Məhkəmə qərarları › İş №2(107)-2030/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2030/2021

04.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2030/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödənilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, borcun tutulması, təbii qazdan istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-642/2021 saylı, 13 avqust 2021-ci il tаrixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra cavabdeh) tərəfindən **********02430 nömrəli abonent koduna işlənmiş 5328 kub metr təbii qazın dəyəri 1065 (bir min altmış beş) manat 60 (altmış) qəpik debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödənilmiş 92 (doxsan iki) manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22 may 2018-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin tabeçiliyində olan X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Həmin vaxt evdə olmadığından tərtib olunmuş aktı arvadı imzalamışdır. Dəyişdirilmiş qaz sayğacının 92 manat dəyərini həmin gün ödəmişdir. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın hesablama mexanizminin alt hissəsinin deşici alətlə deşildiyi qeyd edilmişdir. Ona görə də 31 may 2018-ci il tarixdə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 5328 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz sayğacı onun iştirakı ilə çıxarısaydı sayğac çıxarılmazdan əvvəl foto şəkillər çəkərək sayğaca müdaxilə olunmadığını təsdiq edən sübutlardan birini də məhkəməyə təqdim edərdi. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. O, istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 2(037)-642/2021 saylı,13 avqust 2021-ci il tаrixli qətnaməsi ilə (hakim R.Şirinov) iddia təmin edilərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı **********02430 nömrəli abonent koduna vurulmuş 5328 kub metr təbii qazın dəyəri 1065 (bir min altmış beş) manat 60 (altmış) qəpik debitor borc məbləğinin silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 (doxsan iki) manat məbləği “Azəriqaz” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilməsi, “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu məbləğinin alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 22 may 2018-ci-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamamışdır. İddiaçı dəyişdirilmiş qaz sayğacının 92 manat dəyərini “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəmişdir. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 31 may 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Azəriqaz” İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 31 may 2018-ci il tarixli qərarda sayğacın hesablama mexanizminin alt hissəsinin deşici alətlə deşildiyi qeyd edilmiş və həmin qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 5328 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 1065,6 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödədiyi 92 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 5328 kub metr miqdarında, yəni 1065,6 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun və dəyişdirilmiş qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən iddiaçının hesabına işlənmiş 5328 kub metr itirilmiş təbii qazın dəyəri 1065,6 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 manat pulun “Azəriqaz” İB-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyidən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hakim işə baxarkən və Qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış Azərbaycan Respublikasının MPM-nin 385-390cı maddələrində təsbit olunmuş maddi və prosesual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Belə ki, 22.05.2018-ci il tarixində ’’Azəriqaz” X3 RQİİnin İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu, Mican kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 22.05.2018-ci il tarixli, 444910 nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış Elster- G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş Akta əsasən sayğacın hesablama mexanizminin alt hissədən deşildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 31.05.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 31 may 2018ci il tarixdə İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Nizaməddin Yusif oğlunun ismayıllı XS-nin abonent bazasındakı **********02430 nömrəli abonent koduna 5328 m3- 1065.60 (bir min altmış beş) manat 60 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. X1 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(037)-642/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştiirak edən iddiaçı Hüseynov X2 Rayon Məhkəməsinin 2(037)- 642/2021 saylı, 13 avqust 2021-ci il tаrixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qətnamənin dəyişdirilmədən qüvvədə qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-642/2021 saylı, 13 avqust 2021-ci il tаrixli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Tələb qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-642/2021 saylı,13 avqust 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 22 may 2018-ci-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamamışdır. İddiaçı dəyişdirilmiş qaz sayğacının 92 manat dəyərini “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəmişdir. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 31 may 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Azəriqaz” İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 31 may 2018-ci il tarixli qərarda sayğacın hesablama mexanizminin alt hissəsinin deşici alətlə deşildiyi qeyd edilmiş və həmin qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 5328 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. “Azəriqaz” İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 31 may 2018-ci il tarixli qərarda sayğacın hesablama mexanizminin alt hissəsinin deşici alətlə deşildiyi qeyd edilmiş və həmin qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 5328 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 5328 kub metr miqdarında, yəni 1065,6 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun və dəyişdirilmiş qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Ona görə də birinci instansiya məhkəməsi düz nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 642/2021 saylı, 13 avqust 2021-ci il tаrixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-642/2021 saylı,13 avqust 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar