Məhkəmə qərarları › İş №2(107)-203/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-203/2022

24.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-203/2022 24.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk, borc müqaviləsi üzrə 15000 manat və əlavə gəlir kimi 5000 manat məbləğində pulun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: etibarsız əqd, pul tələbi, əldən çıxmış fayda, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(051)-1320/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ona cavabdeh X6 tərəfindən 15000 manat pulun verilməsi ilə bağlı cavabdeh Şəki Regional “Asan” Ximdət Mərkəzinin Notariat Ofisi tərəfindən 07 avqust 2020-ci il tarixdə təsdiq edilərək həmin kontorda 3M-440 reyestr nömrəsi ilə qeydiyyata alınmış 07 avqust 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Quliyev Nüsrəddin oğlunun iddiasının rədd olunmasını və 15000 (on beş min) manat və əlavə gəlir kimi 5000 (beş min) manat məbləğində pulun alınaraq ona verilməsini (qaytarılmasını) müəyyən edən qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisində guya onunla cavabdeh X6 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi cavabdeh Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən 07 avqust 2020-ci il tarixli, 3M-440 reyestr nömrəsi ilə qeydiyyatda alınaraq təsdiq edilmişdir. Həmin kredit müqaviləsinə əsasən ona guya 15000 manat məbləğində kredit verilmişdir. Halbuki, ona həmin məbləğ verilməmişdir. Ona görə də məhkəmədən ona cavabdeh X6 tərəfindən 15000 manat pulun verilməsi ilə bağlı cavabdeh Şəki Regional “Asan” Ximdət Mərkəzinin Notariat Ofisi tərəfindən 07 avqust 2020-ci il tarixdə təsdiq edilərək həmin kontorda 3M-440 reyestr nömrəsi ilə qeydiyyata alınmış 07 avqust 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 ona qarşı müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. X2 iddiası əsassız və qanunsuzdur. Şəki şəhəri Aydınbulaq kəndində yaşayan X5 ona 20000 (iyirmi min) manat məbləğində pul borcludur. Cavabdeh Şəki şəhəri Aydınbulaq kəndində yaşayır. Onunla qohumluq əlaqələri vardır. Cavabdeh 07.08.2020-ci il tarixdə ona müariət edərək yaşadığı kənddə kənd təsərrüfatı ilə məşğul olduğunu və əkdiyi buğda sahəsinin genişləndirilməyi və həmin sahələri gübrə və başqa dərman vasitələri ilə təmin etmək və başqa şəxslər tərəfindən satlıq olan əkilmiş yaşıl buğda sahələrini almağı və daha sonra yetişdirilib biçib satmaq məqsədilə ona 15000 manat məbləğində pul vəsaitinin lazım olduğunu və pul vəsaitini ona verdiyi təqdirdə buğda biçini başa çatan kimi əlavə 5000 manat ona pul verəcəyini ona təklif etdi. Bundan sonra Şəki Regional Cavabdeh1ndə Notariat Ofisinin xüsusi notariusunda cavabdehlə 15000 manat məbləğində borc verərək aralarında kredit müqaviləsi bağlanılmışdır. Müqavilədə cavabdeh həmin borcu 22.09.2020-ci il tarixinədək ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh ondan borc kimi aldığı pul vəsaiti ilə əkin sahələrini genişləndirərək 90 hektara çatdırmış və bundan yüksək gəlir əldə etmişdir. Cavabdeh aralarında bağlanılan kredit müqaviləsinin vaxtı bitsədə sövdələşməyə əməl etməmiş və ondan aldığı həmin məbləğin qaytarılmasından yayınmışdır. Cavabdehdən borcunun qaytarılmasını tələb etmək məqsədilə onun yaşadığı Şəki şəhəri Aydınbulaq kəndində olan evinə gedərək borcunu tələb etsə də, o buğda əkinindən əldə etdiyi pulları başqa borclarına ödədiyi üçün ona olan borcunu qaytara bilməyəcəyini və borcunu qaytarmaq üçün buğda biçən (konbayn) adlı texnikasını tez bir müddət ərzində satıb onun borcunu tam şəkildə qayataracağına söz verdi. O isə qohumluq münasibətləri pozulmasın deyə ona inanaraq qeyrirəsmi şəkildə müəyyən müddət vaxt vermişdir. Lakin cavabdeh həmin texnikanı satsa da, ona olan borcunu qaytarmamışdır. Nəzərə çatdırır ki, xeyli müddət keçməsinə baxmayaraq onun dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymamış və borc məbləğini qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh yazılı müqavilə formasında aralarındakı sövdələşməyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır və bu səbəbdən də yaranmış mübahisənin yalnız məhkəmə qaydasında həll oluna biləcəyini nəzərə alaraq o məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ona görə də məhkəmədən Quliyev Nüsrəddin oğlunun iddiasının rədd olunmasını və 15000 (on beş min) manat və əlavə gəlir kimi 5000 (beş min) manat məbləğində pulun alınaraq ona verilməsini (qaytarılmasını) müəyyən edən qətnamə çıxarılmasını xahiş edir Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(051)-1320/2021 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddiaçı (Qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər (Qarşılıqlı iddia üzrə iddiaçı) Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, X1 15000 (on beş min) manat və əlavə gəlir kimi 5000 (beş min) manat məbləğində pulun alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, , Quluyev X4 Adil Həsən oğlundan 22.09.2020-ci il tarixinədək qaytarmaq şərti ilə 15000 manat məbləğində borc pul götürmüşdür. Tərəflər arasında bu barədə notarial qaydada müqavilə bağlanmışdır. Müqavilə öhdəlikləri tam aydın göstərilmişdir. Tərəflər müqavilə öhdəliklərini notariusun iştirakı ilə imzalamış və bütün öhdəlikləri qarşılıqlı olaraq qəbul etmişlər. İddiaçı müqavilədə göstərilən məbləği almadığını bildirsə də, müqaviləyə imza atması ilə o bu halı təsdiq etmişdir. Bununla bərabər onun iddia etdiyi bu hal müqavilənin etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, kreditt müqaviləsindən də aydın görünür ki, iddiaçı kredit müqaviləsində “oxudum razıyam” sözlərini yazmışdır. Bundan əlavə iddiaçı fəaliyyət qabiliyyətlidir və mülki hüquq və vəzifələrini öz adından tam icra edir. Tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün heç bir əsas müəyyən olunmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işin faktiki hallarını, işə əlavə olunmuş kredit müqaviləsini və digər iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, iddiaçının tələbi tam əsassızdır. Belə ki, müqavilənin etibarsız sayılması üçün heç bir əsas müəyyən olunmamışdır. Əksinə iş materiallarında olan sənədlərdən və notariat kontoru tərəfindən göndərilən sənədlərdən də göründüyü kimi müqavilə tam əsaslıdır və tərəflərin iradə ifadəsi kimi müqavilə bütün tərəflər tərəfindən imzalanmışdır. Bundan əlavə iddiaçı öz tələbinə əsaslandıran lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qarşılıqlı iddia üzrə iddiaçını izahatını dinləyib, kredit müqaviləsini əhatəli şəkildə nəzərdən keçirib hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçıkredit müqaviləsi üzrə borcunu və əlavə gəlir nəzərdə tutulmuş məbləği tələb etmək də haqlıdır. Belə ki, işə əlavə olunmuş kredit müqaviləsindən də görünür ki, Quluyev X4 Adil Həsən oğlundan götürdüyü 15000 manat məbləğində borcu 22.09.2020-ci il tarixədək qayataracağını öhdəsinə götürsə də, öhdəliyinə əməl etməmiş və bununla da Cavabdeh2 maddi ziyan vurmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh2 15000 manat məbləğində pulu İddiaçı verməyib həmin müddət ərzində başqa hər hansı bir yerə yatırım etsəydi oradan müəyyən məbləğdə qazanc əldə edə bilərdi. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının əlavə gəlir kimi müəyyən etdiyi 5000 manat məbləğində pulu ədalətli və düzgün hesab edir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2, 6.1.5, 14.2.1, 324.1, 324.2, 324.3, 324.4, 324.5, 324.6, 329.1, 331.1, 337.1, 337.5, 339.1, 339.2, 385.1, 448.1, 448.2, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə ona 20 oktyabr 2021-ci il tarixdə çatdırılmışdır. Halbuki, həmin qətnamə ona çatdırılmamışdan əvvəl icra edilməsi üçün aidiyyəti üzrə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin, həmin qətnamə hər hansı bir müraciət olmadan məlum olmayan səbəblərdən ona sonradan göndərilsə də, uzun müddətdən sonra qətnamənin ona nə üçün göndərildiyi ona məlum deyildir. İlk öncə bu məsələnin araşdırılmasını xahiş edir. Çünki, o, bu qədər müddətdə həmin iş üzrə icraatın dayandırıldığını və ya baxılmamış saxlanıldığını düşünürdü. Odur ki, həmin kobud qanun pozuntusunun araşdırılmasını xahiş edir. İddia ərizəsi üzrə çıxarılmış qətnaməyə gəlincə isə bildirir ki, cavabdeh Şəki Regional “Asan' Xidmət Mərkəzinin Notariat Ofisində guya onunla Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi cavabdeh X10 Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən 07 avqust 2020-ci il tarixli, 3M-440 reyetr nömrəsi ilə qeydiyyata alınaraq təsdiq edilmişdir. Həmin kredit müqaviləsinə əsasən ona guya 15000 manat məbləğində kredit verilmişdir. Halbuki, ona həmin məbləğ verilməmişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh2 Mingəçevir Şəhər Məhkəməsində baxılmış həmin qarşılıqlı iddia tələbi üzrə Şəki Rayon Məhkəməsinin icraatında məhkəmə qərardadı əsasında dayandırılmış mülki iş vardır. Bununla bağlı işə baxan Mingəçevir Şəhər Məhkəməsinin hakiminə teleqram vuraraq məlumat verməyinə baxmayaraq, Mingəçevir Şəhər Məhkəməsinin hakimi həmin teleqramda göstərdiklərinə formal mülahizələrlə qiymət verərək, Cavabdeh2 Mingəçevir Şəhər Məhkəməsində baxılmış həmin qarşılıqlı iddia tələbi üzrə Şəki Rayon Məhkəməsinin icraatında qanuni qüvvəsini almış məhkəmə qərardadı əsasında dayandırılmış mülki işin olmasını diqqətə almadan və iştirakının təmin olunması üçün məhkəmə iclasını təxirə salmadan iş üzrə yekun məhkəmə qətnaməsi çıxarmışdır. Hakimin vaxt itirmədən, sürətli və əsaslı olmayan belə bir qətnamə çıxarması onda bir çox şübhələr yaradır və həmin şübhələrin olması bu işə baxacaq Şəki Apellyasiya Məhkəməsi kollegiyasının təcrübəli hakimlərinin də diqqətindən qaçılacağı mümkünsüzdür. Göründüyü kimi bu qətnaməni qəbul edərkən əlavə olaraq 5000 manat əlavə gəlir kimi pulun da məndən tutulmasım qət etmişdir. Lakin, bu nəticəyə hansı əsaslarla gəldiyi məhkəmə qətnaməsində öz əksini tapmır. Odur ki, o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(051)-1320/2021 saylı qətnaməsini ləğv edərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, o, 5000 manat əlavə gəlir məbləğinə dair məhkəməyə heç bir sübut təqdim edə bilmədiyini bildirdi və apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, apellyasiya təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni ilkin iddia tələbinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq düzgün olaraq ilk iddianı təmin etməməmişdir. Lakin birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni qarşılıqlı iddia tələbini tam təmin etməkdə doğru nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Şəki regional Cavabdeh1 Notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, iddiaçıya 15000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən iddiaçı krediti 22.09.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə həm borc verən (cavabdeh), həm də borcalan (iddiaçı) tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ilkin iddia tələbinə münasibətdə qətnamənin ləğv edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən ilkin iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən ilk iddiaya münasibətdə işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək qeyd edir ki, şikayətdə qeyd edilən dəlillər iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından aydın görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, yuxarıda qeyd olunduğu kimi müqavilə üzrə müəyyən edilmiş məbləğ İddiaçı verilmişdir. O, apellyasiya şikayətində həmin məbləğin ona verilmədiyini iddia edir, lakin o, bununla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yalnız iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verir. İş materiallarında olan Notarial qaydada təsdiq edilmiş və tərəflərin öz imzaları ilə təsdiq edilmiş kredit müqaviləsi mötəbər sübut hesab olunur, bundan əlavə iddiaçı fəaliyyət qabiliyyətlidir, mülki hüquq və vəzifələrini öz adından tam icra edir. Beləliklə, müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qarşılıqlı iddia tələbinə münasibətdə qətnamənin ləğv edilməsi hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında bağlanmış 07.08.2021-ci il tarixli kredit müqaviləsi üzrə tərəflər öz üzərlərinə öhdəliklər götürmüş, lakin borcalan İddiaçı öz üzərinə düşən müqavilə öhdəliyi yerinə yetirməmiş, 15000 manat borcu qaytarmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi X1 15000 (on beş min) manat məbləğində pulun alınaraq Cavabdeh2 verilməsi hissəsində əsaslı olduğundan, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin 15000 manat alınması hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq düzgün olaraq təmin etmişdir. Apellyator digər dəlilində isə əlavə gəlir kimi 5000 manat pula aid hissəsində qətnamə ilə razılaşmamışdır. Kollegiya şikayətin həmin dəlili ilə razılaşır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı kredit müqaviləsi üçün əldən çıxmış faydanın tutulması barədə tələbini əsaslandıran halları, yəni kredit vəsaitindən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu sübut edə bilməmişdir. Həmçinin qarşılıqlı iddi üzrə iddiaçının tələb etdiyi əlavə gəlir barədə məlumat tərəflər arasında bağlanmış kredit müqaviləsində heç bir bənddə qeyd edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı yalnız iddia ərizəsində onlar arasında “pul vəsaitini verdiyi təqdirdə buğda biçini başa çatan kimi ona əlavə 5000 manat məbləğində pul verməyi təklif etdiyini” qeyd etmişdir. Lakin bununla onlar arasında hər hansı bir müqavilə bağlanmamışdır. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni ilkin iddia ərizəsinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ilkin iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti ilkin iddiaya münasibətdə təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1320/2021 saylı, 03 sentyabr 2021 tarixli qətnaməsi ilkin iddiaya münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, həmin qətnamə hər hansı bir müraciət olmadan məlum olmayan səbəblərdən ona sonradan göndərilsə də, uzun müddətdən sonra qətnamənin ona nə üçün göndərildiyi ona məlum deyildir. Çünki, o, bu qədər müddətdə həmin iş üzrə icraatın dayandırıldığını və ya baxılmamış saxlanıldığını düşünürdü. Kollegiya şikayətin dəlilini əsassız sayır. Belə ki, apellyator şikayətində konkret tələbinin nədən ibarət olduğunu qeyd etməmiş, ümumi sözlərdən istifadə etmişdir. Bununla belə kollegiya qeyd edir ki, işin 43-cü səhifəsində olan xəbərnamədən görünür ki, apellyator məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Ancaq apellyator məhkəmə iclasında iştirak etməmişdir. Daha sonra apelyator şikayətdə qeyd etmişdir ki, Cavabdeh2 Mingəçevir Şəhər Məhkəməsində baxılmış həmin qarşılıqlı iddia tələbi üzrə Şəki Rayon Məhkəməsinin icraatında qanuni qüvvəsini almış məhkəmə qərardadı əsasında dayandırılmış mülki işin olmasını diqqətə almadan və iştirakının təmin olunması üçün məhkəmə iclasını təxirə salmadan iş üzrə yekun məhkəmə qətnaməsi çıxarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin həmin dəlili şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının iddia tələbinə qarşı cavabdeh qarşılıqlı iddia vermiş və məhkəmə icraata qəbul edərək hər iki iddiaya bir icraatda baxaraq yekun qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hər iki iddia üzrə yekun məhkəmə aktı qəbul edərəkən prosessual qanunvericiliyin tələblərini pozmamışdır. Eyni zamanda kollegiya hesab edir ki, həmin tələblərə bir icraatda baxılması məhkəmə icraatının prinsiplərində biri olan prosessual qənaət prinsipinin tələblərinə uyğundur. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni ilkin iddia tələbinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırsa da, qarşılıqlı iddianı tam təmin etməkdə doğru nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti qarşılıqlı iddianın 5000 manata aid hissəsində təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1320/2021 saylı, 03 sentyabr 2021 tarixli qətnaməsi qarşılıqlı iddianın 5000 manat tutulması hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia ərizəsi həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlkin iddia ərizəsi üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1320/2021 saylı, 03 sentyabr 2021 tarixli qətnaməsi qarşılıqlı iddianın 5000 manat pulun cavabdeh İddiaçı tutulması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia ərizəsi mübahisələndirilən 5000 manata aid hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, iddiaçı tərəf qətnamə rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar