Məhkəmə qərarları › İş №2(107)-2131/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2131/2021

01.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2131/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər İsmayıllı rayon Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(037)-351/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 29 avqust 2005-ci il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş etibarnaməyə əsasən alıcı Cavabdeh3 adından çıxış edən ünvan 1 ünvanında yaşayan Cavabdeh2 arasında 10 aprel 2006-cı il tarixdə bağlanmış və reyestrdə 4Ə-1-299 nömrə ilə qeyd edilmiş torpaq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(037)-351/2021 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin olunmuş, 29 avqust 2005-ci il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş etibarnaməyə əsasən alıcı Cavabdeh3 adından çıxış edən ünvan 1 ünvanında yaşayan Cavabdeh2 arasında 10 aprel 2006-cı il tarixdə bağlanmış və reyestrdə 4Ə-1-299 nömrə ilə qeyd edilmiş torpaq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsinə əsasən yaranmış hüquqi nəticələrin ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məhkəmə xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh2 və Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında İddiaçı məhkəmə kollegiyasına iddiadan imtinaya dair notariat qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. Həmin ərizədə göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-2131/2021-002 saylı iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbindən imtina edir. Xahiş edir ki, iş üzrə icraata xitam verilsin. Bundan əlavə məhkəməyə İddiaçı tərəfindən imzalanmış iddiadan imtina barədə yazılı ərizə daxil olmuşdur. Həmin ərizədə göstərilmişdir ki, o, Cavabdeh3 və qeyrilərinə qarşı 10 aprel 2006-cı il tarixli torpaq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. X4 Məhkəməsindədir. O, ailə üzvləri ilə torpağın 15 il öncə necə satıldığını bir daha dəqiqləşdirmişdir və məlum olmuşdur ki, o vaxt müqaviləni onun icazəsi ilə ailə üzvlərindən biri imzalayıb. Yaşı və səhhəti ilə əlaqədar olaraq bunu xatırlamırdı, amma indi ona bu məlum olub. Əlavə olaraq qeyd edir ki, cavabdeh tərəf ona 0.22 ha torpağın hər sotuna görə 50 manat kompensasiya ödəmişdir. Odur ki, cavabdehlərə qarşı hazırki iddia tələbindən imtina edir. Cavabdehlərə qarşı heç bir iddiası yoxdur. İddiadan imtinasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdehlər tərəfindən ona əlavə olaraq xərclərinə görə 400 manat ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili X2 İddiaçı iddiadan imtinaya dair ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 384.0.4-cü mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni tаmаmilə və yа qismən ləğv edə bilər, iş üzrə icrааtа xitаm verə və yаxud ərizəni bаxılmаmış sаxlаyа bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Məhkəmə kollegiyası işdə olan sənədlərə baxaraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, İddiaçı cavabdehlər İsmayıllı rayon Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası iş üzrə digər tərəflərin hüquq və maraqlarına toxunmur və onа görə də hazırki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(037)-351/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər İsmayıllı rayon Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261-264, 370, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası təsdiq edilsin. İsmayıllı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(037)-351/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər İsmayıllı rayon Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar