müqaviləsi üzrə 2761,87 ABŞ dolları əsas borc, 5608,63 ABŞ dolları faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 50 manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinə AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh3 apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx"Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh3 arasında 22 yanvar 2015-cu il tarixli, KAŞƏK125634/15 saylı kredit müqaviləsinə əsasən, Təşkilat tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 27 % olmaqla, 7600 ABŞ (yeddi min altı yüz dollar )məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə, cavabdeh ödəniş qrafikində nəzərdə tutulmuş müddətdə və qaydada əsas kredit məbləğini və ona hesablanmış faizləri ödəməli idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş, bununla da, Kredit müqaviləsi ilə nəzərdə tutulmuş tələbləri pozmuşdur. Həmçinin,Kredit müqaviləsinin təminatı olaraq iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2 Fərhad qızı və Cavabdeh1 arasında 22 yanvar 2015-cu i Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 Fərhad qızı və Cavabdeh1 dəfələrlə şifahi və yazılı qaydada öhdəliklərin icrasını təmin edilməsi üçün xəbərdar edilsələr də, cavabdehlər iddiaçıya olan borcu qaytarmaqdan boyun qaçırır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 Fərhad qızının və Cavabdeh1 iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə 2775,08 dollar əsas borc, 5608,63 dollar faiz borcu, 5806,62 dollar cərimə, cəmi 14190,33 dollar məbləğində borcu yaranmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır və mülki işə düzgün baxılmamışdır. Onların iddiaçı banka tələb edilən məbləğdə əsas borcu yoxdur. Hesab edr ki, borcunun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməli idi. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(075)-354/2021 saylı qətnaməsini əsas və faiz ilə bağlı hissədə ləğv edərək yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMCnin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh borcu ödəmək əvəzinə işi süni şəkildə uzatmağa çalışır. Bundan əlavə 2018-ci il tarixdə kredit müqaviləsi üzrə əlavə razılaşma rəsmiləşdirilsə də, cavabdeh yenə də ödəniş etməmişdir. Cavabdehlə Fərmanın təsiri dairəsinə düşməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf səbəb və mümkünsüzlüyü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: 22 yanvar 2015-ci il tarixli KAŞƏK 125634/15 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 27 faiz olmaqla 24 ay müddətinə 7600 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən borclu aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə üzrə qaytarılma müddətlərini pozduqda, hər gecikdirilmiş əsas məbləğin gündə 1 % miqdarında cərimə məbləği ödəyir. 22 yanvar 2015-ci il tarixli KAŞƏK 125634/15 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 "xxxx" Bank Olmayan Kredit Təşkilatı qarşısındakı öhdəliklərini yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 18 dekabr 2018-ci il tarixli razılaşmanın surətindən görünür ki, 22 yanvar 2015-ci il tarixli KAŞƏK 125634/15 saylı kredit müqaviləsi Cavabdeh3 "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMCnə olan 3457,44 ABŞ dolları əsas borcu, 4058,62 ABŞ dolları faiz borcu və 1176 ABŞ dolları cərimə borcunun ödənilməsi müddəti 24 ay müddətinə, yəni 28 noyabr 2020-ci il tarixədək uzadılmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 21 may 2019-cu il tarixli xəbərdarlıqların surətindən görünür ki, kredit borcunun 3 gün ərzində ödənilməyəcəyi təqdirdə müqavilənin ləğv edilməsi və müqavilə üzrə qalıq borcun onlardan tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 may 2021-ci il tarixli, 9/2729 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh3 tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı məlumatları (c.i.v-7-9), 22 yanvar 2015-ci il tarixli, KAŞƏK 125634/15 saylı kredit müqaviləsi və 18 dekabr 2018-ci il tarixli razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh3 23 dekabr 2020-ci il tarixə (iddia ərizəsinin tarixinə) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nə 2761,87 ABŞ dolları məbləğində əsas borc və 5652,89 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 8414,76 ABŞ dolları məbləğində borcu vardır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 8.6-cı bəndində göstərilir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündan çox gecikdirilmiş borclar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 22 yanvar 2015-ci il tarixli, KAŞƏK 125634/15 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh3nın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh3 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, "xxxx" BOKT QSC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh3 kredit məbləğinin verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kredit və zaminlik müqavilələri üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişlər. Bu səbəbdən də "xxxx" BOKT QSC kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnamənin qeyri-obyektiv olmasını qeyd etsə də, apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməməklə, apellyasiya şikayətini öz formal mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, cavabdeh iş üzrə ekspertizanın keçirilmədiyini bildirməklə işin həllinə obyektiv yanaşmır. Çünki işə baxan birinci instansiya məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməklə, sonda yekun qərar qəbul edərkən məhz həmin rəyə (20 may 2021-ci il tarixli, 9/2729 nömrəli) istinad etmişdir. Göründüyü kimi, borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(075)-354/2021 nömrəli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar