Məhkəmə qərarları › İş №2(107)-2129/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2129/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2129/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və həmin evdən övladları ilə birlikdə qeydiyyatdan çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququna xitam verilməsi, evdən çıxarılma, servitut) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)-561/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə, daha sonra iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ona mülkiyyət hüququ ilə məxsus İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanına köçürülmüş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilməsi və onun övladları və əmlakları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsi əsasında mərhum oğlunun həyat yoldaşı olmuş Cavabdeh ona məxsus İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə övladları 15.08.2008-ci il təvəllüdlü Elmir və 26.09.2009-cu il təvəllüdlü Elton adlı uşaqları ilə birlikdə köçürülmüşdür. Cavabdeh bir ilə yaxın müddət həmin ünvanda övladları ilə birlikdə onunla yaşadıqdan sonra, İsmayıllı şəhəri, C.Əmrəliyev küçəsi, ev 8 ünvanında özünə üç otaqlı hər bir şəraiti olan fərdi yaşayış evi inşa edərək ora köçmüş və ona məxsus fərdi yaşayış evində bir neçə əşya saxlamaqla evin qapısını qıfıllamışdır. 29.04.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən sözügedən ev onun mülkiyyətindədir.Belə olan halda cavabdeh ona mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evinin qapısını qıfıllamaqla onun mülkiyyət və istifadə hüququnu pozmuşdur. Bundan başqa cavabdeh iki-üç ayda bir dəfə onun mülkiyyətində olan evə gələrək heç bir əsaslı səbəb olmadan dava-dalaş salır,onları döyür,polisə şikayət edir.Bütün bunlara artıq dözmək mümkün deyil. Artıq bütün qohum-qonşu arasında hörmətdən düşmüşlər, cavabdehlə bir evdə bu şəraitdə yaşamaq mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)-561/2021 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, Cavabdeh övladları və əmlakları ilə birlikdə İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evi 29.04.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. Həmçinin, həmin evə dair 28.04.2021-ci il tarixdə iddiaçının adına texniki pasport tərtib edilmişdir. Lakin cavabdeh uşaqları ilə birlikdə iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. Cavabdeh bir müddət iddiaçı ilə birlikdə mübahisəli evdə yaşamamış, sonradan İsmayıllı şəhəri, C.Əmrəliyev küçəsi, ev 8 ünvanında mərhum anasına məxsus fərdi yaşayış evində yaşamağa başlamışdır. Bu hal cavabdehin özü tərəfindən də etiraf edilmiş, lakin, onun iki övladı olduğu üçün və İddiaçı məxsus fərdi yaşayış evinin onun uşaqlarına məxsus olması əsas gətirərək sözügedən evdən çıxmayacağını bildirir və hazırda da cavabdehin mübahisəli evdən istifadə etmək niyyətinin olması müəyyən edilməmişdir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 39 (əvvəl 9) ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına 29.04.2021-ci ildə qeydiyyata alınmışdır. Cavabdeh övladları ilə birlikdə İsmayıllı şəhəri,Ü.Hacıbəyov küçəsi, 9 saylı ünvanda yerləşən, İddiaçı məxsus olan fərdi yaşayış evinə köçürülmüşdür. İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında 15 nəfər şəxs qeydiyyatdadır. X1 adına vərəsəlik işi açılmış, onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X4 və Cavabdeh verilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə ilk növbədə nəzərə almışdır ki, kompensasiya verilmədən cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb-qalxmaması məsələsi müəyyən edilməlidir. Cavabdeh əvvəllər iddiaçının ailə üzvü olduğu üçün sözügedən fərdi yaşayış evinə köçürülmüş və həmin evdə qeydiyyatdadır. Cavabdeh bir müddət sözügedən fərdi yaşayış evində yaşamış, sonradan və hal hazırda da mərhum anasına məxsus fərdi yaşayış evində yaşamaqla, hazırda İddiaçı məxsus fərdi yaşayış evindən istifadə zərurəti aradan qalxmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh uşaqları ilə birılikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və evin tərkib hissəsindən istifadə etmələrinə ehtiyac yaranmamışdır. Cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onların istifadə hüququna xitam verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair”16 dekabr 2014–cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152-ci, 152.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, həmin ev onlara mərhum həyat yoldaşından miras qalmışdır. İsmayıllı rayon məhkəməsinin 08.09.2016-cı il tarixli qərarı bunu təsdiq edir. Həmin qərara əsasən onlar 2016-ci il tarixdən həmin evdə yaşayırlar. Hal-hazırda Bakı şəhərində uşaqlarının və özlərinin yaşayışı ilə əlaqədar günə muzd çalışaraq kirayədə yaşayırlar. İddiaçı qaldırdığı iddianı əsassız hesab edir. Qeyd olunanalara əsasən o İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)- 561/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verilmiş apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)-561/2021 saylı qətnaməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)-561/2021 saylı qətnaməsinin dəyişdirilməməsi qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 29.03.2016cı il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5–ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2–ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn,keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirərək, İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)-561/2021 saylı qətnaməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarının təfsirində səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)-561/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdeh Salmanova X3 Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsi əsasında iddiaçıya məxsus İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə övladları 15.08.2008-ci il təvəllüdlü Elmir və 26.09.2009-cu il təvəllüdlü Elton adlı uşaqları ilə birlikdə köçürülmüşdür. İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evi 29.04.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. Cavabdeh uşaqları ilə birlikdə iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh əvvəllər iddiaçının ailə üzvü olduğu üçün sözügedən fərdi yaşayış evinə köçürülmüş və həmin evdə qeydiyyatdadır. Cavabdeh bir müddət sözügedən fərdi yaşayış evində yaşamış, sonradan və hal hazırda da mərhum anasına məxsus fərdi yaşayış evində yaşamaqla, hazırda İddiaçı məxsus fərdi yaşayış evindən istifadə zərurəti aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və evin tərkib hissəsindən istifadə etmələrinə ehtiyac yaranmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onların istifadə hüququna xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh Salmanova X3 Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsi əsasında iddiaçıya məxsus İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə övladları 15.08.2008-ci il təvəllüdlü Elmir və 26.09.2009-cu il təvəllüdlü Elton adlı uşaqları ilə birlikdə köçürülmüşdür. Tərəflərin izahatları ilə müəyyən edilir ki, tərəflər daima mübahisə edir, mübahisəli evdə normal şərtlər daxilində birlikdə yaşaya bilmirlər. Mübahisəyə görə cavabdeh evi tərk etmişdir. İş materiallarında olan vərəsəlik şəhadətnaməsində görünür ki, cavabdeh anasından qalmış mirasın yarısına miras payı almışdır. Məhkəmə kollegiyası qüyd edir ki, cavabdehin miras əmlakdan pay alması, cavabdehin iddiaçıya məxsus evdən kompensasiya ödənilmədən çıxarılmasına əsas verə bilməz. Belə ki, cavabdehin miras əmlakda uşaqları ilə bərabər normal şərtlər daxilində yaşaya biləcəyi müəyyən edilmir. Belə ki, cavabdein izahatı və iş materialları ilə müəyyən edilir ki, miras əmlakda cavbdehin atası, qardaşı öz ailəsi ilə birlikdə yaşayır. Ümumilkdə miras qoyanın 12 nəfər ailə üzvü vardır. Yəni cavabdehin həmin miras əmlakda normal şərtlər daxilində yaşaması qeyri-müəyəndir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsi Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarının hüquqi mövqeyinə uyğundur. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5– ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən olunmuş həqiqi hallarına əsasən cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxmadığından, yəni hazırda onların yaşayış sahəsinə ehtiyacı olduğından cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi yolverilməzdir. Kollegiya hesab edir ki, iddiaçının başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olduğunu tam araşdırmadan hazırkı iddia tələbinin təmin edilməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının təfsirində səhvə yol vermiştir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)-561/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(037)-561/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı özünə məxsus İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında olan fərdi yaşayış evindən Cavabdeh kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi və onun övladları və əmlakları ilə birlikdə həmin evdən çıxarılması barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, ”tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar